Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“REGİONDA TƏHLÜKƏLƏRİ YAYAN ÖLKƏLƏRDƏN BİRİ İRANDIR…” –“Bu ərəb ekspertlərindən soruşmaq istəyirəm…” (Səfirlə söhbət)

“İsrail və Türkiyəni birləşdirən həm də Azərbaycana olan baxışdır”

20190425_135644

İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stav 4 ilə yaxındır ölkəmizdə fəaliyyət göstərir. Diplomatik fəaliyyəti başa çatdığı üçün yay aylarında Azərbaycanı tərk edəcək. Ötən ilin noyabrında onun yerinə Corc Dik təyin olunub.

Yenixeber.org: Azərbaycandan ayrılmağa hazırlaşan səfirlə görüşdə regionda, Yaxın Şərqdə baş verən hadisələr ətrafında söhbət etdik. Cənab Dan Stavla müsahibəni təqdim edirik:

- Cənab səfir, Azərbaycanla-İsrail çox sıx əlaqələrə malikdir. Bu əlaqələr müxtəlif sahələrdə dərin əməkdaşlığa və xalqlar arasında xüsusi münasibətlərə əsaslanır. Bakı-Təl-Əviv münasibətlərində hazırda hansı məsələlər prioritetdir? İqtisadi sahədə, hərbi-texniki əməkdaşlıq məsələlərində mövcud vəziyyət necədir və yeni təşəbbüslər gözlənilirmi?

– Sizin də düzgün qeyd etdiyiniz kimi, İsrail-Azərbaycan münasibətləri tək dövlətlər arasında deyil, xalqlarımız arasında da yaxşı səviyyədədir. Bu münasibətlərin əsası Azərbaycan müstəqillik qazandıqdan sonra qoyulmayıb. Yəhudilər burada yüz, min illərdi yaşayır. Azərbaycandan olan yəhudilər də uzun müddətdir İsraildə yaşayırlar. Onların sayəsində də ölkələrimiz arasında münasibətlər inkişaf edir və etməkdədir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan dördüncü ölkədir. Onu da qeyd edək ki, İsraildə yaşayan azərbaycanlılar da öz ölkələrini hərtərəfli və müsbət bir ölkə kimi təqdim etməkdə böyük rol oynayır. Bu modelin tətbiqində postsovet ölkələri arasında olan müsəlman dövlətlərinin rolu çox böyükdür. Onların arasında Azərbaycan xüsusi yer tutur. Çünki Azərbaycan həm yəhudilərin, həm də müsəlmanların bir yerdə yaşadığı ölkənin nümunəsidir. Həmçinin, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan və yəhudilərin çoxluq təşkil etdiyi İsrail arasında müsbət bir nümunədir. İnanıram ki, İsrail və Azərbaycanın Orta Şərqdə geniş mənada sülhə yanaşması da çox oxşardı. Onu da vurğulamaq istərdim ki, İsrailin Türkiyə ilə münasibətləri hər zaman çox yaxşı olmasa da, İsrail və Türkiyəni birləşdirən həm də Azərbaycana olan münasibət, Azərbaycana olan baxışdır. Çünki hər iki ölkə Azərbaycanın vacibliyini, inkişafına olan marağını bölüşür. Qeyd etdiyim kimi, bizim Azərbaycana olan münasibətimiz ondan ibarətdir ki, bu ölkənin əmin-amanlıq, sülh şəraitində yaşamasını istəyirik. Sizin də dediyiniz kimi, münasibətlərimizin əsaslarından biri müdafiə sahəsində olan əməkdaşlıqdır. Bu əməkdaşlıq çox yaxşı başlayıb və davam, inkişaf edir. İkinci əməkdaşlıq etdiyimiz ən böyük sahə energetikadır. Energetika sahəsindəki 4 əsas sahədə münasibətlərimizin inkişafının vacibliyini düşünürəm. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycandan gələn enerji resursları İsrailin enerji ehtiyaclarının böyük bir hissəsini ödəyir. İkinci sahə, İsrailin ofşor zonalarından qazın Azərbaycanın təşəbbüs göstərdiyi yolları – yəni TANAP-ı nəzərdə tutaraq Avropaya çıxarmaqdır. Bu imkanların müzakirəsi də əməkdaşlığın bir hissəsidir. Üçüncü sahə, Azərbaycanın nümunəsini götürərək müstəqil bir fond yaradaraq energetika sahəsindən gələn maddi vəsaitlərin düzgün istiqamətə istifadə olunmasıdır. Növbəti sahə isə Azərbaycanın energetika sahəsində əldə etdiyi biliklərindən faydalanmaqdır. Bu, əsasən mineralların və digər resursların araşdırmasından ibarətdir. Ölkələrimiz arasındakı digər sahə qeyri-energetika sahəsidir ki, bura kənd təsərrüfatı, yüksək texnologiyalar, əzcaçılıq və s daxildir. İnkişaf edən sahələrdən biri də insan resurslarının yaradılmasıdır. Bu sahədə orta ixtisas təhsil müəssisələrindəki təhsil, həmçinin, elm sahəsində olan əməkdaşlıq nəzərdə tutulur. Əməkdaşlığımızın ən vacib sahəsi xalqlar arasında olan münasibətlərdir. Mənim Azərbaycandakı fəaliyyətim dövründə üç Azərbaycan və İsrail şəhəri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. Bundan əlavə biz xalqlar arasında gediş-gəlişi yüksək səviyyədə inkişaf etdirmək niyyətindəyik. Bunu deyəndə turizmi də nəzərdə tuturuq. İsraildən bura gələnlərin sayı, Azərbaycandan İsrailə gedən turistlərin sayından qat-qat yüksəkdir. Azərbaycandan İsrailə köç edən yahudilər uğur qazanandan sonra bu uğurlarını Azərbaycanla da bölüşmək istəyir.

- Hazırda İsrailə getmək üçün viza prosedur qaydaları necədir?

– İsraillə Azərbaycan arasında ikitərəfli razılaşmaya əsasən qarşılıqlı səfərlər üçün diplomatik və xidməti pasportlar istisna olmaqla, viza tələb olunur. Viza məsələlərinə peşəkar şəkildə çalışan konsulluq şöbəsi rəhbərlik edir. İsrailə getmək üçün lazım olan bütün sənədlər qaydasında olarsa, o insanlara viza verilir. Biz Azərbaycandan ölkəmizə çoxlu sayda turistin getməsini istəyirik. Azərbaycanı özümüzə hər zaman dost ölkə bilirik.

- İsrail-Azərbaycan münasibətləri Azərbaycanın qonşularında çox zaman müəyyən qıcıq yaradır. Ələxsüs Ermənistanda bununla bağlı tez-tez fikirlər səslənir. Siz bu barədə nə düşünürsünüz? İkitərəfli əlaqələri xarici təsirlərdən qorumaq üçün hansı addımlar atılır və yaxud atılmalıdır?

– Əvvəldən də qeyd etdiyim kimi, Azərbaycanla münasibətlərimiz strateji xarakter daşıyır və münasibətləri bu cür görürük. Münasibətlər səmimi olduğu halda, hər hansı bir ölkənin hansısa formada bu münasibətlərə təsir edə biləcəyinə inanmıram. Lakin onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı münasibətlər statik bir şey deyil, hər zaman inkişaf edir, dəyişir. Çalışmalıyıq ki, bu münasibətləri dəstəkləyək, qoruyaq. Həmçinin, dərinləşdirmək, genişləndirmək üçün də bu işlər görülməlidir. Məhz bunun üçün İsrailin Azərbaycanda səfirliyi var və səfirliyin əsas məqsədi də ikitərəfli münasibətləri inkişaf etdirməkdir, qorumaqdır. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın da İsraildə səfirliyi olacaq. Çünki hər iki ölkə bu münasibətləri qorumaq və inkişaf etdirməyə çalışmalı, bunun üçün daimi bir iş görülməlidir.

sefir01

- Cənab səfir, Azərbaycanda son illər və xususən 2018-ci il 11 aprel seçkilərindən sonra islahatlar həyata keçirilir. Modern iqtisadiyyata və bir çox sahələrdə qabaqcıl təcrübəyə malik ölkənin səfiri kimi, kənar müşahidəçi kimi, siz bu prosesləri necə qiymətləndirirsiniz? Hansı tövsiyyələr verə bilərsiniz?

