Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Sabiq MTN rəhbərliyinin həbsdəki qurbanından ilginc açıqlamalar

 

Eldar Mahmudov və şəbəkəsinin hədəfinə gələn qadın həbsxanadan “Azadlıq”a yazır

Xeberinfo.com:   “Azadlıq”ın ötən saylarında Kürdəxanı təcridxanasında saxlanılan Ceyran Rüstəmovanın Ilham Əliyevə müraciətini dərc etmişdik. Həmin müraciətdə MTN əməkdaşları, prokurorluq və ədliyyə işçilərinin əməllərindən bəhs edilirdi. Müraciətdə Ceyran Rüstəmova ilə birlikdə həbs olunan Reyhan Hüseynovanın da adı çəkilirdi. Bu dəfə Reyhan Hüseynova Ilham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib. O müraciətin bir surətini də redaksiyamıza göndərib. Reyhan Hüseynova Ceyran Rüstəmovanın yazdıqlarını təsdiq etməklə yanaşı əlavə faktlar da açıqlayıb. Müraciəti bəzi ixtisarlarla təqdim edirik:

Keçmiş “kalon” rəisi “ağsaqqal” rolunda

“Onlar pulun az olduğunu görüb dedilər ki, gedək bizimlə idarəyə, Əli nazirə məruzə etsin ki, pulun cəmi 100.000 (yüz min) manatını gətirmisiniz. Əgər nazir icazə versə sizi buraxacaqlar. Biz onlarla birgə idarəyə getdik, bu dəfə məni idarəyə buraxmayıb yalnız Ceyranı içəri apardılar. Mən bayırda 40-45 dəqiqə gözlədikdən sonra Ceyran Azərlə gəlib  dedi ki, nazir deyir ki, əgər qalan pulu da düzəldə bilməsək bizim üçün çox pis olacaq və nazir bizim hər şeyimizi göyə sovuracaq. Mən dedim ki, biz bu qədər pulu hardan tapıb gətirək? Nəyimiz var idisə, borc-xərc tapıb gətirdik. Qalan pulu onsuz da düzəldə bilməyəcəyik. Azər isə ”Biz sözü bir dəfə deyirik, pulu gətirməsəniz sizin üçün çox pis olacaq. Cənab nazirin şəxsən əmri belədir” dedi. Mən bunları eşidib çox pis oldum, həyəcan keçirdim. Biz çox qorxduğumuz üçün məcburən onlarla razılaşdıq. Biz orda olarkən Azər mənə dedi ki, sənin bəxtin onda gətirdi ki, qaçıb dərhal icra hakimiyyətinə girdin və qohumlarına xəbər edə bildin. Yoxsa sizin aradan necə götürülməyiniz və aqibətinizin necə olacağı barədə heç kimin xəbəri olmayacaqdı. Azər məndən həm də Səkinənin kirayə qaldığım evindən çıxmağımı tələb etdi. Artıq mənə hər şey məlum idi. 17 ildən artıq tanıdığım və bu illər ərzində yaxın olduğum bir insan (əgər ona insan demək mümkün olarsa) Sadıqova Səkinə Fərrux qızı mənə dövlət tərəfindən qanuni şəkildə ödənilən kompensasiyanın məbləğini bildikdən sonra məni öz nəfsinə qurban etdi. Belə ki, Sadıqova Səkinə bu baş verənlərdən bir müddət əvvəl məndən aldığı borc pulu geri qaytarmamaq üçün bu cür çirkin əməllərə əl ataraq, məni şərləyərək, mənim və ailəmin həyatını alt-üst edərək öz istəyinə nail olmaq istədi və buna nail oldu. Səkinənin bu hərəkətinin qarşısını almaq məqsədilə bizim ailəmizin ağsaqqalı olan hörmətli bir şəxs Səkinənin həyat yoldaşı, özü uzun illər 10-cu kalonun rəisi işləmiş, MTN-nin sabiq əməkdaşı Akif Çovdarovla da çox yaxın dost olmuş Ismayılov Fikrət Tofiq oğluna zəng vuraraq onunla görüşmüş, ondan bir böyük kimi həyat yoldaşının bu hərəkətlərinə son qoymasını, aldığı borcu geri qaytarmasını və bu çirkin əməllərindən əl çəkməsini istəmişdir. Fikrət Ismayılov isə cavab olaraq bildirmişdi ki, o Səkinənin bu günə kimi 850 min manat borcunu bağlayıb, bundan sonra daha heç kimə 1 manat da verən deyil, onsuz da onun borclarının əlindən bezib. Əgər istəyirsinizsə bu işə son qoyulsun, onda Reyhan mənə 300 min manat pul versin və bu söhbət bağlansın. Yox əgər verməsə, bilin ki, onların axırı çox pis olacaq. Qohumum bunun səbəbini soruşanda o cavabında “Bilirsən, mənim kefim belə istəyir, özün də yaxşı bilirsən ki, mən uzun illər vəzifədə işləmişəm, mənim yaxşı dostlarım indi də yüksək vəzifədə işləyir, mənim bir zəngim bəs edər ki, istədiyim hər iş həll olunsun” deyib. Sonra əlavə edib ki, yaxşı, 100 mini sənin xətrinə keçirəm, daha sənsən də, amma 200 mini gətirərsən söhbət də qurtarar. Ya da ki, özünüz bilin, bir maşınım qalıb, uzağı 50 minə satıb verəcəm prokuraturaya və onları tutduracam.

