“PUA-LAR QÜVVƏLƏR NİSBƏTİNİ DƏYİŞİR...” –“Azərbaycan dronlardan bacarıqla istifadə etdi”
Azərbaycan ordusunun Qarabağ uğrunda gedən döyüşlərdə Pilotsuz Uçuş Aparatlarından (PUA) məharətlə istifadə etməsi artıq bir fenomenə çevrilib. Bu hadisə dünya hərb tarixində xüsusi yer tutacaq.
Yenixeber.org: Düzdür, müasir tipli dronların analoqundan hələ qırx il bundan əvvəl istifadə edilsə də, onların tətbiqi sferası, xarakterik cəhətləri və döyüşlərdə oynadıqları rol indikilə müqayisəyə gəlməz dərəcədə az olub. Ümumiyyətlə, hələ indiyədək dünya miqyasında heç bir hərbi teatr səhnəsində dronlardan bu səviyyədə geniş və səmərəli istifadə edilməyib. Ona görə də, Qarabağ Müharibəsi dünya mətbuatının və xüsusilə də hərbi ekspertlərin diqqət mərkəzindədir.
Sözügedən məsələ ilə əlaqədar ABŞ-ın “Bloomberg” nəşri “PUA-lar qüvvələr nisbətini dəyişir və kiçik müharibələrdəki riski artırır” başlıqlı məqalə dərc edib.
Qısa ixtisarla həmin məqaləni təqdim edirik: “Türkiyənin “Bayraktar TB-2” Pilotsuz Uçuş Aparatları keçən il Liviyada onların hücumunu dəf etməyə hazır dayanan Rusiyanın tərifli “Pansir” Zenit Raket Komplekslərinə (ZRK) qarşı mübarizədə əhəmiyyətli uğur qazanıb. Tripoli şəhərini əlində saxlayan və BMT tərəfindən tanınan Faiz Sarac hökumətini məğlub etməyə çalışan general Xəlifə Haftarın ordusunda “Pansir”lər də yer alırdı.
Bu payız isə həmin dronlar Dağlıq Qarabağda erməni tanklarının, artilleriyasının və Rusiya istehsalı olan bir çox ZRK-nın məhv edilməsində mühüm rol oynayıb. ”Bayraktar” dronları Azərbaycana qələbə qazanmağa və nəticədə Moskvanın vasitəçiliyi ilə sülh razılaşması bağlamağa kömək edib. Bu müqaviləyə əsasən Azərbaycan 1990-cı illərdəki müharibədə itirdiyi torpaqların böyük hissəsini geri qaytarıb.
Müasir müharibədə PUA əhəmiyyətli rol oynayır və buna görə də hərbçilər və müətəxəssislər onları çox cəlbedici hesab edirlər. Türkiyənin müttəfiqləri olan Liviya və Azərbaycan qüvvələr balansında dəyişiklik yaratmaq məqsədilə dronlardan bacarıqla istifadə etdilər.
İntuitiv olaraq və eksperimental yolla sübut olunub ki, bir, iki və ya üç dronun itirilməsi tankın və ya təyyarənin itirilməsindən ucuz başa gəlir. Hazırda PUA-ları döyüşə göndərməklə biz sanki kompüterdə oynayırıq. Əslində, hazırlıqlı pilotların təyyarəni idarə etməsilə müqayisədə, pult arxasında əyləşən şəxslər dronların idarə edilməsinin öhdəsindən daha yaxşı gələ bilirlər.
Aydındır ki, Liviya və Qarabağ müharibəsindəki PUA operatorları düşmənin zəif yerlərini müəyyənləşdirməkdən ötrü xeyli riskə gediblər, lakin onlar bir-iki PUA itirməkdən çox da narahat olmayıblar. “Bayraktar TB2” nisbətən ucuzdur (mərkəzi idarəetməni nəzərə almasaq, bir aparatın dəyəri bir neçə milyon dollardır). Azərbaycan isə Qarabağ müharibəsində praktik olaraq uça bilən nə varsa, döyüş cərgəsinə qoşub. Məsələn, sovetlərdən qalma və kənd təsərrüfatında istifadə edilən köhnə “AN-2” (Kukuruznik) təyyarələrini də PUA-lara çeviriblər. Digər yandan isə, İsraildən kamikadze-dronlar da alınıb.
Hazırkı vəziyyətdə pult arxasındakı oyunun reallıq aləminə keçid edilməsi, iri hərbi dövlətlər arasındakı hipotetik münaqişələrin xarakterini çətin ki, əhəmiyyətli şəkildə dəyişsin. Əvvəlki kimi ənənəvi aviasiya PUA-ların imkanlarını üstələyir. Hərbi sənaye lobbisi bundan sonrakı dövrdə də pilotlu təyyarələrin istehsalı və satışında maraqlıdır. ABŞ və Rusiya bu cür maşınları modernləşdirəcəklər, çünki təyyarələr böyük uçuş məsafəsi və daha yüksək dağıdıcılıq qabiliyyətinə malikdir.
Avropa Birliyinin beynəlxalq münasibətlər üzrə aparıcı elmi əməkdaşı və eyni zamanda da dronlar üzrə mütəxəssis Ulrike Franke qeyd edir ki, kiçik dövlətlər üçün (burada söhbət xüsusən Azərbaycan və Ermənistandan gedir) PUA-lar çox mühümdür, çünki onlar bu ölkələrin döyüş potensialını artırmaq qabiliyyətindədir. Lakin dronlar iri dövlətlərdə qıcıq yaradır, “belə ki, bunu Rusiyadan soruşa bilərsiniz”. Dronu kim istəsə düzəldə bilər, bunu Suriyadakı islam döyüşçüləri sübut ediblər. Onlar 2018-ci ildə Rusiyanın Himeymim aviabazasına qarşı çoxlu sayda bəsit dronlar yollamışdılar. Düzdür, bu hücumun qarşısını ala bilmişdilər, ancaq baş vermiş hadisə tam bariz şəkildə göstərdi ki, zəif qorunan hədəflər belə üsullarla məhv oluna bilər.
Dronların inkişafı Rusiya üçün bir sıra problemlər yaradıb. Ona görə ki, Rusiyanın başlıca ixrac predmeti olan Zenit Raket Kompekslərinə inam güclü surətdə sarsılıb. Ermənistan bu texnikalara (düzdür, bunlar ən yaxşıları və ən müasirləri deyil) güvənirdi, amma nəticədə uduzdu. “Pansir” kompleksi Liviyada problemlərlə üzləşdikdə, mürəkkəb vəziyyətdən çıxmaq üçün Rusiyanın rəsmi hərbi qəzeti “Krasnaya Zvezda” bu sistemlərin Türkiyə dronları qarşısında alçaldıcı şəkildə çarəsiz qalmasını təkzib etməyə başladı. Rusiya təbliğat maşını öz əhalisini və hərbi texnika alıcılarını inadırmağa çalışır ki, onların PUA təhlükəsinə qarşı cavab vermək imkanları var. Onlar müxtəlif veb saytlarda məlumat yayırlar ki, Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə kompleksinin tətbiqi Ermənistan ordusunu tam məhv olmaqdan qurtarıb. ”Krasuxa-4” kompeksi ilk dəfə 2015-ci ildə Suriyada istifadə edilib və onlar Radio Lakasiya Stansiyalarının, GPS-lərin və həmçinin də digər elektron rabitə aparatlarının siqnallarını boğa bilir. Rusiya dronlara qarşı radielektron boğucu vasitələrə malik olduğunu söyləsə də, onların Türkiyə və onun müttəfiqlərinin işləyib hazırladıqları taktikaya qarşı nə dərəcədə effektli olduğu tam aydın deyil.
İndi ukraynalılar da rusiyapərəst qüvvələrə qarşı dronlardan istifadə edilməsində müəyyən perspektivlər görürlər. Ukrayna “Bayraktar TB2” PUA-sı, döyüş sursatı, texniki idarəetmə qurğusunun çatdırılması ilə əlaqədar 69 milyon dollarlıq müqavilə bağlayıb. Əldə olunan məlumata əsasən, Ukrayna hazırda türk şirkətilə əməkdalıq sayəsində bu PUA-lardan istehsal etmək niyyətindədir. Ölkənin şərq hissəsini rusiyapərəst separatçılardan geri almaq istəyən Ukrayna rəhbərliyi Azərbaycanın Qarabağda apardığı uğurlu hücum nümunəsindən ruhlanıb.
Amma Rusiya dronların geniş yayılmasından narahat olacaq yeganə böyük dövlət deyil. Xaricdə əməliyyatlar aparan və lokal münaqişələrdə iştirak edən istənilən ölkə və ya hərbi blok, yəqin ki, güclənən bu təhlükəli fenomenlə qarşılaşacaqlar. İri dövlətlərin gələcəyin ölümcül kompüter oyunlarına girişməkləri çox ciddi nəticələrə gətirib çıxara bilər. Əgər müdafiə və hücum silahları arasında balans nəzəriyyəsi doğrudursa, onda bundan sonra hücum əməliyyatları daha çox baş verəcək. Çünki indi artıq hücum etmək əvvəlki kimi elə də qorxulu və bahalı deyil”.(azpolitika)
Vaqif Nəsibov