Yenixeber.org: İranda etiraz aksiyalarının 56-cı günüdür. Son məlumata görə, 50-si uşaq olmaqla 321 aksiyaçı Tehran rejiminin hərbi-polis qüvvələri tərəfndən qətlə yetirilib. Etiraz aksiyasında rejimin ən əsas güc strukturlarının rəsmilərinin ailə üzvləri də iştirak edir. İran hakimiyyətinin əsas dayağı olan İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisi Əliəsgər Şirməhəmmədinin oğlu Mürtəza Şirməhəmmədi də aksiyada qətlə yetirilib. Mürtəza Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetində təhsil alırmış. SEPAH nümayəndəsi oğlunun ölüm faktını 5 gün ictimaiyyətdən gizlədib.
İranda icimai-siyasi fəallar cəmiyyətin dəyişməsini istəyirlər. Müşahidələr onu deməyə əsas verir ki, ölkədə hər gün çoxlu sayda etirazçı saxlanılır. Bu, inqilabdan sonra müasir İranın tarixində ən uzunmüddətli aksiyadır. Aksiyalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, İran hakimiyyəti etiraz aksiyalarına görə, Ağ Evi ittiham edir: “Ancaq reallıq belədir: Tehran hakimiyyəti yaratdığı problemlərlə üzləşib”. O, ABŞ Prezidenti Cozef Baydenin “İranı azad edəcəyik” fikrinə belə münasibət bildirib: “Bu çox güclü etirazdır. Aksiyaların bizimlə və ya başqa bir xarici aktorla heç bir əlaqəsi yoxdur”.
İrandakı ümumxalq aksiyalarına beynəlxalq dəstək
N.Prays ümummilli etirazları İran xalqının həqiqi, qanuni və səmimi istəklərinin nəticəsi kimi qiymətləndirərək aksiyaların davam etməsinə səbəb kimi cəmiyyətlə hakimiyyət arasında əlaqələrin zəif olmasını göstərib. O vurğulayıb ki, rəsmi Vaşinqton etirazlara qarşı amansızlıq göstərdiyi üçün İran hakimiyyətini məsuliyyətə cəlb etmək yollarını axtarır. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken isə bildirib ki, ABŞ dünyanın iranlıların səsini eşitməsi üçün yardım edəcək.
Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Tehran hakimiyyətinin etirazçılara qarşı davranışını Yaxın Şərqdə sabitliyin pozulması üçün başlıca səbəb sayır. Fransa və Almaniya liderləri də dinc aksiyaların zorakılıqla dağıdılmasına görə İran hakimiyyətini ittiham ediblər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İrana vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edib. O, Tehran hakimiyyəti ilə qarşılıqlı anlaşma əldə edə bilmələrinin mümkünsüzlüyünü vurğulayaraq deyib: “Onlar müsəlmanların qibləsini ələ keçirmək istəyirlər. Biz Səudiyyə Ərəbistanının döyüş meydanına çevirilməsini gözləyə bilmərik”.
İran hakimiyyəti isə ABŞ, İsrail və digər ölkələri, o cümlədən, Azərbaycanı şərləyərək şantaj edir, hədələyir. İran ETTELAAT-ının başçısı İsmayıl Xatib bildirib ki, onların iradəsi qisas və cəzaya köklənərsə, o zaman, şüşə saraylar dağılacaq, ölkələr sabitlik görməyəcək. Qeyri-rəsmi mənblərin məlumatına əsasən, SEPAH-ın İraqda yaratdığı "Həşd-Şəəbi" adlı silahlı dəstənin bir qrupu üzvü aksiyaları yatırmaq və ölkədə baş verə biləcək hadisələrin qarşısını almaq məqsədi ilə Bağdaddan İrana gətirilib. Rəsmilərinin davranışı, açıqlaması və keçirdikləri hərbi təlimlər isə Tehranın daha çox hədələmə taktikasını seçdiyini deməyə əsas verir.
Öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı qorxutmaq istəyir
Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı SEPAH-ın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərə və bu ölkə rəsmilərinin hədələyici çıxışlarına cavab verib: “İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!.. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indiki dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum”...
Prezident bununla İran və Ermənistandakı son hadisələrə münasibət bildirib. Başqa sözlə dövlət başçısının açıqlamasından belə nəticə çıxarmaq olar - öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı hədələyir, regionda söz sahibi olmaq istəyirlər. İranda baş verənlər göstərir ki, etirazlar yatırılsa da, yatırılmasa da ölkədə vəziyyət əvvəlki kimi olmayacaq. Cəmiyyətlə hakimiyyət arasında dərinləşən uçurum İranda hakimiyyət böhranına səbəb ola bilər.
Tehran bir sıra addımları atmaqda artıq gecikir. İndiyədək aksiya iştirakçıları ilə heç bir görüş keçirilməyib və tələblərə münasibət bildirilməyib. Etirazlara ancaq güc və odlu silahdan açılan atəşlə cavab verilib. İran hakimiyyəti ölkədə islahat aparmağa artıq yaramır. Çünki bu proses üçün cəmiyyətin ona etibar etməsi və dayaq durması vacibdir. Baş verənlər isə sübut edir ki, İrandakı fəal insanlar rejimə inanmır, onu “diktator” adlandırır. Belə bir halda Tehran ölkədə hərbi və ya fövqəladə vəziyyət rejimi elan edə bilər.
Onu da qeyd edək ki, İran cəmiyyəti 43 ildir elan edilməmiş hərbi-polis rejimi şəraitində yaşayır. Bu rejimin rəsmiləşdirilməsi isə ölkəyə yeni heç nə vəd etməyəcək, ancaq represiyalar artacaq. Bu, İranda silahlı müqavimət hərəkatının yaranmasına da səbəb ola bilər. Belə vəziyyətin yaranması isə İranın vətəndaş müharibəsinə sürüklənməsi ehtimalını artırır. Ona görə də indiki vəziyyətə əsasən, demək olar ki, bütün hadisələr Tehran hakimiyyətinin əleyhinə işləyir. Başqa sözlə, İrandakı rejimin fətvası verilib. Bu hökmü icra edəcək təbəqəni də o, özü yetişdirib. Onlar küçələrdə rejimə etiraz edən, inqilabdan və İraqla müharibədən sonra dünyaya gələn nəsildir... (report)