ƏLİNDƏ “QURAN”, DİLİNDƏ AZAN, TÜRKİYƏNİ YENİDƏN QURAN… TƏK ADAM –O, Türk-İslam dünyasını birləşdirməyi bacaracaqmı?
Əvəz ZEYNALLI
Xüsusi olaraq, “Strateq.az” üçün
Girişə haşiyə:
Yenixeber.org: Türkiyədə tələbə olduğum zamanlar idi. Dəyişən koalisiyaların bir-birini əvəzlədiyi ölkənin ən sancılı dönəmini yaşayırdıq. Təbii ki, Türkiyənin vətəndaşları kimi, biz də baş verənlərə laqeyd yanaşmır, proseslərə qoşulur, fikir-düşüncələrimizi bildirirdik. Etiraf edim ki, indi Türkiyənin prezidenti olan Ərdoğan və onun həmin vaxt təmsil olunduğu Rifah Partiyası bizim ən məsafəli davrandığmız siyasi təşkilatlardanıydı. Milliyyətçi-mühafizəkar kimliyimiz, özəlliklə MHP (Əfsanəvi Alparslan Türkeşin lideri olduğu Milliyyətçi Hərəkat Partiyası) və digər milliyyətçi quruluşların da burada payı vardı. Azərbaycan və Orta Asiyadan gələn tələbələr, ümumilikdə milliyyətçilik məsələsi MHP-nin sərt monopoliyası altındaydı. Bu səbəbdən ya biz digər bütün partiyalardan məsafəli olurduq, ya da onlar bizlə məsafəli davranırdılar.
Belə günlərdən birində – 1997-ci ilin bir payız günündə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, Rifah Partiyasının üzvü Rəcəb Tayyib Ərdoğan şimşəktək, bütün diqqətləri üzərinə çəkdi. O, 12 dekabr 1997-ci ildə Siirtdə bir şeir oxudu və elə tufan da bu şeirlə qopdu. Dərhal Cümhuriyyət prokurorları cinayət işi açdılar və Rəcəb Tayyib Ərdoğan Türkiyə məhkəmələri tərəfindən 10 ay azadlıqdan məhrum edildi. Onu Pınarhisar həbsxanasına göndərdilər və qərar çıxan kimi, Böyükşəhər Bələdiyyə sədrliyindən istefa verdi, ilk “balkon çıxışı”nda yüz minlərlə insana xitab etdi…
Mən Ərdoğanı tanıyırdım. Amma bu çıxışla onu yenidən – daha yaxından tanıdım. “Balkon çıxışı”nın telekanallarda göstərildiyi sırada bir məclisdəydik. Tələbə yoldaşlarımızdan bəziləri də bizimləydi. İştirakçıların bir çoxu artıq onun bitdiyini və siyasətdən getdiyini dedilər. Hətta iddia etdilər. Fikirlərini bölüşmədiyim, missiyasını və təmsil etdiyi siyasi partiyasını bəyənmədiyim Rəcəb Tayyib Ərdoğan haqqında mənim düşüncələrimsə qəti və konkret oldu: “Diqqətlə baxın, bu adam bu ölkəyə hökm edəcək!”
Təəccübləndilər, müzakirə etdilər, qəbul etmədilər, amma mən qəti idim. Onun düşüncələrində və həbs qərarı qarşısında meydan oxuması qənaətlərimi qətiləşdirmişdi. Qırılma anında – Türkiyənin hakim zümrəsinə qarşı duruşunu və ölümün gözünün içinə dik baxışını görmüşdüm…
Ziya Göyalpın həbsə aparan şeirində nə deyilirdi?
Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanımın anadan olduğu bölgədə(siirtlilər ona “kürəkən” deyirlər və nə qərib bir taledir ki, Rəcəb Ərdoğan yenidən siyasi həyata qayıdanda da məhz həbsə girdiyi bu bölgədən – Siirtdən millət vəkilliyinə namizədliyini irəli sürdü, böyük siyasətə də oradan qayıtdı) bir toplantıda söylədiyi və nəticəsində həbs olunduğu Ziya Göyalpın məşhur şeirinin misraları belə idi:
Minarələr süngü,
Qübbələr miğfər,
Camilər qışlamız,
Möminlər əsgər…
Vəssalam! Bu 4 sətirlik şeir parçası qosqoca Türkiyə Cümhuriyyətini ayağa qaldırdı və elə bir fırtına qopdu ki, nəticədə Türkiyə dəyişdi. Bəli, məhz bu 4 misra Türkiyənin dəyişməsinə, bir dönəmin qapanmasına, yeni bir dönəmin açılmasına səbəb oldu.
Ərdoğanın uğurlarının mənbəyi – gücü
Azərbaycanda Ərdoğana və onun daşıdığı missiyaya konkret olmayan bir münasibət var. Tez-tez sosial şəbəkələrdə qarşılaşıram. Dəfələrlə Türkiyə ilə, daha dəqiqi, son zamanlar Rəcəb Tayyib Ərdoğanla bağlı aramsız suallarla üzləşirəm. Xüsusilə, son seçkilərdən və 15 iyul 2016-cı il hadisələrindən sonra Azərbaycan cəmiyyətində Ərdoğan haqqında birmənalı olmayan fikirlər yayılmağa, pərvəriş tapmağa başladı. Əslində, Türkiyədə təhsil alan keçmiş tələbələrdən, Türkiyəni az-çox tanıyan insanlardan biri olaraq hər zaman bu məsələyə münasibət bildirmək istəmişəm. Zaman indiyə təsadüf etdi. Düşüncələrimi diqqətli vətəndaşlarımızla paylaşmaq qərarına gəldim.
Bu günlərdə içim-çölüm Türkiyədir zatən. Bu böyük Ana Vətənin 29 oktyabrda Cümhuriyyət günüdür. Üstəgəl, Böyük Atatürkün “Nitq” əsərini çapa hazırlayıram. Həbsxanadan onun tərcüməsini – daha doğrusu, Azərbaycan Türkcəsinə uyğunlaşdırdığım kitabını çıxara bilmişəm. Ona görə də, aylardır bu nəhəng əsərin üzərində işləyirəm. Zatən Atatürk adı gəldimi, indiki Türkiyə hakimiyyəti də zamanla sorğulanıb. Konkret olaraq Ərdoğanı və onun missiyasını Atatürkə qarşı gəlməkdə ittiham edən düşüncələr də var və mən çalışacağam ki, Ərdoğanın kimliyi və onun Türkiyə üçün hazırda kim olduğu haqqında Oxucularıma məlumat verim. Tanrı utandırmasın!
Ərdoğanın bu qədər uğurlu olmasının səbəbi təkcə özüdür – qısa və konkret.İndi onun haqqında çox şey danışır, yazır, əfsanələr düzəldirlər. Hər fikrin yaşama payının olduğunu qəbul edirəm və bəribaşdan bəyan edirəm ki, mənim Ərdoğanla o qədər bağrım badaş deyil. Onun bəzi icraatlarına, sözlərinə, hərəkətlərinə zaman-zaman etiraz etdiyim olub. Amma özünün üzərində bu qədər çalışan, hər gün öz üzərində qorxunc bir həvəs və həyəcanla işləyən ikinci bir lider tapmaq hazırkı dünya siyasətində, bəlkə də, mümkün deyil. İstəyirsiniz – sevin, istəyirsiniz – sevməyin, belədir…
Yazıya zəruri haşiyə:
İndi də üzərində dayandığım, hər zaman gənclərə dediyim və ömrüm boyu təqib edəcəyim bir prinsipim var. Hər zaman Ankarada təhsil alanda tələbə yoldaşlarıma deyir, qurduğum təşkilatlarda bu fikri aşılayırdım. Biz dünya miqyasına çıxmaq istəyiriksə, dünyada söz sahibi olmaq, dünyanın idarə edilməsində rol almaq istəyiriksə, bir alman, ingilis, fransız, amerikan, italyan gəncindən heç olmasa 200-300 dəfə çox oxumalı, çox çalışmalı, çox işləməli və çox çabalamalıyıq. Bilirsinizmi, niyə? Çünki Qərbi Avropa və Amerika dediyimiz məkan bizdən ən azı 200-300 il irəlidədir. Bu fərqi o zaman qapada biləcəyik ki, o məkanın biz yaşda olanlarından dediyim qədər çox çalışacağıq…
Bilmirəm, nə qədər yerində fikir-haşiyə oldu, amma mən Ərdoğanı indi elə görürəm. Qocqoca bir Türkiyənin bütün idarəetməsini əlinə alan, onun oturuşmuş bütün çarxlarını yerindən oynadan adamdır Rəcəb bəy. Bu, asan deyil. Türkiyə kimi çevrilişlər ölkəsində bunu etmək ən böyük inqilablardan böyük hünər istəyir. Bu ölkədə gecə yatıb, səhər tankları küçələrə çıxaran generallar olub və onların iki dodaqlarının arasında dayanıb Türkiyə hökumətlərinin taleyi. Türkiyə Respublikasının tarixi Türk Ordusunun tarixidir həm də. Böyük Atatürk bu ölkəni ordunun gücü ilə qurub və ordunu dövlət içində dövlətə çevirib. Bu gedişat İsmət İnönü ilə – Türkiyənin “Milli Şef” dediyi adamla davam edib. Ta… 1946-cı ilə qədər beləcə gəlib. Və 1946-cı ildən Türkiyə çoxpartiyalı sistemə keçib. Dərhal da demokratiyaya və çoxpartiyalı sistemə keçməyin nəticəsində Demokrat Partiya –Adnan Menderes hakimiyyətə gəlib. Təlatümlü bir dönəmdən keçən Menderesi bir müddət sonra asıblar və Türkiyədə sancılı və ağrılı dönəm başlayıb. 1970, 1980 hərbi çevrilişləri baş verib, ölkə, az qala, generalların kefinə və hikkələrinə tərk olunub. Yalnız Turqut Özalla sivilləşən prezidentlik kürsüsü, ondan sonra da rahat buraxılmayıb. İstər Süleyman Dəmirəlin, istər Əhməd Necdət Sezərin, istərsəAbdullah Gülün zamanında da sistem o qədər dəyişməyib. Kimsə – Turqut Özaldan başqa – generallara gözün üstə qaşın var deyə bilməyib. Ta ki, Ərdoğana qədər.
