BƏŞƏR ƏSƏDİN XƏYANƏTİNİN “BƏDƏLİ” NƏ OLACAQ?
Hafiz oğlu səhvini indi də anlamasa, deməli o, axmaqların ən axmağıdır!
Xeberinfo.com: Bir müddət əvvəl AzPolitika.info qəzetində dərc olunmuş «Genetik satqınlıq» başlıqlı məqaləmdə yazmışdım ki, Liviya lideri Müəmmər Qəddafinin öldürülməsində Suriyanın qeyri-legitim «prezideni» Bəşər ibn Hafizin həlledici rolu olub. Belə ki, Qəddafinin peyk telefonunun nömrəsini məhz Hafiz oğlu Fransanın eks-prezidenti Sarkoziyə verib. Əvəzində vəd oblunub ki, Fransa Bəşərin hakimiyyətdə qalmasına yardımçı olacaq. Məhz peyk telefonunun köməyi ilə «koalisiya dövlətləri» Qəddafinin yerini müəyyən edib, oraya özünün xəfiyyəsini göndərib – xəfiyyə də öz işini görüb. Məlumatı İtaliyanın bir qəzeri yaymışdı…
Bu xəyanətindən müvafiq nəticə çıxarmaq iqtidarında olmayan Bəşər adlı hakimiyyət hərisi növbəti xəyanətə imza atmaqdan çəkinmədi və taxt-tacını qoruyub saxlamaq məqsədilə Rusiya hərbi qüvvələrini Suriyaya dəvət elədi. Bəs, nəticəsi nə oldu?
Bir neçə həftə bundan əvvəl xarici KİV-lər belə bir məlumat yaydılar ki, Putinlə Əsədin «arası dəyib». Səbəb kimi isə Putinlə danışıqlar zamanı Əsədin daha sərt mövqedən çıxış etməsi olub. Təəssüf ki, o zaman bu məqamın təfərrüatına varan olmadı…
Çox çəkmədi ki, təfərrüat özü-özünü bizlərə nişan verdi. Bu gün yayılan bir məlumatda xəbər verildi ki, Suriyanın şimalında (Türkiyə ilə sərhəd boyu) yaşayan silahlı kürd dəstələri bu ərazidə federativ bir kürd bölgəsinin yaradıldığını elan ediblər. Heç kimə sirr deyil ki, sözügedən bölgədə kürdləri məhz Rusiya himayə edir və silahlandırır. Xatırlayırsınızsa, Cenevrədə keçirilən Suriya danışıqları prosesində kürdlərin tərəf kimi iştirakını məhz Rusiya təkid edirdi. Amma bu «təklif» Türkiyənin ciddi təpkisi ilə qarşılaşmışdı…
O da məlumdur ki, Cenevrə danışıqlarında tərəflər müvəqqəti də olsa (iki həftə ərzində) atəşkəsə razılıq veriblər. Həm də bu razılığın ABŞ və Rusiyanın «razılığa gəlməsi» sayəsində baş tutduğu xəbər verilmişdi. Əcəba, ABŞ və Rusiya məhz hansı məsələlər barədə razılığa gəliblər? Görünür, mətləblərdən biri Suriyanın federallaşması məsələsidir ki, bunu ilk olaraq ABŞ təkid edirdi (ehtiyat variantın tərkib hissəsi). Amma üzdə də olsa Rusiya Əsəd hakimiyyətinin «dəstəkçisi» kimi ABŞ-ın bu planına razılıq vermirdi. Nədən ki, ABŞ-n bu planı məhz Suriyanın parçalanmasını nəzərdə tutun çalışma idi. Məsələn, Rusiyanın xarici işlər naziri Lavrov-Kələntərov bu günlərdə bəyan etmişdi ki, kürdlər Suriya əhalisinin bir hissəsi kimi Suriya danışıqlarında iştirak etməlidirlər. Əks təqdirdə, onlar bu danışıqlarda qəbul olunmuş razılaşmaya tabe olmayacaq və Suriyanın tərkibindən çıxacaqlar…
İndi məlum olur ki, Suriya kürdlərini Cenevrə danışıqlarına qata bilməyən Rusiya kontr-addım atıb – kürdləri Suriyanın şimalında «federativ dövlət» elan etməyə razı sala bilib. Bununla da faktiki olaraq unitar dövlət olan Suriyanın parçalanması prosesinə start verilmiş oldu. Başqa sözlə, ABŞ dolayısı ilə Rusiyanın bu istəyinin baş tutmasına «göz yumdu» və nəticədə həm ABŞ-ın, həm də Rusiyanın Suriya planının əsas bəndlərindən biri gerçəkləşmə mərhələsinə qədəm qoydu…
Maraqlıdır ki, Hafiz oğlunun Rusiyanı bəh-bəhlə ölkəsinə dəvət etməsi tez bir zamanda «bəhrəsi»ni verməyə başladı. Rusiya nəinki onun hakimiyyətini qorudu, əksinə, ölkəsini parçalamağa girişdi. Əlbəttə, bu, hələ hamısı deyil və Hafizin başına nələr gələcəyini yaxın perspektivdə görəcəyik. Amma indidən bir məsələ şübhə doğurmur – Rusiya bölgədən tezliklə çıxmayacaq və müəyyən mülahizələrdən dolayı, indidən proqnoz etmək olar ki, o, böyük müharibəyə hazırlıq görür (bu barədə ayrıca məqalədə söhbət açacam)! Hərbi kontingentinin Suriyadan çıxarılması barədə Putinin verdiyi qərar isə diqqəti yayındırmaqdan başqa bir şey deyil. Belə düşünməyə yetərincə əsas var və bunun anonsunu da bir neçə gün əvvəl Jirinovski verdi – təxminən, belə: «Lazım olsa Rusiya hərçiləri geri qayıdacaq» və s.
Daha maraqlısı isə burasıdır ki, Hafiz oğlunun hökuməti kürdlərin bu qərarnı rədd edərək, onun hüquqi qüvvəsinin olmadığını elan edib. Bu zaman ibn Hafiz Suriya konstitusiyasını əsas gətirib (Suriyanın unitar dövlət olması barədəki konstitusiya maddəsini).
«RİA Novosti» agentliyinin yaydığı məlumata görə, Suriya müxalifəti də federativ bölgənin yaradılması barədə kürdlərin bu təşəbbüsünü rədd edib. İbrətamizdir, deyilmi?..
Aydındır ki, Türkiyə buna biganə qalmayacaq və müttəfiq olaraq, ABŞ-dan qəti mövqe tələb edəcək. Fəqət, indidən demək olar ki, ABŞ-ın deməyə sözü qalmayıb. Çünki o, öz müttəfiqini çoxdan meydanda Rusiya ilə üzbəüz tək qoyub!
Rusiya isə təcavüzkar siyasətini davam etdirməkdədir. Məsələn, Suriyada kürdlərin federativ bölgə yaratmaq təşəbbüsünə (əslində isə bu Rusiyanın özünün təşəbbüsüdür!) hər cür dəstək verən bu şər yuvası, indi də İraqda məskən salmış PKK silahlılarına zenit-raket kompleksləri (ZRK) göndərib. Belədə, məntiqi sual yaranır: Əcəba, PKK həmin ZRK-ni kimə qarşı istifadə edəcək? Əlbəttə ki, Türkiyə aviasiyasına qarşı. Axı, Türkiyə aviasiyası ölkədə silsilə terror aktları törədən PKK-nın İraqdakı silahlılarına və silah-sursat anbarlarına zərbələr endirməyə başlayıb. O da məlumdur ki, ABŞ, Almaniya və ümumiyyətlə, NATO öz «Petriot»larını çoxdan Türkiyədən çıxarıb. Sanki, bölgədə ABŞ və NATO geri çəkildikcə (Türkiyəni meydanda tək qoyduqca!), Rusiya yavaş-yavaş irəliləməkdə (Türkiyəyə doğru!) davam edir. Belə getsə, günlərin birində onlar göz-gözə qalacaqlar. O zaman nə NATO, nə də ABŞ Türkiyənin yanında olmayacaq! Bax, Rusiya bu perspektivə doğru irəliləyir…
İndi elə bir həssas məqamdır ki, Türkiyənin dostları özlərini göstərməlidirlər – hər kəs mövqeyini ortaya qoymalıdır, çünki sonra gec olacaq. Türkiyənin öhdəsindən gələ bilsə, şər yuvası olan bu təpəgöz imperiya ətrafında olan bütün xırda dövlətləri bir-bir udacaq! Ona fürsət vermək isə tarixi cinayət olar…
Bəs, Hafiz oğlu Bəşərin xəyanətlərinin bədəli nə olacaq – Suriyanın parçalanıb dünya xəritəsindən silinməsi? Bu məqamda, Türkiyə yazıçısı Hüseyn Nihal Atsızın «Bozqurdlar» romanından bir epizodu xatırlamaya bilmədim – böyük şaman Krac ata Kür Şada belə deyir: «Qara xaqanı sən öldürməyəcəksən, onu dərd öldürəcək…». Amma bütün hallarda «satqın» ünvanı Bəşər ibn Hafizi «müşayiət edəcək»…
AzPolitika.info