27 sentyabr Anım Günü münasibətilə Qazax rayonunda “Qarabağ Azərbaycandır” abidəsi önündə şəhidlərin xatirəsinə tədbir keçirilib. Tədbir iştirakçıları, şəhid ailələri, ictimai fəallar və digər vətəndaşlar Heydər Əliyev Parkının yanındakı körpüdə toplaşaraq səmaya dilək fənərləri (Çin fənərləri) buraxmaq istəyiblər.
Yenixeber.org: Tədbirin təşkilatçıları qeyd ediblər ki, bu mərasim barədə məlumat bir neçə gün öncədən Qazax rayonuna aid sosial media qruplarında və səhifələrdə paylaşılıb, vətəndaşlar da buna uyğun şəkildə qoşulublar. Hər hansı bir maneə barədə əvvəldən məlumat verilməyib.
Lakin tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev, yanında bir neçə şəxs ilə birlikdə, tədbirə müdaxilə edib. Onlar dilək fənərlərini çıraraq tədbirin keçirilməsinin qarşısını alıblar. Məmməd Alıyev, tədbirdə iştirak edən şəhid analarına və ailələrə yönələrək belə deyib:
“Gözünüz doymur, icra başı sizə bu qədər tədbirlər keçirdi, bu qədər tədbirlərə dəvət etdi, yemək ziyafəti verdi. Bu nədir? Gözünüz doymurmu?”
M.Aliyev həmçinin tədbir təşkilatçılarına üzünü tutub deyib ki, səmaya fənər buraxmaq “dinimizə ziddir, günahdır və Yapon adətidir, biz müsəlman ölkəyik”.
Halbuki istifadə olunan dilək fənərləri Çin balonları adlanır və qədim Çin adətinə əsaslanan simvolik mərasimdir. İnsanlar fənəri səmaya buraxarkən arzu tutar; bu isə ümid, xoşbəxtlik və arzuların gerçəkləşməsi rəmzidir. Şəhidlər üçün bu addım onların ruhuna ehtiram göstərmək, xatirələrini yad etmək və həmrəylik mesajı vermək məqsədini daşıyır.
32günaz bildirir ki, bu aksiyanın Azərbaycanda tətbiqi yeni deyil. 2021-ci ildə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkil etdiyi “Şəhidlərimiz qürurumuzdur” aksiyası zamanı könüllülər səmaya 3 minə qədər işıq fənəri buraxmışdılar. Fənərlər, Vətən Müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilmişdi. Tədbir, dini ayin olmadan mədəni və simvolik jest olaraq həyata keçirilir və səmaya qalxan fənərlər həm ümidin, həm də şəhidlərin xatirəsinin ucalığını simvollaşdırır.
*Məmməd Alıyevin keçmiş skandalları
Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək oğluna toy məclisi təşkil etmişdi (2021). Daha sonra oğlu 2023-cü ildə bazar dəyəri 120 min dollardan çox olan “Land Cruiser” avtomobili almışdı.
Həmçinin, Məmməd Alıyevin bacısı oğlu Kamil Eyyubov yaşının az olmasına baxmayaraq rayonda iki vəzifə sahib olmuşdu: həm Qazax rayon Mərkəzi Xəstəxanasında, həm də Qazağın ən böyük kəndi olan 10.000 əhalisi olan Daş Salahlı kənd Bələdiyyə sədri vəzifəsində çalışmışdı. Sonradan hər iki vəzifəsini itirmişdir.
Bu və digər bir sıra skandallarla Məmməd Alıyevin adı rayon ictimaiyyətində və mediada tez-tez gündəmə gəlir.
Ayaz Musaköylü