Yenixeber.org: Rusiya-Ukrayna müharibəsinin 57-ci günüdür. Hazırda hərbi əməliyyatlar əsasən Ukraynanın şərqində gedir. Aprelin əvvəlinədək Rusiya qoşunları Kiyev ətrafından çıxarılsalar da, onların qoyduqları iz hələ də bu bölgələrdə aydın nəzərə çarpır. Aprelin 20-də İrpen, Buça, Borodyanka, Hostomeldə olduq. Bu ərazilər qismən təmizlənib və müəyyən hissələrdə bərpa işləri aparılır. Binaların üzərindəki raket və partlayış izləri, alovun yaratdığı qara ləkələr, dağıntılar, yol kənarındakı üzərindən tank keçmiş avtomobillər və partladılmış hərbi maşın karvanları müharibənin dəhşətlərini bütünlüklə əks etdirir. Və təbii ki, qətlə yetirilmiş insanları da unutmuruq. Onların küçələrdə və evlərinin içərisində qalmış cəsədləri, toplu halda dəfn edilmələri və bu toplu məzarların açılması səhnələri də uzun zaman xatirələrdən silinməyəcək…
Rusiya-Ukrayna müharibəsində adı tez-tez hallanan bir dövlət də var – Belarus. Rusiya ordusunun əhəmiyyətli hissəsi məhz buradan Ukrayna ərazisinə daxil olub və yuxarıda haqqında danışdığımız qırğınları, talanları törədib. Kreml bu qətliamı inkar edir, bu barədə yazılanları, deyilənləri “Qərbin dezinformasiyası” adlandırır. Amma bu dəhşətləri görən və möcüzə nəticəsində həyatda qalan insanlar da var. Onların hamısı bu dəhşətli tablonu məhz rus əsgərinin yaratdığını söyləyir.
Kiyev vilayətinin Borodyanka rayonunun Mıkoliçi yaşayış məntəqəsinin ərazisində yerləşən meşə Rusiya ordusunun dislokasiya məkanlarından biri olub. Məhz buraya Belarusdan keçməklə daxil olublar. Meşə ilə sərhəd arasındakı məsafə 180 km-dir. Bizi müşayiət edən, adının çəkilməsini istəməyən ukraynalı hərbçinin sözlərinə görə, burada 10-12 min rusiyalı hərbçi olub. “Hazırlıqlarından görünür ki, onlar uzun müddət qalacaqlarını düşünürmüşlər” – bələdçimiz deyir. İki həftə ərzində uzunu və eni 15 kilometr olan meşə ərazisində səngərlər və sığınacaqlar qazıblar. Bundan əlavə, tank və artilleriya qurğularının yerləşdirilməsi üçün nəhəng qazıntı işləri də aparıblar. Ukraynalı hərbçi əlavə edir ki, bütün bu qazıntılar üçün texnikanı meşə massivinə yaxın ərazilərdə yaşayan kəndlilərdən zorla alıblar. “Aydın məsələdir ki, rus qoşunları özləri ilə ekskavator və traktor gətirməmişdilər, onu burada əldə ediblər, həm də zorla”.
Meşə ərazisində xeyli kəsilmiş ağac və budaqlara da rast gəlinir. Sığınacaqların üzəri əsasən ağaclarla örtülüb. Kütləvi şəkildə kəsilmiş ağaclardan odun kimi də istifadə ediblər. Ətrafda Rusiya ordusuna məxsus quru yemək qabları, dərmanlar və geyimlərə də rast gəlinir.
Meşənin dərinliklərinə irəliləyirik. Ətraf silah-sursatla doludur. Yerə səpələnmiş xırda, orta və iri ölçülü mərmilərə rast gəlinir. Onların çoxu partlamayıb və istifadəyə tam yararlıdır. Ərazidə çəkiliş apararkən maksimum dərəcədə diqqətli olmağımız və əsasən, “ayağımızın altına baxmaq” tələb olunur. Çünki ərazidə “rastyajka” – məftillə ağaclara bağlanmış əl qumbaraları və minaların yerləşdirilməsi hallarına rast gəlinib. Bələdçimiz deyir ki, ayağımızın altına baxmaqla yanaşı, sinə səviyyəsində də belə məftillərin olub-olmadığına nəzarət etməliyik. “Əl qumbarası həm də ağaclara bu səviyyədən bağlana bilər… Nazik, gözlə çox da nəzərə çarpmayan məftillərlə…” Buna hərbçilər “sürpriz” deyir. Biz də belə xoşagəlməz “sürpriz”lə üzləşməmək üçün diqqətlə hərəkət edirik. Birdən partlayış səsi eşidilir. “Mühəndis-istehkamçılardır” – bələdçimiz deyir. Qısa müddətdən sonra həmin istehkamçılarla rastlaşırıq. Onlar da mediaya danışmır, deyirlər ki, icazə yoxdur. Amma işləri barədə məlumat verirlər – silah-sursatlardan eləsi var ki, zərərsizləşdirirlər, eləsi də var, ərazidən toplayıb, aparırlar.
Meşədə Rusiya ordusuna məxsus, tam sıradan çıxmış xeyli hərbi texnika var. Burada aktiv hərbi əməliyyatlar getməsə də, Ukrayna ordusu raketlərlə bu texnikaları zərərsizləşdirib.
Qayıdırıq. Amma hərbçi bələdçimiz avtomobili buraya gəldiyimiz yolla deyil, onun tam əks istiqamətilə sürür. 300 metr getdikdən sonra qarşımıza üst-üstə qalaqlanmış iri taxta yeşiklər çıxır. “Qrad” mərmilərinin yeşikləridir. Bəziləri boşdur, bəziləri dolu. Məhz buradan Kiyev və onun ətrafı bombalanırdı. Buradan Kiyev şəhərinə məsafə 50 km-dir. Meşənin daimi məntəqə kimi seçilməsi təsadüfi deyildi, çünki su mənbəyinə və kəndlərə yaxındır.
Meşədən keçən rus qoşununun daxil olduğu ilk məntəqələrdən biri Makarov şəhərtipli qəsəbəsidir. Bura Kiyev vilayətinin Buça rayonuna daxildir. Sakinlər az-az gözə dəyir. Ən şiddətli döyüşlər də məhz Makarov ilə Borodyanka arasında gedib. Evlərin qarşısında kiçik ölçülü mərmilər qalaqlanıb. Aralarında istifadəyə yararlı olanı da var.
Qəsəbə sakini Lyuba əli ilə evinin yaxınlığındakı əkin sahəsini göstərib, deyir ki, “Qrad” qurğuları məhz burada yerləşdirilmişdi. Evinin əks tərəfindəki sahədə isə tanklar gözə dəyirdi. Lyubanın 62 yaşı var. Onun evinə mərmi düşüb və tamamilə dağılıb. Həyat yoldaşı insult keçirib. Yerli polis idarəsinin verdiyi məlumata görə, qəsəbədə 200 ev tamamilə, 600 ev qismən dağıdılıb. 23 nəfər sakin qətlə yetirilib.
– Fevralın 25-də borş bişirmişdim, qonşularla yenicə oturub yeyirdik ki, partlayış səsinə dik atıldıq – Lyuba narıncı daşlardan ibarət xarabalığı göstərir – bu da nəticəsi...
***