"İranın Azərbaycandakı agentura şəbəkəsinə qarşı mübarizə davam edəcək"
“İran çirkin oyunlarından əl çəkmir. Bu dövlətin ölkəmizdəki agentura şəbəkəsinə qarşı mübarizə davam edəcək”.
Yenixeber.org: Bu fikirləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı məkrli mövqeyi və planları yeni tendensiya deyil: “Sadəcə olaraq, mühafizəkarların hakimiyyəti dövründə bu ritorika daha da güclənir. İranın sabiq mühafizəkar prezidenti Mahmud Əhmədnejatın hakimiyyəti dövründə geosiyasi şərait fərqli idi. Biz o zaman hələ torpaqlarımızı işğaldan azad etməmişdik, prioritetlərimiz də başqa idi. Ancaq indi vəziyyət dəyişib. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə regional və qlobal gücə çevrilib. Rəsmi Bakı hərbi-siyasi gücünü daha da artırıb. Türk dövlətləri arasında əlaqələr güclənir, müttəfiqlərimiz çoxalır, yeni əməkdaşlıq formatları yaranır. Əlbəttə, İrandakı mövcud rejim bunu başa düşməlidir. Təəssüf ki, onlar reallığı görmürlər. Nəticədə Tehranla digər ölkələrin münasibətləri pozulur. Dünya dövlətləri, o cümlədən Türkiyə, Pakistan İranın ritorikasına biganə qala bilməzlər. Cənub qonşumuz bunu nəzərə almalıdır”.
Politoloq bildirib ki, İran xüsusilə daxildə gərginlik, qarşıdurma yaratmaq istəyir: “Lakin Dövlət Təhlükəsizliyi Xidməti və digər güc strukturlarımız agentura şəbəkəsini zərərsizləşdirməkdədir. İndiyədək bir neçə dəfə əməliyyatlar keçirilib və bu proses davam edəcək. Biz İran agentura şəbəkəsinə qarşı mübarizə aparmaq üçün hətta digər ölkələrlə də əməkdaşlıq edirik. Məlumata görə, həmin şəbəkənin bir neçə üzvü regionun digər ölkələrində də ifşa olunub. Bu mənada əminliklə demək olar ki, molla rejimi hər nə qədər çirkin planlar qursa da, biz öz təhlükəsizliyimizi təmin edəcəyik”.