İnflyasiya və işsizlik: birlərinin faciəsi –digərlərinin biznesi

Niyə bəziləri işlərini və pullarını itirirlər, digərləri iqtisadi fırtınada qazanırlar?
İqtisadiyyat – heyrətamiz elmdir.
Yenixeber.org: Xüsusilə də inflyasiya və işsizlik kimi fəlakətin kiməsə ziyan vurduğu, kimi isə varlandırdığı məlum olanda. Gəlin bu tamaşada kimlərin qurban, kimlərin VIP lojada oturan qalib tamaşaçı olduğunu araşdıraq.
İnflyasiya: borcluların hiyləgər müttəfiqi
İnflyasiyanı adətən nəsə iqtisadi “zökəm” kimi təsəvvür edirlər: guya ölümcül deyil, amma yaşamağa mane olur. Əslində isə bu, qiymətlərin davamlı artmasıdır. Və ən maraqlısı da buradan başlayır: inflyasiyadan hamı əziyyət çəkmir.
Kim inflyasiyaya görə ağlayır?
Bankirlər. Kredit verirlər, yerinə isə inflyasiya səbəbindən dəyəri qismən azalmış pul alırlar. Bu pulun alıcılıq qabiliyyəti aşağıdır. Bu pula, olsa-olsa, çay üçün şəkər almaq olar – çayın özünü isə yox.
Aşağı faizli əmanətçilər. Pullarını banka illik 7%-lə qoyurlar, inflyasiya isə 11%-dir. Formal olaraq pul yığırlar, əslində isə itirirlər – sadəcə asta-asta.
Sabit müqavilələrlə işləyən biznes. Malların tədarükünə köhnə qiymətlərlə müqavilə bağlanılır, amma istehsal xərcləri artıb. Təəssüf ki, ziyana işləyirsiniz – biznes romantizmi budur.
Kim sevinərək əllərini ovuşdurur?
Borclular. Xüsusən də çoxdan kredit götürənlər. Borclarını “ucuz” pulla qaytarırlar. İnflyasiya onların öhdəliklərini dəyərsizləşdirən şəxsi vəkil kimidir.
Dövlət. Dövlətin borcu var? Əla! Axı pulları çap edən də odur. Böyük miqdarda daxili borcu olan hökumət qazanır – çünki bu borc “ucuz” pulla ödənəcək. (Daxili borc – dövlət müəssisələrinin işçilərinə maaş borcu, dövlət sifarişləri üzrə şirkətlərə borc və s.)
Daşınmaz əmlak sahibləri. Məsələn, bir neçə evi olub kirayəyə verənlər. Kvadratmetrlər dəyərsizləşmir, evlərin qiyməti tədricən artır. Beləliklə, onlar udur, yastıq altında pul yığanlar isə uduzur.
Nəticə:
İnflyasiyalı iqtisadiyyatda udanlar – borclular və real aktivləri olanlardır. Uduzanlar – borc verənlər və pul yığanlardır. Dünya ədalətsizdir, amma məntiqlidir.
İnflyasiyadan qorunmaq üçün praktiki məsləhətlər
Real aktivlərə yatırım edin. Daşınmaz əmlak, qızıl, iri şirkətlərin səhmləri tarixi olaraq inflyasiyadan “yastıq altındakı” pullardan daha yaxşı qoruyur.
Əmanətlərinizi diverfikasiya edin. Pulunuzu tək bir valyutada və ya bir bankda saxlamayın.
Borcdan ağılla istifadə edin. Sabit faizli kreditlər yüksək inflyasiya şəraitində “ucuzlaşa” bilər, amma borc yükünü artırmaq olmaz.
Depozit faizlərinə diqqət edin. Faiz dərəcəsi inflyasiyadan aşağıdırsa – pul itirirsiniz. Heç olmasa inflyasiya səviyyəsinə yaxın gəlir gətirən alətlər axtarın.
Əgər inflyasiya pulunuzu cibinizdən səssizcə oğurlayırsa, işsizlik artıq “girov götürülmə ilə müşayiət olunan” oğurluqdur. O, yalnız maaşınızı deyil, özünəinamınızı, istirahət planlarınızı və yeni kostyum almaq bəhanənizi də əlinizdən alıq. Dünyadakı yüksək işsizlik də iqtisadi xəbərlərin daimi qonağıdır. Gəlin həmin dramın bu tərəfinə də baxaq.
İşsizlər əslində kimlərdir?
İqtisadçılar hər şeyi təsnif etməyi sevirlər – hətta evdə oturub, pişiklə oynayaraq həyatdan şikayətlənənləri də. Statistikaya görə hər şey sadədir:
Məşğullar – maaş alan “xoşbəxtlər”dir (hətta həmin anda evdə hərarətlə uzansalar da).