Ərdoğanın gücünün bir səbəbi də burada yatır. Heç nədən çəkinmədən Türkiyədə “olmaz” deyilənlərin üzərinə getdi. Özalın missiyasını üstləndi və Türkiyəni son 50 ilin koalisiyalar fəlakətinin cəngindən qopara bildi. Türkiyə insanı həftədə, ayda, ildə bir qurulan koalisiyalardan cana yığılmışdı. Siyasi sistem tıxanmışdı. Hər seçkidə 20-30, uzaqbaşı, 35 faiz səs alan partiyaların qurduqları koalisiyalar daxili və bunun ardınca xarici sabitliyi pozurdu.
Sistem dəyişməli idi, ancaq necə? Adnan Menderesdən bu tərəfə bütün Türkiyə prezidentləri, Türkiyənin irəlidə gedən dövlət adamları bu barədə düşünürdülər, amma çıxış yolu yox kimiydi. Türkiyəni dəyişdirmək üçün Türkiyədə hakimiyyətə gəlmək yetərli deyildi. Ən azından, Adnan Menderes və Turqut Özal nümunələrində bu, aydınca göründü. Adnan Menderes baş nazir, Turqut Özal prezident oldu, amma Türkiyəni dəyişdirə bilmədilər. Sonları isə dəhşətli oldu – Menderesi apar-topar asdılar, Özalı isə prezident iqamətgahında müəmmalı şəkildə zəhərləyib öldürdülər…
Türkiyə “Dərin Dövləti”ni öldürən adam
Bax, Ərdoğanın işi buna görə olduqca çətin idi. İndi də çətindir. Əslində, heç nə bitməyib və yekunlaşmayıb. Türkiyə quruluşunda və xusüsən yeni dünya nizamında qlobal güclər tərəfindən elə yerdə oturdulub ki, onun qabığından çıxması üçün yenidən şəkillənməlidir dünya. Ərdoğan bu qədər təhlükəli sahədə hərəkət edir. Hər tərəf minalarla doludur. Bundan əvvəl isə ölkənin daxilində vəziyyəti dəyişmək, ən azından, Menderesin və Özalın taleyini yaşamamaq lazım idi və lazımdır. Türkiyə zaman-zaman “Qladio”nun at oynatdığı, NATO general və polkovniklərinin cirit atdığı bir ölkə olub. Türkiyədə bütün çevrilişlərin və hökumət dəyişikliklərinin arxasında, demək olar ki, Amerika və NATO dayanıb. Türkiyə tarixən də hər zaman bir ikiliyin – Almaniya və İngiltərə təmayüllü siyasətin girdabında olub. Hələ Cümhuriyyət qurulmamışdan vardı bu ikilik, ikitirəlik. Bariz bir nümunəsi – Ənvər Paşa alman məktəbini, “İttihad və Tərəqqi”nin digər əhəmiyyətli bir qolu isə ingilisləri müdafiə edirdi. Məhz alman məktəbinə yaxın olmaq Ənvər Paşanın Osmanlını Birinci Dünya Müharibəsinə daxil etməsinə səbəb oldu. Bu da marıqda gözləyənləri ayağa qaldırdı və Osmanlının sonu gəldi.
Cümhuriyyət dönəmində də bu ikili siyasət davam elədi. Bu dəfə İngiltərə ilə ABŞ-ın maraqları birləşdi və Türkiyədə xüsusilə 1947-ci il “Marşall Planı”ndan sonra bu ikibaşlı siyasət daha açıq görünməyə başladı. Türk siyasətçiləri də elə oldular – Avropa və Amerika təmayüllü. Siyasətçilər əsasən, Avropa meylli, ordu isə əsasən Amerika-NATO əksənli oldu. Hətta siyasət və ordu da öz daxilində Avropa-ABŞ-NATO ayırımlarına məruz qaldı. Bu, beləcə də davam etdi. Son illərin ən dərin terror təşkilatlarından PKK (Partiya Karkeren Kürdistan – Kürd Fəhlə Partiyası) da bu ayrımın mərkəzində yer aldı. PKK-nın arxasında dayanan böyük güc hər zaman Avropa dövlətləri oldu, PKK-nı terrorçu təşkilat kimi tanıyan güc isə hər zaman Amerika oldu. Təbii ki, fərqli zamanlarda dövlətlərin fərdi maraqlarına görə müəyyən sapmalar olsa da, “istisnalar qaydanı pozmaz” – bu siyasət günümüzə qədər gəldi.
Ərdoğanın işi həm də ona görə çətin idi. Asan deyil. Bütün bu cərəyanların içindən sıyrılıb çıxmaq, hamıya qalib gəlmək və Türkiyəni dəyişdirmək! Hətta buna möcüzə də demək olardı – Ərdoğan bunu başardı. Bunun üçün Türkiyəni idarə edən qlobal güclərin niyyətini düzgün qiymətləndirmək, baş verənləri anlamaq lazım idi.Baş verənlər göstərir ki, Ərdoğan qlobal gücləri yaxşı tanıyır və onlarla danışmağın dilini bilir. Bu da yetməz, təbii ki. Qlobal gücləri tanımaq və onların dilində danışmaq mümkün ola bilər, amma bunun üçün arxanda qosqoca bir millətin güclü dəstəyi olmalıdır. Bunu qazanmaq isə işlərin ən çətinidir. Türkiyə kimi ictimai rəyi param-parça, müəyyən faizlərlə bölük-börçük olmuş kütləni bir araya gətirmək və onları birləşdirmək üçün o qədər inanılmalı və çalışmalısan ki, həqiqətən, gerçəkləşdirdiyin möcüzə olsun. Bax, 12 dekabr 1997-ci ildən başlayan bir başqaldırı bunun xəbərçisi idi və Ərdoğan buna nail oldu…
Millətini, Türkiyədə yaşayan hər kəsi yaxşı tanımalı, hər kəsimə xitab etməli, hər kəsimin səsini almalısan. Təkbaşına güc olmalısan. Arxanda millətin dəstəyi qeydsiz-şərtsiz olmalıdır. Ərdoğan Türkiyədə mümkün olmayan kimi görünən bu birliyə nail ola bildi. Türkiyə yarandığı tarixdən etibarən, heç bir zaman olmadığı qədər açıq döyüşə girdi və seçkilərdən seçkilərə güclənərək çıxdı.
Türkiyə kimi ölkələr hər zaman kənar qüvvələr tərəfindən müdaxilələrlə idarə olunur. Bu, yazılmamış qaydadır. Menderes və Turqut Özal kimi nümunələrdə də bunu görmüşük və o nümunələrdən yuxarıda bəhs etmişəm. Bir Ərbakan-Çillərhökuməti də vardı ki, 1998-ci ildə Ankaranın Sincan səmtində bir fevral səhərində tanklar küçəyə çıxarıldı və ardınca hökumət istefa verdi. Ordu nə deyibsə, hər zaman elə olub. Mərhum Dəmirəl 7 dəfə baş nazir, 8-ci dəfə prezident oldu.Hətta bir dəfə onu hakimiyyətdən istefaya göndərəndə, “müqavimət göstər” deyən həyat yoldaşına tərs-tərs baxıb, “nə edə bilərəm?” demişdi ümidsizcəsinə. Belə bir ölkədə və belə bir qaydalarla idarə olunan dövlətdə, təbii ki, ordunun gücü həddindən artıq çox idi və hakimiyyəti də pərdənin arxasından bu generallar – daha yayılmış deyimlə “Dərin Dövlət” idarə edirdi. Türkiyədə təkbaşına hakimiyyətə gəlmək üçün, xalqın səsinə sahib çıxmaq üçün ilk növbədə bu “Dərin Dövlət”i ortadan qaldırmaq lazım idi. Bütün zamanlarda bu, çox çətin idi. 2 min ildir var olunduğu söylənilən “Dərin Dövlət” əfsanəsinin Atatürklə davam edən növbəti mərhələsini yıxmaq isə namümkün kimi görünürdü. Rəcəb Tayyib Ərdoğan həm də generalların “Dərin Dövlət”ini yıxdı. Bax, bu, mümkünsüz deyilə biləcək qədər çətin idi.
Mən bilmirəm, Rəcəb Tayyib Ərdoğan özünün və Türkiyənin “Dərin Dövlət”ini quracaqmı, – açığı, bir fərd və demokrat olaraq bunu istəmirəm də, – quracaqsa nə şərtlərdə quracaq, amma bilinən odur ki, Türkiyə Cümhuriyyətinin tarixində ordu və generallar heç bir zaman öz qışlalarına bu qədər çəkilməmişdi. Həmin ordu ki, dövlət içində dövlət idi. Həmin ordu ki, müdavimləri ilk dərsə girəndə ilk cümləni “Sən bir lidersin” deyə öyrənirdi. Hər bir türk zabiti özünü ölkə prezidenti kimi yetişdirirdi… İndi daha o dönəm dəyişib. İndi heç bir zaman olmadığı qədər ordu həzin və sakitcə öz işi ilə məşğul olur.
Ərdoğanı güclü edən amillərdən biri xalqını, millətini tanımaq, onun əsas problemlərini və o problemlərin həll yolunu səbrlə göstərməkdən keçir. Keçdi…
Türkiyənin hicab yarası – Ərdoğanın hicab inqilabı
Yaxşı yadımdadır – Türkiyədə illərlə davam edən bir hicab məsələsi vardı. Qadınlar qapansınmı, qapanmasınmı? Qapalı qadınlar dövlət işlərində qapalı halda işləsinmi, işləməsinmi? Qapalı qızlar dərslərə necə qatılsın – baş örtüyünü çıxarsınmı, çıxarmasınmı? Mən o günlərin şəxsən şahidi olmuşam ki, universitetlərin qapılarında qapalı qızların baş örtüklərini soyundurub dərsə buraxıblar. Bunu etməyənlər isə, ümumiyyətlə, içəri buraxılmırdı. Zamanında Türkiyənin öndə gedənlərinin əksəriyyəti bu fikirdə idi ki, Türkiyə bu problemi aşa bilməyəcək, bir tərəfdə sərt və daşdan keçən qanunlar, bir tərəfdə ən sadə və adi insan hüquqları. Bunu əlllərində dəstəvuz edən maraq qrupları da başqa bir tərəfdən.
Mövzuya dəxli olan haşiyə:
1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilən Mərvə Kavakçı hadisəsi Türkiyədə, az qala, zamanında çevrilişə səbəb olmuşdu. Məsələ çox sadə idi. Mərvə Kavakçı TBMM-ə hicabla girmişdi. Bu, elə bir qovğaya səbəb olmuşdu ki, Demokratik Sol Partiyanın lideri Bülənt Əcəvit yerindən fırlamış və Mərvə Kavakçının TBMM-dən qovulmasına səbəb olan tarixi çıxışını etmişdi. Sonra məlum olmuşdu ki, Mərvə Kavakçı Amerika vətəndaşı imiş və millət vəkili ola bilməzmiş. Beləcə, Türkiyə aylar, hətta illərlə davam edən böhranlı müzakirələrin davam etməsinə şahid olmuşdu…
Bax, Rəcəb Tayyib Ərdoğan daha bir həll edilməz deyiləni həll etdi. Hələ bu nədir ki? Əhməd Necdət Sezər Cümhurbaşqanlığından gedəndə, Abdullah Gülə vəzifəni dövr etmədən getdi. Səbəbi çox sadəydi: Abdullah Gülün xanımı Xeyrənnisə xanım hicablı idi və Sezərin anlayışına görə, Türkiyənin Prezident Sarayının yerləşdiyi Çanqaya sarayına qapalı qadın girə bilməzdi. Sizə çox maraqlı gələcək, hətta bir ara Türkiyədə bu, belə müzakirə olundu ki, Prezident Sarayında – Çanqayada prezident qalsın, amma qadını yox. O zaman qala bilər ki, baş örtüsünü çıxarsın.
Türkiyədə və ümumən, İslam dünyasında baş örtüsü İslamın – Allahın əmridir.Yəni, qadın mütləq qapanmalıdır. Bu, dinin əmridir. Amma çağımızın gərəkləri dövlətlərin dünyəvi olmasına və qanunların dindən ayrı hakimiyyətinə qərar verib. Yəni, dünyəvi dövlətin qaydaları İslam dininin qaydaları ilə fərqli ola bilər və bu da normaldır. Amma Türkiyədə elə bir zaman yaşandı ki, hətta evində həyat yoldaşı qapalı olan adamın vəzifəyə təyinatı mümkünsüz oldu. Ərdoğan o dönəmin və zamanın ən dəhşətli problemini həll elədi. Nəinki başörtülü qadınların problemini çözə bildi, nəinki Abdullah Gülün xanımı Xeyrənnisə xanımın, öz xanımı Əminə xanımın, qızı Süməyyə xanımın Çanqayaya baş örtüsü ilə gedişini normal qaydasına sala bildi, hətta bütün Türkiyədə artıq belə bir problem yoxdur və Ərdoğan o problemi tarixə qovuşdura bildi.
Ərdoğanın bütün Türkiyəyə hakim olmasının səbəblərindən biri də “həll olunmaz” deyilən problemlərin, konkret olaraq, baş örtüsü məsələsinin həlli idi. Türkiyə dindar ölkədir və bütün zamanlarda dini kəsim ağırlıqlı kəsim olub. Onun problemini həll edən, onun arzularının tərcümanı olan, onun dilini bilən hər kəs həmin kəsimin başının tacı olub. Bir zaman Bədiüzzaman Səid Nursi elə oldu, bir zaman Adnan Menderes o dildən anladı, bir zaman dillər əzbəri indi terrorçu elan edilən Fətullah Gülən idi, amma sonunda gülən yenə Ərdoğan oldu. Çünki adını çəkdiyim və çəkə bilmədiyim insanlardan fərqli olaraq, Rəcəb Tayyib Ərdoğan dövlət qurmaq və dövlət dəyişmək missiyasını üstləndiyinə inanmışdı və o doğrultuda hərəkət edirdi.
Fərqli anlayış siyasəti – dostluğa sədaqət
Ərdoğanın siyasi həyatının keşməkeşli zamanlarında qurduğu komandanın verdiyi mesaj çox önəmlidir. Hər yerdə yalan-dolanın döndüyü, insanların bir-birini çox xırda məqam və sərvətlərə satdığı, dəyişdiyi dövrümüzdə Ərdoğan qurduğu dostluqlarla insanların etimadını qazandı. Onu bütün Türkiyənin tək hakimi edən əsas keyfiyyətlərdən biri bu idi. Hələ yasaqlı idi. Onun haqqında rəqibləri “köy muxtarı belə olamaz” deyirdilər. O isə başını aşağı salıb komandasını qurur, çalışırdı. Partiyasını qurdu, seçkilərə girdi və ölkənin birinci partiyası olaraq seçkini qazandı. Son illərin tarixində, sanki, zəlzələ olmuşdu. Türkiyə koalisiyalar dönəmini arxada qoymuşdu. Amma nə qəribədir ki, Rəcəb Tayyib Ərdoğan millət vəkili seçilə bilməmişdi. Yəni, qanun qadağan edirdi onun seçkilərdə iştirakını. O zaman Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi – AKP) qərarlaşdırdı, daha doğrusu, Ərdoğan qərar verdi ki, Abdullah Gül baş nazir olsun, lazımi qanunları qəbul etsin, lazım olan qanunları dəyişdirsin və Ərdoğanın yolunu açsın. Bu edildi. Çətin oldu, amma “demokrasilərdə çarə tükənməz” demişdi rəhmətlik Süleyman Dəmirəl. Qanunları dəyişdirdilər, lazım olan bütün dəyişikliklər edildi və Rəcəb Tayyib Ərdoğan şeir söyləyib həbsə girdiyi yerdən – Əminə xanımın məmləkəti olan Siirtdən də parlamentə girdi. Abdullah Gül baş nazirliyi ona təhvil verdi. Sonra eyni qaydada prezidentlik uğrunda mübarizə başladı. Və Ərdoğan onu da bacardı. İlk olaraq Abdullah Gülün prezidentliyə namizədliyini irəli sürdü – o zaman Ərdoğanın prezident olacağını söyləmək, ya da bu iddiada olduğunu dilə gətirmək, az qala, çevriliş səbəbiydi. Abdullah Gül prezident oldu. Və… zamanında öz yerini Rəcəb Tayyib Ərdoğana verdi.
