Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kompensasiya qanunu -sevgi və qadın qisası

 

Dünya yaranandan xoşbəxt və bədbəxt adamlar olub və həmişə olacaq. Xeyir və şər həmişə mövcud olub və olacaq. Məhəbbət və nifrət həmişə olub və olacaq.

Yenixeber.org: Həyatın keşməkeşli yollarında addımlayarkən birimiz hüzur və xoşbəxtliyə, birimiz isə puç olmuş arzulara qovuşuruq. Əlbəttə, heç kim genlərini, saç rəngini, xarici görünüşünü, bədənini və ya xəstəliyə meyliliyini özü seçmir. Biz yaradanın bizə verdiyi şeylərə sahibik və yaradan hədiyyələrini ləyaqətə və ədalətə görə paylamır. Paylamanın niyə belə olduğunu da kimsə bilməz. Quzu ceyranı çaqqala yem yaradan bunun səbəbini bilir, bizim bunu bilməyimiz o qədər də vacib deyil. Bu işlərdə nə hikmət varsa biz onu anlaya bilmirik. Biz ailəmizdən nə aldığımızı da seçmirik, seçə bilmirik. Bunu da  səbəblər səbəbi bilir. Dərindən düşünəndə həyatda ədalətin olmadığı qənaətinə gəlirik. Çox vaxt şər xeyirin gözünü çıxarandan sonra ədalət qalib gəlir. Bəs insan nə etsin ki, paylamanın qanununu öyrənsin, özünə günəşin altında bir rahat yer tapsın. Həyat prayektoriyasının sxemini öyrənmək olurmu, həyat yolumuzda xoşbəxt uçuş yolu yoxdurmu? Uçuş prayektoriyasını dəyişə bilərikmi? Və bacaraq, nə qədər, haraya qədər?

 

Məşhur psixoloq Deniel Kaneman “Yavaş düşün... Sürətli qərar ver” kitabında insanların iki düşüncə tərzinə sahib olduğunu iddia edir: "Sistem #1" sürətli, instinktiv, avtomatik. "Sistem #2" daha yavaş, məsləhətli, emosional, gözləyə bilən. Daha doğrusu emosional cəhətdən daha "inkişaf etmiş". Yetkin olduğumuz zaman artıq #1 sistemindəki reaksiyalarımız böyük ölçüdə yerində oturmuş olur. Bəs sistem #2 nədir? Xoşbəxtlikdən  onu idarə etməyi öyrənmək mümkündür. Bu sistemi 1 saylı sistemin cavablarını formalaşdırmaq, yönləndirmək və ya hətta dəyişdirmək üçün istifadə edə bilərik. Başqa sözlə, özümüzü dəyişdirə bilərik. Hər kəs bu mübarizə forması ilə az, çox tanışdır. Doğrudan da, #1 və #2 sistemləri arasındakı mübarizə ümumiyyətlə bir insanın həyatındakı ən vacib döyüşdür. Məntiqi olaraq, hamımız aktiv həyat tərzi keçirməyin lazım olduğunu, daim hərəkət etməli olduğumuzu, az yemək yeməli olduğumuzu, əsəbi olmamağı, səxavətli olmağı, vaxtımızı boşuna sərf etməməyimizin vacib olduğunu başa düşürük. Sistem #2 bu hərəkətləri doğru hesab edir: məntiqlidir, amma bunlara əməl etmək çətindir. Kitab dilindən sadə dilə keçək, fikrimiz konkret olsun.

 

Hamı bilir ki, bir melodiya çalmağ üçün musiqi alətini kökləməlisən. Başqa bir hava çalmaq üçün aləti həmin musiqiyə uyğun yenidən kökləməlisən. İnsan düşüncəsi də belədir. Mənfi emosiyalardan xilas olmaq üçün yenidən öz daxili dünyanda dəyişiklik etməlisən. Biz arzularımızı kainata sifariş veririk. Bu sifarişin yerinə yetirilməsi üçün kainata  öz imkanlarımızla kömək etməliyik. Bu imkanlar sırasında ən vacibi insanın özü barəsində olan düşüncələridir. Dediklərimə   şübhə  ilə  yanaşsanız mənim fikirlərimi və  öz  həyatınızda  olan  hadisələri təcrübədən  keçirin. Müqayisə edin. Yox  de­məyə  və  qəti  etiraz qərarı  çıxarmağa  tələsməyin.

Mənim  bir  qonşum  vardı. Bir  az  çətinliyə  düşən  kimi  deyirdi: evimi  satacağam,  başqa  heç  bir  çıxış  yolu  görmürəm. İnanın  ki, həyat  qonşumun  proqramlaşdırdığı  hadisəni  reallaşdırmaqda  ona  kömək  etdi,  nəhayət  çox  da  əhəmiyyəti  olmayan  bir  məbləğə  görə evini  satdı   və  sakitləşdi. İnsan  həyatında  düşüncənin nə  demək  olduğunu, düşüncənin həyatda ən əsas məsələ olduğunu bilsək də,  düşüncənin insan beyninə təsir mexanizmini  tam aydınlığı  ilə  kimsə  izah  edə  bilməyib. İnsanın həyatını xilas edə və dəyişdirə bilən ən qüdrətli fenomen düsüncə tərzi, özünə inamdır. Allah hər bəndəsinə bu böyük xoşbəxtlyi versəydi dünyada dərdi olan insan qalmazdı. İnsanın daxili dünyasında inam adlı arxası olsa onu kimsə məğlub edə bilməz. Məhz buna görə deyirlər ki, allah birini xoşbəxt etmək istəyirsə ona bəndə neyləyə bilər? Xəstələrə şəfa, zəiflərə qüvvə verən güc inamdır.

 

Artıq söz verdiyimiz kimi, əsas məsələyə qayıdaq. Sevgi və qadın qisası. Kompensasiya qanunu. Burada haqqında danışacağımız sevgi bir az fərqlidir. Bu sevgi insanın özünə olan sevgisidir, bu sevgi olmasa, o zaman insan öz dəyərini yüksək tutmur. Belə hallarda ətrafımızdakılara, yaxınlarımıza da sevgi qıtlığı yaşadırıq. İnsan ağıllı olduqda, özünə tənqidi yanaşmağı bacarır. Biz kişilərlə qadınların düşüncə tərzində, fizioloji proseslərində olan fərqləri qeyd etmişdik. Qadınlar ailə həyatını, həyat yoldaşının nöqsanlarını qohumlar arasında, rəfiqələri ilə və ən dəhşətlisi qonşuları  müzakirə edir: “Mənim ərimin xasiyyəti çox ağırdır, ərim qısqancdır, xəsisdir, mənim ata-anama hörmətsizlik edir” və s. Bu qadının ən bağışlanılmaz səhvidir. Ailə bir dövlətdir deyərkən biz onun sirrlərini və sərhədlərini qorumalıyıq. Ailənin sirrini anaya belə danışmaq olmaz.

 

Hər birimizin nəqliyyatda, bazar-dükanda rast gəldiyimiz və məni narahat edən bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Cavan və orta yaşlı qadınların saçlarına fikir verin: əksəriyyətinin saçlarının dibindən ağ rəng çıxıb və saçın bir hissəsi ağ, digər hissəsi rənglidir, bunun nə qədər xoşa gəlməz bir hal olduğunu isə müzakirə etməyə ehtiyac yoxdur. Son illərdə qadınların yaşı barədə də fikirlər çox dəyişib. Bu alqışa layiqdir. “Artıq mənim 50 yaşım var, dəblə geyinmək nəyimə lazımdır“ deməklə öz xarici görünüşünüzə ağır zərbə vurmayın, əksinə indi 50 yaşlı qadınlar kosmetik vasitələrdən düzgün istifadə etməklə və yaxşı dincəlməkə öz xarici görünüşünü çox gözəl qoruya bilirlər. Əgər siz özünüzü sevib qiymətinizi bilməsəniz əmin ola bilərsiniz, nə ailədə nə işdə sizə kimsə istədiyiniz qiyməti verməyəcək. Çox işləyiən  qadınlar özünə daha çox maddi və mənəvi dayaq olmalıdırlar. Mən tanışlarımdan birinə üzündəki qırışları götürmək üçün 50 dollara satılan bir kremdən istifadə etməyi məsləhət görəndə o qadın belə cavab verdi: ”nə danışırsan mən 50 dollara krem alıb üzümə çəkə bilmərəm, əlim gəlməz”. Onu da deyim ki, bu yaxşı maddi imkanı olan bir qadındır və ancaq xəsisdir vəssalam. İmkanı olub özünə qıymayan bir adam xəsisdir və bu xəsislik insanın psixologiyasını pozur. Qadının gözəl olmağa çalışması onun öz əhval-ruhiyyəsinin yaxşı olması üçün çox vacibdir, müasir dövrdə bunun üçün o qədər çox imkan var ki, 15-20 il əvvəl bu imkanları ancaq təsəvvür etmək olardı.

 

Qadınlar qisas alarkən ehtiyatlı və amansız olurlar. Bir qadın tanıyırdım. Ailə vəziyyəti çox yaxşı idi, çox bacarıqlı, işgüzar və savadlı bir qadın idi. Musiqi alətləri satışı ilə məşğul olan firmalardan birində menecer işləyirdi. Kompyuter proqramlarını və ingilis dilini  (qadın əvvəllər ingilis dili müəllimi işləmişdi) çox mükəmməl bildiyi üçün firma onu tez-tez xarici səfərlərə göndərirdi. Sevib ailə qurmuşdu, əri ilə bir sinifdə oxumuşdular, iki qızları vardı. Əri zavodlardan birində sex rəisi işləyirmiş, zavod bağlanandan sonra işsiz qaldığından qadın (adı şərti olaraq Gülbahar olsun) ərini də öz işlədiyi firmada işə düzəltmişdi. Yaxşı evləri, gözəl maşınları vardı, uşaqları tərbiyəli idi, yaxşı oxuyurdular.

Gülbaharın qazancı ərindən dəfələrlə çox idi, ailəni demək olar ki, tək idarə edirdi. Əri maddi vəziyyətinin arvadı ilə bağlı olduğunu hərdən unudur, maşınla (maşını Gülbahar almışdı) istirahət günləri dostları ilə istədiyi yerə gedir, bəzən bir neçə gün qalırdı. İşlədikləri firmada gözəl və gənc qızlar çox idi, əri xoşuna gələn qızlara isti münasibət göstərməkdən də çəkinmirdi. Müasir dövrdə bu cür gözəl qızların istənilən adamı özünə cəlb etməkdə heç bir çətinliyi ( və ya kompleksi) yoxdur. Gülbaharın əri arvadının səfərdə olduğu və ailə üçün yaxşı güzəran qurmağa çalışdığı zaman bu qızlardan biri ilə sevgi münasibətləri qurmuşdu və özünü unudaraq bunu açıq göstərməkdən belə çəkinmirdi. İş yoldaşlarından bir qadın Gülbahara ərinin sevgi macəraları barədə gizlincə xəbər vermiş, gecə-gündüz işləməkdənsə ərinə bir qədər nəzarət etməsini məsləhət görmüşdü. Əri Gülbaharın əziyyətlərinə qiymət vermək, ailə üçün çalışmaq əvəzinə, böyük qızları olduğunu nəzərə almadan Gülbahar evdə olmayanda gecələr evə də gəlmir, vaxtını qızlarına deyil, sevgilisinə həsr edirdi. Gülbahar ərinin bu hərəkətlərindən çox təhqir olunaraq, ona lazımi dərs vermək qərarına gəlir. Firmanın müdiri Gülbaharın xətrinə onun ərini işdə saxlayırdı və bir gün Gülbahar müdirdən ərinin işdən çıxarılmasını, bunun müdirin öz qərarı olduğunu bildirməsini xahiş edəndə hətta sevinir. Gülbaharın əri işdən azad olunandan sonra sevgilisi ilə görüşməkdə çətinlik çəkdiyindən evdə qanqaraçılıq salmağa başladı. Gülbahar maşını satarkən  ərinə xəbər belə vermədi, boşanmaq istədiyini vəkili ilə xəbər göndərdi, evin açarlarını dəyişdi və müvəqqəti olaraq başqa bir evə köçdü. Əri belə bir dönüş gözləmədiyindən iş yerinə gəlib ona yalvarmağa başladı. Amma qisas alınmışdı, artıq gec idi. Məlum məsələdir ki, pul kəsiləndən sonra sevgi də kəsildi. 

 

Qadın qisası  amansız olur, burda heç bir güzəştə yol verilmir. Mənliyi tapdanmış qadınlar bağışlamağı bacarmır. Kişilərdən fərqli olaraq aldadılmış qadınların əksəriyyəti artıq çox ehtiyatlı olur. Qarşılarına çıxan kişilərə az inanırlar. Belə qadınlar çox zaman ciddi münasibətlərə girməkdən çəkinir, ikinci dəfə aldanmamağa çalışırlar. Ömürləri boyu tək qalsalar belə, bir daha təhlükə hiss etdikləri kişilərə yaxın getmirlər. Ömürləri boyu, hətta yaşlı olduqda belə qadınlar daim sevgi və qayğı axtarır, tam etibar edə biləcəyi bir kişi axtarışında olan qadınlar belə bir kişinin əslində həyatda mövcud olmadığını bilmirlər. Hər bir insanın mütləq çatmayan cəhətləri var, bunu unutmaq olmaz. Qadınlara elə gəlir ki, hamının həyat yoldaşı onun həyat yoldaşından qayğıkeşdir. Yaxşı pul qazanır, heç bir ailə problemi yoxdur. Amma əslində problemi olmayan ailə demək olar ki, yoxdur.

 

Qadınlar kişilərin səhvini bağışlayır. Bəs kişilər necə, qadınların səhvini bağışlayırmı? Mənim universitetdə bir yerdə oxuduğum qızlardan biri ailəsinin dağılma səbəbini belə izah edir: Onun bir yerdə işlədiyi qadınla görüşdüyünü bilirdim. Lakin heç cür boynuna almır, hətta bayram günlərində və uşaqların ad günündə belə evə çox gec gəlirdi. Nəhayət, mən də özümə bir kişi tapacağımı deyib onu qısqandırmaq istədim. Əvvəlcə o mənim sözlərimə əhəmiyyət vermədi. Onun evə gələcəyi vaxt ayaqqabılarımı gətirib qapının qabağına qoyurdum ki, guya mən də evə indicə gəlmişəm. Rəfiqəmdən xahiş etdim ki, mənim ev telefonuma zəng etsin, ərim telefonu götürəndə sussun və dəstəyi yerinə qoysun. Bir neçə dəfə belə etdim və mənasını hələ də anlaya bilmədiyim bir hadisə baş verdi. Həyat yoldaşım anamı, atamı çağırdı ki, qızınız kiminləsə görüşür. Mən bunu onu qısqandırmaq üçün etdiyimi nə qədər israrla təkrar etsəm də heç bir nəticəsi olmadı. O boşanmağa ərizə verdi, nə qədər başa salmağa çalışdım ki, acıqla belə etmişəm, heç məni dinləmək belə istəmədi, beləliklə çox az bir müddətdə ailəmiz dağıldı. Bax belə... Bəzən ağlımıza gəlməyən başımıza gəlir. Qadınlar bəzən öz ağlından yerində istifadə edə bilmir və bunun nəticəsi acı olur. 

 

Kişilər çox vaxt bir qadına maraq göstərir, bəzən də elə-belə maraq ucbatından da sevmədiyi qadınla ciddi əlaqələr qura bilir. Bəzən bu maraq yoldaşları ilə mübahisə üzündən və ya başqa səbəbdən irəli gəlir. Mübahisə edərək qadını ələ ala bilir, bu mübahisə çox vaxt müsbət nəticə versə də, sonda kişilərə yaxşı heç nə vermir. Bu cür hallarda kişilər hətta bu qadınla evlənə bilir, amma bu evlilikdə kişilər uduzur, bu zaman arada sevgi olmur. Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt udan tərəf qadınlar olur. Bu cür ailədə qadın kişini sevsə də kişilərdə sevgi hissi itir. Ruhdan düşmüş kişi qadına tabe olub öz istəklərini alt şüurda gizli saxlamağa başlayır.

Qadınlar çox nadir hallarda mübahisə üzündən kişilərlə münasibət yaradır,  bu mübahisə nəticəsində nadir hallarda ailə qururlar. Bu isə onlarda olan intuisiya qabiliyyətinin daha güclü olmasından irəli gəlir.

 

Kişilər qisas alarkən gözləyə bilmir, bunu tez zamanda bir dəfəyə həyata keçirirlər. Qisas alarkən həm maddi, həm də mənəvi  tərəfdən zərbə vurmağa çalışırlar. Maddi tərəfdən bütün yardımları kəsərək, tezliklə özlərinə daha gənc və gözəl qadın seçirlər, son nəticədə bu qadının kimliyinə, daxili dünyasına fikir vermirlər, onlar üçün əsas işin görünən tərəfidir. Məğlub olduqda özlərini itirir, uzun zaman çıxış yolu tapa bilmirlər.  

Gəldik kompensasiya qanununa. Əslində kompensasiya qanunu dərindir, insanın qazandıqları və itirdiklərinin tarazlaşması prosesidir, bu qanun barədə gələcəkdə ətraflı qeyd edərik. Nəzərinizə çatdırım ki, bir zamanlar çox şeyləri bilmirdim, bilmədiyim əsas məsələlərdən biri də universal kompensasiya qanunu idi. Bizim xalq folklorunda bu qanunu “bir yandan qapını bağlayan fələk bir yandan açar” atalar sözü ifadə edir. Həyat yoldaşından bəxti gətirməyənlərin övlad sarıdan bəxti gətirir, kasıb yaşayan, güclə çörək pulu qazananların çox vaxt sağlamlıq problemi olmur, ümumiyyətlə bir tərəfdən yox olan o biri tərəfdən var olur. Əzab-əziyyətlə yaşayan adamlar ömrünün yaşlı vaxtını yaxşı yaşayır, əvvəli xoşbəxt, qəm-kədərdən uzaq olanları həyat ömrünün yaşlı vaxtında sınağa çəkir. Buna görə həmişə dua edəndə deyirlər ”axırın xeyir olsun”. İtirdiklərimizin əvəzində bizə təsəlli ola biləcək nə isə verilir. Bu belədir. Bunun belə olduğuna şübhəniz olmasın. Unutmayın, mənəvi qanunlar fiziki qanunlar qədər təbiidir, bu qanunlar heç kəsin əmrinə əsasən idarə olunmur.

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam