Yenixeber.org: Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçüncü görüş keçirildi. Xatırladaq ki, liderlər bundan əvvəl ötən ilin dekabrın 15-də və bu ilin aprelin 6-da eyni məkanda bir araya gəliblər. Hər iki görüş pozitiv notlarla zəngin bəyanatlarla yekunlaşıb. Amma prosesi irəli aparmaq mümkün olmayıb, Azərbaycan öz tərəfindən razılaşdırılan məsələlərlə (sərhədlərin delimitasiyası ilə bağlı komissiyaya üzvlərin təyin edilməsi, kommunikasiyaların açılması üçün öz tərəfindən infrastrukturun inşa edilməsi və Naxçıvanla quru əlaqələrin bərpa olunması üçün İranla memorandum imzalanması) bağlı addımlar atılsa da Ermənistan rəhbərliyi əvvəlki mövqeyinə geri çəkilib. Rusiya paytaxtına səfərlər, Qarabağ separatçılarının dövriyyəyə girməsi və müxalifətin etiraz aksiyaları prosesi tormozlayıb.
Bundan sonra necə olacaq, Şarl Mişelin bəyanatında əvvəlki mövqedən fərqli məqamlar varmı? Habelə Ermənistan rəhbərliyi əvvəlki manevrlərini təkrarlamaqla konkret addımları yubada bilərmi?
Əvvəlcə Avropa İttifaqı Şurası prezidentinin görüşdən sonra verdiyi bəyanata diqqət edək:
– Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası iki dövlətin sərhədində yaxın günlərdə baş tutacaq.
– Liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
– Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Mişel bəyanatına belə bir əlavə də edib: “Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”.
Politoloq Fərhad Məmmədov bildirib ki, Şarl Mişelin bəyanatını iki hissəyə bölmək olar: “Böyük hissədə sülh sazişi, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması yer alıb. Kiçik hissədə Mişelin liderlərə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizlik məsələləri ilə bağlı fikirləri yer alıb. Əlbəttə, burada onun seçdiyi ifadələrə diqqət etmək lazımdır. Birincisi, Mişel “Dağlıq Qarabağ” yox, “Qarabağ” ifadəsi işlətdi. İkincisi, “xalq” yox, “Qarabağın erməni əhalisi” dedi. Bu, olduqca vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Prinsipcə, adı açıqlanmayan avropalı diplomat aprelin əvvəlində keçirilən ikinci görüşdən sonra “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində bu barədə danışmışdı”.
Ekspert əlavə edir ki, “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” həm də Rusiya sülhməramlılarının və ya Bakının hazırladığı, lakin açıqlanmayan reinteqrasiya mexanizmləri ilə bağlıdır. “Görünür, bütün bunlar – Ermənistandan ərazi iddialarından imtina etməsi və Laçın dəhlizinə nəzarət məsələsi sülh müqaviləsi imzalandıqdan sonra aktuallaşacaq”, – politoloq vurğulayıb.
F.Məmmədovun sözlərinə görə, ola bilsin, “status” məsələsi Qarabağıda qanunun və təhlükəsizliyin təmin edilməsi mexanizmi kimi irəli sürüləcək: “Burada bir daha xatırladaq ki, bəyanatda qeyd olunur ki, bu, Mişelin çağırışıdır, razılaşma deyil”.
Politoloq deyir ki, vacib məsələlərdən biri də sərhədlərlə bağlı komissiyanın iclasının hansısa üçüncü ölkədə deyil, Azərbaycan-Ermənistan sərhədində keçirilməsi barədə razılaşmadır. Onun sözlərinə görə, Avropa İttifaqı bu prosesi canlandırmaq missiyasını öz üzərinə götürdü. “İndi Rusiyanın təpkisi necə olacaq, Rusiyapərəst qüvvələr Ermənistanda keçirdiyi etirazların yeni mərhələsində daha radikal, daha kəskin qarşıdurmaya gedəcəklər, yoxsa yox, bunu artıq yaxın günlərdə görəcəyik”, – o qeyd edib.
F.Məmmədov qeyd etdi ki, sülh müqaviləsi ilə bağlı danışıqların tarixi kimi yaxın həftələr göstərilib. Ekspert vurğulayır ki, əsas proseslərin mayın sonu və iyun ayına təsadüf edəcəyini görəcəyik. “Bu dövrdə məlum olacaq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, yoxsa prosesi yenə uzadacaq”, – politoloq bildirib.
Ekspertin sözlərinə görə, beş saat davam edən müzakirələr göstərir ki, məsələlər və onların icrası ardıcıllığı çox geniş müzakirə olunub. Görüşün nəticələrinin şərhindən çox şey asılı olacaq: “Trend dinc gündəmdədir, lakin müxtəlif mövzularda qərarlar qəbul olunmasa, proses istənilən vaxt pozula bilər. Hələ ki, sülh gündəmini pozan daha çox işarə var”.(pressklub)