Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mənim ata elim, ana beşiyim-CƏBRAYILIM

      Araz nəğməli, Xudafərin biçimli, Diri, Tumasata, Ağoğlan, Tey, Qala dağları kimi əzəmətli Cəbrayıl, mənim ata ocağım, ana laylam kimi əbədi olaraq könül paytaxtım, 28 illik yurd həsrətimin son iki ildən bəri sökülən dan yeri, nurlu sabahlardan soraq verən səsi-avazıdır!

Yenixeber.org: Bu müqəddəs məkan zaman-zaman köhnə-mərd kişilərin, dilləri bayatılı-ağılı ağbirçək nənələrin, qarı düşmənlə ölüm-dirim savaşlarında şəhidlik zirvəsindən Tanrı Dərgahına yollanan qeyrətli-cəsur ərənlərin, abırlı-ismətli qız-gəlinlərin qibləsi-qibləgahdır!  28 illik yurd həsrətinə tablaşa-tablaşa məcburi köçkün qismındə müvəqqəti olaraq məskunlaşdıqları yüzlərlə şəhər və kənddə cəbrayıllılara məxsus simalarını qoruyub saxlaya-saxlaya daş altdan çıxan ruzularına süfrə şirinliyi qatıb, səbrlərinə  söykənən eloğlu-elqızlarım ağır elli bir bölgənin imicinə xələl gətirmədən, ağır illərin sınağından alnıaçıq, üzüağ çıxmağı bacardılar! Və həm də qədəmləri sayalı bir camaat kimi milyonlarla insanın ürəyində iz saldılar. 2016-cı ilin 4 günlük Aprel döyüşlərindən sonra çoxlarının ziyarət etdikləri Cocuq Mərcanlı, Lələtəpə yüksəkliyi 4 ildən sonrakı II Qarabağ Müharibəsinin “yol xəritəsinə” çevrildi!

 

27 sentyabr 2020-ci il tarixdə başlayan II Qarabağ  Müharibəsində ilk qələbə müjdəsi də elə Cəbrayıldan, sonrakı saatlarda isə qonşuluqdakı Füzuli rayonlarından gəldi!.. 

1993-cü ilin noyabr ayından üzü bəri ata elim, ana beşiyim Qarabağa-Cəbrayıla onlarla şeir həsr etmiş, özümü də, yüz minlərlə köçkün soydaşlarımızı da ovundurmağa çalışmışam! Sabah Cəbrayıl şəhərinin düşməndən azad edilməsinin ikinci ildönümündə bu şeirlərdən ikisini oxucuların diqqətinə təqdim etməklə, Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, Qazilərimizə isə cansağlığı diləyirəm!

                  

     CƏBRAYILDA QALAN DÜNYAM

 Yada düşdü baxçam-bağım,

Şah vüqarlı Qala dağım.

Gəyənim, Teyim, Topçağım -

Cəbrayılda qalan dünyam.

 

Ulu Tanrım versə aman,

Görüşməyə yetər güman.

Ağoğlan, Hacı Qaraman -

Cəbrayılda qalan dünyam.

 

Xudafərin alın yazım,

Bu hikməti necə yozum?

Tumasatam, Xan Arazım -

Cəbrayılda qalan dünyam.

 

Allahım, nədir günahım,

Sinəmi göynədir ahım.

Ata yurdum-qibləgahım -

Cəbrayılda qalan dünyam.

   * * *

Salam, Büllur Kəhriz, “Çoban bulağı”,

Xan Çinar-gözümün qarası-ağı.

Bir gün qismət olsa dolanıb dağı,

Təzədən yanına dönəsiyəm mən.

 

Ay ellər, səsiyəm bilin, Dirinin,

Dədə Qurbaninin, Aşıq Pərinin.

Gordubabadakı ocaq yerinin

Bir də qədəminə enəsiyəm mən.

 

Səni ovundurum qoy hələ sözlə,

Karvan geri dönər əzəlki izlə.

İsmayıl deyir ki, yolumu gözlə -

Qayıdıb qoynunda dinəsiyəm mən.

       avqust, 2005

     

Qeyd: yurd həsrətimin üstə köklənən bu şeirimə Məlahət Həmidqızı eyniadlı mahnı bəstələmişdir. Mahnını ilk dəfə muğam müsabiqəsinin qaliblərindən olan Vüsal Zamanov, sonra isə görkəmli xanım müğənni, respublikamızın əməkdar artisti Gülüstan Əliyeva ifa etmişlər.

  

   CƏBRAYILLILAR

 

Cocuq Mərcanlıdır bərəsi-bəndi,

Səslədim, Xan Çinar dil açdı, dindi.

Hacı Qaramandı, Xudafərindi -

Araz ünvanlıdır Cəbrayıllılar.

 

Nüzgar, Süleymanlı səsli-soraqlı,

Soltanlı dastandır-min bir varaqlı.

Həm Quycaq, Hovuslu, Balyand, İsaxlı -

Həm Mirzəcanlıdır Cəbrayıllılar.

 

Etibarlı dostdu, vəfalı yardı,

Diridə çiçəkdi, Sirikdə qardı.

Hər biri ya Kazım, ya da Şikardı -

Adlıdır-sanlıdır Cəbrayıllılar.

 

Dədə Qurbaninin elindən gəlib,

Gəyənin yovşanlı çölündən gəlib.

Halal kişilərin belindən gəlib -

Tər-təmiz qanlıdır Cəbrayıllılar.

 

Aran təbəssümlü, dağ ürəklidir,

Əhdinə sadiqdir, saf diləklidir.

Elə əzəl gündən duz-çörəklidir -

Mərddi-dostcanlıdır Cəbrayıllılar.

 

İsmayıl deyir, şirinimdi-acımdı,

Könül sarayımda sənət tacımdı.

Atamdı-anamdı, qardaş-bacımdı,

Böyük Mərcanlıdır Cəbrayıllılar -

Şərəfli-şanlıdır Cəbrayıllılar.

29.06.2018

 

İSMAYIL MƏRCANLI İMANZADƏ

  Mingəçevir şəhəri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam