Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yanpörtü yerişə öyrətdilər bizi

       

 

"Xeberinfo.com":  Bu yaşa gəlmişəm insanın ancaq bir istiqamətə-qabağa getməyini görmüşəm.Amma bəzi adamların hərdən geri-geri getdiyinə də təsadüf etmişəm.Və belələrini görənlər onları dəli,ağılsız və s. adlandırıblar,büdrəyib yıxılmalarına da qəhqəhə çəkib gülmüşlər.

  Yetmiş il Sovetlərin tərkibində olan ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyət camaata yeni bir yeriş növü- yanpörtü yeriməyi öyrətdi və biz az qala ki,köhnə ata-baba yerişimizi unudaq. Soruşa bilərsiniz,məyər camaatımız dəli olub ki, belə çətin yeriş növünü seçib? Yox,niyə ki,bizinkilər hətta başqalarına belə ağıl vermək qabiliyətindədirlər. Həyatda heç kim öz xoşuyla dəli olmaq istəmir və ömür billahı da bu istəyə düşməz.Ağzında dəli deyirsən axı.Ancaq bəzi üzdəniraqlar adamları zorən dəli olmaq həddinə çatdırırlar,özü də "nervinni" dəli. Kimsə sinəsinə döyüb deyə bilər ki,özüm dəli olmasam, məni heç kim dəli edə bilməz.Mən isə deyirəm, ay döşünə döyən oğlan, gəl Bakının "səki"ləri ilə düzünə get, görüm necə gedirsən? Vallah altı- yeddi addım demirəm, ən çoxu iki addım düz yeriyərsən, üçüncü addımında ayağını sərbəst ata bilməyib keçərsən yanpörtü yeriməyə. Səkidə bir-birinə yaxın parklanmış maşınlar buna imkan verməz. Maşınların arasından bir az qabağa gedərsən və sevinərsən ki, bundan sonra düz gedəcəksən.Aldanma, qarşıda qəssab dükanı var. Dükanın qabağında da pəncərənin dəmir barmaqlığına bağlanmış iri bir cöngə.Burdanda qorxa-qorxa yanpörtü keçərsən.Növbəti ət dükanının qarşısında gözünə döndüyüm qəssab böyük bir dananı kəsib başını qoyub düz səkinin ortasına ki,alıcının gözü onu tez görsün. Sən də səkidən maşın yoluna düşməyə qorxursan. Allah eləməmiş,qulaqlara qurğuşun,sürətlə gələn bir maşın səni vurub atdı yolun ortasına.Sən də qaldın yolun ortasında, başladın can verməyə.Heç kim də sənə kömək əlini uzatmadı. Bütün bunları nəzərə alıb, başlayırsan yeni yeriş növüylə yeriməyə.

   Xeyli müddət bundan qabaq Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ağızlarını cıra-cıra TV ekranlarından xalqa bəyan edirdilər ki, indən sonra Bakıda xüsusi kəsim yerləri olacaq və orda heyvanlar kəsilib mağazalara daşınacaq. Bu yerdə mağaza sahiblər deyirlər: Ay siz öləsiniz? Mağazanın qabağına heyvan bağlamadın,onu camaatın gözünün önündə kəsmədin, sənin alıcın olar?

  Bütün bu yalanları eşitdikdən sona adamın ürəyindən belələrinə yağlı bir söyüş söyməyi gəlib demək isdəyir ki,sizlərin rüşvətxorluğunuzun, nəfsinizin itiliyindən dediklərinizin heç biri həqiqət olmayacaq.Çünki sizlər qanun və onun aliliyi adlı bir şey tanımırsınız və neçə ki,başınızın üstünə dəmir yumuruq qalxmayıb tanımayacaqsınız da.

   Dəyərli oxucular, sizi bilmirəm,amma mən qəti əmin olmuşam ki, ölkədə elə bir qanun yoxdur kağız üzərində qalmasın.Heç kim etiraz etməsin.Həqiqətə etiraz olmaz. Mən deyim, siz də qulaq asın. Qanunla ölkədə küçə ticarəti ilə məşğul olmaq qadağan olunub.Nə gözəl.Bu inkişaf etmiş, sivil bir ölkəyə heç yaraşan deyil.Bu həmin xalqın ən yüksək mədəni göstəricisidir. Amma gəlin görək biz xalq olaraq buna nail olmuşuqmu? Qətiyyən yox.

   Kimin bir balaca mağazası var, qarşısını da zəbt edir.Nəyi var tökür səkiyə. Anan ölməsin piyada, burda neyləməlisən? Yanpörtü yeriməlisən. Allah eləməmiş, yanpörtü yeriyə bilmədin düz yeridin. Bilmədin ayağın ilişdi səkiyə yığılmış mala. Mal sahibi də oldu ağıldan az, qoldan güclü, dəli inək balasını ayağının salan kimi saldı səni ayağının altına. Başladı tapdalamağa, ağzın, burnun qarışdı alqanına. Sonra hara və kimə şikayət edəcəksən, məhkəməyə? Yazıqsan,elə şey eləmə.Səni ilan kimi süründürərlər, çərləyib ölərsən. Balaların yetim qalar.

   Piyada, icazə ver,bu yerdə sənə bir lətifə danışım. Deyir metroya girəndə cavan oğlan bilmədən mal satan bir nəfərin mallarını dağıdır.Mal sahibi tutur oğlanın yaxasından ki, "korsan bir ayağının altına bax də".

  Təhqir olunan oğlan:

- A kişi, bura mal satmaq yeridir? Hələ bir məni də borclu çıxarırsan.

- Ə, çığıraram, hələ o yana da keçərəm. Mal mənim deyil. harda istəyirəm, orda da

satıram. İstəsəm lap ağzını "market"eləyib orda sataram.

  Yanpörtü yeriməkdən başqa bir misal deyim. Yəqin ki, 20 Yanvar metro stansiyasındakı durumdan hər kəsin xəbəri var. Keçiddəki ticarət köşkləri bütün metro dayanacaqlarından yığışdırıldığı halda burdan hələ də yığışdırılmayıb. Sahibkarlar ( əgər onlara sahibkar demək olarsa) dar keçiddəki köşklərinin qabağına mal yığmaqla bir az da daraldıblar. Bu da rahat gediş- gəlişə mane olur,kimsə də dillənə bilmir.Yəqin ki, bu qorxaqlara,öz haqqlarını tələb edə bilməyənlərə yanpörtü yerimək düz yeriməkdən sərfəlidir.

  Böyük Cəlil Məmmədquluzadə yazırdı: "Yazıq millət, biçarə millət". Başın necə də aşağı olub, üzün tüpürcəkli olmağa da lap az qalıb.

  Bu günlərdə mikrorayon tərəfdən Respublika xəstəxanasına tərəf gedirdim. Yolumu yer altı keçiddən yox, yerin üstündən saldım.Gördüm körpünün altında iki nəfər cavan polis nəfəri bir neçə nəfər cavan uşağı saxlayıb keçiddən keçmədiklərinə görə cərmələyir. Özümü saxlaya bilmədim bilə-bilə soruşdum:- Nə baş verib?

  Polislərdən biri mənə tərəf çevrilib dedi ki, niyə piyadalar üçün salınmış keçiddən keçmirsiniz? Dedim ki,siz dediyiniz keçid yox, bazardı.Mən bazardan yox, normal keçiddən keçmək istəyirəm,əvvəl bazarı keçid elən, sonra qanundan danışın. Dedilər o bizlik deyil. Bu da "qanun keşikçiləri"nin mənə yanpörtü cavabı.

   Yanpörtü yeriməkdən lap təngə gəlmişəm.Hətta gül kimi yerişimi belə unutmuşam. Ona görə də üzümü Bakı şəhər və Yasamal rayon icra hakimiyyətlərinin başçılarına tutub deyirəm: İnsafınız,mürvətiniz olsun, bizim insan kimi olan yerişimizi özümüzə qaytarın. Camaatın qarğışından, Allahın cəzasından qorxun.Yayxanıb oturduğunuz kreslolarınızdan qalxıb bir şəhəri gəzin,insanlarla görüşün,tələblərini, təkliflərini dinlən, nöqsanları görün. Qorxman, cangüdənsiz gəlin. Bunun sizin imicinizə xeyri var.  

 

Məhərrəm Şəmkirli

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam