İrəvanın Bakı ilə təhlükəli “siçan-pişik” oyunu -6 yox, 66 bənd də uydursalar...
Kapitulyant ölkə Azərbaycanla sülh əvəzinə, hələ də “ölmüş” Minsk Qrupunu axtarır; Ermənistana indi təklif olunanlar az sonra masadan yığışdırıla bilər...
Yenixeber.org: Artıq şəkk-şübhə qalmadı ki, rəsmi İrəvan Azərbaycanla ədalətli sülh müqaviləsindən daha çox, bu mövzuda manipulyasiyada maraqlıdır. Ermənistanın açıqladığı “6 bəndlik” sülh təklifindən bir daha aydın olur ki, qarşı tərəf, sadəcə, vaxt uzatmaqla məşğuldur. Yenə status şərti (3-cü bənd), Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi və s.
2-ci bənd üzərində bir qədər ətraflı dayanaq. Orada deyilir ki, guya Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və İrəvan ərazi bütövlüyümüzü hələ 1992-ci ildə, MDB-yə üzv olan zaman tanıyıb. Nonsens? Əlbəttə ki. Çünki Ermənistanın qüvvədə olan hazırkı konstitusiyasında həm Azərbaycana, həm də qardaş Türkiyəyə torpaq iddiası əksini tapıb. Üstəgəl, keçmiş DQMV-nin Ermənistana birləşməsi haqda bədnam “sənəd” yer alır. Yəni, indinin özündə Ermənistan konstitusiyası keçmiş Dağlıq Qarabağı Ermənistanın bir parçası sayır!
Belə ki, həmin konstitusiyanın preambula hissəsində deyilir: “Erməni xalqı öz dövlətçiliyinin fundamental prinsiplərinə, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”. Diqqət: Müstəqillik Bəyannaməsində isə “Ermənistan SSR və Dağlıq Qarabağın ali sovetlərinin 1 dekabr 1989-cu il tarixli ”Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarı yer alır. Bundan əlavə, 1992-ci il iyulun 8-də Ermənistan Ali Soveti hələ də qüvvəsini saxlayan bir qərar qəbul edib: “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməz sayılacaq”. Yəni yenə ərazi iddiası!
Məntiqlə rəsmi İrəvanın ölkəmizə qarşı ərazi iddiası yoxdursa, onda il yarımdır “siçan-pişik” oyunu oynamaq əvəzinə, öz konstitusiyasını, qanunlarını qaydaya salmalı, onu təcili şəkildə beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Necə? Bu artıq bizim problem deyil. Ya da Azərbaycanla sülh müqaviləsində ayrıca bənd kimi bu haqda konkret zaman göstərilməklə öhdəlik götürməlidir.
Başqa yandan, məlumdur ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü və suverenliyini çoxtərəfli sənədlərdən əvvəl ikitərəfli müqavilələrlə təsdiqləyir, ardınca nota və səfirlik mübadilələri edir. Ermənistan buna hazırdırmı? Əgər onun Azərbaycana qarşı gerçəkdən torpaq iddiası yoxsa, o zaman niyə bunu ikitərəfli müqavilə ilə təsdiqləmək istəmir? Cürbəcür hoqqalara gedir, bəndlər uydurur.
Bu xüsusda İrəvanın 6-cı bənd tam bir absurddur. Orda deyilir: “Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət edib”.
Bu müraciətin nə anlamı? Axı Minsk Qrupu (MQ) artıq mövcud deyil, ölüb. Bunu əcnəbi analitiklər də təsdiqləyir. O da məlumdur ki, MQ həmsədrləri indi başqa missiya daşıyır...
“Hazırda Azərbaycan-Ermənistan münaqişəsi tam fərqli diplomatik formata malikdir”.
Tomas de Vaal
Bu sözləri “Amerikanın səsi”nə ABŞ-dakı Kornegi Fondunun analitiki, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaal deyib.
Analitik bildirib ki, Minsk Qrupu formatı artıq ölüb, amma onun sənədləşmə mirasını saxlamaq yaxşı olardı. Onun fikrincə, bu gün Rusiya və Avropa Birliyinin himayəsində olan formatlar paralel işləyir və Brüssel Moskva prosesini əvəz etməyə çalışmır. “AB-nin təklifləri bir qədər fərqlidir. O, yeni oyunçudur, düşünürəm ki, Azərbaycana xüsusilə müsbət münasibət bəsləyir. O, keçmişlə bağlı deyil, dürüst vasitəçidir, bölgədə Rusiya, İran və ya Türkiyə kimi böyük gündəmi yoxdur”, - de Vaal bildirib.
Politoloq hesab edir ki, hazırda tərəflər böyük sülhə yox, yol xəritəsinə hazırdırlar. “O ki qaldı ABŞ-a, Vaşinqton Qərbin daha neytral sülh prosesi ilə həmrəydir və hesab edir ki, bu proses 2020-ci ilin 10 noyabr bəyanatına zidd deyil”, - deyə o vurğulayıb.
Beləliklə, rəsmi Bakının və Brüsselin cəhdlərinə rəğmən, İrəvanın günahı üzündən Azərbaycan və Ermənistan arasında ədalətli sülh müqaviləsinin qayəsində duracaq əsas prinsipləri razılaşdırmaq hələ də mümkün olmayıb. Məntiqlə ortaq prinsiplər yoxsa, o zaman sülh danışıqları nəyin əsasında və ətrafında aparılacaq?
Əlbəttə ki, heç bir sülh prosesindən söhbət gedə bilməz. Sülh prosesi yoxdursa və ya onun imitasiyası varsa, qonşu ölkələr sərhədlərlə bağlı razılığa gəlməyibsə, demək, yeni müharibə ehtimalı gündəmdən çıxmış sayıla bilməz.
Əfsus ki, Ermənistanın iqtidarlı-müxalifətli siyasi elitasında hələ də Qarabağ qatarının, “miatsum” və “status” vaqonlarının getdiyini qəbul eləmək istəmirlər. Daimi sülhün qarantı olacaq sülh müqaviləsi isə indi hamıdan çox “izqoy” Ermənistana lazımdır. Hər halda, Azərbaycan da, Türkiyə də onsuz keçinə bilər. Biz qalib tərəfik.
Ən önəmlisi, İrəvana indi təklif elədiklərimiz az sonra masadan yığışdırıla bilər. Ermənistan üçün bunun hansı mümkün nəticələri olacaq, gərək ki, qaranlıq qalmasın. Çünki Azərbaycan Konstitusiyasının da preambula hissəsi var. Orada deyilir ki, Azərbaycan Respublikası Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi-hüquqi varisidir. Azərbaycan SSR-nin ərazisi 86.6, AXC-nin ərazisi isə (SSRİ-yə zorla daxil ediləndə) 114 min kv km olub!
Ermənilər bu fərqi unutmasınlar. Lap 6 bənd yox, 66 bənd də uydursalar, bu gerçəklik dəyişməz qalacaq!..
“Müsavat”