Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

“Yeni məhəbbət dastanlarının bəzi poetik üslub xüsusiyyətləri”

YENİ YARANAN MƏHƏBBƏT DASTANLARI

 

Xeberinfo.com:   AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) “Yeni məhəbbət dastanlarının bəzi poetik üslub xüsusiyyətləri” yazısını təqdim edirik:

 

 Poetik üslubi cəhətdən yeni məhəbbət dastanlarının bir sıra özünəməxsusluqları; tənqidi, elmi-nəzəri baxış.

Yeni yaranan məhəbbət dastanlarının bir sıra poetik üslub xüsusiyyətlərini klassik eşq dastanları ilə müqayisəli şəkildə araşdırmaq, oxşar və fərqli xüsusiyyətləri, keyfiyyət göstəricilərini diqqətə çatdırmaqdır. 

Məhəbbət dastanlarının poetik üslub xüsusiyyətlərindən söz açarkən ilk növbədə dastan şeirinə nəzər yetirmək lazım gəlir. Çünki dastanın canını-qanını təşkil edən, dinləyicinin hisslərini ehtizaza gətirib, marağını artıran, bütövlükdə dastanı yeknəsəqlikdən, yoruculuqdan, necə deyərlər, bir növ, qoruyub, xilas edən dastan şeiri, onun dinamizmidir. Ümumi götürsək, dastan özü süjetli, konfliktli bir epik hadisədir. Dastan şeiri isə dastanın strukturunun lirik hissəsini təşkil edir. Epizmlə lirizmin qovuşuğundan, üzvi vəhdətindən reallaşan dastan özü bütövlükdə bir epik sistem təşkil edirsə, dastan boyu yerli-yerində səpələnən dastan şeiri də özü-özlüyündə xüsusi sistemə malikdir. Yəni burada sistem içində əlavə bir sistem də mövcuddur. Belə ki, dastanın nəsri (yurd hissəsi) ilə nəzmi bir-birinin ayrılmaz tərkib hissəsidir. Lakin “dastanın necə tərtib edilməsindən asılı olmayaraq, dastan janr hadisəsini dastanın nəsr – süjet hissəsi müəyyən edir. Burada “necə tertib edilmə” dedikdə biz süjetin ənənəvi struktura malik olmasını, həmçinin məşhur bir aşığın şeirləri əsasında o öləndən sonra sonrakı aşıqların dastan yaratması və s. halları nəzərdə tuturuq. Bundan asılı olmayaraq, bütün hallarda dastanın “üz qabığı” onun süjeti – nəsr hissəsidir. Süjet hadisələrin strukturunu öz içinə alır. Əslində, dastanın içərisində semantik baxımdan irili-xırdalı, bütün elementlər süjeti reallaşdıran hadisələr “sapı” ilə bir-birinə “tikilir”. Dastanın süjeti – yurd yerinin hadisə məntiqi dastan şeirinin düzüm strukturunu şərtləndirir.”

Yəni, yuxarıda qeyd olunduğu kimi, dastan şeiri dastan mətninə süjet boyu hansı hara gəldi, səpələnməyib. Burada heç bir təsadüfilikdən, pərakəndəlikdən söhbət belə gedə bilməz. Olduqca ciddi ardıcıllıqla, mütənasibliklə dastan şeiri və dastan nəsri bir-birinə bağlanır, növbələşir. Məntiqi qanunauyğunluq əsasında süjet boyu baş verən hadisələrə uyğun şeirlər yer alır. Yəni burada hansı şeirin harada yerləşməsini süjet boyu baş verən hadisələrin məntiqi qanunauyğunluğu müəyyənləşdirir. Hər bir şeir müəyyən bir hadisə, situasiya ilə bağlı söylənir və həmin situasiyanın, hadisənin emosionallığını, dinləyicinin hisslərinə təsir gücünü artırmış olur. Dastanın yurd hissəsi (epizmi, süjeti) ilə dastan şeiri bir-birinə o qədər möhkəm, qırılmaz tellərlə üzvi bağlıdır, vəhdət təşkil edir ki, əgər, qeyd edildiyi kimi, yurd hissə dastanın “üz qabığı”nı təşkil eləyirsə, dastan şeiri də, eyni zamanda, bir növ, bu üz qabığının bərbəzəyi, göz oxşayan naxışları hesab oluna bilər. Onu da nəzərə almaq lazımdır ki, dastan şeirini aşıqların yaratdıqları dastandan qıraq şeirlərlə tam eyniləşdirmək olmaz. Düzdü, burada struktur, janr baxımından elə bir fərq yoxdur. Lakin xüsusən yeni dastanlardakı dastan şeirləri funksional-üslubi məqam baxımından dastandanqıraq yaradılmış aşıq şeirlərindən fərqlənir. Burada ona görə “xüsusən yeni dastanlarda” dedik ki, ən məşhur klassik məhəbbət dastanlarımızın, bizim fikrimizcə, böyük əksəriyyəti dastanda haqqında söhbət gedən ustad aşıqların dastandanqıraq yaratdıqları şeirlər əsasında onların ölümündən sonra başqa aşıqlar tərəfindən yaradılmışdır. Elə bu səbəbdən də həm poetik bədii-emosional təsir gücü, həm dil-üslub xüsusiyyətləri, həm məzmun dolğunluğu, həm də bədii ifadə vasitələrindən istifadə məharəti baxımından klassik məhəbbət dastanlarımızdakı şeirlər yeni dastanlardakı dastan şeirlərindən çox-çox yüksəkdə dayanır. Çünki onların əksəriyyəti özləri gələndə yaradılıb, daha doğrusu, özləri doğulub. Əsl şeir yazılmır, doğulur, Tanrı tərəfindən göndərilir. Yazmaq istəyəndə, dastan yaradarkən quraşdırılan şeirlərsə həmişə sönük alınır. Buna görə də yeni dastanlarımızdakı şeirlər klassik dastanlardakı dastan şeirləri ilə müqayisədə olduqca zəifdir, sönükdür. Çünki, əvvəlki fəsillərdə də toxunulduğu kimi, yeni dastanlarda öncə yurd hissə, sonra epik süjetə, hadisələrə uyğun nəzm hissə yaradılmışdır. Bu incə məqam indiyəqədərki tədqiqatçıların əksəriyyətinin diqqətindən yayınaraq, toxunulmamış qalmışdır. Fikrimizcə, klassik məhəbbət dastanlarımızın hansı üsulla (ustad aşıqların həyatda ikən özləri tərəfindən, yaxud ölümlərindən sonra şeirləri əsasında başqa aşıqlar tərəfindən) yaradılması məsələsi də elə bu səbəbdən indiyəcən mübahisələr doğurmaqdadır. Mətləbdən uzaqlaşmamaq naminə bu məsələnin hələlik üstündən keçərək, qeyd edək ki, professor M.Cəfərlinin aşıq şeiri ilə dastan şeiri arasında olan “fərqi atalar sözləri ilə məsəllərin arasındakı fərqə də bənzətmək olar” müddəası ilə tam razılaşmaq mümkün deyil. Bu fikri yeni dastanlara aid etmək, fikrimizcə, daha düzgün olardı. Klassik məhəbbət dastanlarımızda o qədər bitkin, mükəmməl, dastandan kənara çıxarılsa belə, sərbəst məzmun ifadə edə bilən şeirlər var ki... Məsələn, “Əsli–Kərəm” dastanından aşağıdakı üç bəndlik qoşmaya diqqət edək:

 

Aylar-illər həsrətini çəkdiyim,

Üzü dönmüş beyvəfa yar, belə bax.