Bir müddət keçdikdən sonra Fikrət Ismayılovun şantajları həqiqətən də öz təsdiqini tapdı.

Biz MTN-in bizdən istədiyi məbləği düzəldə bilmədik və üstündən bir müddət keçmişdi ki, Sadıqova Səkinə və Babayeva Xavər mənimlə əlaqədar Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi verdilər. Bundan sonra Sadıqova Səkinənin şəxsi MTN-in yüksək çinli məmurları olan havadarlarının, Əli Şəfiyevlə, Akif Çovdarovun səyi nəticəsində 2014-cü ilin yanvarın 29-da barəmizdə haqsız olaraq qeyri-qanuni cinayət işi başlandı. Hansı ki, mənim əlimdə qanuni qaydada tərtib olunmuş alqı-satqı müqaviləsi və notarial qaydada təsdiq olunmuş borc müqaviləsi var. Hətta hər iki iş üzrə qüvvəyə minmiş məhkəmə qərarı və qətnamələri də mövcuddur. Mən hələ də başa düşə bilmirəm ki, ev alıb borca pul vermək nə vaxtdan cinayət hesab olunur?!

Suraxanı rayonunda 5 ay istintaq aparıldıqdan sonra Sadıqova Səkinənin istəyinə görə iş oradan götürülüb Bakı Şəhər Baş Polis Idarəsinə verildi.

Telekanallar dəqiqləşdirilməyən məlumatlar yayıb

Daha sonra Səkinə Sadıqovanın havadarlarının birgə məsləhəti ilə onlar şou göstərməyi qərara aldılar. Onlar əvvəlcə Kanal 13, InterAz, ANS və s. kimi müxtəlif televiziya kanallarına və internet portallarına çıxıb yalan yanlış ittihamlar səsləndirdilər. Həmin kanalların bəzi nümayəndələri qarşı tərəfi, yəni bizi dinləmədən birtərəfli verilişlər hazırladılar. Hansı ki, həmin kanallardan artıq bəziləri tək bizə qarşı yox, bir çox insanlara qarşı elə bu cür qeyri-qanuni hərəkətlərinə görə artıq lazımi cəzalarını da alıblar. Bu cür şoular nə qədər öz mənfi təsirini göstərsə də, bu onlara azlıq etdi və onlar daha yeni çirkin vasitələrə əl atdılar. Başda Sadıqova Səkinə Fərrux qızı olmaqla, Babayev Elşad, Babayev Emil, Əliyeva Bahar və digərləri əllərinə benzin dövlət əhəmiyyətli binaların qarşısında gəzməyə başlayırlar. Respublika Prokurorluğu, Bakı Şəhər Prokurorluğu, Ədliyyə Nazirliyinin qarşısında guya özünü yandırmaq istəyir, Babayev Elşad Ədliyyə Nazirliyinin qarşısındakı yeni tikili binanın 2-ci mərtəbəsinə çıxır və guya ki, özünü oradan ataraq intihar etməyə hazırlaşır, eyni anda da planlı şəkildə kanal 13-dəki, InterAzdakı, ANS-dəki daima birtərəfli verilişlər hazırlayan tanışlarının köməkliyi ilə törətdikləri bu gülünc əməlləri ictimailəşdirməyə nail olurlar. Onların bu çirkin əməlləri öz çılpaqlığı ilə ortada ola-ola nəyə görə onların haqqında bu günə kimi hələ də heç bir ölçü götürülməyib? Çünki hər kəs öz kürsüsünü itirməkdən qorxaraq, onların bu əməllərinə qarşı olmaq əvəzinə, onları qəbul edir, və onlara “narahat olmayın, sizin şikayətiniz təmin olunacaq” deyə vədlər verir və sonda bu vədlərə əməl edirlər. Çünki Sadıqova Səkinənin, həmişə özünün də dediyi kimi, qoşa-qoşa dost və general qohumlarının sözündən heç kim çıxa bilməzdi. Mən heç cür başa düşə bilmirəm, necə olur ki, notariusda qanuni şəkildə alqı-satqı, borc müqavilələri imzalandığı, mən öz evimdə yaşamaqdan məhrum olunduğum, külli miqdarda pulumun mənimsənildiyi halda təqsirləndirilən tərəf mən, zərərçəkmiş tərəf isə onlar olur?

Məni görmədən və dinləmədən haqqımda cinayət işi açılıb

Hətta mən Bakı şəhər prokuroru Əziz Seyidovun da qəbulunda olub, başıma gələnləri ona danışdım, şikayətimi bildirdim. Əziz Seyidov mənə “Bu iş mülki işdir, prokurorluq cinayət işinə baxır”,- deyə cavab verdi. Mən bütün lazımi orqanlara teleqramlar vursam da, qəbullara yazılsam da, cəhdlərimin hamısı boşa çıxdı. Amma onlara hər yerdə yaşıl işıq yandı və bütün istəkləri təmin olundu və indiyə qədər də təmin olunur. Necə oldusa, bir müddət sonra mənim mülki işim Bakı Şəhər Prokurorluğunun və oranın Mühüm Işlər üzrə müstəntiqi Asəm Səfərəliyevin və Sadıqova Səkinənin birgə əməyi nəticəsində cinayət işinə çevrildi və mən 2014-cü ilin sentyabrın 12-də sifarişli olaraq, şahid qismində Bakı Şəhər Prokurorluğuna izahatımın alınması üçün çağırıldım, elə həmin gün də həbs olundum. Mən bunun səbəbini Asəm Səfərəliyevdən soruşanda o, “Bu Baş Prokuror Zakir Qaralovun əmridir” deyə cavab verdi. Ali hüquqi sənədi olan konstitusiyanın tələblərini ciddi surətdə pozmaqla müstəntiq Asəm Səfərəliyev məni verilmiş sifarişin qurbanına çevirdi. Mən artıq 1 il 3 aydan çoxdur ki, Ədliyyə Nazirliyinin Bakı Istintaq Təcridxanasında qanunsuz olaraq saxlanılıram. Artıq 9 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində barəmdə məhkəmə prosesi gedir. Bu müddət ərzində Sadıqova Səkinə və onun havadarları yenə də sakit dayanmırlar, məhkəmə prosesinə durmadan müdaxilələr etdiklərinə görə hakimlər tez-tez dəyişdirilir.

Onlar mənim ailə üzvlərimə də hədə-qorxu gəlir, hətta onları hər yerdə izləməkdən belə çəkinmirlər. Buna görə də ailə üzvlərimə hər hansı bir zərər gəlməsindən qorxduğum üçün bütün bu müddət ərzində mən səsimi çıxara bilməmişəm. Çünki vaxtilə MTN-nin şəxsən öz başıma gətirdiyi oyunun canlı şahidi olmuşam. Mən belə düşünürəm ki, cinayət prosessual məcəlləsinə əsasən bu işə xitam verilməli və bu iş yenidən sifarişlə deyil, əsl təfərrüatları ilə araşdırılmalıdır. Çünki heç bir maddi sübut və fakt ortada olmadan, Suraxanı Rayon Prokurorluğu tərəfindən ifadəm, izahatım alınmadan, hətta məni görmədən və dinləmədən haqqımda cinayət işi açılıb. Mən bu gün sübuta yetirilmiş maddi faktlar əsasında deyil, sadəcə gümanlar əsasında ittiham olunaraq azadlığımdan məhrum olunmuşam. Bütün bunlara baxmayaraq, mən qanunun aliliyinə inanaraq və güvənərək, ləyaqətimin mövcudluğunu davam etdirirəm. Ümumiyyətlə, bu gün vəzifələrindən sui-istifadə edən bəzi məmurlar qanunlarla deyil, gümanlarla, sifarişlərlə idarə olunurlar.

Azərbaycan kəlağayısının UNESCO-da eksponat kimi qeydə alındığı bir dövrdə Azərbaycan qadınlarına böhtan ataraq, onları şərləyərək, Milli Təhlükəsizlik Nazirliyinə aparıb orada onlara işgəncələr verərək həbs etdirən bəzi MTN əməkdaşlarına nə ad vermək olar? Bir düşünün, görün adınız hansı işlərin altında yazılır? Imzalarınız haralara düşür? Ölkəmizin adına qara ləkə vuraraq özünüzə hansı qiyməti verirsiniz?!

Hörmətli Cənab Prezident! Mən də bu ölkənin vətəndaşıyam. Mənim də azad yaşamaq hüququm var. Son zamanlar hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirdiyiniz lazımi tədbirlərə məndə inam yarandı. Mən inanıram ki, qeyd etdiyim bu məsələ qanunvericilik çərçivəsində araşdırılacaq, bu faktla bağlı sifarişi yerinə yetirənlər o cümlədən, qeyri-qanuni olaraq pulumuzu ələ keçirənlər haqqında lazımi tədbirlər görüləcək. Ümidvaram ki, ədalət məhkəməsi gümanlar əsasında deyil, qanunlar əsasında aparılaraq haqq bərqərar olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam