MƏRMİSİZ, ARTİLLERİYASIZ, ZİREHLİ TEXNİKASIZ... –Rusiyanın ehtiyyatları tükənir, yeni istehsal mümkün deyil...
Ukrayna müharibəsi Rusiya ordusunun çoxsaylı zəif tərəfləri ilə yanaşı, Rusiya Hərbi Sənaye Kompleksindəki böyük problemləri də üzə çıxarıb.
Yenixeber.org: SSRİ-nin dağılmasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Rusiya silahlı qüvvələrində hələ də xeyli miqdarda sovet zirehli texnikası, artilleriya və raket qurğuları, müxtəlif növ mərmilər, döyüş təyyarələri və hərbi gəmilər aktiv fəaliyyətdədir. Rusiya hakimiyyəti son 10 ildə hərbi texnikanın yenilənməsinə böyük vəsaitlər sərf etsə də, istənilən nəticəni əldə edə bilməyib. Ekspertlər belə acınacaqlı vəziyyəti korrupsiya, kadr çatışmazlığı, texnoloji gerilik, xarici komponentlərdən asılılıq, menecerlərin səriştəsizliyi ilə izah edirlər. Onların fikrinə görə, Ukraynadakı müharibənin gedişi göstərir ki, bu ilin sonuna kimi Rusiya ordusu artilleriyasız, tanksız və mərmisiz qala bilər.
“AzPolitika.info” xəbər verir ki, Latviyanın “The Insider” portalı “Əlvida silah! İlin sonuna kimi Rusiya demək olar ki, mərmisiz, artilleriyasız və zirehli texnikasız qalacaq” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqalənin tərcüməsini təqdim edirik:
- Top lülələrinin aşınması və mərmi “aclığı”
Günümüzdə düzgün dəyərləndirilməyən problemlərdən biri də Rusiya artilleriya qurğularının və mərmilərinin tükənməsi məsələsidir. Hərbi ekspertlər, siyasi icmalçılar və həmçinin də bu məsələ ilə maraqlanan insanlar arasında belə bir yanlış təsəvvür var ki, Sovet İttifaqından Rusiyaya böyük miqdarda artilleriya silahları və mərmilər miras qalıb.
Problem ondadır ki, sovet artilleriyası üçün nəzərdə tutulan mərmilər uzun müddət saxlanıla bilməz. Hələ 2002-ci ildə İkinci Çeçen müharibəsinin gedişində Rusiya ordusu 122 mm və 152 mm çaplı artilleriya mərmilərinin çatışmazlığı ilə qarşılaşmışdı. Əlbəttə, bu, bütün sovet artilleriya arsenalının hesabdan silinməsi anlamına gəlmir. Onu da deyək ki, silah və mərmi arsenalı təkcə iki çeçen müharibəsində və sürətlə bitən Gürcüstan müharibəsində “yeyilməyib”, həmçinin 2014-2015-ci illərdəki Ukrayna müharibəsində və Suriya hərbi kampaniyasında da böyük miqdarda mərmi sərf edilib.
Onu da qeyd edək ki, iki çeçen müharibəsində istifadə olunan mərmi miqdarı indiki Ukrayna müharibəsi ilə müqayisədə xeyli az idi. İndiki Ukrayna müharibəsindəki ən qızğın döyüşlər zamanı gündəlik mərmi sərfi (bütün növ mərmilər) 40-60 min arasında olur. Döyüşlərin nisbətən səngidiyi vaxtlar isə gündəliki mərmi sərfi 24 minə kimi azalır.