Gözəllərə sərxoş gəzmək ar deyil,

Açılıbdı gümüş kəmər, belə bax.

 

Uca dağ başını qar aldı, getdi,

Bülbül məskənini xar aldı, getdi,

Yar sevdi çoxları, yar aldı, getdi,

Bizimki də qara gəldi belə, bax.

 

Mən Kərəməm, kam almadım dünyada,

Sail oldum, ömrümü verdim bada.

Məcnun kimi dolaşıram səhrada,

Qocalmışam, beynəvayam, belə bax.

 

Bu şeir dastanda Kərəmin dilindən Əsliyə ünvanlanır. Lakin lirik parçanı dastandan ayırsaq belə, yenə o, özlüyündə mükəmməl, bitkin bir şeirdir. Burada heç bir yarımçıqlıq hiss olunmur. Klassik məhəbbət dastanlarımızdan istənilən qədər bu cür şeir parçalarını misal göstərə bilərik. Bunun səbəbi, fikrimizcə, ilk növbədə klassik sənətkar statusu qazanmış ustad aşıqlarımızın istedadı, yüksək sənətkarlıq məharətidir. Eyni zamanda, onların çoxu öz dövrlərinin kifayət qədər məlumatlı, savadlı ziyalıları olmuşlar. Təsadüfi deyil ki, XX əsrə qədərki ustadların şeirlərində İslam dininin, İslam elminin ən dərin incəliklərinə baş vurulur. Qıfılbəndlərin, demək olar ki, hamısı İslam fəlsəfəsi, İslam elmi üzərində qurulur. Ərəb əlifbasının hürufatından tutmuş dünyanın yaranmasının, səma cisimlərinin sirlərinə qədər vaqiflik, xəbərdarlıq var bu deyişmələrdə, qıfılbəndlərdə. Buna görə də orta əsrlərin ustad aşıqlarının istər dastandankənar, istərsə də dastan şeirlərində istedadla təfəkkürün birləşməsindən, qovuşuğundan doğulmuş bitkinlik, mükəmməllik, gözəllik diqqəti xüsusi cəlb edir.  Belə şeirlərdə həm sənətkarlıq, poetika gözəlliyi, həm dil, üslub gözəlliyi, ləfzin şirinliyi birləşib üzvi vəhdət təşkil edir. Bir daha “Əsli–Kərəm” dastanından aşağıdakı poetik parçaya diqqət etsək, bunu aydın görərik:

 

Ağlaya-ağlaya düşdüm yollara,

Ağlayan kimsəyə gül nəyə lazım?!

Gülə-gülə yıxdın atam öyünü,

Düşmənlikdə şirin dil nəyə lazım?!

  

Sən mənim ömrümü yetirdin zaya, 

Gecə-gündüz üz tuturam Xudaya.

Xərabat əhliyəm, düşdüm səhraya,

Xərabat əhlinə yol nəyə lazım?!

  

Kərəm deyər: yandım, yandım, kül oldum,

Oxudum dərsimi, mötədil oldum.

Xan oğluydum, xaçpərəstə qul oldum,

Qul olan kimsəyə qul nəyə lazım?!

 

Göründüyü kimi, cəmi üç bəndlik parçada bədii ifadə vasitələrindən olduqca məharətlə istifadə edilmişdir ki, bu da şeirin emosional təsir gücünü olduqca artırmış, onu adi nəzmlikdən çıxararaq, mükəmməl poeziya nümunəsi səviyyəsinə yüksəltmiş olur. Digər tərəfdən, dilin axıcılığı, ahəngdarlıq, söz seçimi məsələlərinə ciddi diqqət yetirilmişdir. Üç bəndin heç birində tələffüzdə ağırlıq, səslənmədə quruluq, sönüklük yaradan söz və ifadələrə rast gəlinmir. “G”, “Y”, “D”, “L”, samitlərinin yaratdığı ritmlilik, oynaqlıq oxucuda, daha doğrusu, dinləyicidə xoş ovqat yaradır. Xüsusən birinci bəndin üçüncü misrasında “ev” yerinə “öy” sözünün işlədilməsi həmin sətirdə yarana biləcək quruluğu, ağırlığı incəliklə aradan qaldırmış olur. Aşıq yaradıcılığı, aşıq şeiri isə şifahi xalq ədəbiyyatının ayrılmaz tərkib hissəsi olduğu üçün burada ədəbi dilin çərçivələrindən kənara çıxaraq, şifahi nitqdə işlədilən söz və ifadələrdən yerli-yerində, məqamı gəldikdə istifadə etmək, bizcə, qətiyyən qəbahət sayıla bilməz. Bütün bu sadaladığımız incəlikləri anlamaqda, onlara bələd olmaqda XX əsrin aşıqları ilə müqayisədə orta əsrlərin ustad aşıqlarının daha istedadlı, daha məlumatlı mahir sənətkar olduqlarını cəsarətlə söyləyə bilərik. Odur ki, onların yaratdıqları şeirlərin bir çoxu həm dastan tərkibində, həm də sərbəst şəkildə, dastandan kənarda öz mükmməlliyini, bitkinliyini, bötövlüyünü qoruyub saxlaya bilir. Professor M.Cəfərli isə izahlarını davam etdirərək, yazır: “... Dastan şeirinin funksional-üslubi məqamı çox aydın görünür. Belə ki, dastan şeiri öz-özlüyündə bitkin şeir parçalarıdır və formal-poetexniki elementlər baxımından, tutaq ki, dastan qoşması ilə dastandanqıraq qoşmanı bir-birindən heç nə fərqləndirmir. Ancaq bunlar funksional-poetik, poetik-üslubi baxımdan bir-birindən çox fərqlənir. Belə ki, dastandanqıraq qoşma istər janr poetexnikası, istərsə də lirik məzmun baxımından bitkindir. Bu halda onları atalar sözləri ilə eyni sıraya qoymaq olar. Dastan şeiri isə belə bir müqayisə müstəvisində atalar sözü ilə yox, məsəllərlə eyni sırada dura bilər. Çünki məsəllərin məzmunu özündən “qıraqda” – dinləyici şüurunda olduğu kimi, dastan şeirinin də məzmunu “özündən qıraqla” bağlı olur. Burada “özündənqıraq” dastanın yurd yeri, nəsr hissəsidir. Yəni dastan şeirinin lirik “məzmunu” dastanın nəsr hissəsinin məzmunu ilə mütləq bağlı olur. Bu mənada hər hansı dastan şeirini dastanın yurd hissəsinin ona məxsus “məqamından” ayırdıqda “yarımçıqlıq” dərhal bilinir. Yəni dastandan götürülüb çap edilmiş şeiri araşdırdıqda görünür ki, bu şeir hansısa “özündənqıraq” hadisə – məzmunla bağlıdır.”

