Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

ƏRDOĞANIN BMT-dəki MÖHTƏŞƏM ÇIXIŞININ TAM MƏTNİ:“Bəşəriyyətin taleyini məhdud sayda ölkənin ixtiyarına vermək olmaz”

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 74-cü illik toplantısında yaddaqalan çıxışlardan biri də Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğana məxsusdur.

Yernixeber.org: Həmin çıxışın tam mətnini oxucuların diqqətinə çatdırırıq.

 

“Cənab Sədr, hörmətli dövlət və hökumət başçıları, cənab Baş Katib, dəyərli nümayəndələr!

Sizi özüm və millətim adından salamlayıram. Cənab Espinosaya son bir ildəki uğurlu işinə görə təşəkkür edirəm. Baş Assambleyaya sədrlik edən cənab Məhəmməd Bəndəni təbrik etmək istərdim. Baş Assambleyanın dünya və bəşəriyyət üçün xoş məram olmasını arzulayıram.

Hörmətli nümayəndələr!

Bu gün dünyamız qlobal səviyyədə ədalətsizliyin səbəb olduğu bir çox problem və ağrılarla qarşılaşır. Sivilizasiyamızın böyük alimi Həzrəti Mövlanə zəruri hallarda ədalət, hüquq və vəzifələrini bölüşərək hər kəsə haqqını verməyin vacibliyini vurğulayır. Bu gün dünyamızda nə hüquqların, nə də vəzifələrin lazımi şəkildə paylaşılmadığı ortadadır. Ədalətsizlik isə özüylə qeyri-sabitlik, güc mübarizələri, böhranlar və israfı doğurur. Ancaq hazırda içində olduğumuz qurum İkinci Dünya Müharibəsindən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün qurulub. Lakin bu gün beynəlxalq birlik gələcəyini təhdid edən terror, aclıq, səfalət və iqlim dəyişikliyi kimi problemlərə davamlı həll etmək bacarığını getdikcə itirməkdədir.

Əlbəttə, Baş Assambleyanın builki mövzusu yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsilin verilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və inklüzivlik üçün çoxtərəfli səylərin canlandırılmasıdır. Ancaq vacib olan – birlikdə nə edə biləcəyimizdir. Dünyanın bir tərəfi yüksək rifah və lüks səviyyədə yaşasa da, digər tərəfin aclığı, səfaləti və cəhaləti qəbuledilməzdir. Dünyadakı şanslı bir azlıq rəqəmsal texnologiya, robotlar, süni intellekt, piylənmə mövzusunda müzakirə apararkən, 2 milyarddan çox insanın yoxsulluq həddindən aşağı, 1 milyard insanın aclıq hüdudunun altında yaşaması çox ağrılıdır. Hər birimiz təhlükəsiz deyiliksə, heç birimizin təhlükəsiz olmayacağı gerçəyinə arxa çevirə bilmərik.

Bu kürsüdən illərdir deyirəm ki, bəşəriyyətin taleyini məhdud sayda ölkənin ixtiyarına vermək olmaz. Burada sizin qarşınızda təkrar edirəm: “Dünya beşdən böyükdür”.

Fikirlərimizi də, qurumlarımızı, da qaydalarımızı da dəyişdirməyin vaxtı gəlib çatıb. Hətta nüvə gücü olanlarla nüvə gücü olmayan ölkələr arasındakı ədalətsizlik dünyanın tarazlığını pozmaq üçün kifayətdir. Nüvə silahına sahib olanların nüvə silahına sahib olmayanlar üçün xüsusilə təhlükə yaratması anlaşılandır. Nüvə gücünə söykənən kütləvi qırğın silahlarının hər böhranda tamamilə yox edilmək əvəzinə, hər böhranda bir kart kimi təqdim edilməsi bizi narahat edir.Bu güc ya hamı üçün qadağan edilməli, ya da hamı üçün sərbəst olmalıdır. Gəlin, bu problemi ədalət zəminində bütün bəşəriyyətin dinc gələcəyi üçün ən qısa müddətdə həll edək.

Bir dəqiqədə 13 nəfərin öldüyü hava çirkliliyi və qlobal istiləşmə dünyamızın gələcəyini təhdid etdiyi bir zamanda bu problemlərin heç biri qala bilməz. Birincisi, Birləşmiş Millətlər Təşkilatının potensialını və effektivliyini gücləndirməliyik. Xüsusilə Təhlükəsizlik Şurasında ədalət və ədalətə uyğun olaraq dərhal köklü islahatlar aparmalıyıq.

Türkiyə təşəbbüskar və insani xarici siyasət anlayışı ilə bütün dünyanı və bəşəriyyəti bələyən problemlərə ədalətli həllər tapmaq üçün səy göstərən ölkədir. Dünyanın ən comərd humanitar yardım ölkəsi, ən çox məcburi köçkünü qəbul edən dövləti adlarını nahaq yerə almamışıq. Bu siyasətin konkret bir başqa nümunəsini, üçüncüsünü 2020-ci ildə ölkəmizdə təşkil olunacaq Afrika Birliyi-Türkiyə Tərəfdaşlıq Zirvəsi ilə numayiş etdirəcəyik.

Bu salondakı bütün ölkələri ədalət, əxlaq və vicdan əsasında siyasətimizi və təşəbbüslərimizi dəstəkləməyə dəvət edirəm.

Hörmətli nümayəndələr!

Bu gün Suriya bəşəriyyətin vicdanını yaralayan və qlobal ədalətsizliyin rəmzinə çevrilən bir coğrafiyadır.2011-ci ildən bəri bu ölkədə rejim və terror təşkilatları və onu təşviq edən qüvvələr tərəfindən davamlı şəkildə böhrana sürüklənir. 1 milyona yaxın insanın ölümünə, 12 milyondan çox insanın didərgin düşməsinə və yarısı xaricdə yaşamağa məcbur səbəb olan Suriya böhranını sonu çatırmaq zamanı gəlib.

Türkiyə İŞİD təhdidindən ən çox zərər görən ölkədir. Bu təşkilat, bir tərəfdən, sərhədlərimizə təcavüz edərkən, yüzlərlə vətəndaşın həyatını itirdiyi müxtəlif şəhərlərdə canlı bombalarla birbaşa qəlbimizə hücum edib. Suriyada İŞİD-ə qarşı ilk və ən ciddi zərbəni vuran ölkə Türkiyədir. Suriyada “Fərat Qalxanı” əməliyyatı ilə təxminən 3500 İŞİD-çini zərərsizləşdirərək təşkilatın dağılması prosesinə başladıq. İŞİD-ə qoşulmaq üçün hərəkətə keçən terrorçuların müəyyənləşdirilməsində, ölkəmizə giriş qadağası qoymada və ölkədən çıxarılmada da yenə də biz ilk pillədəyik.

Digər tərəfdən, bu gün Türkiyə milli gəlirinə görə dünyanın ən çox humanitar yardım edən ölkəsidir. Qarşıdurmadan, aclıqdan və təqibdən qaçan 5 milyon sığınacaq axtaran insana ev sahibliyi edirik. Başqa təbirlə, Türkiyədə Amerikadakı 29 ştatın hər birinin ayrıca əhalisindən daha çox sığınacaq axtaran şəxslər var. Ölkəmizdəki sığınacaq axtaranların 3 milyon 650 min nəfəri qonşumuz Suriyadan gəlib, yəni Nyu-York şəhəri əhalisinin yarısı qədər suriyalı qardaşlarımıza qonaqpərvərlik edirik. Son 8 ildə sığınacaq axtaranlara 40 milyard dollar xərcləmişik. Yaxşı, bəs Türkiyəyə verilən bir şey var mı? Deyim ki, biləsiniz, Avropa Birliyindən bu günə qədər dəstək, – bu da milli büdcəmiz deyil, yalnız beynəlxalq təşkilatlar vasitəsi ilə bu dəstək “Qızıl Aypara”ya və AFAD-a gəlir, – indi 3 milyard avrodur.

