Xoşbəxt olmaq istəyirəm, bunun üçün nə etməliyəm?
Bütün dünya bu suala cavab axtarır. Yaşından və cinsindən asılı olmayaraq hamı şüurlu və ya şüursuz surətdə xoşbəxtlik axtarışındadır. Xoşbəxtlik barədə yazılan bütün marketinq kitablarında bu klassik aforizm mühüm yer tutur və hər şey bu fikrin ətrafında izah edilir:”xoşbəxt olmaq istəyirsən? Ol!”. Dahiyanədir deyilmi? Necə olaq? Bir növ “dəliyə hər gün bayramdır” sözünün sinonimidir. Sonra bu kitablarda başqalarının necə xoşbəxt olması təhlil edilir. Bu adamların həyatının bizim xoşbəxt olmağımıza nə dəxli var, bu göstərilmir. Əgər birinin gözəl evi, maşını, yaxşı variantda həyat yoldaşı, yaxşı işi varsa deməli xoşbəxtdir? Bunlar sifarişlə olmur axı. Səni xoşbəxt edən şey mənim üçün mənasızdır. Məni xoşbəxt edən şeyə sən gülərsən. Axı insan oğlu çox fərqli və fərdidir.
Yenixeber.org: Xoşbəxtlik sirri ağıl və savadla ölçülsəydi dünyada bədbəxtlik deyilən bir hadisədən iz belə qalmazdı. Ağıllı olduqlarını bildiyim və təfəkkürlərinə inandığım adamlardan xoşbəxt olub- olmamaları barədə soruşanda heç vaxt tam müsbət cavab eşitməmişəm. Ağıllı dahilərin nə qədər acı taleyi olduğunu hələ Nəsimi dövründən bilirik. Napoleondan soruşanda ki, xoşbəxtsinizmi? O cavab vermişdir ki, həyatında 6-7 xoşbəxt günü olub.
Xoşbəxt olmaq istəyirəm... Bir şeyi tapmaq üçün onu axtarmaq lazımdır. (Əlbəttə, müəllim maaşı ilə yaşayan bir adam qarşısına məqsəd qoysa ki, 6 aydan sonra Kanar adalarında ev alacağam, bu real məqsəd deyil, bu mənasız bir xəyaldır). Axtarışın yaxşı nəticə verməsi üçün düzgün istiqamət götürmək əsas şərtdir. Kimi, nəyi, harada axtarmaq lazım olduğunu bilmədən heç nə tapmaq olmaz. Həyati vacib axtarışlara başlamazdan əvvəl:1)axtarış obyektinin dəqiq xarakteristikasını bilmək lazımdır. 2)əgər insan aktiv surətdə nəyi isə axtarır və axtardığını tapa bilmirsə öz arzu və tələblərinə bir daha diqqətlə baxmalıdır. Bütün dünya xoşbəxtlik axtarışında olsa da, xoşbəxtliyin özü hər bir insan fərdi üçün fərqli anlamda başa düşülür.
Hər bir insan ilkin gənclik dövründə özünün ən xoşbəxt adam olacağına inanır. Hamı özünün dünyaya uçmaq üçün gəldiyinə tam əmindir. Amma həyat deyilən bir sel var ki, o həmişə qırmızı alma gətirmir. Təyyarələrdə və qatarlarda VİP salonları (business class) və adi salonlar var. Hamı eyni hüquqlu insan olsa da, hamı VİP salonda gedə bilmir, həyat səssiz-sakit bir göstərişlə hamının öz büdcəsinə uyğun salonlara yerləşməsini tələb edir. Və insan bu tələbə sakit-səssiz tabe olur.
Bütün bunlara baxmayaraq ki, hər qaranlıq gecənin bir aydın səhəri var. Kimsənin sabah onu nələr gözlədiyini bilməyə qüdrəti çatmaz. Bunu bilməyən adam yoxdur, bunu bilərək pislikdən, amansızlıqdan həzz alaraq yaşayan adamlar var. Hər kəs xoşbəxtiyi özünün dərk etdiyi mənada başa düşür. Elə adam var ki, evi yoxdur, xoşbəxtliyi evi olmasında görür, eləsi var ki, “gözəl bir maşınım olsa daha dərdim olmaz” deyir, kimsə universitetə qəbul olunmaq istəyir, kimsə doktoranturaya, biri vəzifə eşqi ilə yaşayır, biri müqəddəs yerlərə ziyarətə getmək üçün gecə-gündüz əli göydə allaha dua edir... Kim bilir nədir, nədədir xoşbəxtlik... Bir arzumuz həyata keçəndən sonra digərinin izinə düşürük. İstədiyimizi əldə edəndən sonra özümüzü bir müddət xoşbəxt hesab etsək də, bunun əslində belə olmadığını görürük. Bunlar xoşbəxtlik dənizində sadəcə bir damladır.
Xoşbəxtlikdən danışanda həmişə iki qızın həyat tarixçəsini xatırlayıram. Bu qızlar mənimlə bir doktoranturada oxuyurdu. Qızlardan biri heç bir müsbət xüsusiyyəti ilə başqalarından fərqlənməyən, qısa boylu, kök, üzü çopur bir qız idi. Yaşca hamımızdan böyük olsa da, özünü uşaq kimi aparır, hamıdan gözəl olduğunu düşünürdü. Bu qızın dalınca dərsdən sonra çox gözəl, yaşca ondan cavan bir oğlan gəlirdi. Hamı “bu oğlan onun çirkinliyini və ağılsızlığını görmürümü?” deyə təəccüb edirdi. Nəhayət bir gün bu qız o oğlanla nişanlandı və onlar sonuncu kursda toy edib evləndilər. Oğlan yaxşı yerdə işləyirdi, bu çirkin qız ən son moda ilə geyinir, dərsə maşınla gedib gəlirdi. Sonralar da biz onların çox xoşbəxt yaşadığını eşidirdik. Hələ də bizim tələbə yoldaşlarımız görüşəndə onların necə bir-birindən fərqli adamlar olduğunu, ancaq bu ağıldan kəm qızın həyatda necə isti yer tapdığını müzakirə edirik.
Qızlardan biri isə çox gözəl, ağıllı və savadlı idi. İri qara gözləri, uca boyu, qalın, uzun saçları ilə hamıdan seçilirdi. Doktoranturaya daxil olsa da, ailə həyatında olan çətinliklərə görə onu davam etdirə bilmədi. Həyat yoldaşı ona heç bir işdə kömək etmirdi, əksinə içkiyə qurşanıb imkan düşdükcə onu incidirdi. Düzdür, son vaxtlar onların həyatından mənim xəbərim yoxdur, bilmirəm onlar hələ də bir yerdə yaşayırlar ya yox, amma onu dəqiq bilirəm ki, onun həyatı dözülməz dərəcədə acı keçirdi. Onun göz yaşları hələ də mənim qəlbimin dərinliklərində yaşayır, o acı göz yaşlarını unuda bilmirəm. Allah heç bir qadına bu cür ağlamağı nəsib etməsin. Hamıdan gözəl və ağıllı, çox sakit və tərbiyəli olan bu qızın sonrakı taleyi barədə heç bir məlumatım olmasa da, bu cür həyat yaşayan qadınların qəlb yaralarını kim bilmir?
Amma insanı allah xöşbəxt olmaq üçün yaradıb, hər kəsin öz həyatını yaxşı yaşamağa haqqı var. Həyatınızın ən gözəl illərini susub gözləmək və dözməklə məhv etməyin. Yazdıqlarımızı diqqətlə oxuyun, həyatınızı gözləmə mövqeyinə qurban verməyin. Hər kəsin öz taleyini yaxşılığa doğru dəyişdirmək haqqı var, hər insan qəlbinin öz arzuları, öz həyat idealları var, bunu bizim əlimizdən almağa kimsənin haqqı yoxdur.
Mənim bir qohumum övladı olmadığı üçün demək olar ki, dünyanın hər yerini gəzib. Nəhayət 16 ildən sonra tanrı ona bir qız övladı verdi. Amma bu qadın “həmişə oğlan istəmişəm, allah mənə bir oğlan övladı vermədi” deyə narazılığını gizlətmir. Dünənə qədər bir övlad istəyən onu alandan sonra qane olub sakitləşmir, yenə arzulayır, əslində də heç kəs ona istəməyi qadağan edə bilməz. Xoşbəxtliyə aparan yol qaçış marafonu kimidir, geri qalmaq artıq sıradan çıxmaq deməkdir. Gecə-gündüz yol gedirik, amma yolun sonu hara aparır, bunu kim bilir?
Yaxşı tanıdığım bir qadın öz düşüncələrini və həyatda başına gələnləri belə ifadə edir: sevib ailə qurduğum, yolunda hər çətinliyə dözdüyüm həyat yoldaşım məni atıb getdi və bizim qızımız yaşında bir qızla evləndi. Öz uşaqlarına heç bir maddi və mənəvi kömək göstərmir. Qarşıma çıxan kişilər həmişə məni aldatmağa çalışıb, hətta yaxın qohumlarım belə məndən öz xeyirləri üçün istifadə edib, rəfiqələr barədə danışmağa belə dəyməz, dünyada inana biləcəyim bir insan belə yoxdur. Belə vəziyyətdə mən özümü necə xoşbəxt hesab edə bilərəm?
Əlbəttə belə düşünən adamlar çoxdur, biz onlara “sən haqsızsan” deyə bilmirik. Heç kəs bunları yaşamadan belə qərara gələ bilməz. Başına belə hadisələr gələn insanlar az deyil. Bütün bunlara baxmayaraq insan öz gələcəyini qurmaq üçün nə isə etməlidir. Bunu onun əvəzinə kimsə etməyəcək. Axtarmalı və düz yolu tapmalıdır.
Hər bir insanın daxilində nisgilli bir arzusu var ki, bu arzu həyata keçməyib. Həyat imkan vermədiyindən müəllim olmaq istəyən həkim olub, müğənni olmaq istəyən mühəndis olub və s... Bəlkə çox cüzi bir təkan olsaydı bu arzular nisgilli qalmazdı, həyata keçərdi. Kimsə imkansızlıq üzündən sevdiyini itirib, kimsə heç istəmədiyi birilə ailə qurmağa məhkum olub. Bu nisgilli arzular hər bir insanın yaralı yeri olsada ən müqəddəs hissləri bura bağlıdır. Xüsusi qeyd etmək istərdim ki, bu nisgilli arzular insanların ən saf tərəfi olaraq qalır.
Belə bir hədis var ki, bir şəhərin əhalisi öz bəxtindən, ağır dərdlərindən şikayət edir və şəhərin qazısının yanına gəlib bir çıxış yolu istəyirlər. Qazı ağıllı bir alim olur və əhaliyə deyir: düz deyirsiniz, dərd-sər sizi əldən salıb. Gəlin bu gündən dərdlərə əlvida deyək. Hər kəs öz dərdini yazıb darvazasının qabağından assın, kim hansı dərdi istəyir özününkü ilə dəyişsin, bununla da canınız qurtarsın. Sabah açılanda hamı qonşusunun darvazasından asılmış dərdini oxuyub özününkünə şükür edir, darvazasındakı yazını götürüb evinə çəkilir və bir daha şikayət etmir.
Mənim dostlarımdan biri toya gedibmiş. Toyda onun qarşısındakı masada hər ikimizin ümumi tanışı əyləşibmiş, o da toya dəvətlilərdən biri imiş. Onlar salamlaşıb, mənim dostum yeyib-içən bir adam olduğu üçün yaxşı yeməklərdən tələb edir, deyib-gülüb şənlənir, tez-tez dost-tanışla rəqs edirmiş. Arada qarşıdakı masada əyləşmiş ümumi tanışımıza gözü sataşanda onun heç nə yemədiyini, ancaq az-az su içdiyini görür. Tanışımız isə çox imkanlı bir adamdır, var-dövlətinin sayı-hesabı yoxdur, amma xəstədir, xəstəliyi ilə əlaqədar daim pəhriz saxlamağa məcburdur. Dostum ağıllı və allahın verdiklərinin qədrini bilən biridir, sabahı gəlib mənə “allaha çox şükür, allah bizə sağlam can veribsə, bu ən böyük dövlətdir, biz onun dəyərini bilməliyik” dedi. Məncə çox ibrətamiz hekayədir.
İnsan xoşbəxtliyi Epikur fəlsəfəsində də öz elmi əsaslarını tapmışdır. Kantın da xoşbəxtlik axtardığı məlumdur. Dində də xoşbəxtlik məkanları barədə ətraflı qeyd olunur. Bizim dində cənnət, qədim Şərqdə nirvana. Daosizmin əsasında xoşbəxtlik hadisəsi durur. Həyatın mənası dedikdə xoşbəxtlik nəzərdə tutulur. Hər kəs onu axtarır, alim də, nadan da.
Dünyanın minbir halı var, xoşbəxti də var, bədbəxti də. Xoşbəxt olduğu halda dəyərini bilməyən, bədbəxt olduğu halda pis əməllərinidən qalmayan, əməllərini dəyişdirməklə taleyini dəyişdirməyi istəməyən, öz pisliyini dərk edə bilməyənlərdə var. Əllərimiz bizə xidmət edir, ayaqlarımız bizi istədiymiz yerə aparır, gözlərimiz dünyanın əlvan rənglərini, insana məxsus bütün maddi nemətləri, özümüzün və ya başqasının gözəl ev-eşiyini və gözəl maşınlarını görür. Dilimiz gözəl dadları hiss edir, dişlərimiz istədyimiz qidanı çeynəyib uda biləcəyimiz həddə gətirir. Bütün bunlara sahib ola bilməyən azmı insan var? Bunlara sahib olmayanlara allah özü kömək etsin, biz də bunun üçün allaha dua edək, dua edək ki, allahı hər axtaran tapsın və istədiyini ondan istəsin.
P.S. İnsanı daxilən xoşbəxt edən şeylərin xarici aləmlə əlaqəsi yoxdur əslində. Buna görə hər kəs məhz onu xoşbəxt edən şeyləri bilməlidir. Bir vərəq götürüb sizi xoşbəxt edən nə varsa siyahısını tutun. Bu bir növ arzuları yazdığımız dəftərə oxşardır. Sizi xoşbəxt edən nə varsa yazın. Ən kiçik detallara qədər. Bu şeyləri əldə etdikcə onların qarşısında plyus işarəsi qoyun. Bu gözəl bir metoddur.
Bəs siz xoşbəxtliyi nədə görürsünüz? Fikirlərinizi aşağıda yaza bilərsiniz Bəlkə gələcəkdə bir rubrika açıb fikirlərimizi müzakirə edərik, ola bilər kimə isə faydası olsun.
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Amaliya Murad
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.