Bizə elə gəlir, sitatda irəli sürülən müddəalar tamamilə yanlış müddəalardır. Verilən izahatlar ilk baxışdan ağlabatan və məntiqi görünsə də, onlarla razılaşmaq mümkün deyil. Həmin müddəaları, olsa-olsa, yalnız dastanlardakı bir sıra şeir, poeziya nümunəsi səviyyəsinə yüksələ bilməyən sönük nəzm parçalarına aid etmək olar. Bu cür nəzm nümunələrinə yeni yaranan məhəbbət dastanlarında daha çox rast gəlirik. Lakin onlardan klassik məhəbbət dastanlarımız da xali deyil. Bizə elə gəlir, bu cür poetiklikdən, şeiriyyətdən, emosional təsir gücündən məhrum, eyni zamanda, nəzm texnologiyası baxımından belə qüsurlu sönük parçaları klassik məhəbbət dastanlarımıza hər hansı ustad aşığın şeirləri, başına gələn əhvalatlar və s. əsasında dastan yaradan sonrakı müəlliflər özləri uydurub, süni şəkildə həmin ustadın adından daxil etmişlər. Ya da zaman keçdikcə dastan yaradanların, dastan əzbərləyib söyləyən alayarımçıq aşıqların diqqətsizliyi, səhlənkarlığı, məsuliyyətsizliyi üzündən ustadların həmin şeirləri təhriflərə məruz qalaraq şeirlikdən nəzmliyə (özü də qüsurlu nəzmliyə!) enmişdir. Lap qəhrəmanlıq dastanı sayılan “Koroğlu”dan tutmuş “Abbas–Gülgəz”ə, “Əsli–Kərəm”ə, “Qurbani”yə “Aşıq Qərib”ə, “Aşıq Alı və Əsmər xanım”a qədər istənilən dastanı vərəqləsək, həmin sönük, qüsurlu, quru nəzm parçalarına bunların hər birində rast gələ bilərik. Xüsusilə də dastanlardakı bütün bəndlərinin son misrası eyni olan uzun-uzadı qoşma və gəraylılar çoxu bu qəbildəndir. Bunlarda fikri, məqsədi, yaşanan hissləri bitkin, lakonik, təsirli ifadə etməkdən çox sanki, necə deyərlər, “nağıl danışmaq”, uzunçuluq, bir növ, yurd hissədəki əhvalatı yenidən təkrar izah etmək meyli duyulur. Fikrimizcə, bu qəbildən olan qüsurlu nəzm parçalarını nə dastan şeiri adlandırmaq, nə də onların yurd hissədən son dərəcə asılılığını nəzərə alaraq, “dastan şeirinin məzmunu “özündənqıraqla” bağlıdır” qənaətinə gəlmək  düzgün elmi müddəa sayıla bilməz. Çünki şeir səviyyəsində dayana bilməyən nəzm parçasını “dastan şeiri” adlandırmağın özü yanlış qiymətləndirmədir. Məntiqlə düşünəndə belə bir ehtimal doğur ki, ola bilsin, sözügedən nəzm parçalarını özünə bağlayan yurd hissədəki bir sıra əhvalatların, hadisələrin özləri də dastanlara sonradan süni şəkildə və bacarıqsızlıqla daxil edilmişdir. Odur ki, onlar dastanda “yamaq” funksiyası daşıyır. Yəni dastan qəhrəmanı olan ustad aşığın başına nə elə bir hadisə gəlib, nə də həmin ustadın elə bir şeiri mövcud olub. Həmin əhvalatı və həmin sönük nəzm parçasını isə hansısa zəif aşıq dastana “calaq” edərək, folklorumuza sırıyıb. Bu səbəbdən də həmin nəzm parçası dastan tərkibində “axsaya-axsaya” birtəhər sürünsə də, dastandan kənarda yarımçıq görünür, bitkin məzmun ifadə edə bilmir. Əslində, ehtimala dayanan müddəamızı bir qədər də əsaslandırmaq naminə məşhur eşq dastanlarımızın, xüsusən şeiriyyət baxımından ən mükəmməllərindən olan “Əsli–Kərəm” dastanından aşağıdakı 8 bəndlik “gəraylı”ya diqqət yetirək:

 

Gedər olmuş bu yerlərdən,

Gətirirlər dərdli-dərdli.

Tərk etmiş qohum-qardaşın,

Doluşurlar dərdli-dərdli.

 

Biz gedərkən yolumuza,

Xəta gəldi dilimizə.

Bir cənazə önümüzə,

Gətirirlər  dərdli-dərdli.

 

Birəz adam bir araya,

Düzülmüşdür üç sıraya.

Yolumuz düşər oraya,

Gülüşürlər dərdli-dərdli.

 

Baxdım bunların lafına,

Sözlərinin xilafına,

Cənazənin ətrafına...

Deyişirlər dərdli-dərdli.

 

Tərk etmiş qohum-qardaşı,

Axıtmış gözündən yaşı.

Nədi burda onun işi,

Söyləşirlər dərdli, dərdli.

 

Kimi ağlar, kimi gülər,

Kimisi saqqalın yolar.

Kimisi göz yaşın silər,

Ağlaşırlar dərdli-dərdli.

 

Bizi hey avam sayırlar,

Əslini yolda deyirlər.

Sofi, bizi aldadırlar,

Gülüşürlər dərdli-dərdli.

 

Dərdli Kərəmi gəzərlər,

İndi tabutun düzərlər.

Gedib qəbrini qazarlar,

Ağlaşarlar dərdli-dərdli.

