“Biz yeni reallığa uyğunlaşmalıyıq” -Peskov
“Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil, Moskva Avropa İttifaqının bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək”.
Yenixeber.org: Bunu Amerikanın “PBS” teleşirkətinin efirində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərardan xəbər tutan kimi nəyin edilə biləcəyini araşdıracağıq. Lakin biz qətiyyən bununla bağlı xeyriyyəçiliklə məşğul olmaq, Qərbi Avropaya pulsuz qaz göndərmək niyyətində deyilik”, - Rusiya liderinin rəsmi nümayəndəsi bildirib.
“Ödəniş yoxdursa, qaz da yoxdur”,- deyə Peskov xəbərdarlıq edib.
Peskov bildirib ki, Qərb dövlətləri əslində Rusiyaya qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlayıb:
“Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya faktiki olaraq bizə qarşı ticarətdə, iqtisadiyyatda müharibə aparır, əmlakımızı zəbt edir, pulumuzu ələ keçirir, maliyyə əlaqələrimizi əngəlləyir, biz Rusiyada özümüzə qarşı müharibəni hiss edirik. Və biz yeni reallığa uyğunlaşmalıyıq”.
Peskov həmçinin əlavə edib ki, ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə bağlı açıqlamaları ciddi narahatlıq doğurur: “Əvvəla, bu, şəxsi təhqirdir və siyasi liderin, xüsusən də dünyanın ən böyük ölkəsinin siyasi liderinin ritorikasında şəxsi təhqirin yerini təsəvvür etmək çətindir. Biz buna çox təəssüf edirik. Onun Putinin Rusiyada hakimiyyətdə olmaması və ya olması barədə bəyanatı təbii ki, tamamilə qəbuledilməzdir”.