Rusiya görünməmiş qıtlıqla üzləşə bilər -ükdaşımalar dayandırıldı
Azərbaycan bu prosesdən qazanacaqmı?
Rusiyaya qabaqcıl texnologiyaların ixracına qoyulan qadağa artıq təsirini hiss etdirməkdədir. Belə ki, “Çek İndeks” xidmətinin həftəlik hesablamaları göstərir ki, Rusiyada əhalinin texnika və elektronika məhsulları üçün ödədikləri qəbzlərin dəyərində son bir həftə ərzində əvvəlki həftə ilə müqayisədə 80 faiz bahalaşma baş verib. 21-27 fevral həftəsində bir qəbzin dəyəri 16 810 rubl təşkil edib. Xidmətin hesablamalarına əsasən yaxın bir neçə həftədən sonra Rusiya bazarında texnika və elektronika məhsullarının kəskin qıtlığı yaranacaq.
Yenixeber.org: Proseslərin gedişi göstərir ki, yaxın həftələr ərzində Rusiyada yalnız texnika və elektronika məhsullarının deyil, xaricdən idxal olunan bütün növ məhsulların qıtlığı, kəskin bahalaşması baş verəcək. Buna dünyanın demək olar ki, bütün yükdaşıma şirkətlərinin Rusiyaya və Rusiyadan malların daşınmasını dayandırması gətirib çıxaracaq. Belə ki, qlobal yükdaşımalarda ilk beşlikdə qərarlaşan beynəlxalq şirkətlərin 3-ü artıq Rusiyadan və Rusiyaya mal daşımaqdan imtina edib. Bunlar Danimarkanın “Maersk”, Almaniyanın “Hapag-Lloyd” və Yaponiyanın ONE şirkətləridir. Onlar Ukraynaya qarşı işğalçı müharibəyə başladığına görə Rusiya mənşəli və bu ölkəyə ünvanlanan yüklərin daşınmasını dayandırdıqlarını elan ediblər. Şirkətlər hətta əvvəldən verilmiş sifarişləri belə ləğv edirlər.
Dünya üzrə yükdaşımaların 20 faizini həyata keçirən “Maersk” şirkəti 135 ölkədə nümayəndəliyə və 83 min işçiyə malikdir. Rusiyanın Sankt-Peterburq limanı vasitəsilə yükdaşımaların 20 faizi bu şirkətin gəmilərinin payına düşür.
“Hapag-Lloyd” qlobal konteyner daşımalarının 25 faizini həyata keçirir. Onun Rusiyanın 5 ən böyük limanında nümayəndəliyi vardı.
Qlobal konteyner daşımalarında 6-cı yerdə gələn Ocean Network Express (ONE) şirkəti də Rusiyanın 5 limanında təmsil olunur.
“Uni International” beynəlxalq logistika şirkətinin meneceri Mixail Bobrışev “Novaya Qazeta”ya yükdaşıma şirkətlərinin hamısının Rusiyaya sifarişləri ləğv etdiklərini bildirib: “Beynəlxalq şirkətlər bir-birinin ardınca Rusiyaya yükdaşımadan kənara çəkilir. Onlar yaxın 1-2 ay üçün bu istiqamətdə hər hansı sifariş qəbul etmirlər. Bu, hələ başlanğıcdır. Tərəfdaşlarımız bizə bildirirlər ki, yalnız ABŞ deyil, Kanada, hətta Cənubi Amerikadan da yükdaşıma sifarişləri ləğv edilir. Hətta Rusiyada sifariş olunan məhsulu daşıyan gəmilər istiqamətlərini dəyişməklə yükü hara gəldi boşaltmağa çalışırlar. Heç kəs Rusiyaya görə sanksiyalara məruz qalmaq istəmir. Rusiyaya qazma, neft-qaz avadanlıqları, quyuları işlək vəziyyətdə saxlamaq üçün lazım olan kimyəvi preparatların ixracı tamamilə dayandırılıb. Həmin preparatlar olmadan neft-qaz istehsalını davam etdirmək mümkün olmayacaq. Yaxud ABŞ-dan ayrı-ayrı taxıl məhsullarının biçilməsində istifadə olunan xüsusi kombaynları gətirməli olan ”K-Line" Yaponiya daşıyıcısı Rusiyaya getməkdən imtina edərək, yükü Belçika ərazisinə boşaltmağı təklif edir".
M.Bobrışevin sözlərinə görə, şirkətlər sanksiya altına düşən hansısa konkret məhsulları deyil, bütün növ məhsulları Rusiyaya, yaxud Rusiyadan daşımaqdan imtina edirlər: “Bunların hamısı fevralın 24-dən başlandı. Ondan bəri hər gün yüzlərlə yükdaşıma sifarişlərindən rədd cavabları almaqdayıq. Təsəvvür edin ki, Ekvador və Kolumbiyanın hərəsindən 40 konteyner banan sifariş olunmuşdu, hamısına imtina gəlib. Belə getsə, yaxın həftələrdə Rusiyada heç banan da tapmaq olmayacaq”.
Logistika mütəxəssisi bildirir ki, Rusiyaya yükdaşımalardan imtina edən şirkətlər bütün dünyada yükdaşımalarla məşğul olan şirkətlərdir: “Yəni onlar yalnız Amerika, Afrikadan deyil, Asiyadan, Avropadan da yükdaşımaları həyata keçrirlər. Rusiyaya hər hansı elektronika məhsulunun, məişət texnikasının, həmçinin onların istehsalı üçün zəruri olan detalların idxalı dayandırılır. Bu isə o deməkdir ki, məsələn, Rusiyada ”Bosh" soyuducularının, “Ariston” qızdırıcılarının istehsalı və ixracı dayanacaq".
M.Bobrışev əmindir ki, idxal-ixracda sanksiyalara görə yaranacaq itkilərin Çinin hesabına əvəzlənməsinə bəslənən ümidlər boşdur: “Son günlər konteyner daşımalarında müşahidə olunan vəziyyət göstərir ki, Çindəki yoldaşlara bu sahədə etibar etməyə dəyməz. Əvvəla, daşıyıcılar Çindən də yükdaşımalardan imtina edirlər. Məsələn, bizim sifarişimizlə Çindən Rusiyaya avtomobillər gətirilməliydi, lakin Norveçə məxsus yükdaşıma şirkəti imtina etdi. İkincisi də, belə davam edəcəksə, Çinin özü Rusiyaya ixracı dayandıracaq. Çünki özü Amerika bankları ilə sıx əməkdaşlıq şəraitində işləyir. Rusiyanın Çin ixracında payı təkcə ABŞ-a ixracının 10 faizi qədərdir. Əlbəttə, bu şəraitdə ABŞ bazarı Çin üçün Rusiya bazarından daha önəmlidir. Təcrübə də göstərir ki, ABŞ sanksiya elan edəndə Çin ona əməl etməli olur, çünki Amerika bazarı çinlilər üçün çox böyük əhəmiyyət kəsb edir. Bəlkə də onlar Rusiyaya simpatiya bəsləyəcəklər, amma işi Amerika ilə davam etdirəcəklər. Digər tərəfdən, Çin xarici ticarətini dollarla həyata keçirir. Dollarla əməliyyatların hamısı isə ABŞ tərəfindən izlənilir. Bu baxımdan, Çin Rusiyaya görə öz şirkətlərini, ticarət maraqlarını zərbə altında qoymayacaq. Dəniz yolundan əlavə, Rusiyaya quru yolla yükdaşımalar da ciddi sual altındadır. Polşa öz ərazisindən Rusiyaya yüklərin daşınmasını dayandırıb. Yəqin ki, yaxın günlərdə digər sərhəd dövlətlər də ona qoşulacaq - bu, domino effektinə bənzəyir. Bütün bunlar isə son nəticədə Rusiyanın ixracına böyük zərbə vuracaq. Söhbət neft-qazdan kənar ixracdan gedir. Bu isə ölkəni böyük həcmdə valyuta gəlirindən məhrum edəcək. Eyni zamanda ixracın dayanması ölkədə istehsalın da dayanması, çoxsaylı iş yerlərinin bağlanması demək olacaq”.
Onu da qeyd edək ki, dövlət səviyyəsində sanksiyalarla yanaşı, çoxsaylı ölkələrdə nəhəng pərakənda satış şəbəkələri Rusiya məhsullarının satışını dayandırırlar.
Rusiyanın neft-qaz sektorundakı iri xarici şirkətlərin köçü də davam edir. Belə ki, BP, "Shell" və “Equinor”dan sonra ABŞ-ın "Exxon" şirkəti də Saxalindəki layihədən çıxmağa hazırlaşır. Artıq şirkətin yarımadadakı xarici işçiləri öz ölkələrinə dönmək üçün hazırlığa başlayıblar, quyuların bir çoxunda hasilat dayandırılıb.
Maraqlıdır ki, Rusiya hökuməti xarici şirkətlərin ölkədəki layihələrdən çıxmasını inzibati yollarla əngəlləməyə çalışır. Belə ki, baş nazir Mixail Mişustin dünən bəyan edib ki, xarici biznesin Rusiyadakı aktivlərdən çıxması prosesinə müvəqqəti qadağa qoymaq niyyətindədirlər: “İndiki sanksiya şəraitində xarici sahibkarlar öz biznes maraqlarından deyil, siyasi təzyiqlər altında qərar verirlər. Buna görə də biznesə səmərəli qərar qəbu etmələri üçün vaxt verəcəyik. Bu barədə qərar layihəsini hazırlayaraq prezidentə təqdim etmişik. Xarici biznesin Rusiyadakı aktivlərdən çıxışını müvəqqəti məhdudlaşdıracağıq. Rusiya hakimiyyəti konstruktiv investorlarla dialoqa həmişə açıqdır”.
Göründüyü kimi, yaxın dövrdə Rusiyanın xaricə ixracı və idxalının böyük ölçüdə azalması ehtimalı çox yüksəkdir. Bu isə şimal qonşunun uzaq bazarlara çıxara bilməyəcəyi mallarını yaxın bazarlarda - MDB məkanında satmağa çalışacağı deməkdir. Ticarətin sanksiyalara görə dollar, avro və funt-sterlinqlə aparılması mümkün olmadığına görə, böyük ehtimalla, Rusiya MDB ölkələrini rublla ticarətə məcbur etməyə çalışacaq. Bu isə həmin ölkələr üçün heç də yaxşı perspektiv vəd etmir.
Götürək, Azərbaycanı. 2021-ci ildə Rusiya Azərbaycanın ən böyük (17,7 faiz) idxalatçı, 3-cü (4,15 faiz) böyük ixracatçı ölkəsi olub. Yəni Rusiya həm də Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkədir. Nəzərə alsaq ki, sanksiyalar üzündən Rusiyanın xaricə çıxara bilmədiyi alkoqollu içkilər, süd və süd məhsulları, digər aqrar məhsulları ucuzlaşacaq, onda həmin məhsulların Azərbaycana idxalının sürətlə artacağını söyləmək olar. Bu isə həmin məhsullar üzrə yerli istehsalın sıradan çıxmasına səbəb olacaq.“Müsavat”