Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ölümdən sonrakı həyat -Ölümü dərk etmək insanın həyatını  niyə dəyişdirmir?

 

Yerin-göyün sahibi var, axşam-sabah yalan deyil. Hər açılan sabahın bir qaranlıq gecəsi, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Hər şaxtalı qışdan sonra ilıq yaz fəsli başlayır, hər fırtınadan sonra ətrafa sakitlik çökür. Bu qanunauy­ğunluqları  dünyada kim bilmir, hamı nənələrin nağılından, oxuduğu kitablardan, şahidi olduğu hadisələrdən bunu az-çox bilir. İnsan oğlu sevincin, kədərin dadını bilməyə məcburdur, əgər həyat varsa ölüm də var. Ölümdən o tərəfə yol varmı, yoxmu mən bunu  qəti deyə bilmərəm, ancaq ölüm hadisəsinin hər kəs üçün müxtəlif olduğunu yəqin bilirəm.

Yenixeber.org: Bu tam mənasında belədir: insan yalnız dəfn yerlərində və dəfn mərasimində ölümü dərk edir, nə sirrdirsə dəfn mərasimi bitdikdən sonra ölüm unudulur. Hər yerdə, hər millətdə belədir. Yəqin yaradan belə qanun qoyub ki, insan ölümə yox, yaşamağa inansın, həyatını davam etdirsin. İnsan yeganə canlıdır ki, öz ölümünü dərk edir. Məhz bu xüsusiyyət onu həyatın mənasını düşünməyə vadar edir. İnsanın ölümdən sonra daimi həyata köçdüyünü iddia edən din elmi  onun allaha qovuşduğunu göstərir.

 

Bu yaxınlarda Discoverdə insanı allah yaratdığına və ya meymundan əmələ gəldiyinə aid bir müzakirəyə baxmışam. Heç kəs bu suala cavab verə bilmədi. Hər halda təkamül təlimi bu sualın cavabını verərkən müvəffəqiyyətsizliyə uğrayıb. Dünyada  açılmayan və tam açıla bilməyən sirləri “Sirlər Ensiklopediyası” adlı kitaba daxil ediblər. Ölümdən sonrakı həyatın olub-olmaması da Sirlər Ensiklopediyası kitabına daxil edilib.

Biz insanlar ölüm barədə çox şeylər bilirik. Hamı bilir ki, bir gün bizə verilən ömür sona çatacaq və biz bu dünyadan köçəcəyik. Ölüm barədə, ölüm zamanı  yaşanan şeylər barədə çoxlu məlumatlar olsa da, bu hadisəni heç bir alim və həkim aça bilmir. Artıq 2000 ildən çox zaman tarixi olan ölümdən sonrakı həyatın mövcudluğu barədə məlumatlar hər gün təzələnir. Ancaq buna inanan və inanmayan insanlar var, bu hər kəsin düşüncəsindən asılıdır. Ölümdən sonrakı həyat haqqında paranormal və okkultiv hadisələr məlumdur. Bu hadisələri din başqa cür, elm isə başqa cür izah edir. Bütün bunlara baxmayaraq ölüm fenomeni bir tabu kimi qalmaqdadır. Ölüm tam mənası ilə nə deməkdir və insan niyə ölməlidir? Ən çox sevdiyimiz adamın ölümü ilə barışa bilməsək də, ölümdən bir müddət sonra artıq ona ölü kimi baxmağa başlayırıq və onun bir daha geri gönməyəcəyini qəbul edirik. Bütün digər hadisələr kimi ölümün də öz qanunları var. Çünki, taleyin hökminə boyun əyməkdən başqa yol yoxdur, taleyin kəsdiyi başa söz yoxdur, onun hökmü müzakirə olunmur. İnsan oğlu özünün öləcəyini bilir, amma heç kim öz ölümünə dərindən inanmır.

 

Ölmüş insanın yas yerinə gül gətiririk, onu son mənzilə gül-çiçəklə yola salırıq. Ölmüş insanı ağ kəfənə büküb torpağa tapşırırlar (bizim dinimizə görə). Türkiyədə yüz min il tarixi olan bir qəbristanlıq var. Arxeoloqlar burada dəfn olunmuş insanların içərisi çiçəklərlə döşənmiş qəbirlərdə dəfn olunduğunu sübut etmişlər. Fironların arvadlarını onlarla birlikdə basdırırlarmış. Belə nəticəyə gəlmək olar ki, ölmüş insanın başqa bir dünyaya köçməsi fikri hələ o zamanlardan məlumdur. Bilmirik insan ölərkən bu ölüm həmişəlik olur, ya başqa bir dünyaya köçür? Hər halda ölümdən sonrakı həyat barədə çox az şey bilirik, bu biliklər öz elmi təsdiqini tapmadığından dəqiq bir fikir söyləmək mümkün deyil. Ölümün son nəticəsi eyni olsa da  hamı eyni ölümlə ölmür. Ölümlər də müxtəlifdir, insanların özləri  kimi. Kim asan ölümlə ölür, kim isə zülüm çəkir. Nə sirrdir? Asan ölümlə ölənə hamı “xoşbəxt adamdır, ölümü bir dəqiqənin içərisində oldu” əziyyət çəkənə hamını ürəyi yanır. Hətta deyirlər öləndən sonra belə, adamların ölüsü müxtəlif vəziyyətdə və rəngdə olur. Yaxşı və sakit adamın ölüsü yatmış adama bənzəyir, qəzəbli və pis adamın ölüsü qaralmış kimi olur. (Dünyanın nə qədər dərin sirləri var, mütəxəssislər bunların mənasını açmağa çalışsalar da, hələ bir nəticə əldə edə bilməyiblər).

Həkim R. Moudi 150 nəfər kliniki ölüm keçirmiş adamın ifadələrinə əsasən ölümdən sonrakı həyat haqqında maraqlı fikirlər söyləmişdir. Bu fikirlər tam elmi təsdiqini tapmasa da 150 nəfərin demək olar ki, eyni şəkildə ifadəsi nə isə bir şey deyir. Bu adamlar qaranlıq uzun tuneldən keçərək sonda ağ işığa qovuşduğunu və çox gözəl bir fiziki vəziyyətə çatdığını söyləyirlər. Ağ işığa qovuşmağa mən də inanıram (fikrimi aşağıda qeyd edəcəyəm), çünki ölüm dönməz prosesdir, ölənlərin qaranlıq içərisinə gedəcəyinə inansaq o zaman bütün dinlər ölən insanı təmiz vəziyyətdə dəfn etməyi bir qanun kimi tələb etməzlər. Ölülərini yandıran millətlər belə onları gül-çiçək içərisində yandırılır. Hər halda bunların çox əsaslı bir mənası var, biz isə bunları nə qədər icazə verilib o qədər anlayırıq.

 

Öz fikrimə qalarsa, kliniki ölüm keçirmiş adamların qaranlıq, uzun tunellə gedib ağ işığa qovuşmasının elmi əsasına inanıram. Alimlər bunu belə izah edir ki, ürək dayanandan sonra beyin bir müddət işləyir. Həyat tərzindən və milli mentalitetindən asılı olaraq,  hər kəs eyni şeyləri görmür. Çox qəribəsi budur ki, kliniki ölüm keçirən insan bu zaman tibbi personalın nə etdiyini və nə danışdığını dəqiq xatırlayır. Bu isə ancaq beyinin fəaliyyəti nəticəsində mümkündür, deməli şüur bir müddət yaşayır. Kanadanın Monreal Universitetinin alimləri hətta ölümü qeydə alınmış, ensefoloqram düz xətti göstərdikdən sonra belə, beyin qabığının aktivliyinin qaldığını müşahidə etmişlər. İşıqlı tunelin görünməsi isə ölüm qorxusu yaşayan və fiziki ağrılardan azad olmağa çalışan insanın hormonların təsirindən aldığı reaksiyalardır. Şüur isə elə ruhun özüdür, ruhun nə olduğunu, onun mahiyyətini dərk etmək çox çətindir, və izahı yaxın yüzilliklərdə olmayacaq.

Xüsusi qeyd edim ki, ruhun mahiyyətini, ruhun şüurla əlaqəsini, ölümdən sonrakı həyatın olub-olmamasını araşdıran çox mötəbər elmi mərkəzlərdə illərlə araşdırmalarda olmuşam. Bu məsələləri Dalay-Lamalarla müzakirə edən elmi seminarlarda iştirak etmişəm. Ruh enerjidir, insanın fiziki ölümündən sonra kainata, İlahi Matritsaya artefakta gedir. Bu artıq Kvant fizikasının mövzusudur. Paralel dünyalar var, amma, bizim din adamlarının dediyi kimi, ruh cənnətdə mələklərin hazırladığı kababı yeyib,  şərbət içmir, ruhun həzm sistemi yoxdur. Artq Vatikan belə bunu dərindən etiraf edir. Həyatın, yaradılışın dərk olunması son 300 ildə mümkün olmayacaq. Maraqlı olsa, biz bu mövzunu kvant səviyyəsində davam etdirə bilərik.

 

Kaliforniya Texnologiya İnstitutunun əməkdaşı Sean Carroll, fizika qanunlarını diqqətlə və ətraflı araşdırdığını, ölümdən sonra həyatın varlığı sualının öz-özünü inkar etdiyini bildirdi. İnsan həyatının qurulduğu fiziki qanunların yeni bir varlıq (yəni ruh) yarada biləcəyi mümkünsüzdür. Alim ölümdən sonra “ruhun ​​hissəciklərinin mövcud olması” nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir.  Bu versiyanı sübut edən fizik bəyan etdi ki, ölümdən sonra ruh yaşaya bilsəydi, kvant sahəsindəki "ruhun hissəcikləri" mütləq aşkar olunardı. Alim ölümdən sonra heç bir həyat olmadığını bildirdi. Onun fikrincə, insanlar "cənnət krallığı"nın varlığına ümid etməməlidirlər.

İnsanın ölümü dərk edib ondan qorxmaması üçün ölümün nə olduğunu bilmək lazımdır. Ölümün mənası puç olmaq deməkdir. Dinə görə ölüm son deyil, yeni bir həyatın başlanğıcıdır. Bu həyatda insan “yalançı dünyada“ yəni bizim yaşadığımız dünyada hansı ideyalara xidmət edibsə, hansı əməllərin sahibi olubsa, o əməllərin bəhrəsini görəcək. Burada insan və onun əməlləri üzbəüz dayanır. Hesab-kitab yaradanın əlində olduğu üçün heç bir bəraətə yol verilmir.  Əkdiyini biçməlisən. Bəs bunun belə olacağını təxminən də olsa, bilən insan niyə yaradanın buyurduğunun əksinə gedir? Öldürür, məhv edir, aldadır, xəyanət edir? Bununla belə insan ölümü unutmur, hamının mütləq öləcəyini bilir. Ancaq yorulmadan çalışır. Pisliyindən və ya yaxşılığından qalmır, kimdəsə qisası varsa intiqamını hər imkan düşdükcə alır. Daim gələcəyi fikirləşir, nə etmək, nə eyləmək ki, nə isə qazanasan.

 

Mənim 78 yaşlı bir qohumum var. Bu qadın həmişə gələn il üçün nə isə alır, gələcəyə pul toplayır, yaşadığı evi söküb yerində iki mərtəbəli, qırmışı dam örtüyü olan ev tikmək üçün çalışır.  Ona kimsə cəsarət edib deyə bilərmi ki, sənin artıq o yaşın deyil, rahat yaşa, nə qədər ömrün qalıb? İnanın, o adamı özünə düşmən elan edər. Təkcə omu belə düşünür?  Əlbəttə yox. İnsanların hamısı belədir, ancaq istəkləri bir az fərqli ola bilər. İnsanı gələcəyə inam hissi  yaşadır. Belə olmasa, sabah öləcəyini bilsə, insan yaşaya bilməz. Ölümün vaxtının naməlum olmasını allahın insanlara böyük lütfü hesab etmək lazımdır. Gələcəyə inam hissi insan övladını qurub yaratmaq, dünyanı gözəlləşdirmək üçün ruhlandırır. Əks təqdirdə yer üzü bizim gördüyümüz şəkildə olmazdı.

“Şagird öyrənməyə hazır olanda müəllim taplılr“. Ölüm və onun mənasını axtararkən “Məad haqqında  40 sual 40 cavab“ kitabını  bir daha gözdən keçirdim. Həmin kitabda həyat və ölüm proseslərinə aid bir çox fikirlər var. Məad ölümdən sonrakı həyat mənasındadır. Ölümdən sonrakı həyat insanı daim düşündürür. Dünyaya gəlib yaşamağımızın və hansı məqsədə xidmət etməyimizin səbəbləri kitabda öz əksini tapır. Kitabda belə bir bölmə var “Ölüm vaxtını bilməyin insana faydası varmı?“ Müəllif Möhsün Mirzəpur qeyd edir: “İnsanların ölüm vaxtı naməlumdur. Kimsə öz ölümündən xəbərdar deyil. Öləcəyinə əmin olduğumuz, amma ölüm yatağından qalxan xəstələr az deyil. Əksinə, elələri var ki, heç kəsin ağlına gəlməyən vaxtda ölümün pəncəsinə keçir“. Bu sözlərdə nə qədər hikmət və böyük bir həqiqət olduğuna heç bir izahat gərək deyil. Peyğəmbərimiz (ə)  daha gözəl bir kəlamla  ölümün dünya həyatına edəcəyi təsir barədə belə buyurur: “arzu mənim ümmətimə bir rəhmətdir. Əgər insandan arzu hissi alınsaydı ana südəmər körpəsinə süd verməz, bağbanlar ağac əkməzdilər“.

 

Ölüm insan üçün ən dəhşətli və ən ağır prosesdir. Hələ Balzak demişdir ki, insan üçün dünyada ən maraqlı şey pul və ölümdür. Bununla belə, insan pulu ölümdən üstün hesab edir. Bunu biz demirik, həyat sübut edir. İnsan ölümdən sonrakı həyatı deyil, bu dünyada qoyacağı var-dövləti daha çox düşünür. Nə hikmətsə.

Şəxsiyyətin hərtərəfli inkişafı ilə məşğul olan psixoloq S. Kovi insanın həyatına sondan başlayaraq nəzər salmaqla yaşadığı ömür yolunun dəyərini müəyyən etməyi təklif edir. Kovi hər kəsə belə bir təcrübə aparmağı və təcrübədən sonra öz fikirlərini yazıb saxlamağı və hərdən yazdığını oxumağı məsləhət görür. Belə ki, hər kəs yas yerinə gedəndə mərhumun yaşadığı həyatda elədiyi yaxşılıqları və ya yaxşılıq etməyibsə elədiyi pislikləri eşidir. İnsan oğlu ölümlü olduğu üçün hamı öz ölüm gününü yada salıb mərhumun yerinə özünü təsəvvür etsin. Özündə olan müsbət və mənfi xüsusiyyətləri yazıb, zamanla öz xarakterində olan mənfilikləri dəyişdirməyə çalışsın. Bu insanın ölümdən sonra yazılan nekroloqunda olduğu kimi mərhumun həyatını tam əks etdirməlidir. Öz ölümünü təsəvvür edən adam həyatı boyu elədiyi yaxşılığı və pisliyi yazıb sonra oxuyanda hər halda özünə tənqidi yanaşıb həyatını dəyişdirə bilər. Öləndən sonra rəhmət və ya lənət qazanmaq yas yerində özünü tam mənada göstərdiyindən hər kəs bu məsələni diqqətə alsa doğrudan da bu dunyada elə yaşayar ki, ölümündən sonra varisləri utanmasın.  Qabusnamədə də  yazılır: “Dünyada hər şeyin dəyişkən olduğunu bil. Nə qədər ki sağsan haqqı inkar etmə. Heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq qazandır.” 

 

Ölüm mütləq olduğu üçün dünyanın faniliyini qəbul edib insanlığa məxsus yaxşılıqlar etmək lazımdır. Hər dəqiqənin öz hökmü var. Kimə isə yaxşı bir hiss bəsləyirsənsə o yaxşı hissin verəcəyi məmnunluğu sabaha saxlamaq məsləhət görülmür. Yaxşılığını bu gün elə.  “Bu günün işini sabaha saxlama” deyən aqillər yəqin nə isə bilirmişlər. Əgər insan sonda öləcəyini bilib yenə öz bəd əməllərini davam etdirirsə, onda beləsini dəyişməyə çalışmağın mənası yoxdur, qozbeli qəbir düzəldər. Xeyirhaxlığın insan ruhu üçün məlhəm olduğunu anlamayana başa salmaq mümkün deyil. Akvariumda yaşayan balığa okeanın nə qədər gözəl olduğunu desən də, balıq anlamaz. Amma okean doğrudan da gözəldir.

P.S. Novosibirsk Universitetinin alimləri Kozırev güzgüsündən istifadə etməklə bizim ətrafımızda və beynimizin labirintlərində paralel məkanların olduğunu eksperimental surətdə sübut etmişlər. Bu eksperimentə əsasən keçmiş, hazırki dövr və gələcək sinxron surətdə mövcud olmaqla elektromaqnit siqnalları verir. Bu məkanda informasiyalar itmir, bir formadan başqa formaya keçir. Bu hadisə bizimlə yanaşı paralel dünyanın mövcudluğuna sübutdur. Güman olunur ki, insanın ruhu da bu paralel dünyalardan birində yaşayır. Sonrakı bölmələrdə İlahi matritsada artefaktın – yəni ruhların (bu qara holqramik bir nöqtədir) mövcud olduğu göstərilir.

 

Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam