İtirdiklərimiz
Xeberinfo.com: Bizdə məsəl var, deyirlər ki,ehtiyac qul edər qəhrəmanı da. Şükür Allaha, mən hələ ki,elə bir ağır duruma düşməmişəm. Amma bu günlərdə cüzi bir ehtiyacım yarandı, o da yeməyə-filana yox ha, bir neçə kiloqram pambığa.Onu da yoluna qoydum. Sizdən yaxşı olmasın Kürdəmirdə bir yaxşı fermer dostum var, ona ağız açdım ki, mənə əl tutsun.Sağ olsun.Boyun qaçırmadı. İstədiyimdən də çox pambıq göndərdi. Allah qazancını bol eləsin, bu il böyük zəhmət bahasına yaxşı məhsul yetişdirib. Soruşa bilərsiniz ki, mən pambığı neynirəm və yaxud da apteklərdə paketlənmiş tər-təmiz pambıq olduğu halda nə üçün fermer dostundan təmizlənməmiş. çirkli pambıq almısan? Əvvalə,təmizlənməmiş pambıq səsi az keçirir, ikinci də müfdədir axı.Biz də müfdə, havayı üçün ölmürük.
Şübhələnə bilərsiniz ki, yəqin bu qədər pambıqla ya baş kəsirəm, yada yorğan- döşək düzəldirəm.Bunu başqası haqqında düşünə bilərsiniz, amma mənim haqqımda belə düşünə bilməzsiniz. Ona görə ki,hamınız mənim necə istiqanlı, mülayim olduğumu gözəl bilirsiniz. Və onu dabilməmiş deyilsiniz ki,bəzi adamların səhətində problem olduğunda həkim onlara pambıq yorğan- döşəkdə yatmağı məsləhət görür. Şükür ki, mənim sağlamlığımla bağlı belə bir problemim yoxdur. Allah eləsin sizin də olmasın.
Dəyərli oxucular, sizi bilmirəm, mən ömrümdə sirr filan saxlaya bilmirəm. Mən bildim, ailəm bildi. Elə buna görə də çox vaxt məni adımla yox, ayamamla- "xəbərinform" deyə çağrırlar. Yəqin ki, hər biriniz şəhərdə, kənddə yaşamağınızdan asılı olmayaraq 20 Yanvar metro stansiyasının özündə və ətrafında olmusunuz. Stansiyanın dörd tərəfə olan hər bir çıxışında da taksi sürücüləriylə qarşılaşmısınız. Onların heç bir etik normalara rayət etmədən qarşınıza yeriyib sizi az qala zorla Müşviqə, Sumqayıta, cənub rayonlarına, Sədərəyə, Binəyə, Meyvəliyə və daha haralara aparmaq istədiklərinin də şahidi olmusunuz.
Çörək pulu qazanmaq, ailə dolandırmaq hər bir kişinin boyun borcudur.Amma bu şəkildə də yox də! Peşmansan stansiyadan metroya girəsən, ya da çıxasan. Üstünə elə tökülürlə ki, çaşıb qalırsan, bilmirsən əllərindən necə qurtarasan? Bir çıxış yolu qalır ki,o da iki əlli qulaqlarını tutub qaçdıqca qaçasan. Yoxsa bir-birinə qarışmış səslərdən beynin çatlayar.
Biz tərəflərdə bağırtını,çığırtını vecinə almayıb qulaq ardına vuranlar haqqında deyirlər:" Bəxtəfərin nə saz başı var".Şəxsən mən inanmıram ki, bu gün kiminsə saz başı ola, bu səs-güyü götürməyə. Ona görə də mən xeyli düşünüb- daşınandan sonra belə qərara gəldim ki, burdan (20 Yanvar metro stansiyasından) keçəndə mütləq qulaqlarıma fermer dostumun göndərdiyi pambıqdan tıxayım. Və belə də edirəm. Amm buna baxmayaraq onların- sərnişin həsrətiylə alışıb- yanan sürücülərin əl- qol hərəkətlərindən, gücləri çatan qədər ağızlarını açıb- yummalarından bilirəm ki, qulaqlarımdakı pambığı bir anlığa çıxarsam qulağım səsdən batar, başım da dağılar.
Bu üzdəniraq səhnəni bütün günü orda olan yol polisləri görürlər,amma görməməzliyə vururlar. Niyə? Ona görə ki, onlar da. onlardan çörək pulu alırlar. Bax, beləcə ömrümüzü-günümüzü bir qarın çörək yolunda itirə-itirə əsəbi oluruq,insanlıqdan çıxırıq, mənliyimizi, ləyaqətimizi, mədəniyyətimizi itiririk.Daha çox bir-birimizə qarşı diqqətsiz, əzazil, qəddar oluruq.
Məhərrəm Şəmkirli