Paşinyanın Makrona ikinci zəngi, Mirzoyanın məyusluğu... –İrəvanın BMT-dən gözləntiləri özünü doğrultmadı
"Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın suveren ərazisini tərk etməlidir".
Yenixeber.org: Bunu Ermənistan hökumətinin sentyabrın 16-da keçirilən iclasında Baş naziri Nikol Paşinyan deyib.
“Söhbət təkcə son günlərdə baş verən hadisələrdən deyil, həm də ötən il mayın 12-də Xoznəvar (Zəngəzurun Xəzinavar kəndi- red) sektorunda baş vermiş işğaldan gedir. Ermənistan bu mövqeyi BMT Təhlükəsizlik Şurasında dünənki müzakirələr zamanı təqdim edib. Əslində bu müzakirələr Ermənistanın bəyanatı əsasında aparılıb. Dünən axşam mənim BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə Fransanın Prezidenti Emmanuel Makronla növbəti telefon danışığım olub və razılıq əldə olunub ki, vəziyyət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının diqqət mərkəzində qalmalıdır”, - Paşinyan bildirib.
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə BMT Təhlükəsizlik Şurasının iclası haqqında deyib ki, bu, artıq ikinci müzakirədir. “İki gün əvvəl bağlı qapılar arxasında daha bir müzakirə oldu. İkincisi bizim xahişimizlə açıq rejimdə keçirildi ki, bütün dünya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv dövlətlərinin mövqelərini öyrənsin. Müzakirələrin yekunlarına dair sənəd hələ qəbul edilməyib, lakin bu, heç bir halda onun əhəmiyyətini azaltmamalıdır, çünki əslində beynəlxalq birlik, hətta sənəd olmadan da, məsələlər ətrafında çox aydın mövqe tutub”.
“Amma etiraf etməliyəm ki, ayrı-ayrı ölkələrə münasibətdə bizim gözləntilərimiz çox idi və ola bilsin, sirr deyil ki, bəzi hallarda o qədər də reallaşmadı. Qoy daha da açıq danışmayım... ”, - deyə Mirzoyan yekunlaşdırıb.
Qeyd edək ki, ilk iclasda Minsk Qrupu həmsədrlərinin heç biri Azərbaycanın ünvanına çağırış səsləndirməyib, ümumi mövqe Azərbaycan-Ermənistan münaqişəsinin zor tətbiq etmədən, diplomatik səylərlə həll edilməsi ilə bağlı olub. Böyük dövlətlərdən yalnız Hindistan rəsmi Bakını Ermənistana qarşı təcavüzdə ittiham edib ki, bu da təsadüfi deyil. Azərbaycan bu ölkə ilə münaqişədə olan Pakistanın ən yaxın müttəfqilərindən biridir.
Səmərqənndə keçirilən ŞƏT zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın Kəşmir problemində Pakistanın mövqeyini dəstəklədiyini bəyan edib.
"Azpolitika"