Heykəllər götürülsün,ya yox?
Xeberinfo.com: Atalarımızın gözəl bir deyimi var. Deyir, "Bir dəli quyuya bir daş atdı, yüz ağıllı onu çıxara bilmədi". İndi atalarımızın sözü olmasın bir nəfər "ağıllı" adam ortaya çıxıb deyir ki, bəs sovet dönəmində yaşamış şair və yazıçıların heykəlləri götürülməlidir. Niyə?! Çünki onlar sahib olduqları dünya görüşü ilə ziddiyətli şəxsiyyətlərdir. Ay bərəkallah, sənə və sənin düşüncənə, təklif verən! Sən heç papağını (əgər papağın varsa)qabağına qoyub fikirləşdinmi ki, dünənə daş atana, gələcək top atar. Və bu toplardan elə biri sənin təpənə düşə bilər.
Hər kəsə məlumdur ki, tarix şəxsiyyət yaratmır(bu heç onun borcu da deyil), amma şəxsiyyət tarix yaradır,tarixdə də qalır. Tarix yaradan şəxsiyyəti(istər yaxşı olsun,istərsə də pis) tarixdən silmək, yox etmək mümkün deyil.
Kimliyindən asılı olmayaraq ölkədə kimə heykəl qoyulubsa o sənət əsəridir.Və bu sənət əsəri kimi də qorunub mühafizə olunmalıdır.Yoxsa filankəs kommunist olub,bəhmənkəs menşevik olub,bu gün onun heykəli götürülməlidir.Yerinə də filankəsin heykəli qoyulmalıdır kimi qərar çıxarıb, höküm vermək, düzgün yanaşma deyil. Bu yerdə yadıma bir lətifə düşdü. Oğul atasına irad tutub deyir:
-Dədə, ay dədə, mən səninlə qurtardım.
-Niyə, a bala?
-Sən partakrat olmusan.
- Nolsun a bala,axı sən də məndən olmusan.
İnsanların xarici görünüşləri müxtəlif olduğu kimi düşüncələri,fkirləri, dünya baxışları da müxtəlifdir. Həyat elə bu müxtəlifliyinə, fərqliliyinə görə yaşamalıdır. Bu olmasaydı insan həyatı nə qədər yeknəsək, darıxdırıcı olardı. Qonşu Dağıstan respublikasının xalq şairi Rəsul Həmzətov deyirdi ki. hamıya mehirbanlığı mən yaltaqlıq sayıram. Həyatda hamının eyni olması,eyni düşünməyi mümkün deyil.
Sovet dönəmində yaşamış insanların şərəfinə ucaldılmış heykəllərin sökülməsinə,götürülməsinə tərəfdar olanlar onların yerində Nuru Paşanın, Məhəmməd şah Qacarın, Nadir şahın və b.heykəllərinin ucaldılmasını istəyirlər. Məyər N.Nərimanovun, S.Vurğunun Azərbaycan mədəniyyətində, ədəbiyyatında xidmətləri onların xidmətlərindən az olub?!
Sovet dağılan kimi biz də qolumuzu çırmayıb o vaxt nə qurmuşduq hamsını yerli- dibli məhv elədik. Sanki dağıtdığımız özümüzün yox,düşmənin idi. Amma qətiyyən belə eləməməliydik, o abidələrin hamsını bir yerə yığıb gələcək nəsillərə göstərməli idik. Amma buna dünya görüşümüz, sivilliyimiz, mədəniyyətimiz, düşüncəmiz çatmadı.
İndi özümüzü millətini, onun tarixini, mədəniyyətini, ədəbiyyatını sevən, dəyərləndirən kimi göstərməyə çalışırıq. Gedənlərin arxasınca bildiyimizi, bilmədiyimizi danışırıq, çən bağlayırıq, qara yaxırıq, çamır atırıq. Son vaxtlar S. Vurğun haqqında üzdəniraq "üzdə"olanlar nələr demədilər, nələr yazmadılar. Sanki bunlar millətin, xalqın dostu, qardaşıdırlar, onlar isə düşməni. Belələrindən soruşmaq lazımdır ki, onda söylən görək sizlər neyləmisiniz? Təbii ki, susacaqlar, deyəcəkləri bir şey yox.
Bu yerdə yadıma uzun illər bundan qabaq bir təyinatlı deputatın Milli Məclisdə bəyan elədiyi bir olay düşdü. O deyirdi ki, bəs deməsənmi Nizaminin anası kürd qızı olub. Bu yerdə beləsinin yaxasından tutub deyəsən, ay xalası göyçək, sən doğma atanın kimliyini bilmirsən, Nizaminin anasının kürd qızı olduğunu hardan bildin?!
Mən bir şeydən qorxuram. O şeydən qorxuram ki, bu gerizəkalılar sabah M. P. Vaqifi vəzir olduğuna, M. Füzulini Leylini Məcnuna vermədiyinə görə xalq düşməni çıxarıb, heykəllərinin götürülməsini gündəmə gətirsinlər. Buna mənim heç şübhəm yox.
Məhərrəm Şəmkirli