 

Yuxarıda da qeyd etdik ki, istər üslubi-poetik cəhətdən, istərsə də xalq, el-oba arasında ağız-ağız, məclis-məclis yayılıb, geniş şöhrət qazanmaq, sevilmək baxımından dastanlarımız arasında “Əsli–Kərəm” birincilər sırasında dayanır, məzmun dolğunluğu, daha mükəmməlliyi ilə seçilir. Əcəba bəs belə gözəl, mükəmməl, az qala bədii kəşf səviyyəsinə yüksələ bilən bitkin poetik nümunələrlə zəngin bir dastana qətiyyən uyuşmayan, yaraşmayan yuxarıda göstərdiyimiz səkkiz bəndlik “gəraylı” necə gəlib düşmüşdür, görəsən? Fikrimizcə, “Əsli–Kərəm”də, eləcə də digər dastanlarımızda bu cür sönük nəzm parçaları ilə dəyərli şeir incilərinin eyni müəllif tərəfindən yaradılmış olması mümkünsüzdür. Çünki istedadlı müəllif, bizcə, heç özü istəsə, cəhd etsə belə, zəif, sönük şeir yarada bilməz. Qeyd edək ki, dastanlarımızda bu qəbildən olan xeyli nümunə var ki, onların təhrif olmadığı tam aydındır. Əgər bu cür “gəraylılar”, “qoşmalar” təhrifə uğramış olsaydılar belə, yenə onların içində bir neçə poetik misra tapmaq mümkün olardı. Fəqət, gəlin görək yuxarıda göstərilən səkkiz bəndin heç olmasa birində bircə dənə poetik sətir, istedad əlaməti tapa bilirikmi? Əvvəla, “gəraylı” başlanğıcdan yarımçıq görünür, kim “gedər olmuş”, kimi “gətirirlər”, niyə “dərdli-dərdli” gətirirlər, məlum olmur və axıra qədər də bu namüəyyənlik davam edir. Digər tərəfdən, “gəraylı”nın əvvəlindən sonunacan şeirin poetexniki qayda-qanunları pozulmuş, aşıq şeirinin heç bir ölçüsü, çərçivəsi nəzərə alınmamışdır. Hecaların belə sətirlərdə ümumi sayının düz olmasına baxmayaraq, daxili bölgüləri (təqtiləri) pozulmuşdur: gah 4-4, gah 3-5, gah da 5-3 şəklində sətirlər təqtilərə bölünmüşdür. Deyək ki, əgər poetika, bədii vüsət yerində olsa, bu qüsuru hardasa bağışlamaq, üstündən keçmək olardı. Bundan əlavə, rədif və qafiyə sistemi tamam bərbad haldadır ki, bu da şifahi poeziyada, aşıq şeirində  tamamilə yolverilməz haldır. Ümumiyyətlə, qafiyələr hamısı qaydasında, yerli-yerində olsaydı belə, yenə rədif seçimi çox uğursuz bir seçim olacaqdı. Axı hər birimizə məlum olduğu kimi, rədif şeirin axıcılığını, bədii, emosional təsir gücünü artırmaq, necə deyərlər, şeiri, xüsusən qoşmanı, gəraylını qanadlandırmaq, könüllərə daha həvəslə, şövqlə pərvazlandırmaq missiyası daşıyır; ona xüsusi gözəllik, yaraşıq verir. Ona görə də istənilən sözü, söz birləşməsini istənilən yerdə rədif kimi seçmək məqbul deyil. Tələffüzündə ağırlıq, bir qədər quruluq, codluq olan sözləri yüzillərdən bəri ustad aşıqlarımız heç vaxt şeirlərinə rədif seçməməyə çalışmışlar. Yuxarıdakı “gəraylı”da işlədilən “dərdli-dərdli” ifadəsi isə bu şəkildə nəinki rədif seçilməyə, heç aşıq şeirində işlədilməyə uyğun bir ifadə deyil. “Dərdli” sözündə “d” və “l” samitlərinin dalbadal gəlməsi tələffüzü ağırlaşdırır, çətinləşdirir və səslənməni codlaşdırır. Sazla ifa zamanı da bu cür sözlər aşığa problem yaradır. “Dərdli” sözünün, sətirlərinin uzunluğu cəmi 8 hecadan ibarət olan bir gəraylıya özü də iki dəfə təkrarlanaraq rədif seçilməsi isə müəllifin səriştəsizliyini, istedadsızlığını daha parlaq nəzərə çarpdırır.

Qafiyə məsələsinə gəlincə, göstərilən nümunə bu cəhətdən daha bərbad haldadır. Əvvəlcə bəndlərin son misralarında qafiyə əvəzinə işlədilən sözləri nəzərdən keçirək: “doluşurlar” “gətirirlər”, “gülüşürlər”, “deyişirlər”, “söyləşirlər”, “ağlaşırlar”, “ağlaşarlar” və üstəgəl birinci bəndin ikinci sətrində təkrarən yenə “gətirirlər”, yeddinci bəndin 4-cü sətrindəsə “gülüşürllər”. Məlumdur ki, qoşmada, gəraylıda bu sözlərin hamısı bir-biri ilə qafiyələnməlidir. Eyni şeirdə heç bir söz isə qafiyə yerində iki dəfə işlənə bilməz. Göstərilən nümunədə “gətirirlər” və “gülüşürlər” təkrar olaraq hərəsi iki dəfə qafiyə əvəzinə işlədilib. “Ağlaşırlar” və “ağlaşarlar” da, demək olar ki, bir-birinin təkrarıdır. Birinci bəndin birinci və üçüncü, qalan bütün bəndlərinsə ilk üç sətirlərini kənara qoyandan sonra səkkiz bəndin yerdə qalan doqquz sətrində doqquz ədəd qafiyə olmalıdır. Sözügedən parçada isə yalnız üç söz – “doluşurlar”, “gülüşürlər”, “deyişirlər” səslənmədə azacıq uyğunlaşır, qafiyə təşkil etməsə də, qulaq qafiyəsinə bir qədər yaxınlaşır. Digər altı sətrin heç birində qafiyədən əsər-əlamət tapmaq olmur. Birinci bəndi çıxsaq, digər yeddi bəndin ilk üç misrasındakı qafiyələnmələrdə də xeyli qüsura rast gəlinir. “Şeirin” bədii vüsəti, poetikası haqqında isə verilən nümunədə söhbət belə gedə bilməz. Burada yalnız söz yığını var, başqa heç nə.

