“Vardanyanın Qarabağa gəlişi vəziyyət mürəkkəbləşdirib” –“Azərbaycan yeni müharibədə maraqlı deyil, amma...”
Yenixeber.org: Bunu “Azadlıq” radiosuna müsahibəsində “Karnegie” Fondunun aparıcı analitiki, region üzrə tanınmış ekspert Tomas de Vaal deyib.
Tomas de Vaal hələ sentyabrda demişdi ki, Prezident İlham Əliyevin məqsədi Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə və Zəngəzur dəhlizinin acılmasına razılıq verməsi şərtilə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.
O bu müsahibəsində vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb: “Əlbəttə, indi orda baş verənlər çox ciddi hadisələrdir və mən qorxuram ki, 2023 çox gərgin, ağır il olsun. Mən ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma nə qədər ki, ciddi danışıqlar getmir, 2020-ci ilin noyabr bəyanatı faktiki olaraq yerinə yetirilmir orada hazırda yeni münaqişənin simptomları mövcuddur”.
Ekspert ümid etdiyini bildirib ki, Brüsseldə danışıqların daha bir raundu keçiriləcək: “Mən düşünmürəm ki, münaqişə olacaq. Olsa da onun miqyası bizim 2020-ci ildə gördüyümüz müharibədən kiçik olacaq. Və mən düşünmürəm ki, İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı olsun. Yəqin ki, o, istədiklərini danışıqlarda ala bilməsə, Ermənistana təzyiqlər edəcək”.
“Niyə Rusiya vəziyyətə müdaxilə etmir” sualına Tomas de Vaal belə cavab verib: “Bu çox əsaslı sualdır. Mənim bu suala cavabım yoxdur. Əlbəttə, daha çox ümumi bir səbəb ola bilər: Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları Ukraynaya yönəldilib. Əlbəttə, sülhməramlı missiya Qarabağda qalsa da, o elə də güclü deyil, bir il bundan əvvəl olduğu qədər peşəkar da deyil. Səbəblərdən biri də budur ki, Moskva uzun illərdir həm Bakının, həm də İrəvanın dəstəyinə və onlarla yaxşı münasibətlərə ümid edib. İkinci bir faktor budur ki, onlar Azərbaycanı qıcıqlandırmaq istəmirlər”.
“Rusiya həmişə, son 30 ildə Ermənistan və Azərbaycan arasında balanslı mövqe tutmağa çalışıb. Əlbəttə, Moskva Naxçıvana yolun açılmasında maraqlıdır. Çünki bu yolun təhlükəsizliyini...FTX təmin etməlidir. Amma Moskvanın başqa marağı da var. Moskva istəyir ki, sülhməramlı missiya Qarabağda daha uzun müddətə, 2025-ci ildən sonra da qalsın...Zənnimcə, həm Moskvada, həm də Bakıda ümid edirdilər ki, sülh müqaviləsi 2022-ci ildə olacaq. Amma onların bu təzyiqin nə qədər davam etdirilməsini istədilklərini demək çətindir. Bundan başqa Bakı bu qənaətdədir ki, Ruben Vardanyan Kremlin layihəsi, Putinin adamıdır. Mən belə hesab etmirəm, amma bu fikirlə razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini son dərəcə mürəkkəbləşdirib” - deyə, Tomas de Vaal bildirib. “Azpolitika”