İşsizlər – işləmir, amma aktiv iş axtarır: vakansiya saytlarını “hücum edir”, CV yeniləyir, dostlara “iş barədə yeni bir şey eşitmisən?” deyə zəng edir.
İqtisadi cəhətdən qeyri-aktivlər – “filosoflar”, tələbələr, təqaüdçülər və artıq təslim olub iş görüşləri əvəzinə seriallara üstünlük verənlər.
Beləliklə, divanda uzanmısınızsa, amma iş də axtarmırsınızsa – rahat olun, siz rəsmi olaraq işsiz deyilsiniz. Statistika sizin divanda oturub tavana baxmaq mübarizənizi görməyəcək.
Hamı üçün vahid düstur
İqtisadçılar sadə düsturları sevir:
İşsizlik səviyyəsi = (işsizlərin sayı / işçi qüvvəsi) × 100%
Burada işçi qüvvəsi – işləyənlər və ya heç olmasa işləməyə cəhd edənlərdir. Statistlərin fikrincə, qalanları oyunda iştirak etmir. Çox rahatdır, deyilmi? Xüsusən də gözəl rəqəmləri olan hesabat istəyən məmurlar üçün.
İşsizliyin növləri: kədərin dörd çaları
Darıxmasınlar deyə, işsizliyi də növlərə bölüblər – qəhvə çeşidi kimi.
Müqavimət – müvəqqəti. Universiteti bitirmisiniz və ya “ürəyinizə yatan” işi tapmaq üçün işdən çıxmısınız? Təbriklər, siz müvəqqəti işsizsiniz! Bu, ən “intellektual” işsizlikdir: iş var, siz sadəcə öz “dahiliyinizə” layiq birini axtarırsınız.
Dövri – böhran. İqtisadiyyat enişdədir, istehsal azalır, tələbat düşür – sizi də işdən çıxarıb evə göndəriblər. Klassika: “Ştatı optimallaşdırmaq məcburiyyətindəyik.”
Struktur – iş var, amma sizin üçün deyil. Çin dilini bilən və kompüter qrafikası bacarığı olan mühəndis lazımdır, sizdə isə Word və Excel sertifikatı var. Yenidən öyrənənə qədər “işsiz 2.0”-sınız.
Mövsümi. Yayda fermer, qışda “filosof” olursunuz. Kurort, tikinti işçiləri, repetitorlar da buradadır – bəziləri dincəlir, bəziləri iş axtarır.
İşsizlik təkcə pul deyil
Psixoloqlar deyir ki, işdən ayrılmaq az qala boşanma kimidir. Əvvəl şok, sonra apatiya, sonra isə vermişel şorbası və uğurlu insanlar haqda seriallara gözlənilməz həvəs. Üstəlik, sağlamlığın pisləşməsi və mətbəxdə “səmimi söhbətlərin” artması.
İşsiz qalmısınızsa, nə etməli?
Gündəlik rejiminizi itirməyin. Özünüzə “iş qrafiki” tərtib edin: səhər vakansiya axtarışı, günorta təhsil və ya kurslar, axşam istirahət.
Bacarıqlarınızı yeniləyin. Yeni peşələr üzrə (İT, marketinq, maliyyə) pulsuz onlayn kurslar “struktur” işsizliyindən daha tez çıxmağa kömək edəcək.
Əlaqə dairənizi genişləndirin. Tanışlara və dostlara iş axtardığınızı deyin – çox vaxt təkliflər gözlənilməyən yerlərdən gəlir.
Cəmiyyət də sual qarşısındadır: kömək etmək, yoxsa cəzalandırmaq?
Müavinət, təkrar hazırlıq kursları və ikinci şans vermək?
Yoxsa onları tənbəllikdə günahlandırmaq və xarakteri gücləndirməyi tövsiyə etmək?
Həqiqət isə həmişə ortada olur. Müavinət ona görə lazımdır ki, insanlar xroniki işsizə çevrilməsin, amma iş də lazımdır ki, bu müavinət həyat tərzinə çevrilməsin.
Son nəticə
İnflyasiya pulu, işsizlik isə əməyinizi dəyərdən salır. Onlar statistikanı və əhval-ruhiyyəni pozur, amma iqtisadiyyatı canlı edir: deməli, kimlərsə itirir, kimlərsə qazanır. Özünüzü qorumağın ən yaxşı yolu – oyunun necə qurulduğunu başa düşmək və vaxtında strategiyanızı dəyişməkdir.(pressklub)
Fuad Rəsulov