Kemiş hakim sirlərini açır
Həsən Əliyev polis rəisi və prokuror tərəfindən tələyə salındığını deyir
«Eldar Mahmudovdan xahiş etdim ki, polis rəisi, prokuror müavini, vəzifəli şəxslər və onların vasitəçisi olan Ramazan Səlimov barədə tədbir görün»
"Xeberinfo.com": “İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar”. Trend xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Nərimanov rayon prokuroru, onun müavini və köməkçisinin işdən azad edilməsi və cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
Zakir Qaralov bildirib: “Bu gün cinayət məsuliyyətinə cəlb olunan şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevdir. Digər işçilər haqqında cinayət işini ayırmışıq. Bu gün həmin istiqamətdə istintaq göstərəcək ki, kimsə məsuliyyətə cəlb olunmalıdır, yoxsa yox”.
Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, bu xəbəri ilk olaraq “Azadlıq” qəzeti yayıb.
Həsən Əliyev tələyə salındığını deyir
Daha sonra Neft-Kimya Prosesləri Institutunun işçisi olan dostum Qüdrət Yəhyayev Ramazanın ona bağ satmaq adı ilə 6500 manatını aldığını və qaytarmadığını dedi.
Qüdrət müəllimə dedim, mən özüm də ona qəbz vermişəm, başıma bu oyunu gətirib, tapa bilmirəm. Tariyel dedi ki, bu işi belə qoymayacağam, onu polisə verəcəm.
2013-cü ilin mart ayında Tariyellə Qüdrət müəllim 16-cı polis bölməsinə ərizə ilə müraciət edirlər. Bölmə rəisi Hikmət Usubov Tariyel Haqverdiyevdən ərizəni alandan sonra Ramazanın axtarışlarına başlanır. Bir müddət sonra Ramazanı tapır, bölməyə əliqandallı gətirirlər. Polis bölməsində barəsində artıq dələduzluq maddəsi ilə cinayət işi acılacağını görən Ramazan özünü sığortalamaq, xilas etmək üçün hiyləyə əl atır. Ortaya başqa mövzu atır. Bölmə rəisinə deyir ki, bəs, hakim Həsən Əliyevə 300 min manat qəbz əsasında, 300 min manat da notarial qaydada borc vermişəm, ondan pulumu ala bilmirəm...
Bu 600 min manat söhbəti də bölmə rəisi Hikmət Usubovun iştahasından sonra əmələ gəlir. Ramazan Səlimov o vaxt cırıb atdığını dediyi qəbzi də qoyur ortaya. Ramazanla bölmə rəisi elə oradaca qəribə şəkildə dostlaşırlar. Səbəb bəllidir: onlar əlbir olub bu 600 min manatdan öz xeyirlərini götürmək istəyirdilər.
Qüdrət müəllim mənə zəng vurub dedi ki, sənin barəndə artıq 600 min manat söhbəti gedir. Guya icra başçısı təyinatı 1 milyona düzəlirmiş, 200 min də sərəncamdan sonra veriləcəkmiş və s.
Beləliklə, polis bölməsində xülyalar əsasında plan qururlar. Həmin vaxt mən ailəmlə Istanbulda istirahətdə idim. Istirahətdən gələn kimi Hikmət Usubovun yanına getdim ki, görüm bu nə söhbətdir. Bölmə rəisi dedi vəziyyət pisdir, Ramazan sizdən şikayət edib ki, onu icra başçısı qoyduracaqmışsınız. Dedim o, necə deyə bilər ki, mənə pul verib, gəlsin görüşək, üzümə desin görüm mənə pul verib, ya yox.
Usubov gün təyin elədi, növbəti dəfə Ramazan da gəldi. Həyat yoldaşı və qızı da yanında idi. Gördüm ki, bölmə rəisinin kabinetində bunlara xüsusi qulluq var, mənə qarşı isə nəsə iş qurulur. Ramazandan soruşdum ki, sən mənə pul vermisənmi? Dedi, hə, əlimdə sənədim də var, məni Pirallahı rayonuna başçı qoyduracağına söz vermişdin.
Donub qaldım. Axı mən kiməm ki, icra başçısı qoydurum? Mənim buna nə səlahiyyətim vardı? Belə vəziyyətə heç vaxt düşməmişdim, gördüm ki, açıq-aşkar üzümə dururlar, az qala üstümə gəlirlər. Mən o səviyyənin adamı deyiləm. Belə adamlarla nə danışmaq olar? Durub otaqdan çıxdım.
Hikmət Usubov sonra məni çağırıb təklikdə dedi ki, artıq Nərimanov rayon prokuroru Fikrət Mahmudov da məsələdən xəbərdardır. Elə yanımdaca Mahmudova zəng vurdu, telefonu mikrofona qoydu. Fikrət Mahmudov da dedi ki, Həsən Əliyevə şərait yaradın, vətəndaşın pulunu ödəsin, bizə heç nə lazım deyil.
Bölmə rəisinə dedim ki, mənim toxunulmazlığım var, sizin mənim işimi araşdırmağa ixtiyarınız yoxdur. Onlara bir daha dedim ki, Ramazandan bir qəpik də almamışam, verən də deyiləm. Hikmət Usubov mənə “rəis kimi sizə köməyim o olar ki, Ramazana deyərəm 50 min manat mənə görə keçər”, əməliyyatçı Məhərrəm “50 min də mənim xətrimə enər” dedikdə gördüm artıq oyuna düşmüşəm. Ramazan Səlimov polislə, sonuncu da prokurorla əlbir olaraq mənə tələ qurublar".
“Bölmə rəisi tez-tez zəng vurub məni hədələyirdi”
Həsən Əliyev polis və prokurorluqda başına gətirilən sonrakı oyunları belə nəql edib: “Bölmə rəisi Hikmət Usubov tez-tez zəng vurur, məni hədələyir, işi heç cür saxlaya bilmədiyini deyirdi. Mən də istəmirdim ki, bu iş faş olsun, bilinsin. Uzun-uzadı düşündüm, bu tələdən necə qurtulmağın yollarını axtardım. Axırda bezib Usubova dedim ki, mən şər-böhtanla üz-üzəyəm, borc-xərc edib Ramazana müəyyən qədər pul verərəm, təki şərini yaxamdan çəksin...
Fikirləşdim ki, dostdan-qohumdan 300 min manat yığıb verim, təki canımı bu şərbazlardan qurtarım...
Növbəti dəfə Hikmət Usubovla görüşəndə bu qərarımı ona da açıqladım, dedim ki, razıyam, Ramazana pul verərəm. Bu söhbət belə olub. Onlar da bundan yapışıb məni küncə sıxmağa başlayıblar. Fikirləşiblər ki, bunu sıxsaq, istədiyimiz qədər gətirib verməyə məcbur olacaq.
Mən də başladım pul axtarmağa. Dostum, vəkil Kamandar Nəsibovdan, digər dostum Ramizdən borc aldım. Bu iftiradan qurtulmaq üçün Ramazana pul verməyə başladım. Ramazana ayrı-ayrı vaxtlarda 100 min, 70 min, 80 min manat məbləğində pul verilib. Bu pulları Ramazana Elman verib. Özü də Hikmət Usubovun kabinetində...
Sonuncu dəfə Elman deyəndə ki cəmi 50 min borc qalıb, onda Hikmət Usubov ona belə cavab verib: “Nə 50 min? 600-ə hələ çox var”.
Elman zəng vurub Usubovun bu sözünü mənə çatdırdı. Belə deyəndə Elmandan soruşdum ki, bəs demədinmi prokuror deyirdi işi 300 min manatla bitirəcəyik, indi necə oldu. Elman dedi ki, Hikmət razılaşmır, pul üstündə Cavidlə mübahisə edirlər. Dedim biz belə danışmamışdıq, verdiyim 250 min manatı da geri alacam ondan...
Prokurorla rəis mənə belə tələ qurmuşdu. Bundan sonra onlar məsələni Bakı Şəhər Prokurorluğu çıxardılar. Baş Prokurorluğa da müraciət olundu. Elmana zəng vurub dedim ki, madam iş belədir, verdiyim pulları qaytarın. Elman da dedi ki, Bakı Şəhər Prokurorluğunda işi yatırtmaq üçün 50 min manat lazımdır. Dedim heç kimə bir qəpik də verməyəcəm.
Amma onlar məni qorxudurdular, deyirdilər ki, Gülər əhvalatı sənin işinin yanında yalan olacaq. Polis bölməsində belə söhbətlər gedirdi. Məni bu cür şantaj edirdilər".
Keçmiş hakim MTN-ə müraciət edib
Həsən Əliyev deyir ki, bundan sonra getdikcə daha çıxılmaz vəziyyətə düşdüyünü anlamağa başlayıb. Və bu proses boyunca bəlkə də ən düzgün qərarını verib. O, MTN-ə müraciət edərək Eldar Mahmudovdan imdad diləyib: “Bir dəstə dələduzun əlində qaldığımı görüb 2013-cü ilin avqust ayında MTN-ə müraciət etdim. Cənab nazir Eldar Mahmudova ünvanladığm ərizədə bir hakim olaraq ondan imdad dilədiyimi bildirdim. Yazdım ki, məndən hədə-qorxu ilə pul tələb edirlər. Nazirdən xahiş etdim ki, polis bölməsinin rəisi, prokuror müavini, vəzifəli şəxslər və onların vasitəçisi olan Ramazan Səlimov barədə tədbir görün.
Əlimdə olan səs yazısını da MTN-ə təqdim etdim. Elmanı, o biriləri MTN-ə çağırıb izahat alıblar. Qara günlərim də 16-cı polis bölməsi və rayon prokurorluğu barədəki səs yazısını MTN-ə verəndən sonra başladı. Məhkəmə-Hüquq Şurasının iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev mənə irad tutub dedi ki, niyə MTN-ə şikayət etmisən. Dedim ki, mən bilirəm Nərimanov rayon prokurorunun Baş Prokurorluqdakı mövqeyi necədir, ona orada heç kim heç nə deyə bilməz. Çünki nə bölmə rəisi adi bölmə rəisi idi, nə də prokuror. Bunların hamısı müxtəlif vəzifəli şəxslərin qohumları idilər".
Sabiq hakimin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə məhkəmənin sədri Mahmud Nəbiyevlə aralarında gərginlik, münaqişə olub. Həsən Əliyevin MTN-ə müraciətindən sonra isə məhkəmə sədri ona münasibətdə daha da “canfəşanlıq” göstərib: “Istintaq zamanı araşdırma aparılıb. O bank yoxdur ki, mənim ora 3 min, 5 min borcum olmasın. Mən işimdən qazanmırdım. Məhkəmənin sədri Mahmud Nəbiyevlə də münasibətlərimizdə gərginlik vardı. Sadəcə vəzifəmi yerinə yetirmişəm, əməkhaqqı almışam, vəssalam, hakim kimi heç bir gəlirim olmayıb”.