Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... -ŞƏRH

Yeni dövr yetişib və artıq qaçılmaz olaraq yeni siyasət yürüdülməlidir
Yenixeber.org: Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və Azərbaycan artıq öz xarici siyasətinin üfüqlərini genişləndirməyə başlayır. Bunu jurnalistlərə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ölkəmizin fərqli geosiyasi kimliyi var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar prezidentin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır.
“Bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir”, – Hikmət Hacıyev bildirib.
Sual yaranır: Azərbaycanın bu unikal geosiyasi kimlik ölkə üçün nə dərəcədə vacib və sərfəlidir? Və bu kimlik özü ilə fayda ilə yanaşı, müəyyən çağırışlar və təhlükələr də gətirmirmi?
Pressklub.az-ın suallarını cavablandıran müstəqil politoloq Xəqani Cəfərlinin fikrincə, İkinci Qarabağ müharibəsinin Azərbaycan üçün tarixi nəticəsi bir mərhələnin başa çatması və yenisinin başlanmasıdır.

“Yeni mərhələnin öz xüsusi tələbləri var. Aydındır ki, yeni dövr dövlətin həm daxili, həm də xarici siyasətinin yenilənməsi zərurətini yaradıb. Azərbaycan dövləti istəsə belə, İkinci Qarabağ müharibəsindən əvvəlki kimi davrana bilməz. Əksinə, xarici siyasət konsepsiyasının yenilənməsi artıq əlavə seçim deyil, zərurət və məcburiyyətdir. Başqa yol yoxdur.
Hər bir dəyişiklik kimi, xarici siyasətdə yeni konsepsiyaya keçid həm imkanlar, həm də risklər yaradır. Uğurla tətbiq olunarsa, imkanlar açır, yanlış qiymətləndirildikdə isə risklərə çevrilir. İndiyədək həyata keçirilən siyasətə baxdıqda görmək olar ki, Prezident bu prosesi imkanlara çevirməyi bacarıb. Eyni templə davam edərsə, təhlükə və problemlər yaranmayacaq”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlərdə, xarici siyasətdə və aparıcı dövlətlərin maraqlarında radikal dəyişikliklər baş verir. “Bəzən bütün bunları doğru qiymətləndirmək çətin olur. Lakin təhlükə və problemlərin qarşısını almağın başqa yolu yoxdur – yalnız beynəlxalq münasibətlərdə və aparıcı dövlətlərin xarici siyasətində baş verən dəyişiklikləri düzgün oxumaq və öz siyasətini onlara uyğun formalaşdırmaq. Məsələn, yaxın vaxtadək bütün dövlətlər hansısa addım atmazdan əvvəl Rusiyanın mövqeyini nəzərə almağa məcbur idi. İndi isə Rusiya artıq beynəlxalq münasibətlərdə əsas söz sahiblərindən biri deyil.
Başqa sözlə, Cənubi Qafqaz və Mərkəzi Asiya uzun müddət Rusiyanın təsir dairəsi sayılırdı. Amma indi Rusiya bu ölkələr üçün sadəcə böyük qonşudur, yaxud Qazaxıstan Prezidentinin ifadəsi ilə desək, “böyük dost”. Amma artıq bu coğrafiyanın hakimi deyil, sadəcə böyük qonşudur.
Bütün bunlar, şübhəsiz, region ölkələrinin siyasətinə təsir edir. Azərbaycanın digər ölkələrlə müqayisədə daha az problemi var və bir sıra strateji məsələlərdə üstünlüklər əldə edib. Buna görə də baş verən dəyişikliklər onun xarici siyasətində daha aydın görünür. Bu isə bəzən analitiklər və adi vətəndaşlar arasında narahatlıq yaradır. Lakin qeyd etdiyim kimi, əvvəlki kimi davranmaq artıq mümkün deyil”, – Cəfərli yekunlaşdırıb.
Rauf Orucov










AZ
RU