Ölüm keçidi
"Xeberinfo.com": Sizi bilmirəm, mən xalqımızı dünyanın ən inkişaf etmiş (istər iqtisadi, istərsə də mədəni cəhətcə olsun) xalqı sayıram. İnanmayanlar üçün sübut, dəlil də gətirərəm. Eləsə buyrun. Məsələn, atası Məmməd, anası Güllü olan xalq sevgisini doğmalarına bildirmək üçün atasına "Mamedçik", anasına "Güliçka" deyə müraciət edir. Necə ki, bütün xalq Şamaxı yoluna "Şamaxinka" deyir. Olsun. Ölkədə tam demokratiya höküm sürür, fikir, düşüncə azadlığıdır. Kim necə istəyir eləcə də deyir. Mənim məqsədim heç də bir çox millətlərin yatsa belə yuxularında xəyal edə bilmədikləri mədəniyyətimizi, iqtisadiyatımızı kiminsə gözünə soxmaq deyil. Eks prezident A. Mütəllibov demiş, o alayı şeydi. Öz dilimizdə "Şamaxinka" dediyimiz yer var ey, deyirəm oranı xaraba qalsın. Mən burdan mikrorayona keçəndə az qalıram infarkt keçirəm. Soruşa bilərsiniz ki, niyə, nə baş verib, niyə bu yaşda qarğış qarğayırsınız? Onda mən yazım, siz də oxuyun. Bura nəqliyyatın ən gur yeridi. Bu azmış kimi bir tərəfdən də 2-ci Alatava yaşayış sahəsi tərəfdən gələn saysız maşınlar da bura çıxır və olur daha gur.Hamı səs siqnallarını işə salır, ağız deyəni, qulaq eşitmir.Dəhşətli dərəcədə tıxac yaranır.Şimal tərəfdən gələn bütün avtobuslar piyadalar üçün nəzərdə tutulmuş ağ zolağın üstündə saxlayırlar. Halbu ki, 30 metir qabaqda dayanacaq var.Nə sərnişinlər dayanacaqda dayanır, nə də avtobuslar dayanacaqda saxlayırlar, sanki hərcimərcilikdi, ölkədə qanun deyilən bir şey yoxdur. Kim necə istəyir, nə istəyir onu da edir.
Buna görə bir neçə dəfə sürücülərə iradımı bildirmişəm. Çox təəssüf ki, mənim dediyimi saya salmayıblar. Məcbur olub Nəqliyyat Nazirliyinə 563-24-44 nömrəli telofona zəng edib nöqsanları demişəm. Nəzarət şöbəsinin müdürü də mənə məsləhət görüb ki, mən bir- bir həmin avtobusların dövlət nömrə nişanlarını və hansı marşurut olduğunu deyim. Müdürün bu təklifindən anladım ki,dostum məni azdırır.Eləmədim təbəllik onlarla avtobusun dövlət nömrə nişanını və hansı marşurut üzrə hərəkət etdiyini yazıb təklifci müdürə dedim. Və bu yerdə yadıma bir lətifə düşdü. Deyir ali məktəb müəllimi rüşvət ala bilmədiyi tələbəyə sual verir ki, ikinci dünya müharibəsində SSRİ nə qədər adam itirib? Tələbə cavab verir ki, bu qədər. Müəllim tələbənin cavabına irad tuta bilmir və növbəti sualını verir. Adların say görüm.
Atalarımız Şah oğlu Şah babamızın bizə əmanət qoyduğu ucsuz- bucaqsız torpaqları qoruyub saxlaya bilməsələr də gözəl deyimlər, kəlamlar qoyub gediblər.Onlardan biri də budur: "Sən saydığını say, gör fələk (burda şöbə müdürü oxunmalıdı) nə sayır. Müdürün yağlı vədindən bir neçə gün keçmişdi, amma heç nə dəyişməmişdi. Köhnə haman, köhnə tas idi. Buna baxmayaraq kişinin yağlı vədində bir tam, dad ümidində idim.
Nəhayət.növbəti bir neçə gündən sonra gördüm ki, nazirliyin paqonlu, paqonsuz onlarla nümayəndəsi at belində (siz maşın oxuyun) tökülüşüblər bizim "dildə" dediyimiz "şamaxinka"ya.İki bir, üç bir iki yolun arasındakı meydanda laqqırtı vururlar. Onu da deyim ki, ilk dəfə bura yaşıllıq və istirahət zolağı kimi nəzərdə tutulmuşdu. Yaşıllıq kolları və ot əkilmişdi, oturmaq üçün skamiyalar qoyulmuşdu. Baxımsızlıqdan yaşıllıq yanıb kül oldu. Bu arada hökümət buranı boş görüb ağacını ora sancdı və oranı pullu dayanacaq elədi.Mətləbdən uzaqlaşmayım, qayıdım "nəzarətçi"lərin üstünə. İki nəfər əlində dəyənək sürücülərə avtobusu dayanacaqda saxlamağı tələb edirdilər. Amma sürücülər onları heç saya belə salmırdılar, istədikləri yerdə saxlayırdılar. Beləcə "müfəttişlər"in düzəltdikləri şou bir saatdan sonra başa çatdı. Bə onlar "köhlən at"larını minib bir başa xaşxanalara sürdülər. Bu da nazirliyin şikayətə verdiyi reaksiya.
Ölümü gözünün aitına alıb, qorxa- qorxa. hürkə- hürkə, maşınlara ilişə-ilişə Moskva prospektini keçib mikrorayona getmək istəyənləri 20 yanvar küçəsinin başında- tində parklanıb sərnişin gözləyən ( yox. məni bağışlan,gözləyən ifadəsini düz işlətmədim,həyasızcasına, iyrəncsəsinə çığra-çığra çağıran) şəxsi taksi sürücüləri topalama yolun ortasında durub ordan kekeçənləri az qala zorla Mərəzəyə, Şamaxıya aparmaq istəyirlər. Bunu nazirliyin işçilərinə deyib, kömək istəyəndə dedilər ki,biz o işə baxmırıq. Ona Nəsimi rayonununun yol polisi baxır. Nazirliyin işçisi düz deyirdi. İstər nazirliyin, istərsə də yol polisinin işçiləri xalqın rahatlığına yox, özləri üçün pul toplamağa baxırlar. Böyük Sabir demiş "Millət necə tarac olur- olsun nə işim var".
Lazımsız və əhalinin sıx olmayan yerində körpülər, yer altı keçidlər tikənlər hələdə işlərini günün tələbləri səviyyəsində qura bilmirlər və yaxud da bilərəkdən istəmirlər. Sadə xalq isə bunların ucbatından əziyyət çəkir. Əziyyətin mübarək zavallı xalq.
Məhərrəm Şəmkirli