– İki ölkənin oxşarlığı ondadır ki, qonşu ölkələrlə mübahisələrə baxmayaraq, uğurla inkişaf etməyə qadirdilər. Azərbaycanda islahatların olması təkamül xarakteri daşıyır və addım-addım dəyişilir. Bu, çox uğurla nəzərdə tutulan bir planla gedir. Bir az əvvəl qeyd etdiyim kimi, İsraillə Azərbaycan arasındakı münasibətlərə strateji münasibətlər kimi baxırıq və Azərbaycanın ehtiyaclarına əsaslanaraq nə zaman dövlət rəhbərliyi, rəsmilər İsrailin köməyinə ehtiyac duyarsa, İsrail öz biliklərini bölüşməyə hazırdır. İnanırıq ki, bu, sadəcə bizim tərəfdən bir yardım kimi olmayacaq, hər iki tərəfin marağında olan münasibətlərin inkişafı kimi görüləcək.

- Azərbaycan-İsrail münasibətlərində mədəni, humanitar və insanlar arasındakı əlaqələr başlıca rola malikdir. Biz az əvvəl buna toxunduq. Hazırda dünyada bəzən antisemitizm çağırışları səslənir, hətta Avropada bunun şahidi oluruq. Azərbaycan isə multikulturalizm və tolerantlıq dəyərlərinin yayılması, möhkəmlənməsi üçün çox səy göstərir, təşəbbüskar ölkələrdən biri kimi çıxış edir. Təl-Əviv bu istiqamətdə Azərbaycana yardımı necə təsəvvür edir?

– Sizin toxunduğunuz məsələdə ksenofobiyadan danışırıq. Ksenofobiya dünyada yayılan böyük bir qorxudur. Bu özünü müxtəlif formalarda, həm antisemitizm, həm də islamafobiya kimi göstərə bilər. Bu cür münasibətlər böyük bədbəxtliklər gətirə, soyqırım və kütləvi qətllərə yol aça bilər. Məhz buna görə də İsrail Azərbaycanla münasibətlərə böyük dəyər verir. Çünki Azərbaycan İslam dövləti olmasa da, amma müsəlman dünyasına aid dünyəvi bir ölkədir. Bu ölkəylə olan münasibətlər onu göstərir ki, Yaxın Şərqdə olan problemlər dini deyil, siyasi xarakter daşıyır. Çünki İsrail öz ölkəsində olan dini və milli azlıqlara böyük hörmətlə yanaşır.

- Yaxın Şərqdən söz düşmüşkən, Təl-Əviv nöqteyi-nəzərindən Yaxın Şərqdəki proseslərin perspektivi necə görürünür? Suriyada baş verənlər, İranla münasibətlər, Körfəz ölkələri ilə münasibətlər, Türkiyənin bölgədəki siyasəti ilə bağlı ümumi qənaətlərinizi bölüşmənizi xahiş edərdim…

– Sualınıza cavab olaraq onu deyə bilərəm ki, Yaxın Şərqdə dəyişmə prosesləri baş verir. Bu proseslərin nəticəsindən çox da əmin deyiləm. Bəzi ölkələr – bu bizə dost ölkələr də ola bilər, düşünür ki, Yaxın Şərqdə Fələstin-İsrail problemi həll edilsə bütün problemlər həll olunacaq. Bu çox sadəlövh və səhv bir yanaşmadır. Əlbəttə, İsraillə Fələstin arasında olan münaqişənin həlli vacibdir. Digər münaqişələr var ki, tək region üçün deyil, dünya üçün təhlükəlidir. İraqda və Suriyada baş verənlərə nəzər salsaq, bunun dini xarakter daşıdığını görərik. Sünnilər və şiələr arasında münaqişələr baş verir. İranın Səudiyyə Ərəbistanına olan münasibəti, Suriyada baş verənlər, bu çətin münaqişələrdən biridir. Ən radikal İslam təşkilatı olan İŞİD Yaxın Şərqdə yaradılıb. Bu, yalnız Yaxın Şərq üçün deyil, digər ölkələr üçün də təhlükə yaradır. Güman edə bilərik ki, bu yaxınlarda Şri-Lankada baş verən teraktlar bəlkə də bu təşkilat tərəfindən birbaşa təşkil olunmasa da, onlardan ilhamlanaraq təşkil olunan terror olub. İŞİD-in İraqda və Suriyada törətdiyi fəsadlardan sonra problem genişlənməyə başlayıb. Bu təşkilat yalnız Yaxın Şərqdə deyil, Əfqanıstanda və digər ölkələrdə nümayəndəliklərini yaratmağa çalışır. Bunları düşünərək deyə bilərik ki, bunun Fələstin-İsrail arasında olan münasibətlərə heç bir aidiyyatı yoxdur. Yaxın Şərqdə yaranan digər təhlükələr dünya üçün daha böyük təhlükələr yarada bilər. Bu regionda yaranan təhlükələri yayan ölkələrdən biri də İrandır. Onun bu sahədə böyük rolu var. Bu, ancaq nüvə silahının yaradılması deyil, həmçinin, terrorun bir regiondan digər regionlara yayılmasıdır. Bunun üçün hərdən digər təşkilatlardan da istifadə edir. Öz ideologiyasına tamamilə fərqli ideologiyaya malik olan təşkilatlardan, sələfilərdən də istifadə edir. Hansı ki, Qəzza zolağında və Əfqanıstanda fəaliyyət göstərirlər. İranın müxtəlif ölkələrə olan siyasətinə, məsələn, Əfqanıstanda, Pakistanda, Bəhreyndə, Yeməndə və Afrika ölkələrində apardığı siyasətinə nəzər salsaq görərik ki, onun gördüyü işlər böyük təhlükələr yaradır. İran rejiminin rəsmilərinin açıqlamalarına baxaq, İsrailə qarşı ittihamlar irəli sürülür. Bu, ancaq İsrailə qarşı olan nifrətdən yaranmır, həmçinin, siyasi düşünülmüş addımdır. Onlar öz siyasətini elə yürütməyə çalışır ki, müsəlman ölkələr arasında lider ölkə olsun. Yaxın Şərqdə sabitliyin qorunmasında və yaranmasında böyük rol oynayan ölkələrə nəzər salsaq, İsraili görə bilərik. Çünki İsrail sabitliyin əsasını yaradır. Azərbaycan da həmçinin regionda sabitliyin qorunması üçün böyük rol oynayan ölkədir. Ümid edirik ki, Türkiyə də bu ölkələrdən biri olacaq. Çünki böyük ölkə olmaqla, bu bölgədə ciddi rola sahib olan ölkələrdən biri ola bilər.

- Türkiyədən söz düşmüşkən, Azərbaycan üçün bu çox həssas mövzu olduğundan, İsrail–Türkiyə münasibətləri üzərində xüsusi dayanmaq istərdim. Siz Ankara-Təl-Əviv münasibətlərinin yaxın perspektivdə inkişafını düşünürsünüzmü?

– İsrail siyasi prinsiplərinə əsaslanaraq dünyanın bütün ölkələri ilə müsbət münasibət qurmağa çalışır. Xüsusən də onun üçün vacib olan ölkələrlə. Regionda bu ölkələr arasında Türkiyəni də görür. Əlbəttə ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Başa düşürük ki, bu Azərbaycan üçün vacib bir məsələdir. Çünki Türkiyə və İsrail Azərbaycanı dəstəkləyən iki böyük ölkələrdir. Tarixə nəzər salsaq İsraillə Türkiyə arasında münasibətlər çox dərin, daimi inkişaf edən olub. Ümid edirik ki, gələcəkdə bu münasibətlər bərpa olunacaq və yenə inkişaf edəcək. Bir az əvvəl qeyd etdiyim kimi, İsrail və Türkiyə arasında münasibətlərin bərpasına və inkişafına ümid edirik.

- Cənab səfir, bir az əvvəl dediniz ki, İsrail regionda sabitliyi qorumağa çalışır. Amma ekspertlər, xüsusən ərəb ölkələrindəki ekspertlər son illər İsrailin daha aqresiv siyasət yürütdüyünü vurğulayırlar…

– Bu ərəb ekspertlərindən soruşmaq istəyirəm: Suriyada baş verənlərdə, İranın Bəhreyndə apardığı siyasətdə, Yeməndəki münaqişələrdə İsrailin nə kimi rolu var? Bu baş verən hadisələrdə İsrailin heç bir rolu olmayıb. İsrail ancaq ona qarşı olan hücumlara cavab olaraq özünü müdafiə hüququndan istifadə edir.(azpolitika)

Laçın SƏMLA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam