Özünü bicliyə və gicliyə vuran Ermənistan -Bakının səbri sonsuz deyil!..
İrəvana revanş götürmək nəsib olmayacaq, çünki “B planı” da, “C planı” da masadadır; rusiyalı hərbi ekspert: “Növbəti müharibədə Ermənistan, sadəcə, darmadağın ediləcək...”
Yenixeber.org: Rusiyalı məşhur politoloq-avrasiyaçı Aleksandr Duqin bu yaxınlarda ermənilər haqda çox obyektiv və yerinə düşən bir fikir söyləmişdi. Demişdi ki: “Hazırda Ermənistan hakimiyyətində tam bir dəlilik var. Ermənilərin nə vaxtsa ağıllanacaqlarını və normal xalq olacağını gözləmək real deyil. Ona görə də Azərbaycan səbirli olmalıdır. Hələlik Ermənistan tərəfindən heç bir adekvat addım gözləmək olmaz”.
Duqinin “diaqnozunu” erməni rəsmiləri hər addımda sübut eləməkdədirlər. Son olaraq, yeni xarici işlər naziri Ararat Mirzəyan Moskva səfəri zamanı, həmkarı Sergey Lavrovla görüşdə özünü həm gicliyə, həm də bicliyə vuraraq, gerçəyi baş-ayaq təqdim edərək, Bakını qeyri-konstruktivlikdə (!!) suçladı, “Azərbaycanla sülh danışıqlarında Dağlıq Qarabağın statusu məsələsi gündəmə salınmalı, status isə Minsk Qrupu (MQ) həmsədrlərinin iştirakı ilə öz müqəddəratını təyinetmə əsasında həll edilməlidir” sözlərini söyləməklə İrəvanın ölkəmizə qarşı ərazi iddiasını növbəti dəfə və ənənəvi erməni həyasızlığı ilə bəyan elədi. Kəsəsi, “Oğru elə bağırdı ki...” məsəli.
*****
Öz sələfi Ara Ayvazyanın destruktiv yolunu “uğurla” davam etdirən Ermənistan XİN-in yeni başçısının bu sırtıqlığı, Duqinin təbirincə desək, dəliliyi öz yerində, daha çox diqqət çəkən o oldu ki, Lavrov Mirzəyanın Bakıya qarşı absurd, beynəlxalq hüquqla bir araya sığmayan əsassız iddia-şərtlərinə sakit yanaşdı. “Sülh müqaviləsinin əsasında beynəlxalq hüquq, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması durmalıdır” bəyanatını vermədi. Əksinə, Lavrov üzdəniraq Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin zəruri olduğunu söyləməklə, dolayısıyla İrəvanın Azərbaycana qarşı ərazi iştahasına haqq qazandırdı.
Məsələ də elə bundadır: Ermənistan kapitulyasiya aktını imzalayandan sonra da özünü ona görə belə arsız, arxayın, az qala, qalib ədası ilə aparır ki, arxasından onun havadarlarının - “ilana zəhər verən kərtənkələlərin”, yəni Rusiyanın, Fransanın, ABŞ-ın uzun “qulaqları” görünür.
Aydındır ki, mirzəyanlar xaricdən vaxtaşırı “zəhər” almasalar, belə təxribatçı mövqe sərgiləməzlər. Ermənistanın hansı hərbi, iqtisadi gücü, yaxud ciddi insan resursu, üstün coğrafi mövqeyi var ki, belə hərzə-mərzə danışsın, başından yekə iddialar irəli sürsün?! Ayrı sözlə, bu ölkənin istər rəhbərliyinin, istərsə də erməni toplumunun dəliliyi əsla özündən qaynaqlanmır, ona kənardan sırınandır. Bədbəxt erməni bunun acı bədələni zaman-zaman ödəsə də.
Əfsus ki, erməni siyasətbazları burnundan uzağı görə və heç cür qəbul edə bilmirlər ki, onları Azərbaycana qarşı qısqırdan, sülh anlaşmasına əngəl yaradan qlobal güclər əslində erməni xalqına böyük bir pislik edir, çünki ermənilərdən qat-qat çox özlərinin maraqlarını güdürlər. O cümlədən Rusiya.
Yəni bütün hallarda “güc doğana” - Ermənistana düşəcək. Ta o vaxtadək ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyacaq. Ya tanıyacaq, ya da tanıyacaq! Ona qədər Bakı lazım gələrsə, “B planı”nı da, “C planı”nı da işə salıb, Ermənistana başını qaldırmağa, revanş götürməyə imkan verməyəcək, ona vaxtaşırı öz yerini göstərəcək. Bu planlar artıq masa üzərindədir...
*****
Beləcə, Ermənistan hələ də heç nə olmayıbmış kimi öz məkrli oyunlarına davam edir. İş də ondadır ki, rəsmi İrəvan müharibə sonrası status-kvonu qəbul etmədikcə, ölkəmizə qarşı ərazi iddiasını, status oyunlarını davam etdirdikcə, revanş planları qurduqca, Ermənistanın çöküşünü qaçılmaz edəcək.
Ermənistan rəhbərliyi isə 44 günlük müharibədən keçən 10 ayda iqtisadi dirçəliş, ölkədən kütləvi köçü önləmək barədə düşünmək əvəzinə, ən çox yeni ordu quruculuğu haqda xəyal edir, planlar qurur. Rusiya ilə Qərb (ABŞ, Fransa) arasında riskli oyunları davam etdirir.
Bu xüsusda rusiyalı hərbi ekspert Pavel Felgenhauer tam haqlıdır deyəndə ki, “Ermənistan xarici dövlətlərin müdaxiləsindən müəyyən dividentlər qazanmağa ümid edir ki, bu, çox axmaq və həddən artıq təhlükəli siyasətdir”.
Sitat: “Azərbaycanla sülh sazişi imzalamaq Ermənistan kimi bir dövlət üçün qeyri-mümkün görünür. Biz indi də bu dövlətdə müharibə istəyənlərin sayının çox olduğunu görə bilərik. Lakin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə erməni tərəfinin qələbə qazanmaq üçün heç bir şansı olmayacaq və Ermənistan, sadəcə, birdəfəlik darmadağın ediləcək. Odur ki, İrəvanın Azərbaycanla gərginliyi saxlamaq cəhdlərinə yeganə izahat böyük dövlətlərin müdaxilə edəcəkləri, vəziyyəti düzəltməyə kömək edəcəkləri ilə bağlıdır. İrəvan anlamır ki, fövqəldövlətlərin özlərinin problemləri özlərinə bəsdir. Heç kim İrəvana dəstək olmayacaq. Məhz buna görə də onlar fövqəldövlət adlanırlar”.
*****
Bu arada öz günahı ucbatından blokadada qalmağa davam edən Ermənistanın dövlət borcu 9 milyard dollara yaxınlaşıb. Belə ki, təkcə yanvardan iyula qədər olan dönəm ərzində Ermənistan hökuməti 1 milyard borc götürüb və 31 iyulun nəticələrinə əsasən, Ermənistanın borcu 8,973 milyard dollar təşkil edib. Borcun artmasına əsas səbəb kimi isə İrəvanın 2020-ci ildəki iqtisadi böhrandan tam xilas ola bilməməsi göstərilib.
“Bir tərəfdən ölkədə ciddi işsizlik və yoxsulluq problemi var, digər tərəfdən isə mütəxəssis çatışmazlığı var”.
Bunu da dünən Ermənistanın baş naziri Nikol Paşinyan “Bilik Günü” münasibətilə etdiyi müraciətdə qeyd edib. Onun sözlərinə görə, bütün bunlar həm də təhsil sistemində mövcud problemlərdən qaynaqlanır...
Əlbəttə ki, kütləvi yoxsulluq və səfalət, keyfiyyətsiz təhsil və xaricə miqrasiya axını öz-özlüyündə səbəb deyil, nəticələrdir. Səbəb isə - Ermənistanda 30 il ərzində ağıllı və uzaqgörən rəhbərlərin yetişə bilməməsidir. Yoxsa bu cırtdan ölkə hələ də xarici dövlətlərin əlində alət olmaz, miskin kökə düşməz, normal dövlət kimi öz sərhədlərini özü qoruyardı...
“Müsavat”