Nəyə gətirmək istəyirəm sözümü? Burada dostluq anlayışının, Ərdoğanın dostluğa baxışının dərin qatları adamı heyrətə gətirir. İnsanlar ideyalar, prinsiplər və dəyərlər uğrunda birləşəndə, bu cür olur. O zaman fırıldaq, yalan, riyaya yer qalmır. Düşüncələrimizə belə gətirə bilmərik yaşadığımız sistemdə bu cür şeylər olduğunu, olacağını. SSRİ vəhşiləşmiş və bir-birinin qanını içməyə hazır olan insan sürüsü miras qoydu bizə. İndi arxanı çevirib 100 addım atmaq mümkün deyil. Amma qosqoca Türkiyəni iki dost insan, millətinin və dövlətinin naminə, idarə etdi. Bir-birinin yolunu açdı, bir-birini ideallara aparan islahatlar etdilər və hər ikisi də Türkiyənin baş naziri, sonra da prezidenti oldular. Bu, bir millət üçün veriləcək ən böyük güvən və etimad hissi demək idi. Dünya malına, vəzifə kreslosuna, hakimiyyətin aldadıcı şöhrətinə təslim olsaydılar, millət də onlara inanmayacaq, param-parça olacaqdılar. Abdullah Gülə elə təkliflər olmadımı? Onu Ərdoğana qarşı qoymadılarmı? Cəhd etmədilərmi? Onun ayrılıb ayrıca hakimiyyət uğrunda mübarizə aparmasını ona təklif etmədilərmi – etdilər, təbii ki. Amma onların sahib olduqları mübarizə anlayışı buna qalib gəldi. Mən inanıram ki, tək bircə ciddi adam Ərdoğandan olaylı şəkildə ayrılsaydı, bəlkə də, bu boyda nəticə əldə olunmayacaqdı. Və Ərdoğanın ard-arda gələn qələbələrinin bir səbəbi də onun komandasının davranışlarıdır, məncə. Onlar bir-birilərinə inandılar, bir-birilərinə hörmət etdilər, bir-birilərinin yolunu gözlədilər ki, millət də onlara inandı, hörmət qoydu və ard-arda təkbaşına iqtidar etdi.Türkiyənin tarixində olmazlar gerçəkləşdi, Türkiyə tanınmaz halda dəyişdi. Bütün hallarda Türkiyəni idarə etməyin bir sirri də bu olsa, gərək. Böyük Atatürkün bir sözü burada tam yerinə düşür: “Sən millətə xidmət et, o səni özünə əfəndi edəcək.”
Sarsılmaz xitabət qüdrəti
Ərdoğan qoçaq və çalışqan adamdır həm də. Onun insanları özünün təsir dairəsinə salan qüdrətli xitabət qabiliyyəti var. Bu, hər bir siyasətçiyə lazımdır, təbii ki. Totalitar və diktatorial rejimlərdən və onlara malik olan liderlərdən fərqli olaraq, xitabət demokratiyanın vazkeçilməz ünsürlərindən biridir həm də.Türkiyənin böyük Atatürkdən bu tərəfə bütün liderlərində bu keyfiyyət olub.Dəmirəli 7 dəfə hakimiyyətdən uzaqlaşdırıblar, ona azadlıq verən kimi, meydanlarda insanları başına cəm edib, yenidən hakimiyyətə gəlib. Xitabətinin gücünə görə.Xitabət sənəti çox önəmlidir və Ərdoğan bu sənətin ən uğurlu məzunlarından biridir.
Təhsili – İmam Xətib təhsillidir. Hətta bu məktəblərdə oxuyanlara belə, zaman-zaman Türkiyədə ciddi qadağalar olub. Hətta onun oxuduğu məktəblərdən məzun olanları zaman-zaman gözümçıxdıya salıb, dövlət məmuru olmalarına əngəl olublar. Amma xitabət qabiliyyəti insanda həm də bir Allah vergisi kimidir. Demokratik rejimlərdə kim yaxşı oxuyubsa, o hakim olmur, kim yaxşı danışırsa, kim özünü və ideyalarını kütlələrin beyninə möhtəşəm bir şəkildə çaxa bilirsə, o hakim olur. Bu baxımdan, Türkiyə şanslı ölkədir. Bizim əzbərçilərdən fərqli olaraq, Türkiyəni idarə edənlərin və müxalifətdə olanların hamısı bu və ya digər formada xətib – gözəl natiqdirlər. Xətib olmadan Türkiyədə nəinki partiya sədri, hətta siyasətçi belə olmaq mümkün deyil. Ola bilməz. Bu gün CHP sədri Kamal Kılıçdaroğlu da, MHP sədri Dövlət Baxçalı da güclü xətibdirlər. Rəhmətlik Süleyman Dəmirəlin üstünə xətib yox idi, mərhum Alparslan Türkeş, Bülənt Əcəvit, Nəcməddin Ərbakan da kütlələrin sevimli liderlərindən idilər. Amma heç biri günümüzün Ərdoğanı deyil. Ərdoğan bütün Türkiyəni sehrləyib sanki və bu, süni deyil. Hansısa görüşə gedəndə, ya da müşavirə keçirəndə xüsusi hazırlaşmaqla 80 milyonluq ölkəni idarə etmək, bütün dünyanın qlobal güclərinə qafa tutmaq olmur – olmaz, ola bilməz, əfəndim!
Xitabət ya olur, ya da olmur. Olanda da, savadla, məlumatla, birikimlə, təcrübə ilə dolmalıdır. Bunun hamısı cəm olanda və xitabət də möhtəşəm olanda, adam olur Ərdoğan və lider. Və kütlələri arxasınca sürükləməyə başlayır.
Türkiyədə ard-arda təkbaşına hakimiyyətə gəlmək Ərdoğanın şansına düşüb – Adnan Menderesdən sonra. Adətən, demokratik sistemlərdə partiyalar bir-birini əvəz etməlidir və zaman keçdikcə, hakimiyyətdə olan partiya yıpranır, yorulur, səhvlər buraxır və yerini yeni qüvvəyə verir. Yeni qüvvə də onun kimi. Bununla da partiyalar zamanla bir-birini əvəzləyir və demokratik idarəetmənin qaydalarına əsasən, seçimlər keçirilir. Bu sistemin ən mükəmməl forması Amerikada işləyir və bəşəriyyət prezident üsul-idarəsinin Amerikadakı forması qədər mükəmməl işləyən prezidentlik üsul-idarəsi tanımır.
Amma Türkiyədə son illər yalnız Ərdoğan və onun partiyası qalib olur. Bunun müəyyən narahatçılıqları olmamış deyil, ancaq səbəbləri də var. Sadəcə Türkiyə müxalifətinin bəxtinə bu qədər qüdrətli bir rəqib düşüb – o qədər. Niyə Ərdoğanın qayğılanan kimi diktator ola bilməyəcəyi haqqında isə irəlidəki bölümlərdə danışacağam…
Xitabətə çalışqanlıq, davamlı işləmək, komandasını “yeni qanla” tez-tez dəyişmək də əlavə olunanca, qarşımıza gördüyümüz Türkiyə mənzərəsi çıxır. Adam 63 yaşındadır. Min cavana dəyər. Türkiyəni belədən-beləyə gəzməkdən yorulmur. Bütün sahələrdə islahatlar aparır. Bir gündə 5 mitinq keçirir. 100-lərlə kilometr yol qət edir. Toplantılarda, konfranslarda danışır. Şəhid atasına zəng edib başsağlığı verir, Vətən uğrunda ömrünü qurban verən gənclərin cənazələrinin altına çiyin dayayır. Başarılı bir şagirdi ziyarət edir. İdmançı ilə, sənətçi ilə maraqlanır. Yolla getdiyi halda, Boğaz körpüsünün üstündə intihar etməyə hazırlaşan bir gənci görüb prezident qafiləsini saxladır və intihar etməkdə olan gənci həyata bağlayır. Səfər zamanı acanda, ya da könlünə bir çay içmək düşəndə, rastgələ rahatca bir evə dönə, rahatlıqla bir qapını aça bilir. İçəri girib “bacı, nəyin var, yaman acıxmışam” deyə, evin sahibinə – çobana zəng edib gəlib-gəlməyəcəyini soruşa bilir… Bu nümunələrin sayı bir deyil, iki deyil, üç deyil – minlərlədir… Bəli, bəli, minlərlə adamla birəbir görüşür, dərdini dinləyir, göz yaşlarını tuta bilmir, insanların durumunu anlamağa çalışır.
Bütün bunları, bilirsinizmi, kim edir?! Türkiyənin tək adamı – Rəcəb Tayyib Ərdoğan! O, həm də möhtəşəm bir piarmendir. Heç kim onun piarını onun özü kimi apara bilməz. Heç kim onun sahib olduğu düşüncələri onun özü kimi anlada bilməz. Xitabəti onun ən güclü silahıdır. Təkrarı yoxdur, çıxışları yorucu deyil. Adam saatlarla ona qulaq asar, yorulmaz. Əksinə, öyrənər – qısası, sadə xalqın yanında olan adamdır Ərdoğan…
Yazıya dəxli olan həzin bir xatirə:
Türkiyənin “Dərin Dövlət”inin ixtiyarlarından bir adam vardı. 1960-cı il hərbi çevrilişinin memarlarından biri – Müzəffər Özdağ. Əzəmətli adam idi Özdağ. Alparslan Türkeşin sağ əli olmuşdu 1960 hərbi çevrilişində. Sonra Türkeşi Hindistana, Özdağı isə Yaponiyaya sürgünə göndərmişdilər – sürgün kimi bir işə, yəni. Müzəffər Özdağ Azərbaycan cəmiyyətinin yaxından tanıdığı Türkiyə siyasətçilərindən, hazırda millət vəkili olan Ümid Özdağın atasıdır. Mərhumla çox yaxın münasibətlərimiz vardı. Məni sevərdi, mən də ondan daha çox öyrənmək üçün tez-tez yanına gedərdim. Mən Müzəffər Özdağda cavab almadığım sual görmədim. Və elə cavablar verirdi ki, o cavabların əsasında günlərlə kitabxanalardan çıxmırdım. Müzəffər Özdağdan çox şey öyrəndim və yadımdadır, bir dəfə ya