Jurnalistlə sabiq nazirin həbsini birləşdirən silahlar
Pərviz Həşimlinin işində üzə çıxan yeni hallarla əlaqədar Ali Məhkəməyə müraciət olunub
Xeberinfo.com: Jurnalist Pərviz Həşimlinin işinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət olunub. Bu barədə “Azadlıq” radiosuna jurnalistin yaxınları məlumat verib.
Ötən həftə Ali Məhkəməyə təqdim olunan müraciətdə bildirilir ki, Pərviz Həşimlinin işilə bağlı bir sıra məqamlar üzə çıxıb. Ona görə də yeni açılmış hallar üzrə bu işə yenidən baxılması zəruridir.
Yaxınlarının sözlərinə görə, müraciətdə, özəlliklə, jurnalistin barəsindəki cinayət işilə hazırda həbsdə olan sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin işi arasında paralellər aparılıb.
Onların hər ikisi keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub, ibtidai istintaqı da bu qurum aparıb. Həm Nicat Quliyev, həm də Pərviz Həşimliyə CM-nin 228-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə ittiham verilib.
Jurnalistlə keçmiş nazirin həbsi arasında cəmi bir ay fərq olub – Nicat Quliyev 2013-cü ilin avqustunda, Pərviz Həşimli isə sentyabrında həbs olunub. Hər iki cinayət işində silahların Hüseyn, Rza adlı Iran vətəndaşlarından alındığı qeyd olunub. Amma həmin Hüseynin, Rzanın barəsində əlavə heç bir məlumat verilmir.
Müraciətdə ən çox diqqətçəkən məqam isə Pərviz Həşimlidən tapıldığı iddia olunan silahlarla bağlıdır. Ali Məhkəməyə təqdim olunan məktubda qeyd edilib ki, hər iki cinayət işində eyni buraxılış silahlardan söhbət gedir.
“Bütün bunlar sübut edir ki, Pərviz Həşimliyə qarşı irəli sürülmüş ittiham saxtadır və o, sifarişlə məhkum olunub”, – deyə müraciətdə qeyd edilib.
Yeri gəlmişkən, keçmiş nazir də bu yaxınlarda Baş prokurora müraciətində onunla bağlı cinayət işində istifadə olunan silahlardan bəhs etmişdi. Nicat Quliyev yazırdı ki, vəkili, mərhum Elton Quliyev iş materiallarında nömrələri qeyd olunan silahlarla bağlı araşdırma aparıb. Əldə olunan rəsmi arayışlar sayəsində üzə çıxıb ki, “Makarov” kimi təqdim olunan silahlar Rusiyada istehsalıdır, özü də odlu silah deyil, siqnal tapançalarıdır. Bu barədə Rusiyada həmin silahların istehsal olunduğu zavoddan Elton Quliyevə göndərilmiş cavab məktubunda yazılıb.
Xatırladaq ki, Pərviz Həşimli CM-nin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələrilə 8 il azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir və keçmiş MTN-in vəzifəli şəxslərinin sifarişilə həbs olunduğunu bildirir.
Keçmiş nazir Nicat Quliyevə isə CM-nin 228-ci maddəsilə üç il həbs cəzası verilib.