Bizə elə gəlir, bu “gəraylı” da, aid olduğu yurd hissə – əhvalat da dastana sonralar yaşamış hansısa bir istedadsız aşığın etdiyi əlavədir, daha doğrusu, sırıdığı keyfiyyətsiz bir yamaqdır. Yurd hissəni nəzərdən keçirən hər bir mütəxəssis bunu aydın hiss edə bilər. Belə ki, paşanın və vəzirin şəxsən özlərinin Kərəmin haqq aşığı olub-olmadığını yoxlamaq fikirləri olsaydı, onar əvvəlcədən Hüsniyyə xanımı çağırıb bu işi ona həvalə etməzdilər. Necə yəni Hüsniyyə xanım Kərəmi hamının gözü qabağında sınaqlardan keçirib, ona: “Doğrudan da haqq aşığısanmış, Əsli sənin olmalıdır!” deyəndən sonra paşa deyə bilər: “Vəzir, gəl Kərəmi biz özümüz sınaqdan çıxaraq.” Belə bir hal dastan məntiqinə qətiyyən uyğun gəlmir.

“Koroğlu” istisna olmaqla, dastanlarımızda ümumiyyətlə türk paşaları həmişə xeyirxah, ləyaqətli, ədalətli şəxslər kimi təqdim olunub. Belə olan halda həmin türk paşalarından birinin kobudcasına istəkli bacısına qarşı hörmətsizlik edərək, onun sınağına inanmayıb, Kərəmi yenidən vəzirlə özünün sınamaq fikrinə düşməsi əsla mümkün deyil! Bütün bunlar bir daha söyləməyə imkan verir ki, üslubi-poetik cəhətdən daha mükəmməl, daha dolğun olan klassik məhəbbət dastanlarımızdakı bu cür primitiv, təzadlı səhnələr və olduqca sönük, söz yığınından ibarət “nəzm” parçaları dəyərli incilərimizin tərkibinə savadsız, nadan, istedadsız “aşıqlar” (və ya hər hansısa, sadəlövh həvəskarlar) tərəfindən sonralar yamaq kimi daxil edilmişdir. Bu cür lazımsız “yamaqların” dastanlarımızdan seçilərək qoparılıb atılması işi toplayıcı, araşdırıcı və mütəxəssislərin üzərinə düşür.

Bu cür sönük nəzm parçaları, qeyd etdiyimiz kimi, təkcə “Əsli–Kərəm”də deyil, demək olar, əksər dastanlarda yer alır. Bir daha vurğulayaq ki, “Abbas–Gülgəz”, “Qurbani”, “Aşıq Qərib”, “Əsli–Kərəm” və s. kimi ən çox sevilən, poetik-üslubi cəhətdən mükəmməl dastanlarımızda elə qüdrətli, vüsətli poeziya nümunələrinə rast gəlirik ki, onlar heç də yazılı ədəbiyyat nümunələrindən geri qalmır.

Nümunə üçün bir daha “Əsli–Kərəm” dastanına müraciət edək:

 

Bu yerlərdə müşkü–ənbər qoxuyar,

Nazlı dilbər gəzən yerdi bu yerlər!

Səg rəqiblər aralıqda toxuyar,

Əlim yardan üzən yerdi bu yerlər!

 

Əzəl başdan qara yazıldı yazım,

Bir ah çəksəm, yara yetməz avazım.

Mina boylu, tuti dilli şahbazım

Xumar gözün süzən yerdi bu yerlər!

 

Sizin yerdə ördək uçar qazınan,

Bizim yerdə söhbət olar sazınan.

Bölük-bölük, dəstə-dəstə qızınan

Sonam göldə üzən yerdi bu yerlər!

 

Mən Kərəməm, Gəncə mənim bağlarım,

Duman gəldi, çiskin aldı dağlarım.

Ağ kağız əlimdə, yaman çağlarım,

Deyib, dərdim yazan yerdi bu yerlər!

 

Bu qədər poetiklik, üslub gözəlliyi ilə, bədii ifadə vasitələrindən yerli-yerində, yüksək sənətkarlıqla istifadə edilərək yaradılmış bitkin bir şeirlə daha öncə göstərdiyimiz sönük parçanı eyni statusda birləşdirib, hər ikisini dastan şeiri adlandırmaq (özü də eyni dastanın şeiri), bizə elə gəlir, çox böyük ədalətsizlikdir. Üstəlik “qurunun oduna yaşı da yandıraraq”, dastan şeiri dastandan kənarda yarımçıq görünür, onun məzmunu yurd hissə, aid olduğu əhvalatla bağlıdır müddəasını irəli sürmək də eynilə. İstər dastan şeiri olsun, istər, tutaq ki, roman şeiri və s. Nə fərqi var, əgər şeirdirsə, şeir şeirdir. Nəzmsə tamam başqa şeydir. “Əsli–Kərəm”dən göstərdiyimiz sonuncu nümunə şeirdir, nəzm deyil. Ondan öncəki nümunə isə heç nəzm də sayılmağa layiq olmayan adi söz yığınıdır. Fikrimizcə, əgər bu cür söz yığınlarını arayıb-ələyib dastanlarımızdan kənarlaşdıra bilsək, o halda heç də “dastan şeiri dastandan kənarda yarımçıqdır, məzmunsuzdur” qənaətinə gəlməzdik.

İlk baxışdan M.Cəfərlinin sözügedən mülahizəsi ağlabatan görünür. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, xüsusən şifahi poeziyada, aşıq yaradıcılığında hər hansısa əhvalatla, hadisə ilə bağlı olmayan, necə deyərlər, durmagəldən yaradılan şeir yoxdur. Aşıq şair kimi oturub şeir yazmır. Aşığın hər hansısa mövzuda şeir yazmaq, onu nəşr etdirmək məqsədi, niyyəti, iddiası da yoxdur. O, sadəcə, məclislərdə, eldə-obada, səfərlərdə və s. üzləşdiyi, rastlaşdığı, gördüyü, başına gələn, şahidi olduğu hadisə, macəra və əhvalatlardan təsirlənəndə şeir yaradır. Aşığın istənilən şeirinin heç olmasa bir-iki kəlmə sözü-söhbəti, tarixcəsi, əhvalatı olur. Elə dastanların da əksəriyyəti həmin şeirlərin məzmunu, onlarla bağlı əhvalatlar əsasında sonrakı sənətkarlar tərəfindən quraşdırılıb ərsəyə gəlir. Ola bilsin, ustad aşıqlar özləri də ahıl yaşlarında vaxtilə yaratdıqları şeirlər, həmin şeirlərlə bağlı müxtəlif vaxtlarda rastlaşdıqları əhvalat və macəralar əsasında özləri də dastanlar düzüb qoşublar. Lakin hər hansı istedadlı, ustad sənətkarın dastan üçün şeir yazması qətiyyən məntiqə uyğun ola bilməz. Odur ki, bizcə, təkcə dastan şeiri yurd hissə ilə yox, eyni zamanda, yurd hissənin özü də dastan şeiri ilə bağlı olur.

Dastanlarda istifadə olunan şeirlərdə sevgilinin, məşuqun adının çəkilməsi məsələsinə gəlincə isə, bu, dastandankənar şeirlərdə də normal bir haldır. Misal üçün, Aşıq Ələsgərin “Güllü”, “Güləndam”, “Bəyistan”, “Telli” kimi şeirləri tamamıilə dastandankənar şeirlərdir. Bizə elə gəlir, istənilən ustad aşığın hazırda dastandankənar şeirləri əsasında yeni dastanların yaradılması mümkündür. Eynilə də istənilən poetik, bədii cəhətdən mükəmməl dastan şeiri dastandan kənarda belə öz bitkinliyini qoruyub saxlaya bilir. Sadəcə, həmin dastan şeirini dinləyən dastandan xəbərdar dinləyiciyə məlum olur ki, bu şeir filan dastandandır.

Yeni yaranan dastanlara gəlincə isə, burada vəziyyət xeyli fərqlidir. İstər poetik-üslub xüsusiyyətlərinə, istər yaranma üsuluna görə, istərsə də mükəmməllik baxımından XX əsr Azərbaycan məhəbbət dastanları bir sıra oxşarlıqları, ənənəvilikləri ilə yanaşı, klassik eşq dastanlarımızdan xeyli fərqlənir. Ən başlıca fərqlərdən biri, dəfələrlə vurğuladığımız kimi, klassik eşq dastanlarımızla müqayisədə yeni yaranan dastanlardakı şeirlərin istər poetexniki, istərsə də bədii-emosional sənətkarlıq baxımından nisbətən zəifliyi, sözçülükdən qaça bilməmək hallarıdır. Onlarda “Əsli–Kərəm”, “Abbas–Gülgəz”, “Qurbani”, “Aşıq Qərib” və s. kimi klassik eşq dastanlarında raslaşdığımız sənətkarlıq cəhətdən mükəmməl, bitkin, necə deyərlər, könül tərpədən qoşma və gəraylılara daha seyrək təsadüf etmək olur. Digər tərəfdən dil, üslub xüsusiyyətlərində də xeyli fərqlilik mövcuddur. Belə ki, XX əsrdə yaranan məhəbbət dastanlarına nisbətən klassik eşq dastanlarımızın yurd hissəsindəki təhkiyədə daha çox xəlqilik, koloritlilik, canlı xalq danışıq dilinə uyğunluq, şirinlik müşahidə edilməkdədir. Yeni dastanlarda isə təhkiyə hissədə sanki bir qədər miskinləşmə, ağırlaşma baş vermişdir. Ədəbi dilin quruluğu, ciddiyyəti bir sıra (xüsusən müəllifi bəlli olan) yeni dastanlarda daha qabarıq nəzərə çarpır. Aşıq dilinin oynaqlığı, yüyrəkliyi, şirinməcazlığı, şuxluğu, ironiyalılığı klassik eşq dastanlarımızdan yeni dastanlara doğru enən xətlə davam etmişdir ki, bunun da bir sıra obyektiv səbəbləri mövcuddur. Fikrimizcə, bu səbəblərin ən öncüllərindən biri XIX əsrin sonlarından üzü bəri kitab nəşrinin, yazı-pozu məsələlərinin ölkəmizdə geniş vüsət alması, o cümlədən, dastanların da yazıya köçürülərək, toplanıb kitab halında nəşrə hazırlanması, toplama, yazıyaalma, çapa hazırlama proseslərindəki düzəlişetmə, redaktə, korrektura kimi işlərin meydana çıxması və s. -dir. Qeyd edək ki, bu proseslər faydalı tərəfləri ilə yanaşı, klassik dastanlarımızın da dil-üslub məsələlərinə ziyanı dəymədən ötüşə bilməzdi. Nəzərə alsaq ki, bütün bu yazıyaköçürmə, nəşrəhazırlama işləri sovet cəmiyyətində həyata keçirilirdi, o zaman irəli sürülən iddia ilə razılaşmaq xeyli asanlaşardı. Belə ki, kosmopolitizmin canfəşanlıqla təbliğ edildiyi, ayrı-ayrı kiçik xalqların öz milli-özəl keyfiyyətlərindən uzaq salınaraq, necə deyərlər, ümumi bir “sovet xalqı”nın formalaşdırılmasına bütün vasitələrlə çalışıldığı həmin dönəmdə istər-istəməz Azərbaycan dili də ciddi itkilərə məruz qalmaya bilməzdi. Bu itkini isə daha çox həmin dönəmdə şifahi formadan yazılı formaya adlayan folklorumuzun, şifahi xalq ədəbiyyatımızın verməsi təbii idi. Dilçi mütəxəssislərimiz tərəfindən ciddi araşdırılsa, məlum olar ki, 70 illik bir dönəmdə dilimiz zənginləşmək əvəzinə “arxaizmlər”, “köhnəlmiş sözlər” adı altında, bundan əlavə, “pantürkist” adlandırılmaq xofu nəticəsində və s. nə qədər ciddi sayda söz itkisinə məruz qalmışdır. Böyüyən hər övlad ata-ananın, hər nəvə nənə-babanın leksikonundan, lüğətindən neçə-neçə koloritli, xəlqi söz və ifadələri ata-ata yetişmişdir ki, bu ağır zərbələri daha sərt dadan şifahi danışıq dilimiz olmuşdur. Nəticədə guya artıq “müasirləşmiş”, “mədəni” danışan, “mədəni” yazan yeni nəslin nümayəndələri içindən yetişən “redaktor”, “senzor”, “korrektor” və s. kimi kosmopolit təfəkkürlü səlahiyyət sahibləri, təbii ki, folklor dilimizə, xüsusən dastanlarımızın yurd, təhkiyə hissəsinə (hətta bir sıra dastan şeirlərində də belə zərbələrin izləri hiss olunmaqdadır) ziyan vurmadan ötüşə bilməzdilər. Bu zərbələr birinci növbədə şifahi formadan yazıya köçürülüb, çapa hazırlanan klassik eşq dastanlarımıza vurulmuşdur. Əgər istənilən bir məşhur dastanı kitabda qarşımıza qoyub, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Əhməd Sadaxlı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran və bu kimi ustad aşıqların canlı ifasının lent yazıları ilə çap variantını diqqətlə tutuşdursaq, irəli sürülən iddianın əsaslılığına qətiyyən şübhəmiz qalmaz. Təəssüflə qeyd etmək lazımdır ki, 70 il ərzində Azərbaycan və Türkiyə türklərinin hər ikisinin leksikonunda ümumortaq istifadə edilən sözlərin böyük əksəriyyəti sıxışdırılaraq, Azərbaycan dilindən çıxarılmışdır. Belə olan halda, təbii ki, XX əsrdə yaranan məhəbbət dastanlarının dili də kasadlaşmağa, qurulaşmağa məhkum idi. Bu qurulaşma və kasadlaşma isə başlanğıcdan şifahi deyil, yazılı formada yaradılan müəllifi bəlli yeni dastanlarda daha qabarıq nəzərə çarpmaqdadır. Xalq arasında təbii yolla ağız-ağız, məclis-məclis formalaşan “Aşıq Alının Türkiyə səfəri”, “Aşıq Alı ilə Əsmər xanım”, “Ələsgərlə Səhnəbanı”, “Arzu–Qənbər”, “Mahmudla Nigar” kimi dastanlarda isə poetika, dil-üslub məsələlərində klassik dastanlarla müqayisədə fərqlənmə, zəifləmə halları nisbətən az müşahidə olunmaqdadır. Məsələn, “Aşıq Alının Türkiyə səfəri”ndən aşağıdakı parçaya diqqət edək: “Aşıq Alı deyir: cavan vaxtımıydı, orda-burda söhbət eləyirdilər ki, Aşıq Alının gələcəyi yaxşı olajax. Allah heş kimi kasıv eləməsin. O zaman elə kasıvıydıx ki, öyümüzə oğru girsə, süpürgədən başqa heş nə tapbıyajaxdı. O vaxtın pulu bir abbasım varıdı. Kəndin içinə çıxdım ki, mal öldürüf, alışma eliyiflər. İki yirvənkə ət aldım. Gətdim öyə, dədəm dorğadı, anam basdı qazana, qoydu ojağın üstünə. Kasıvın öyündə yemək olanda öy gülür, eşik gülür. Öydə bir ala pişiyimiz varıydı, o da söyündüyünnən tufara hoppanıf yerə tüşürdü. Dədəmnən anamın söhbəti də bir-birinə yaman xoş gəlirdi. Söhbətin şirin yerində anam dədəmə dedi:

–  A kişi, gəlsənə oğlumuzu öyləndirək?

–  Arvad, düz deyirsən, gədiyi öyləndirmək lazımdı. Qızdarın xəsyətini sən bilirsən, kimin qızı yaxşıdı, de.

Öydə otduxları yerdə kəndin başınnan başdadılar:

–  A kişi, filankəsin qızı nətəridi?

–  Arvad, onun dədəsi yaman höjət adamdı, bildir yazda suyun üstündə mənnən dalaşmadımı?..

–  Bə filankəsin qızı nətəridi?

–  Anası dillidi, balası da onnan dilli olajax!

Döylətdi də kasıva qız vermir. Gördün döylətdilərin yanınnan keçif, kəndin əəğində öz tayımız, öz baravarımız bir kasıf tapıflar. Toy qapyəələsi oldu. Anamı qırağa çəkif, dedim,  aana, bəlkə mən o qızı almıyajam? Dedi:

–  Anan ölsün, bə sən kimi alajaxsan?”

Göstərilən nümunədən də göründüyü kimi, bu dastanda şifahi danışıq dilinin gözəlliyi, zənginliyi, Göyçə ləhcəsinin şirinliyi, şəhdi-şirəsi mümkün qədər qorunub saxlanmışdır. Əslində bu danışıq, təhkiyə tərzini “ləhcə”adlandırıb, hansısa bir bölgə çərçivəsində məhdudlaşdırmaq heç də ədalətli qiymətləndirmə deyil. Fikrimizcə, hazırkı ədəbi dilimizlə müqayisədə haqlı olmayaraq “ləhcə” adlandırdığımız Göyçə–Gədəbəy, Qazax–Qarabağ, Borçalı bölgələrində istifadə edilən şifahi nitq daha zəngin, daha canlı, daha ədəbi və ədəbi dil kimi qəbul olunmağa daha çox layiq ünsiyyət vasitəsi, başqa sözlə desək, işarələr sistemidir. Əfsus ki, yeni məhəbbət dastanlarımızın bir çoxu bu zənginlikdən kənarda qalmış oldu. Təxribatlar nəticəsində uzun illər kasadlaşma prosesi keçirmiş “sovet ədəbi” dilimizin quruluğuna məruz qalan “Şahzadə Bəhram”, “Dilsuz və Xəzangül”, “Sam şahzadə”, “Şəmşir və Sənubər”, “Tarlaçı qız” və s. kimi XX əsr dastanlarının yurd hissəsində dil-üslub məsələlərinin necə acınacaqlı bir durumda olduğunu daha aydın müşahidə etmək üçün şair Novruzun yaratdığı “Sam şahzadə” dastanından aşağıdakı parçaya diqqət yetirək: “Sözünü tamama yetirib, Sam yenə yoluna davam etməkdə oldu. O qədər at sürdü ki, bir də gördü tamam ayrı bir qəribə yerə çıxıb. O zaman Sam çox qəmginləşdi. Ancaq susuzluq yavaş-yavaş ona kar elədi. Bir düz ilə gedirdi, amma bilmirdi hayana gedir. Müxtəsəri, bir gün gedib, gün batan zaman bir şəhərin kənarına çıxdı. Bilmədi nə eyləsin və harada axşamlasın. Çox gəzib-dolanandan sonra gəlib, dörd yanı böyük hasarla çəkilən bağın kənarına çıxdı. Öz-özünə fikir elədi ki, elə yaxşı oldu, gəl bu bağın içinə birtəhər yol tap, gir bu gecə burada gecələ, həm də at acdı, özüm cəhənnəmə, at isə ac qalmasın. Nə qədər dolandısa, yol tapa bilmədi. Axırı atı cövlana gətirdi. Hasardan at quş kimi sıçradı, bağın o tərəfinə düşdü. Gördü ki, bu bağ çox qəşəngdi. Özü də gülşən bağdı. Qərəz, atdan sıçrayıb düşdü. Atın yəhərini belindən alıb, atı bağa buraxdı” (2, 189) Göründüyü kimi, “Sam şahzadə”, eləcə də yuxarıda sadalanan bu qəbildən olan digər yeni bəlli müəllifli dastanların yurd hissəsinin təhkiyə dili olduqca quru, ciddiyyətli, sönük və kasaddır. Bunlarda ləfzin şirinliyi, üslub gözəlliyi və özünəməxsusluğu, söz zənginliyi o qədər də nəzərə çarpmır. Cümlələrdə söz təkrarları gözə dürtülür. Qramatik qaydalar pozulur. Axıcılıq, rəvanlıq əvəzinə codluq, qabalıq nitqi müşahidə edir. Sözlə xoş təəssürat oyadan canlı bədii lövhələr yaradıla bilmir. Təsvir edilən hadisələrin, mənzərələrin göz önündə canlanması çətinləşir. Cümlələrin tələffüzündə codluq, quruluq, ağırlaşma müşahidə olunur. Ahəngdarlıq yox dərəcəsindədir. Cümlələrdə söz təkrarına, rəsmi-işgüzar üsluba məxsus söz və ifadələrə rast gəlinir və s. Hiss olunur ki, bu qəbil dastanların müəllifləri ya şifahi danışıq dilimizin zənginliklərinə dərindən bələd olmamışlar, ya da özlərinin “müasir”, “mədəni”, “savadlı” olduqlarını nümayiş etdirmək xəyalına düşərək, dastanı dastan dilindən qoparıb, ədəbi dildə yaratmağı məqsədəuyğun saymışlar ki, bu da düz-əməlli alınmamışdır.

