Erməni lobbisinin əsiri olan qanun:907-ci düzəlişin taleyi necə olacaq?

Ekspert: Bu düzəliş ABŞ–Azərbaycan münasibətlərinin inkişafına ciddi şəkildə mane olur
Yenixeber.org: ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşri Konqresi 907-ci düzəlişi ləğv etməyə və TRIPP layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb.
Amerika qanunvericiliyinin bu maddəsi keçmişin qalığı sayılır. Bu düzəliş Ermənistanla Azərbaycan arasında münaqişə dövründə erməni diasporunun təsiri altında qəbul edilmişdi. Düzəliş bu günədək Azərbaycana birbaşa yardım göstərilməsini məhdudlaşdırır.
Son bir-iki il ərzində onun ləğvinə dair çağırışlar getdikcə daha çox səslənsə də, çoxsaylı müzakirələrə və təşəbbüslərə baxmayaraq, Vaşinqton bu istiqamətdə hələlik real addım atmayıb. Bəs 907-ci düzəliş niyə hələ də qüvvədə qalır? Onun ləğvinə hansı siyasi qüvvə və ya lobbi əngəl yaradır?
Bu barədə fikirlərini pressklub.az-la bölüşən politoloq, “Şərq–Qərb” Tədqiqatlar Mərkəzinin direktoru Ərəstun Oruclu bildirib ki, 907-ci düzəliş doğrudan da ABŞ–Azərbaycan münasibətlərinin inkişafına ciddi şəkildə mane olur.

“Artıq ABŞ-ın özündə də bu qanunun Amerikanın milli maraqlarına yük olduğu, xüsusilə də ölkənin Cənubi Qafqazda və Yaxın Şərqdə daha fəal rol oynamaq istədiyi indiki mərhələdə bu maddənin maneə yaratdığı barədə fikirlər getdikcə daha çox səslənir.
Bəs nə üçün onu ləğv etmirlər? Əvvəlcə qeyd etmək istərdim ki, düzəliş qəbul olunduğu vaxtdan etibarən qüvvədə qalmasına baxmayaraq (şübhəsiz ki, bu düzəliş ABŞ Konqresindəki ermənipərəst lobbinin təsiri altında qəbul edilmişdi), ABŞ qanunlarına görə prezidentin belə düzəlişlərin və ya bu tipli qanunların fəaliyyətini bir illik müddətə dayandırmaq hüququ var.
Biz bunu illər boyu müşahidə etmişik – düzəliş qüvvədə olsa da, ABŞ və Azərbaycan münasibətləri təkcə enerji sahəsində deyil, təhlükəsizlik və müdafiə məsələlərində də inkişaf edib. Müxtəlif layihələr həyata keçirilib, ABŞ Azərbaycanda təhlükəsizlik proqramlarını maliyyələşdirib. Lakin hər il bu düzəlişin qüvvəsini dayandırmaq zərurəti tərəflərə mane olur, çünki uzunmüddətli strateji planlar qurmaq mümkün deyil – kimin yeni prezident olacağı və onun bu düzəlişin qüvvəsini gələn il də dayandırıb-dayandırmayacağı məlum olmur”, – tədqiqatçı vurğulayıb.
Oruclunun sözlərinə görə, məhz buna görə indi düzəlişin tamamilə ləğvi məsələsi gündəmə gəlir.
“Nəzəri cəhətdən bu, asan görünə bilər, amma praktik olaraq prosedur olduqca mürəkkəbdir. İkincisi, baxmayaraq ki, ermənipərəst lobbi ciddi itkilərə məruz qalıb (məsələn, senator Menendes və onun korrupsiyada ittiham edilən tərəfdarlarının başına gələnlər buna nümunədir), yenə də bu lobbinin təsiri həm ABŞ-da, həm də Konqresin hər iki palatasında qalmaqdadır.
Birincisi, onlar bu addıma mane olacaqlar. İkincisi, dediyim kimi, hüquqi baxımdan bu, çox çətin prosedurdur və heç kim bununla məşğul olmaq istəmir. Elə buna görə də 907-ci düzəliş hələ də ləğv edilməyib və qanun kimi qüvvədə qalır.
Son illərdə, xüsusən də Donald Trampın hakimiyyətə qayıdışından sonra, onun ləğvinə dair çağırışlar daha da artıb. Amma bunu hüquqi cəhətdən necə reallaşdırmaq olar – bu artıq çətin məsələdir. Bu problemin necə həll olunacağını söyləmək çətindir”, – Oruclu fikrini tamamlayıb.
Rauf Orucov










AZ
RU