Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölümdən qaytaran sənət, Novxanıdakı “Luvr”, muncuq-muncuq ev… –Qədim sənəti xilas edən və sənətin xilas etdiyi ailə

Yenixeber.org: İnsan həyata gəlir, ona verilmiş zaman kəsiyini yaşayır və bu dünyadan köçünü çəkib gedir. Az adam özünə “görəsən, mən bu dünyaya niyə gəldim, missiyam nədir” sualını verir. Verənlərin də hamısı cavab tapa bilmir, elə bu və ya digər suallarla da həyatını başa vurur. 

Bəzən də həyatın sənin gözləmədiyin, istəmədiyin halda elə dəyişir ki… Bəndi- bərəsi dəyişdirilmiş çay kimi axıb gedirsən və bir də görürsən ki, əslində heç kimə qismət olmayan zövqlü, xeyirli, bir işlə məşğulsan… Bəlkə heç fərqinə də varmırsan ki, bu sənə həvalə edilmiş müqəddəs missiyadır…

Söhbət açacağım ailə də bəlkə bunun fərqində deyil, sadəcə, həmin dediyim çay kimi həyatlarının bənd-bərəsini tale özü dəyişib. 

Novxanıda yaşadıqları evə girəndə sanki xanların saraylarına daxil olursan. Divarlar, qapı-pəncərələr, tavan, döşəmə hamısı əl işidir. Ornamentlər, bəzəklər adamı tarixə səyahətə aparır. Bu işlərin hamısı evin sakinləri İsgəndər bəy və Lalə xanım Sardarlıların, həmçinin onların gənc, intellektli və istedadlı oğulları Toğrulun əl əməyidir.   

Bu ailənin hekayətini bir az uzaqdan başlayacam ki, oxucuya məğzi daha aydınlıqla çatdıra bilim. 

İsgəndər bəylə Lalə xanım hələ tələbəlik illərindən, Neft və Kimya İnstitutunda oxuyandan fəal həyat tərzləri ilə tay-tuşlarından seçiliblər. İnstitutun ictimai həyatında hər ikisinin zəhməti vardı. Müxtəlif tədbirlər, divar qəzetlərinin hazırlanması və sair. Ali məktəbi bitirdikləri dönəm Azərbaycanda mətbuatının intibah dövrü idi. Hər ikisi müxtəlif vaxtlarda, müxtəlif mətbu orqanlarda jurnalist kimi fəaliyyət göstəriblər. Lalə xanım parlament müxbiri olub, fərqli mətbu orqanlarda yazıb, redaktor işləyib. İsgəndər bəy həm mətbuat, həm biznes fəaliyyəti, Qaradağ Sement Zavodu kimi böyük müəssisənin reklamını, fəaliyyətini təşkil etmək və onların sponsorluğu ilə böyük layihələrə imza atmaq. Nəhayətdə İsgəndər bəyin səhhətində problem yaranır, beyni çox yükləndiyindən ağır depressiya keçirir, orqanizmin fəaliyyəti zəifləyir. 

Müalicələr, əməliyyatlar… amma vəziyyəti daha da ağırlaşır, hərəkət məhdudiyyəti, görmə qabiliyyətini itirmək təhlükəsi yaranır. Hər iki qollarının kəsilməsi ehtimalı görünür. 

Lalə xanım Sərdarlı həyat yoldaşını evdə bu vəziyyətdə qoyub işə gedə bilmir, həm də jurnalistika karyerasının ən önəmli dövründə işdən ayrılmalı olur. 

Ona qulluq edərkən evdə çoxdan həvəsində olduğu əl işləri ilə məşğul olmağa başlayır. Əvvəlcə bəzək əşyaları düzəldir. Bəzi dost-tanışa hədiyyə verir, sonra o işləri almaq istəyənlər tapılır. Lalə xanım düşünür ki, bu iş ona hava-su kimi lazımdır, həm sevdiyi işdir, həm də bununla gərginlikdən çıxır. 

Bir gün düzəltdiyi bəzək əşyasını bir dövlət adamına hədiyyə vermək üçün eyni üslubda sandıq da düzəltmək ağlına gəlir. Həm də istəyir ki, bunu həyat yoldaşı düzəltsin. İsgəndər bəy əvvəlcə “bacarmaram” – deyir. Lalə xanımın israrından onda özgüvən yaranır və başlayır sandığı düzəltməyə. Özünün də dediyi kimi, əvvəlcə o qədər də peşəkar iş ortaya çıxarda bilmir. Sonra daha yaxşısını düzəltmək istəyir, daha sonra başqa ornamentlərdən istifadə edir.  

Belə-belə, İsgəndər bəy xəstəliyini unudub, qapılır tətbiqi sənət işlərinə və bir gün görür ki, əl-ayaq açılıb, özünü gümrah hiss edir. 

Gözlərini dünyaya açandan ata-anasının həyatla bu sevimli mücadiləsinin şahidi olan Toğrul BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib, amma ata-anası ilə birlikdə unudulmaqda olan sənətin inkişafı üçün çalışır. Onu da ilk vaxtlarda, anası kimi, atasını həyata qaytarmaq istəyi buna cəlb edib. Zaman keçdikcə hər üçü hiss ediblər ki, bu onların ən sevimli məşğuliyyəti, sənətidir. Onsuz olmaz. 

Dünyanın bir çox ölkələrində onların əl işləri şəxsi qalereyaları bəzəyir. Dövlət adamları, diplomatik nümayəndələr onların öz əlləri ilə naxış-naxış, muncuq-muncuq yaratdıqları muzey evlərində olublar. 

Bu sənətin ustadları onlar haqqında yüksək fikirdədirlər. 

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Ali Dərəcəli Bərpaçı ekspert, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov Sərdarlılar ailəsi və onların yaradıcılığı barədə məmnuniyyətlə danışır: “Çox təvazökar, yüksək mədəniyyətli insanlardır. Onların ərsəyə gətirdikləri məhz sənət əsərləridir. İlk dəfə o işləri görəndə çox təəccübləndim, çünki bu sənət, demək olar ki, tamamilə unudulmuşdu. Sandıqçılıq sənəti dədə-babalarımızın yaratdığı sənətdir. Xalçaçılıq, dulusçuluq kimi, sandıqçılıq da bir sənətdir. Qarabağda, Şirvanda, Lənkəranda, Astarada sandıq, mücrü düzəldən ustalar olub. Əfsus ki, zaman keçdikcə belə sənətlərə maraq azalır. Sənət az qala yox olmaq dərəcəsinə gəlmişdi.

Sandıq düzəldənlər vardı, amma buna sənət demək olmazdı, çünki çox bayağılaşıb, səthiləşmişdi. Lalə xanım və övladı Toğrulla onlar öz işlərini Nazirlər Komitəsi yanında ekspert komissiyasına təqdim edərkən tanış olduq. Mən də bu komissiyada ekspertəm. Gözəl bir mücrü təqdim etmişdilər. Özlərinin əllə işlədiklərini bildim, çox xoşuma gəldi. Lalə xanımın əl işi idi. Danışdıq, onların həyat hekayəsindən də təsirləndim.(O zaman ailə başçısı İsgəndər Sərdarlı yataq xəstəsi idi). Təbii ki, ilk vaxtlar həvəskar yanaşma olmuşdu, lakin sonrakı işləri mükəmməl idi. Artıq komissiya bu əsərlərin dünyaya çıxarılmasına da icazə verdi. Bəli, bu işlər yekdil rəylə sənət əsəri adlandırıldı. Hazırda dekorativ tətbiqi sənət nümunəsi olaraq, həm də bir sənət əsəri olaraq, Sərdarlılar ailəsi tərəfindən həyata qaytarılan yeganə işlərdir bunlar. Məhz bu yüksək səviyyədə əsərlər yaradan yeganə insanlar Lalə, İsgəndər və Toğrul Sərdarlılardır indi. Gözəl, yaradıcı bir ailə. Peşəkar işləri çox xoşuma gəlir. Yaradıcılıq söhbətlərində biz də ekspert olaraq öz məsləhətlərimizi əsirgəmirik. Onlar da bizim tövsiyələrimizi həssaslıqla qəbul edib, yeni işlərində nəzərə alırlar. Sonuncu sandıq, mücrü, boyunbağı və qolbağıların təqdimatında daha da mükəmməl işlər sərgilədilər. Ümumiyyətlə, bu cür işlərin ərsəyə gəlməsində böyük səbir, zəhmət, həvəs tələb olunur. Bu baxımdan, onlar artıq peşəkar səviyyədə işləyirlər. Yaddan çıxmış, həm də artıq itirilmiş sənət bu şəxslərin simasında yavaş-yavaş həyata qayıtmaqdadir. Yüksək bədii zövqlə, qiymətli materiallarla işləyirlər. Gümüşlə və digər metallarla da işləmək planları var. İndi onlara lazım olan dəzgahlar da qiymətlidir və ölkəmizdə çox nadir hallarda istifadə olunur. Düzünü deyim, Toğrulun istifadə etdiyi bəzi dəzgahları çalışdıra bilən digər mütəxəssisləri burada barmaqla saymaq olar. Onlar da öz növbəsində bu dəzgahlardan sənət yolunda deyil, başqa təyinatlar üzrə istifadə edirlər. Ümumilikdə Sərdarlılar ailəsi fədakarlıqla çalışir, deyərdim ki  həyatlarını sənət yolunda xərcləyirlər. Bu xalq sənəti sahəsində böyük və xoş müjdədir. Buna mən ürəkdən sevinirəm. Onlara yalnız can sağlığı və çoxlu uğurlar arzulayıram. Bəli, bu yol uzundur, onlar isə yeni gözəlliklər yaratmaq üçün daim axtarışdadırlar”.

Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü,  Azərbaycan Respublikası Xalq rəssamı, professor Sakit Məmmədov da Sardarlıların işini yüksək qiymətləndirir: 

“Hər xalqın zamanla formalaşmış, özünəməxsus koloriti, rəngi, mədəniyyəti, incəsənəti var. Təbii ki, Azərbaycanda dekorativ tətbiqi sənət tarixən yüksək səviyyədə olub. Babalarımızın yaratdıqları keramika sənəti, zərgərlik, dulusçuluq, nənələrimizin toxuduğu xalçalar, kilimlər, quramalar və s. bunlar hamısı dekorativ tətbiqi sənət nümunələridir.

İsgəndər, Lalə və Toğrul Sərdarlıların ərsəyə gətirdikləri əl işləri, yaratdıqları əsərlər onların qədim sənətə sıx bağlılıqlarını göstərir. Onlarda olan bacarıq ondan xəbər verir ki, Sərdarlılar ailəsi mədəni irsimizi, dekorativ sənət ənənələrini dərindən öyrənib təhlil edir, yenidən yaşatmaq və həm də inkişaf etdirmək üçün çalışırlar. Onların əl işlərində böyük zövq özünü büruzə verir, zövqlü insanlardırlar.

Bu işlər böyük zövqün, ruhun, həm də zəhmətin məhsuludur. Yəni bu cür işlər bir-iki günə yaranmır. Artıq dekorativ tətbiqi sənət onların ruhuna hopub. Gördükləri işi hiss edir, onlarla yaşayırlar. Rəngləri bir-birinə ustalıqla bağlayırlar. Əslində, rəssamlığın bünövrəsi, təməli dekorativ sənətdən qoyulur.

Sərdarlıların əsərlərində millilik var, milli naxışlardan çox istifadə edirlər. Azərbaycanı sevən, ölkəyə bağlı insanlardırlar. Peşəkarlıq insanda ruh halını ortaya çıxardır, ruh da şəxsiyyəti formalaşdırır. Hər sənətkar şəxsiyyət ola bilmir, onlar artıq həm sənətkar həm də şəxsiyyətdirlər. Peşəkarlıq da öz yerində.

Zaman gələcək, onların əsərləri daha böyük muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılacaq. Mən qürur duyuram ki, belə həmvətənlərim, hətta dostlarım var. Çox zəhmətkeş insanlardır, bir-biriini tamamlayırlar. Ona görə də böyük incəsənət əsərləri yarada bilirlər. İnanıram ki, zamanla püxtələşib, daha da gözəl əsərlər yaradacaqlar. Onlara və onların işinə baxanda insanda həyat eşqi yaranır. Sərdarlılar ailəsini həm təbrik edir, həm də bu sənəti yaşatdıqları üçün təşəkkür edirəm”.

Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun fikrincə, Sərdarlılar ailəsinin yaratdıqları əsərlər sözün əsil mənasında heyrətamiz əsərlərdir: “Azərbaycan dekorativ tətbiqi sənətində bu əsərlər yeni bir söz, həm də özünəməxsus bir başlanğıcdır. Amma istənilən halda bu yeni başlanğıc, bəlkə də cərəyan, tarixi ənənələrimizin formalaşdırdığı mədəni köklərimizə əsaslanır. Lalə, İsgəndər və Toğrul Sərdarlılar ənənələrə çox həssaslıqla yanaşsalar da cəsarətlə yeni məzmun və keyfiyyət sərgiləyə bilirlər. Sandıq mədəniyyəti də dekorativ sənət nümunəsi olaraq tarixən həm də Azərbaycan xalqına  məxsus olan sənət nümunələrindəndir.

Sərdarlılar bu sənətə öz yaradıcılıqlarında indiyədək istifadə olunmayan, məhz özlərinin ərsəyə gətirdikləri çalarlarla yeni bir can, nəfəs gətiriblər.

Mən, bir rəssam olaraq, bu əsərlərə heyran qalıram, heyrətlənirəm. Şübhəm yoxdur ki, çox az bir vaxtda onların əməyi, zəhməti, istedadı sayəsində ərsəyə gələn yeni, özünəməxsus bir üslub dünyaya da bəlli olacaq. Sərdarlılar ailəsinin yaradıcılığı nəticəsində həm də mədəni irsimizin tarixi yaddaşı yenilənir. Bu yolda onların övladı Toğrul Sərdarlının yeni texnologiyalardan istifadə etməsi elə sənət baxımından üfüqdə çox böyük perspektivlərin, imkanların açılacağından xəbər verir. Toğrul istifadə etdiyi yeni dəzgahlar və texnologiyalar vasitəsilə qədim əl işlərinin əkslərinin, surətlərinin hazırlanması ilə deyil, özlərinin yaratdıqları forma və məzmunca yeni naxış və kompozisiyaların  yaradılmasını təmin edir. Tutduqları bu yol müqəddəs yoldur, və şübhə etmirəm ki, Azərbaycan mədəniyyəti tarixində öz yerlərini alacaqlar.

Zaman-zaman sandıq düzəltməkdə əsasən təkrarları görürdük, yeniliyə rast gəlmirdik. Lalə, İsgəndər və Toğrul Sərdarlılar birlikdə bu sahəyə əvəzsiz yenilik gətirə bildilər. Bu yenilik həm də bütövlükdə dekorativ tətbiqi sənət sahəsində yenilik sayıla bilər. Artıq onların müəyyən diqqət çəkən sənət əsərləri var. Diqqət və marağın coğrafiyası da genişlənməkdədir. Demək olar ki, dünyanın bir çox ölkəsində Sərdarlılar ailəsinin yaratdıqları sənət nümunələri öz xoşbəxt sahiblərini tapıblar.

Məni tanıyanlar bilirlər ki, sevmədiyim, xoşuma gəlməyən işlər haqqında danışmaram. Sərdarlıların isə yaratdıqlarından mən böyük zövq alır, təəccüblənirəm”. 

Bütün gördüklərimdən, bu sənətin daşıyıcıları ilə söhbətdən və sənətkarların fikirlərindən sonra Toğrulla söhbət etdik. “Hər bir insanın öz missiyası var” fikrinə də onunla söhbət əsnasında gəldim. Toğrul tətbiqi sənətə atasını həyata qaytarmaq üçün anası ilə birgə başlayıb. Bu gün o missiya artıq başa çatıb. Toğrul bu sənətin bir gənc daşıyıcısı kimi öz çiyinlərində onun ağır və məsuliyyətli yükünü hiss edir. Toğrulun dediyinə görə, bizi digər xalqlardan fərqli edən, bizə biz olduğumuzu həm dünyaya, həm özümüzə tanıdan məhz bu qədim el sənətidir. “Bu sənəti oxumağı bacaran adamlar bizi də tanıyacaqlar, çünki o ornamentlər, naxışlar danışır və kim olduğumuzu deyir”.   

Ramilə Qurbanlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam