Təl-Əvivin “Ankara gedişi”:İsrailin Türkiyə ilə Fələstin mövzusunda dil tapa biləcəyi iki nöqtə
İsrailin müdafiə naziri Benni Qantzın Ankaraya səfər edərək türkiyəli həmkarı Hulusi Akar və Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərin tezisini belə verə bilərik:
Yenixeber.org: 1. İsraillə Türkiyə müdafiə sahəsində əməkdaşlığı ölkələrdən birinə yönələcək təhdidləri sarsıtmaq səviyyəsinə qaldırmaq niyyətindədirlər;
2. Ankara və Təl-Əviv kəşfiyyat səylərini koordinasiya edərək gizli məlumat mübadiləsini həyata keçirməyə dair həlledici razılaşma ərəfəsindədirlər.
Türkiyə ilə İsrailin təhlükəsizlik əlaqələrini təzələməsi ikitərəfli münasibətləri regional maraqlar müstəvisində birləşdirməyə stimul verir.
Qlobal müstəvidə hegemonluq iddialarının əsəbləri gərdiyi bir zamanda Türkiyənin təklənməsi meyilləri müşahidə edilir, İsraillə əməkdaşlıqda yeni səhifələrin açılmasından sonra isə Ankaraya qarşı oxlar bir qədər geriyə çəkilə bilər.
Türkiyə ilə İsrailin sıx əməkdaşlıq edə biləcəkləri əsas region Yaxın Şərqdir, İranın Suriyada, Livanda, İraqda sıxışdırılması Təl-Əviv-Ankara prioritetləri sırasında dayanır.
Türkiyə İran mövzusunda ona görə İsraillə yaxınlaşır ki, Tehran İraq və Suriyada Ankara üçün başağrısıdır. Təl-Əvivə gəlincə, o, əsasən, Livandakı “Hizbullah”ın gücünü zəiflətmək üçün Türkiyənin də resurslarından yararlanmağa çalışır.
İsraillə Türkiyənin münasibətlərinin yaxşılaşması Aralıq dənizindəki təhlükəsizliyə töhfəverici xüsusiyyətlərə və Yunanıstandan Ankaraya gələ biləcək təhlükələrin dəf edilməsi xarakterinə malikdir.
İki ölkənin maraqlarını birgə şəkildə inkişaf etdirə biləcəyi digər bölgə Cənubi Qafqazdır, xüsusilə son zamanlar İran mənşəli təhdidlərin Azərbaycana və Ankaraya yönəlməsindən sonra bu əməkdaşlıq aktuallıq qazanır.
Lakin Fələstin mövzusunda Türkiyə ilə İsrailin vahid prinsipdən çıxış etmələri müşküldür, hər iki ölkə özünün Fələstinlə bağlı maraqlarını keyfiyyətdən kəmiyyətə endirmək ruhunda deyil.
Ankara ilə Təl-Əvivin bu məsələdə kəmiyyət etibarı ilə gələ biləcəyi ortaq məxrəcləri tapmaq olar. Mümkündür ki, İsrail Türkiyənin HƏMAS rəsmilərini qəbul etməməsini rica edir və Ankara da buna “yox” demir. Hərçənd ki, Ankara ölkəyə ayaq basan HƏMAS liderlərinin təhlükəsizliyini ayaq altına atmaq sevdasına düşən deyil.
İsraillə Türkiyənin Fələstin münaqişəsi müstəvisində dil tapa biləcəyi ikinci nöqtə İranla əlaqədardır.
Türkiyə İsrailə, ən yaxşı halda, İranın Fələstin üzərindən yəhudi dövlətinə qarşı irəliləyiş bazası yaratmaq planlarını pozmaqda yardımçı olacaq.