Ölkəmizə gələn sığınacaq axtaranların 365 mini Suriyada təhlükəsiz hala gətirdiyimiz bölgələrə qayıdıb. Hara? Cerablusa. Suriyalı qaçqınların təxminən yarısı 18 yaşdan kiçikdir və ölkəmizdə doğulan suriyalı uşaqların sayı 500 minə yaxınlaşıb. Biz yalnız yerləşmə ilə deyil, həm də təhsil, səhiyyə və hər cür şəraitlə təmin edirik.

Digər tərəfdən, təəssüf ki, canlarını qurtarmaq üçün Aralıq dənizinin qaranlıq sularında və ya sərhədlərə boyu uzanan məftil çəpərlərin qarşısında səfərləri bitən milyonlarla məzlumu tez unudublar. Göründüyü kimi, xüsusilə körpə Aylanı dünya tez unudub. Unutmayın ki, bir gün eyni bəla sizin də başınıza gələ bilər. Körpə Aylanlar bir deyil, minlərlə, milyonlarladır, buna görə də, bütün tədbirləri görməliyik.

Təkcə bu ilin ilk 8 ayında 32 min məcburi köçkünü dənizlərdə boğulmaqdan xilas etdik. Üstəlik, bu ilin ilk 8 ayında suriyalılar istisna olmaqla, 58 min məcburi köçkünü ölkələrinə geri göndərdik. Buna baxmayaraq, digər bölgələrdən gələnlərlə birlikdə bu gün Türkiyə 5 milyon məzlumu torpaqlarında saxlayan bir ölkə vəziyyətindədir. Təəssüf ki, sığınacaq axtaranlar üçün göstərilən bu səylərdə tək qaldıq. Suriyada nə rejimin, nə PKK-YPG-nin, nə də İŞİD-in nəzarətindəki yerlərə qayıdış olub, bu ölkədən qaçanların geri döndüyü yeganə məkan Türkiyənin etibarlı hala gətirdiyi bölgələrdir.

Bu gün Suriyadakı humanitar böhranın həllində diqqətlə həll etməli olduğumuz üç vacib məsələ var.

Birincisi, Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin qurulmasında mühüm bir proses olaraq gördüyümüz Konstitusiya Komitəsinin səmərəli və nəticəli fəaliyyətidir. Ötən həftənin əvvəlində Rusiya və İranla birlikdə Ankara Zirvəsində verdiyimiz qərarla çox əhəmiyyətli müvəffəqiyyət əldə etdik. Suriyada daimi siyasi həll yolu tapıldıqda, bu ölkənin ərazi bütövlüyü də özü tərəfindən qurulacaq.

İkinci vacib məqam İdlibdə mümkün qırğınların və təxminən 4 milyon insanın miqrasiya dalğasının qarşısını almaqdır. Soçidə Rusiya ilə razılaşmamızda bəzi uğursuzluqlara baxmayaraq, bu məsələ hələ də əhəmiyyətini saxlayır. Türkiyənin yeni köç dalğasını daha qarşılamağa nə dözümü, nə də imkanı var. Buna görə də, İdlibdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi barəsində bütün ölkələrin Türkiyənin səylərinə dəstək verməsini gözləyirik.

Üçüncü vacib məsələ Suriyanın dörddə bir hissəsini işğal edən və qondarma Suriya Demokratik Qüvvələrini qanuniləşdirməyə çalışan, Fəratın şərqindəki PKK-YPG terror quruluşunun aradan qaldırılmasıdır. Bütün terror təşkilatlarına eyni məsafədən baxan bir anlayış bərqərar etmədən Suriya məsələsinə daimi bir həll tapa bilmərik.

Təhlükəsiz zonanın yaradılması üçün ABŞ-la danışıqlar aparırıq. Niyyətimiz 2 milyon suriyalının məskunlaşmasını təmin etmək üçün 30 kilometr eni və 480 kilometr uzunluğu olan bir dəhliz qurmaqdır. Bu, sərhədimiz və ona yaxın yerləşən bölgədir. O, təhlükəsiz zona elan edildikdə, orada 1 milyon ilə 2 milyon arasında mühacir və qaçqın məskunlaşdırmaq şansımız var. Həm ABŞ, həm də koalisiya qüvvələri, həm də Rusiya və İranla birlikdə bu təhlükəsiz bölgədə qaçqınları çadır şəhərlərindən, konteyner şəhərlərindən çıxarıb burada yerləşdirə bilərik. Həmin addımları birlikdə atmalıyıq, bunu təkbaşına Türkiyə icra edə bilməz.

Bəlkə də bu məqamda bir addım da atmalıyıq. Bu bölgənin dərinliyini Deyr-əz-Zor-Raqqa xəttinə endirə bilsək, ölkəmizdən, Avropadan və dünyanın digər yerlərindən torpaqlarına dönəcək suriyalıların sayını 3 milyona qədər artıra bilərik.

Reallaşdırmaqda qərarlı olduğumuz bu mövzuda Türkiyə olaraq lazımi hazırlıqlara başlamışıq. Ölkəmizin rəhbərliyi ilə Livan, İraq və İordaniyanın iştirakı ilə, beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Dekabr ayında Cenevrədə keçiriləcək və həmsədr olacağmız Qlobal Qaçqınlar Forumunun uğuruna da böyük əhəmiyyət veririk. Təhlükəsiz bölgələrə qayıdışları dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə bir donor konfransı təşkil edilə biləcəyini də düşünürük.

Keçən il Birləşmiş Millətlər Təşkilatında qəbul edilmiş qlobal miqrasiya sazişi və qaçqınlar haqqında qlobal sazişin effektiv şəkildə həyata keçirilməsi lazımdır.

Suriyadakı haqq, qanuna və vicdana uyğun olaraq təmin edəcəyimiz sabitlik və güvən mühiti, həm İŞİD, həm də PKK təhlükəsi baxımından qonşu İraqı rahatlaşdıracaq.

BMT-nin Baş Assambleyası salonundan bütün dünyanı Suriyadakı bu humanitar böhranın dayandırılması üçün təşəbbüs göstərməyə və səylərimizi dəstəkləməyə dəvət edirəm.

Hörmətli nümayəndələr!

Aralıq dənizi hövzəsi Suriya böhranının yaratdığı mühacir faciələri ilə müqayisədə, Şərqi Aralıq dənizindəki proseslərə görə digər problemlərlə də üzləşir. 50 ildən çox davam edən danışıqlara baxmayaraq, Kipr məsələsi yunan tərəfinin barışmaz münasibəti ucbatından həll edilməyib. Kipr Respublikası siyasi güc və rifahını Kipr türkləri ilə bölüşməkdən imtina edərək, haqsız və ədalətsiz rəftar siyasəti yürüdür. Türkiyə dərin tarixi və mədəni bağlara sahib olduğu Kipr-Türk xalqının beynəlxalq razılaşmalara əsasən zaminidir, eyni şəkildə Yunanıstan zamindir, İngiltərə də. Kiprdə problemin sıfır təhlükəsizlik və sıfır təminat şərti ilə həll olunacağını iddia edənlər əvvəldən ədalətsiz və haqq-hüquqsuz siyasət yürüdür. Türkiyə olaraq Kipr-Türk xalqının təhlükəsizliyini və hüquqlarına təminat verən bir həll olana qədər səy göstərməyə davam edəcəyik.

Digər tərəfdən, Şərqi Aralıq dənizindəki enerji qaynaqlarını “qazan-qazan” yanaşması ilə əhəmiyyətli bir iş fürsəti olaraq görürük. Bu ağlabatan münasibətə baxmayaraq, bölgədəki bəzi ölkələr birtərəfli qaydada enerji mənbələrini problem və münaqişə bölgələrinə çevirməyə çalışırlar. Şərq Aralıq dənizində həm Türkiyənin, həm də Kipr-Türk xalqının qanuni haqq və mənfəətlərini sonuna qədər qoruyacağıq. Qapımız əməkdaşlıq və ədalətli paylaşmaya əsaslanan istənilən təklifin sonuna qədər açıq olmağa davam edəcək.

Aralıq dənizinin daha bir mühüm bölgəsi olan Liviyada xalqın azad iradəsinə əsaslanan demokratik idarəetmə qurmaqla ölkədə təhlükəsizlik və sabitliyi təmin etməyə çalışırıq.

Liviyanın siyasi və iqtisadi möhkəmlənməsi həm Şimali Afrika, həm də Avropanı rahatlaşdıracaq. İnanırıq ki, bu ölkədə həll yolu Liviya xalqının üstünlüklərinə hörmət etməkdir.

Yəmən və Qətərdəki müdaxilələr həm bəşəri, həm də iqtisadi baxımdan ciddi nəticələrə səbəb olub. Neft hasilatı obyektlərinə edilən hücumlara görə yenidən alovlanan bölgədəki böhranın dərhal həll edilməsi hər kəsin arzusudur.

Keçən il vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Xaşuqcinin işi hələ də məhkəmə və mühakimə prosesi ilə nəticələnmədiyindən ölkəmizin içində cərəyan etmiş bu hadisənin izləyicisi olacağımızı vurğulamaq istərdim.

Burada başqa bir durum, xüsusən seçilmiş Misir Prezidentinin məhkəmə salonunda, bəli, çırpınaraq ölməsi və ailəsinin belə onun dəfninə buraxılmaması içinizdə qanayan bir yaradır. O, bölgənin ədalət və haqqa dərin ehtiyacının simvolu halına gəlib.

Ümid edirik ki, İranın fəaliyyəti və bu ölkəyə qarşı təhdidlər ilə bağlı müzakirələr ən qısa zamanda səmərəli şəkildə həll ediləcək.

Hörmətli nümayəndələr!

Bu gün dünyamızda ədalətsizliyin ən çox yaşandığı yerlərdən biri də İsrailin işğalı altındakı Fələstin əraziləridir. Bir neçə gün əvvəl İsrail təhlükəsizlik qüvvələri tərəfindən küçədə öldürülən günahsız bir fələstinli qadının görüntüləri vicdanları işə sala bilmirsə, sözün bitdiyi yerdəyik.

Mənim üçün maraqlıdır, görəsən, bu İsrail haradır? Əcəba bu İsrailin torpaqları haraları əhatə edir? 1947-ci ildə İsrail hara idi, sonra 1949, 1967-ci illərdə İsrail hara idi və indi İsrail haradır? 1947-ci ilə nəzər yetirin, az qala İsrail yoxdur, bütünlüklə Fələstindir. 1947-ci ilə aid paylaşma planı var və Fələstin kiçilir, İsrail böyüyür.

1967-ci ilə gəlib çatıram, 1949-la birlikdə, buyurun, İsrail böyüyür, Fələstin kiçilir.

Mən bu günə gəlirəm, mövcud vəziyyət belədir: Fələstin yoxdur, demək olar ki, bütünlüklə İsraildir. İsrailin gözü doyurmu? Xeyr, doymur. İndi İsrail qalanını almağa çalışır. Yəni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatı İsrailə dair bu qədər qərarlar qəbul etdi, bu qərarlar icra olunurmu? Xeyr, olmur. Bəs BMT nə edir? O zaman bu dam altında verdiyimiz qərarla təsirli olmuruqsa, ədalət harada tətbiq ediləcək? Budur dərdimiz.

Bu cinayətlərə əlavə olaraq hazırkı İsrail rəhbərliyi Qəzzadakı qeyri-insani mühasirə, qanunsuz məskunlaşma fəaliyyətləri, Qüdsün tarixi və hüquqi vəziyyətinə hücumlar kimi hərəkətləri ilə beynəlxalq hüquq bir yana, bəşəriyyətin bütün dəyərlərini tapdalayır. Türkiyə olaraq bizim bu mövzudakı mövqeyimiz aydındır: həll – 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil və mütəşəkkil torpaqları olan Fələstin Dövlətinin dərhal qurulmasıdır. Bundan başqa hər hansı bir sülh planının ədalətli olma, qəbul edilmə və həyata keçmə ehtimalı yoxdur.

Birləşmiş Millətlər Təşkilatı kürsüsündən soruşuram: İsrail dövlətinin sərhədləri 1948-ci il sərhədləridir, 1967-ci il sərhədləridir, yoxsa başqa bir sərhədi var? İşğal olunmuş Fələstin əraziləri kimi, Colan Təpələrində və Qərbi Şəriyyədəki yaşayış məntəqələri bu dövlətin sərhədləri daxilində deyilsə, dünyanın gözü qarşısında necə qəsb edilə bilər?

“Əsrin Müqaviləsi” kimi təqdim olunan təşəbbüsün məqsədi Fələstin dövlətinin və xalqının varlığını tamamilə yox etməkdir? Bunlar dünyanı qan içində boğmaqmı istəyirlər?

Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq birliyin bütün aktyorları Fələstin xalqına verdiyi vədlərdən kənar konkret dəstək verməlidir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki fələstinli qaçqınlarına yardım və ictimai işlər agentliyinin səmərəli şəkildə qorunması çox vacibdir.

Türkiyə, bu günə qədər olduğu kimi, bundan sonra da məzlum Fələstin xalqının yanında yer almağa davam edəcək.

Dünyamızın ədalətli və dinc gələcəyi üçün başqa bir məsələ Cənubi Qafqazın dünyanın problemli bölgələrindən biri olmaqdan çıxarılmasıdır. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın, qəbul edilmiş qərarlara baxmayaraq, hələ də işğal altında qalması yolverilməzdir.

Beynəlxalq birliyin hələ də kifayət qədər diqqət yetirmədiyi problemlərdən biri də 72 ildir həll edilməyən Kəşmir münaqişəsidir. Cənubi Asiyanın sabitliyi və rifahını Kəşmir məsələsindən ayırmaq olmaz. Hazırda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, BMT-nin qərarına baxmayaraq, Kəşmir demək olar ki, mühasirədədir və təəssüf ki, 8 milyon insan Kəşmirdən çıxa bilmir. Kəşmirlilərin pakistanlı və hindistanlı qonşuları ilə birlikdə təhlükəsiz bir gələcək axtarmaları üçün problem münaqişə deyil, ədalət və haqq əsasında dialoq yolu ilə həll edilməlidir.

Dünyanın biganə qaldığı mövzulardan biri də müsəlman Rohingyanın üzləşdiyi bəşəri faciəsidir. Birləşmiş Millətlər Təşkilatının Müstəqil Komissiyası Myanmanın Arakandakı hadisələrlə soyqırım törətmək niyyətində olduğunu müəyyən edib. Türkiyə rohingyaların təhlükəsizlik və təməl hüquqlarının təmin edilməsinə istiqamətli cəhdlərini ilk gündən bəri həyata keçiribb, hunanitar yardım fəaliyyətlərinə də davam edəcək.

Əfqanıstanda təqribən 40 ildir davam edən istilalar, münaqişə və terror fəaliyyətləri qlobal problemlərə səbəb olub. Bu qədim coğrafiyanın sülh və əmin-amanlığa qovuşma vaxtı gəlib çatıb. Beynəlxalq birlik olaraq bu sahədə məsuliyyət daşımalı və səy göstərməliyik.

Hörmətli nümayəndələr!

Bu gün qlobal sülh və sabitlik üçün ən böyük təhdidlərdən biri irqçi, ksenofob, ayrıseçkilik və İslam əleyhinə meyllərin artmasıdır. Müsəlmanlar nifrət nitqinə, müqəddəs dəyərlərinə qarşı təhqirə və ayrıseçkiliyə məruz qalan insanlar arasında ilk sırada durur. Bunun ən bariz nümunəsi keçən ilin mart ayında Yeni Zelandiyanın Kristçörç şəhərində baş verən terror hadisəsi idi.

Yeni Zelandiyadakı müsəlmanlara qarşı terror hücumu nə qədər səhvdirsə, Şri-Lankada xristianları və ya Amerikadakı yəhudiləri hədəfə almaq bir o qədər səhvdir. Bu xəstəliyin, adətən, dəliliyə çevrilməsinin bir çox səbəbkarı var. Məsuliyyət daşıyanlar, ilk növbədə, söz azadlığı bəhanəsi ilə nifrət nitqini normallaşdıran bu kimi meylləri və dairələri təhrik edərək səs qazanmağa çalışan populist siyasətçilərdir. Mühacirlərə, xüsusən də müsəlmanlara cahillik və qərəzlə yanaşan, onları yadlaşdırann hər kəs bu xəstə cərəyanların artmasına rəvac verir. Bu bəlanı yalnız ortaq iradəmiz və səylərimizlə məğlub ola bilərik.

İnklüziv açıqlama və tolerantlığa əsaslanan konkret tədbirlərlə təpki vermək dövlət adamlarının borcudur. Bu çərçivədə, cənab Baş katib bu yaxınlarda təşəkkülündə təşəbbüskar olduğumuz Mədəniyyətlər İttifaqı tərəfindən hazırlanan dini məkanların qorunması üçün fəaliyyət planını açıqlayıb. Ümid edirəm ki, həmin plan bu mövzuda məlumatlılığı artırmağa kömək edəcək.

Buradan Kristçörç hücumunun baş verdiyi 15 mart tarixinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən anti-islamçılığa qarşı beynəlxalq həmrəylik günü elan edilməsi çağrışı edirəm.

İslam dünyasını öz daxili mübarizəsinin əsasını təşkil edən, əsasən sünni-şiə fərqliliyini təşkil edən və mahiyyət etibarilə siyasi maraqlar toqquşması üçün bir vasitə kimi istifadə olunan mövzuları dərindən düşünməyə dəvət edirəm.

Hörmətli nümayəndələr!

Ölkəmiz qədim dünyanın mərkəzindəki coğrafiya olaraq həm Şərqin, həm də Qərbin bəşəri toplanışının varisidir. Buna görə də, hər iki dünyada baş verən hadisələri yaxından izləməli, məsuliyyət daşımalı və təşəbbüsdən istifadə etməliyik.

Bu gün burada sadəcə bir qismini vurğuladığım bütün böhran başlıqlarından birbaşa və ya dolayı yolla təsirlənmiş bir ölkə olaraq bəşəriyyət qarşısındakı vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik.

Ədalət, əxlaq, vicdan zəminində yenidən qurulacaq Birləşmiş Millətlər Təşkilatı və xüsusilə Təhlükəsizlik Şurası yenidən insanlığa ümid bəxş edəcək. Türkiyə olaraq bu mövzuda atılacaq hər addımı dəstəkləməyə, buna qatqı verməyə hazırıq. Bu anlayışla 75-ci Baş Assambleya sədrliyinə talibik. Bu əhəmiyyətli vəzifə üçün Avropa Birliyi üzrə sabiq nazir və hələ də Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının sədri olan səfir Volkan Bozkırı namizəd göstərdik. Əminəm ki, təcrübəli diplomat və siyasətçi olan Bozkır bu məsuliyyəti uğurla icra edəcək. İnanıram ki, ona dəstəyinizi əsirgəməyəcəksiniz.

Hazırda Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının regional idarələrinə ev sahibliyi edən ən böyük şəhərimiz olan İstanbulu daha da əhatəli bir BMT mərkəzinə çevirmək istəyirik.

Ən az inkişaf etmiş ölkələr üçün Birləşmiş Millətlər Təşkilatının Texnologiya Bankı keçən il İstanbul yaxınlığında fəaliyyətə başlayıb.

Ötən il bu kürsüdən gündəmə gətirdiyim İstanbuldakı BMT Gənclər Mərkəzinin qurulması təklifinə verdiyimiz müsbət və həvəsləndirici yanaşmadan da məmnunuq.

Həmsədr olduğumuz Birləşmiş Millətlər Təşkilatının Vasitəçilik Dostları Qrupunun üzv sayı 59-a çatıb. Birləşmiş Millətlər Təşkilatından sonra bu təşəbbüsü Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və İslam Əməkdaşlıq Təşkilatına da qəbul etdirdik. İnanıram ki, üzləşdiyimiz hər bir qlobal məsələyə ədalətli, haqlı və vicdanla həll yolu tapmaq mümkündür.

Sözlərimi bu istəklərimlə sona çatıram: hamı üçün azadlıq, hamı üçün sülh, hamı üçün firavanlıq, hamı üçün ədalət, hamı üçün dinc və etibarlı bir gələcək.

74-cü Baş Assambleyanın işinin uğurlu olmasını diləyirəm və hamınızı öz adımdan və millətim adından hörmətlə salamlayıram”.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam