YENİ NAZİR - “RUS DÜŞMƏNİ, TÜRK AGENTİ...” -Ermənistanın yeni XİN rəhbəri kimdir?
Nikol Paşinyanın ən yaxın silahdaşlarından və “rəngli inqilab”ın ən fəal iştirakçılarından`olan Ararat Mirzoyanın yeni hökumətdə strateji postlardan birinə - Xarici İşlər naziri vəzifəsinə təyin olunması Ermənistanda birmənalı qarşılanmayıb. Çünki bu şəxsin bioqrafiyası və son illərdəki fəaliyyəti ən azından onu deməyəəsas verir ki, Mirzoyan bəlkə də hətta Paşinyanın özündən də artıq dərəcədə qərbpərəst və Rusiya əleyhdarı siyasətçidir.
Yenixeber.org: Məlumat üçün bildirək ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun bundan sonrakı tərəf müqabili olacaq Ararat Mirzoyanın 42 yaşı var və o, bizim nazirdən 6 yaş kiçikdir. Tarix elmləri namizədidir. Əsas elmi fəaliyyəti qondarma “erməni soyqırımı” mövzusu ilə bağlı olub. Elə ümumilikdə inqilaba qədərki bütün karyerasında da “genosid məsələsi” əsas istinad nöqtəsi rolu oynayıb.
Belə ki, onun ilk iş yeri İrəvandakı qondarma soyqırımını araşdıran muzey-institut olub. Mirzoyan 2005-2007-ci illərdə ABŞ-da “erməni genosidi”nin tanınması prosesini öyrənib,2007-2010-cu illərdə isə Qərbdəki ən böyük konqlameratlardan biri olan və qərargahı Londaonda yerləşən “HSBC Holdings”-in İrəvandakı ofisində çalışıb. Daha sonra Avropa və Amerikanın Ermənistanda həyata keçirdiyi çoxsaylı layihələrin koordinatori kimi fəaliyyət göstərib, paralel olaraq, İrəvan Universitetində dərs deyib. Mütəmadi olaraq, anti-Rusiya mövqeyi ilə gündəmə gəlib.
2016-cı ildə Mirzoyan Nikol Paşinyanın partiyasının təsisçilərindənm biri olub. Nəhayət, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən dərhal sonra Baş nazirin birinci müavini, 2019-cu ilin yanvarından etibarənsə Ermənistan parlamentinin sədri vəzifəsini tutub.
Yeri gəlmişkən, 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanın darmadağın edilməsindən sonra Paşinyanın komandasında sözün hərfi mənasında ən böyük zərbə məhz Mirzoyana dəymişdi. 10 noyabr sazişi imzalanandan dərhal sonra bir hissəsi Qarabağdakı döyüşdən qaçan ermənilərdən ibarət olan kütlə parlamentin qarşısında Mirzoyanı döyərək, az qala ölümcül hala salmışdı. Uzun müddət kritik vəziyyətdə olan və müalicə alan parlament spikerini həkimlər çətinliklə sıraya qaytara bilmişdilər. Lakin həmin hadisənin izləri hələ də Mirzoyanın sifətində və bədəninin digər nahiyələrində qalmaqdadır...
Maraqlıdır ki, nə növbədənkənar seçkilərdən əvvəl, nə də sonra XİN rəhbəri postuna namizədlər sırasında Mirzoyanın adı keçmirdi. Müharibədən sonra Ermənistanın Rusiyadan siyasi, iqtisadi və s. baxımdan asılılığı daha da artdığından çoxları hesab edirdilər ki, Paşinyan XİN başçısı postuna ən azından qatı qərbpərəst olmayan və Rusiyanın “həzm edə biləcəyi” bir fiquru təyin edəcək. Lakin Paşinyan inqilabdan əvvəl açıq şəkildə qatı Rusiya əleyhdarı kimi çıxış edən, rusların yumşaq desək, sevmədiyi, Qərbin adamı kimi tanınan, eləcə də barəsində müxtəlif iddialar və kompramat xarakterli faktlar olan Mirzoyanı seçdi. Bununla da bir növ ölkənin idarəçiliyində və kadr təyinatında Rusiya ilə hesablaşmadığını nümayişkaranə şəkildə ortaya qoyan Paşinyan xarici siyasətdə də qərbpərəst xəttə sadiq qalacağını göstərmiş oldu.
Söhbət kompramatlardan düşmüşkən, Mirzoyanın ətrafındaKI ən böyük qalmaqal onun Türkiyə xüsusi xidmət orqanlarının və eyni zamanda da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin(MTX) agenti olması barədə iddialarla bağlıdır. Hələ seçkidən əvvəl, 2021-ci ilin yanvarında Ermənistanın Vatikandakı sabiq səfiri və sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan Mirzoyanla bağlı sensasiyalı bəyanatla çıxış etmişdi.
Ermənistan və Rusiya xüsusi xidmət orqanlarında ciddi mənbələri olduğu şübhə doğurmayan, bununla yanaşı Paşinyana qarşı nifrəti hərdən bütün əndazələri aşan Minasyan həmin vaxt iddia etmişdi ki, Ararat Mirzoyan Türkiyə xüsusi xidmət orqanları iləəməkdaşlıq edib. Minasyanın dediyinə görə, Mirzoyan hələ 2005-ci ildə ABŞ-da “erməni genosidi”nin tanınması ilə məşğul olan dövrlərdə Türkiyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Və həmin vaxt Ermənistanın gələcək parlament sədri və XİN rəhbəri türk xüsusi xidməti tərəfindən “verbovka” olunub.
Minasyanın dediyinə görə, o illərdə Mirzoyan əsas etibarilə “erməni genosidi”nin tanınması istiqamətində ABŞ-da və digər ölkələrdə onun təmsil olunduğu institutun gördüyü işlər barədə Türkiyə tərəfinə məlumatlar ötürüb. Bundan sonra Mirzoyanın türk xüsusi xidmətiləəlaqələrindən Ermənistan MTX-si xəbər tutub(böyük ehtimalla Rusiyanın köməyilə).
Minasyan deyir ki, MTX Mirzoyanın qarşısına faktlar qoyub və onun iki yolunun olduğunu bildirib – ya” ikili agent” olmaq, ya da həbsə yollanmaq. O da birinci yolu seçib. Minasyan bəyanatında hətta Mirzoyanın Nikol Paşinyana qoşulmasının da məhz Türkiyə kəşfiyyatının istəyi əsasında baş tutduğunu qeyd edib.
Təbii ki, Ermənistanın yeni XİN rəhbərilə bağlı bu iddiaların nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir. Ancaq Mirzoyanın qərbpərəst və anti-Rusiya mövqeli siyasətçi olduğu şübhəsizdir.
Bnununla yanaşı, Ermənistandakı tanınmış politoloqlardan olan Avetik İşxanyanın da dediyi kimi, Mirzoyanın Ermənistan MTX-sinin agenti olduğu təsdiqlənib, türk xüsusi xidmətiləəlaqəsi barədə deyilənlər isə indiyə qədər heç kim tərəfindən rəsmən təkzib olunmayıb.
Yeri gəlmişkən, həmin İşxanyan Mirzoyanın təyinatı ilə bağlı son paylaşımında onun inqilabdan əvvəlki anti-Rusiya ritorikasını və “ikili agent” olması ilə bağlı deyilənləri xatırladaraq, sonda yazır: “Və bu adam Ermənistan üçün ağır bir dövrdə ciddi danışıqlar aparmalıdır...”
“Azpolitika”