XX əsr Azərbaycan məhəbbət dastanlarındakı şeirlərin poetexniki və bədii-emosional keyfiyyət göstəricilərinə gəlincə isə, əvvəlki fəsillərdə də dəfələrlə vurğulandığı kimi, burada da vəziyyət bir o qədər ürəkaçan deyil. Yenə şifahi şəkildə xalq arasında formalaşan yeni dastanlar bəlli müəllifli dastanlara nisbətən xeyli yüksəkdə dayanır. Məsələn, “Aşıq Alının Türkiyə səfəri”, “Aşıq Alı ilə Əsmər xanım”, “Aşıq Ələsgərin Naxçıvan səfəri”, “Həcər xanım”, “Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi” kimi yeni dastanlarda istifadə edilən bağlamalar, qıfılbəndlər, poetik vüsətli təbiət təsvirləri sonrakı bəlli müəlliflər tərəfindən yaradılmış dastanlarda, demək olar ki, nəzərə çarpmır. Əsasən primitiv məzmunlu qoşma və gəraylıların yer aldığı müəllifli yeni dastanlarda şeirlərin əksəriyyəti yurd hissə ilə bağlı olub, bir növ, təhkiyəni izah eləyir. Onlar poetexniki cəhətdən qüsursuz, daha doğrusu, az qüsurlu olmalarına baxmayaraq, əksər hallarda, necə deyərlər, sərbəst halda ayaq üstə dayana bilən bitkin şeirlər səviyyəsinə yüksələ bilmir. Bu dastanlarda yer alan nisbətən sərbəst məzmunlu, bitkinliyi, poetexniki mükəmməlliyi ilə seçilən qoşma və gəraylılarsa “Əsli–Kərəm”də, “Qurbani”də, “Aşıq Qərib”də, “Abbas–Gülgəz”də rastlaşdığımız xeyli sayda dəyərli poeziya inciləri ilə müqayisə olunmaq səviyyəsindən xeyli aşağıda dayanırlar. Digər tərəfdən, XX əsr Azərbaycan məhəbbət dastanlarında klassik eşq dastanlarımızda rast gəldiyimiz təcnislər, cığalı təcnislər, dodaqdəyməz qoşma və təcnislər demək olar ki, yox dərəcəsindədir. Tərbiyəvi əhəmiyyətli ibrətamiz şeirlərə, müdrik el deyimlərinin, minillərin sınağından çıxmış atalar sözləri və kəlamların şeirlərdə poetik hissi-emosional çalarlar kəsb edərək yer almasına da birincilərdə olduqca seyrək təsadüf edilir. Əgər belə bir müqayisə aparılması qəbahət sayılmazsa, tam cəsarətlə demək mümkündür ki, təkcə “Abbas–Gülgəz” dastanının dəyərlilik, poetik üslub zənginliyi, dil gözəlliyi, sənətkarlıq göstəriciləri baxımından çəkisi bütün yeni yaranan məhəbbət dastanlarının ümumi çəkisindən qat-qat ağırdır.

Lakin bütün bu müqayisələrə, keyfiyyət fərqlərinə baxmayaraq, XX əsrdə yaranan yeni, müasir məhəbbət dastanlarımızın da əhəmiyyətini azaltmaq, onların yanından göz yumaraq keçmək ədalətsizlik olardı. Ən azından, klassik ənənənin davam etməsi, dastanyaratma prosesinin dayanmaması, xalq yaradıcılığının, aşıq ədəbiyyatının bu qədim və gözəl janrının yaşamaqda olması baxımından XX əsr dastanları çox böyük əhəmiyyətə malikdir. Dövrün, zamanın ən sərt sınaqlarının belə dastan janrının istifadəsinə, bu janrda yeni-yeni müxtəlif keyfiyyət səviyyəli nümunələrin ortaya qoyulmasına, ərsəyə çatmasına mane ola bilməməsi bir daha heç bir güc, qüvvə, təbliğat, təxribat nəticəsində xalqımızı öz qədim mədəniyyətindən, soykökündən ayırıb uzaq salmağın mümkünsüzlüyünün parlaq göstəricilərindəndir. Sevindirici haldır ki, dastanyaratma prosesi çağdaş dövrümüzdə də davam etməkdədir. Paralel olaraq şifahi yolla xalq arasında yayılaraq dastanlaşma prosesi keçirməkdə olan bir sıra müxtəlif sənətkarların adları ilə bağlı əhvalat və rəvayətlər də mövcuddur ki, onlardan gələcəkdə “Səməd Vurğunla Dürrə”, “Azaflı Mikayıl”, “Nəriman–Şölə”, “Hüseyn Arif” “Göyəndikli Əhməd”, “Rəşid Poladoğlu”, “Ayrım Cavad”, “Miskinli Vəli” və s. kimi ən yeni dastanların formalaşacağı ehtimalı böyükdür. Artıq sovet təxribatının davam etmədiyini nəzərə alsaq, ümid etmək olar ki, bundan sonra yaranacaq dastanlarımız artıq üslubi-poetik cəhətdən də qənaətbəxş sayılmağa layiq olacaq.

 Məqalədə yeni məhəbbət dastanlarının poetik üslub xüsusiyyətləri yeni baxış bucağı altında araşdırılaraq, orjinal qənaətlər irəli sürülür.

Burada yeni məhəbbət dastanlarının poetik üslub xüsusiyyətləri baxımından klassik eşq dastanları ilə müqayisədə xeyli sönük təsir bağışlaması qənaətinə gəlinmiş və bunun bir sıra səbəbləri araşdırılmışdır.

Yeni yaranan məhəbbət dastanlarının bəzi poetik-üslub xüsusiyyətləri klassik eşq dastanlarımızla müqayisəli şəkildə elmi-nəzəri müstəvidə təhlil olunur. Dastan şeiri ilə sərbəst aşıq şeirinin oxşar və fərqli cəhətləri araşdırılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam