Son vaxtlar dələduz MTK-lar və onların rəhbərlər, bir mənzilin bir neçə vətəndaşa satılması ilə bağlı məlumatlar artır.
Yenixeber.org: Bu mənfi tandensiyanın davam etməsinin səbəblərindən biri də dələduz tikinti işbazlarının cəzadan kənarda qalmasıdır. Məsələn üç il öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda təqsirləndirilən “Sahil – S İnşaat” tikinti firmasında vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxması böyük narazılıqla qarşılanmışdı. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub. Pənah Kərimovun dələduzluq əməlləri istintaq materiallarında öz əksini tapıb, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsi onları zərər çəkən kimi tanıyıb, bütün faktlar ortadadır. Bunun ardınca iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyinə verilib. Onun prosesə hakimlik etdiyi dövrdə Pənah Kərimov həbsdə saxlanıb və təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlər əsaslı olaraq təmin edilməyib. Lakin bir müddət sonra işə sədrlik hakim Elnur Nuriyevə verilib. O isə özünün sədrlik etdiyi bu işin elə ilk iclasında Pənah Kərimovu ev dustaqlığına buraxıb. Pənah Kərimovun vətəndaşların aldadılmasına bir başa məsuliyyət daşıyıb və cumhuriyyet.az olaraq təqdim etdiyimiz videokadrlarda onun narazı sakinlərin qarşısına çıxması da bunun təsdiqidir.