Qeyd etmək lazımdır ki, Rusiyanın artilleriya mərmiləri istehsalı 1990-cı və 2000-ci illərdə xeyil az olub. Rusiya hərbi sənayesi bu işlə əsasən 2010-cu illərdə ciddi şəkildə məşğul olmağa başlayıb. Lakin hətta 2010-cu ildə yeni mərmilərin istehsal tempi yüksəlsə də, bu, Rusiya Müdafiə Nazirliyini tam qane etməyib. Ona görə də, 2014-cü ildə anbarlarda saxlanılan artilleriya və raket arsenalının bərpası ilə əlaqədar iri miqyaslı dövlət proqramı həyata keçirildi. Həmin proqram əsasında 2017-ci ilin sonuna kimi bütün tiplərdən olan 1,7 milyon ədəd mərmi bərpa edildi. Xüsusilə qeyd olunurdu ki, onların sıfırdan istehsalı dövlət büdcəsinə 117 milyard rubla başa gələcəkdi (Təxminən 2 milyard dollar).
Ümumiyyətlə, 2010-cu ildə artilleriya arsenalının doldurulmasının illik tempi hər il 1,6-1,7 milyon mərmini keçməyib. Burada maraqlı bir detalı yada salmaq lazımdır ki, bütün tiplərdən olan reaktiv mərmilər 2017-ci ildə cəmi 10700 ədəd təşkil edib.
Yekunda belə alınır ki, cəbhə boyunca yaradılmış silah anbarları nəzərə alınmazsa, yarım il ərzində Rusiya Ukrayna ilə müharibədə 7 milyondan az mərmi sərf etməliydi. Bildiyimiz kimi, həmin anbarların əksəriyyəti ukraynalılar tərəfindən partladılıb. Başqa sözlə desək, əgər müharibənin intensivliyi inidiki səviyyədə qalarsa, onda Moskva 2022-ci ilin sonuna kimi əsl mərmi “aclığı” ilə qarşılaşacaq və mərmiyə qənaət etmək üçün artilleriya atəşlərini azaltmağa məcbur qalacaq.
Mərmilərdən başqa top lülələrinin aşınması problemi də mövcuddur. Əgər reaktiv yaylım atəşi sisteminin istiqamətləndiricisi uzunmüddətli istismar resursuna malikdirsə, yivli artilleriya silahlarının lüləsi daha tez aşınır. Məsələn, Rusiya tanklarının top lüləsi zirehdeşən mərmilərlə 210, qəlpəli-fuqas və kumilyativ mərmilərlə 840 atəşaçma resursuna malikdir.
Çapından və mərminin tipindən asılı olaraq, artilleriyanın yivli lülələrinin 2000-3000 atəş resursu var. Müqayisə üçün deyək ki, almanların Ukraynaya verdiyi “PzH2000” haubitsasından gündə 100 atəş açıldığından artıq o, bir aydan sonra sıradan çıxır.
Rusiyada artilleriya qurğularının sayı çox olsa da, onların ehtiyatı tükənməz deyil. 2022-ci ildə artilleriyanın aşınması istər-istəməz səmərəliliyi kəskin aşağı salacaq.
Belə çıxır ki, gözlənilən mərmi “aclığı” artilleriya qurğularının artan qıtlığı ilə eyni vaxta təsadüf edəcək. Ona görə də, Rusiyanın Ukrayna şəhərlərini “S-300” Hava Hücumundan Müdafiə sistemləri ilə atəşə tutması heç də səbəbsiz deyil. Bu raketlərdən “yer-yer” tipli raket kimi istifadə edilməsi üçün onlar üzərində müvafiq texniki işlər hələ beş il öncədən görülürdü. Düzdür, bu raketlərin sayı bir neçə min ədəddir və ya maksimum on min ola bilər, yüz min yox!
- Sanksiyaların təsiri: sənaye istehsalından manufakturaya keçid
Bununla əlaqədar artilleriya qurğularının, döyüş avadanlıqlarının və mərmilərin istehsalının vəziyyəti ilə tanış olmağa dəyər. Bu ilin avqust ayında Baş nazirin müavini Denis Manturovun və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin “Motovilxin zavodu”na və “Perm barıt zavodu”na baş çəkmələri onu göstərir ki, bu istiqamətdə işlər heç də yaxşı getmir. Bu sahələrdəki problemlər bütün Rusiya Hərbi Sənaye Kompleksindəki (HSK) problemlərlə eyniyyət təşkil edir. Belə ki, Rusiya HSK-nin müəssisələrinin xarici məhsullardan asılılığı və idxalın əvəzlənməsi proqramının fiaskoya uğraması ilə bağlı bir neçə ekspert məruzəsi hazırlanıb.
Sözsüz ki, idxalın əvəz olunması və avtarkiya ideyası mənasız və bütövlükdə yanlışdır. Bu heç bir məntiqə sığmadan əmək bölgüsünün və beynəlxalq əməkdaşlığın inkar edilməsidir. Lakin avtoritar sistemli hakimiyyət və inzibati-komanda iqtisadi modeli üçün özünü təcrid yolunun tutulması “özünüməhvi” qaçılmaz edir.
Artilleriya silahları və mərmi istehsal edən müəssisələrin 2000-2010-cu illər arasında texniki cəhətdən yenilənməsi prosesi gedib. Məsələn, ”Kazan barıt zavodu” Almaniya, İsveçrə və Avstriyadan müvafiq avadanlıqlar alıb (Bu o deməkdir ki, zavod xaricdən kimyəvi komponentlərin bir hissəsini idxal etməyə məcburdur).
“Motovilxin zavodu” 2011-ci ildə artilleriya top lülələrinin istehsalı üçün Avstriyadan radial-döymə maşınının tədarükü ilə bağlı müqavilə imzlayıb. 2014-cü ildən bütün bu şirkətlərin rentabelliyi aşağı düşməyə başlayıb. Bunun səbəbi kadr çatışmazlığı və müdafiə sifarişlərindəki ritmik pozuntulardır ki, əlavə zərər və yeni məsrəflər yaradır.
Əgər həmin “Kazan barıt zavodu” kimi ayrı-ayrı zavodlar istehsal məsrəflərinin qapadılmasını gələcək illər üçün təxirə salırlarsa, bu, faktiki olaraq Rusiya vətəndaşlarının çiyinlərinə yüklənir. Çünki hər şey yekunda federal büdcədən ödənəcək.
Maraqlıdır ki, mərmi istehsalının səmərəliliyini artırmaq məqsədiylə bu istiqamətdə fəaliyyət göstərən müəssisələri 2020-ci ildə vahid dövlət şirkətinin çətiri altında birləşdirmək qərarına gəlindi. “Rostex” dövlət konserninin nəzarətində olan “Texnodinamika” şirkəti belə bir çətir rolunu oynamağa başladı. ”Rostex”in digər holdinqi mərmilər istehsalı üzrə ixtisaslaşdırılmış “Texmaş” da buraya daxil edildi. Ancaq təşkilati transformasiya və maliyyə axınının bir yerə cəmləşdirilməsi keyfiyyət parametrində dəyişikliyə gətirib çıxarmadı. Məsələn, ”Texnodinamika”da əmək məhsuldarlığına görə illik mənfəət 2.3 milyon rubl (32 000$) təşkil edib ki, bu ABŞ mərmi istehsalçılarının götürdüyü gəlirdən təxminən 9-10 dəfə azdır.
Beləliklə, Qərbin avadanlığından, ehtiyat hissələrindən və materialından məhrum qalmış və eyni zamanda kadr qıtlığı və aşağı əmək məhsuldarlığı ilə üzləşən Rusiya artilleriya və mərmi istehsalçıları yaxın perspektivdə nəinki staqnasiya, həmçinin istehsalın aşağı düşməsi ilə qarşılaşacaqlar.
Ola bilər ki, 2022-2023 illərdə istehsal tempini saxlaya bilsinlər, amma sonrakı illərdə istehsalın kəskin düşüşü qaçılmazdır.
Digər tərəfdən, öncəki illərdə xaricdən alınmış avadanlıqların təmirə ehtiyacı olacaq və nəticədə istehsal edilən məhsulların sayı və keyfiyyəti aşağı düşəcək. Deməli, onda belə çıxır ki, kütləvi sənaye istehsalının yerini manufaktura tutacaq.(azpolitika)
Vaqif NƏSİBOV