“İsrail hazırda soyqırım törədir. Mən bu vəzifədə olduğum müddətcə heç bir vaxt İsrail barədə müsbət bir şey düşünə bilmərəm”.

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin iyul ayının 18-də yerli mətbuata açıqlamasında demişdi… 

Üstündən 4 il ötüb. Bu günlərdə iki dövlət arasında münasibətlərin normallaşması və səfirliklərin qarşılıqlı olaraq yenidən açılması gündəmə gəlib. Bu barədə avqustun 17-sində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. 

Qeyd edək ki, buna qədər artıq iki dəfə tərəflər səfirlərini geri çağırıb, bir müddət sonra isə diplomatik münasibətlər bərpa edib. Davosda Ərdoğanın İsrail prezidenti Şimon Peresə verdiyi “one minute” reaksiyası və “Mavi Mərmərə” hadisəsindən sonra 2010-cı ildə Türkiyə İsraildəki səfirini geri çağırdı. Bir müddət sonra rəsmi Təl-Əvivin üzrxahlığı münasibətləri yumşaltdı və 2016-cı ilin iyununda diplomatik qurumlar yenidən fəaliyyətə başladı. Lakin 2018-ci ildə Qüds mitinqlərində 60 fələstinlinin öldürülməsindən sonra Türkiyə yenə Təl-Əvivdəki səfirini geri çağırdı. 4 il sonra, bu günlərdə yenidən tərəflərin qarşılıqlı səfir təyin etməsi gözlənilir.

Maraqlıdır, son 20 ildə bir neçə dəfə – “Terrorçu”, “One minute”, “Kreslo”, “Mavi Marmara”, “Qüds” olayları kimi dünya mətbuatında rezonans doğuran ardıcıl diplomatik qalmaqallar yaşayan iki ölkə nə üçün məhz indi əməkdaşlıq etmək qərarına gəlib?

Oradan başlayaq ki, Türkiyə yalnız İsraillə deyil, bütün region ölkələri ilə münasibətlərini korrektə etməyi qərara alıb. Ankaranın Şərqi Aralıq, Orta Şərq və Körfəz diplomatiyasında müşahidə edilən kəskin U dönüşünün səbəbi qardaş ölkənin bu bölgələrdə tədricən yalqızlaşmasının qarşısını almaq, regionda planlaşdırılan geniş miqyaslı layihələrdən kənarda qalmamaq və geosiyasi oyunçu kimi qüvvələr balansında öz yerini qorumaq məqsədi daşıyır. Bu minvalla, Türkiyə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İsrail, hətta Suriya ilə indiyədək olan gərgin münasibətlərini qarşılıqlı əməkdaşlıq zəmininə daşımağı hədəfləyir.

Xüsusilə, İsraillə münasibətlərin normallaşdırmaq üçün Ərdoğan bundan gözəl fürsət tapa bilməzdi. İndi qatı millətçi mövqeyi ilə seçilən Benyamin Netanyahu və Şimon Peres iqtidarda deyil. Təsadüfi deyil ki, uzun illərdən sonra ilk dəfə bu ilin mart ayının 9-da İsrailin yeni prezidenti İsak Herzoqun Türkiyəyə rəsmi səfəri baş tutdu.

İqtidar dəyişsə də, İsrailin Qüds və Fələstin məsələsinə yanaşması dəyişməyib. Dəyişən Türkiyənin milli maraq məsələlərinə yanaşması və siyasi strategiyasıdır. Sərt, hədələmə diplomatiyasının yerinə uzlaşmaçı xətt götürən Türkiyə Şərqi Aralıq dənizinin dibindəki “təbii qaz tortu”ndan öz payını götürmək üçün İsrail başda olmaqla bütün region ölkələri ilə əlaqələrini yaxşılaşdırmaq niyyətindədir.

            Geosiyasi şərait yəhudilərlə türkləri barışmağa vadar edir.

Bu il iyunun 14-də Avropa Şurasının sədri Ursula Von der Leyen İtaliyanın Baş naziri Mario Draqi ilə birlikdə İsrailə səfər etdi. Türkiyə və İsrail münasibətlərinin bir andaca gərginlikdən əməkdaşlığa keçməsinin səbəbini də, zənnimizcə, bu səfərdə axtarmaq lazımdır. Belə ki, Leyen səfər sonrası mətbuata açıqlamasında bildirmişdi ki, məqsəd Avropanın Rusiyadan qaz asılılığına son qoymaqdır. O, İsraildən İtaliyaya qaz nəqli layihəsi barədə ətraflı məlumat verdi. Ardınca İtalyanın “La Reppublica” qəzeti hökumətdəki mənbələrdən əldə etdiyi məlumatlar əsasında bir məqalə yayımladı. Burada Şərqi Aralıqdakı qaz ehtiyatlarının üç yolla Avropaya daşınmasının mümkün olduğu qeyd edilirdi. Birinci yol İsrail-Kipr-Yunanıstan yolu, yəni “EastMed” layihəsidir (Xatırladaq ki, Türkiyə bu layihəyə etiraz edib və reallaşmasına imkan verməyəcəyini də açıqca bildirib). Bu layihənin bir neçə ildə baş tutması mümkün deyil. Çünki dənizin altı ilə çəkilməsi planlaşdırılan kəmərin uzunluğu 1900 km-dir ki, bu da böyük xərc və vaxt itkisi deməkdir. İtaliya nəşrinin iddiasına görə, digər yol maye qazın Misir üzərindən daşınmasıdır ki, bu da Avropa üçün sərfəli deyil. Çünki maye qaz təbii qazdan olduqca bahadır. Ən optimal yol isə onsuz da Cənub Qaz Dəhlizi layihəsinin mərkəzi sayılan Türkiyədir. Bu yolun seçilməsi ilə həm xərclər, həm də məsafə xeyli qısala bilər.

Rusiyanın Ukraynanı işğal etdiyi, Avropanın üzərində təbii qazı bir təsir mexanizmi kimi istifadə etdiyi bir dövrdə Türkiyə və İsrailin Şərqi Aralıq dənizindəki təbii qazı Avropaya daşıması həm bu ölkələrin özlərinə, həm ABŞ-a, həm də Avropa ölkələrinə sərfəlidir.

Beləliklə, Türkiyə-İsrail münasibətlərinin normallaşması heç də rəsmi Ankaranın və ya Təl-Əvivin geri addım atması kimi yox, mövcud geosiyasi konyukturun dəyişməsi və bu dövlətlərin maraqlarının uzlaşması kimi şərh edilə bilər. 

Onu da qeyd edək ki, Türkiyə və İsrail arasında ticarət dövriyyəsi, gərginlik səviyyəsindən asılı olmayaraq, artmaqdadır. 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 6.2 milyard dollar olub. 2021-ci ildə isə bu rəqəm kəskin artaraq, 8.4 milyarda çatıb. Türkiyənin İsrailə ixracatı isə eyni ildə 35% artaraq, 6.4 milyard dollar olub. Bu rəqəmlər onu deməyə əsas verir ki, İsrail və Türkiyə qarşılıqlı düşmənçilikdən yox, əməkdaşlıqdan qazanan dövlətlərdir.

Nicat İsmayılov