Qarabağa yeni marşrutlar açılacaq
Bu ilin yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb. Bu günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Yenixeber.org: Sərnişinlərdən 3049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib. Ağdama isə ümumilikdə 1399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.
Bundan əlavə, 67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.
Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla əlaqədar bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət ünvanlayıblar.
Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, digər bölgələrə də səfərlərin həyata keçiriləcəyi gözlənilir.
Bəs işğaldan azad olunmuş digər ərazilərə səfərlər nə vaxt təşkil olunacaq?
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb.
Rəsmi məlumatda diqqətə çatdırılıb ki, bundan əlavə işğaldan azad edilmiş ərazilərin nəqliyyat inteqrasiyasını təmin etmək üçün əlaqələndirici marşrutlar üzrə müsabiqələrin keçirilməsi də nəzərdə tutulub:
“Belə ki, bir müddət əvvəl Əhmədbəylidən keçməklə Bakı-Horadiz marşrutu müsabiqəyə çıxarılıb. Bilirsiniz ki, Əhmədbəyli –Şuşa marşrutu fəaliyyət göstərir.
Qeyd edək ki, ilkin olaraq daşımaların və sərnişinlərin təhlükəsizliyi, infrastruktur nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması məqsədəuyğun hesab edilib”
Qurumdan daxil olan məlumatda vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcək:
“Marşrutların açılması “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur”.
Növbəti mərhələdə Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və digər bölgələrimizə səfərlərin təşkili gözlənilir.
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri təşkil olunur. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manatdır. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.