“QƏRB DƏ RUSİYA VƏ İRANA QOŞULARAQ, SÜLH İSTƏMƏDİ...” –“Laçın dəhlizini bağlayıb, Ermənistana ultimatum verməliyik”
Yenixeber.org: Politoloq Fərhad Məmmədov Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı yaranmış son durumu dəyərləndirərkən belə deyib.
Xatırladaq ki, Aİ Nazirlər Şurasının 17 oktyabr tarixli iclasında Praqada dörtərəfli razılaşma ilə Ermənistana göndəriləcək Aİ missiyasının səlahiyyət dairəsi hədsiz genişləndirilib. Qərarda göstərilib ki, Ermənistana göndərilən heyətin mandatı regionda sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasıdır. Yəni Bakı ilə razılaşdırılmadan missiyanın fəaliyyət dairəsinə “regionda sülhün və təhlükəsizliyin bərpası” ifadəsi daxil edib. Bu isə artıq texniki monitorinq qrupunun deyil, tamhüquqlu sülhməramlı missiyanın mandatına uyğundur. Halbuki Praqada Azərbaycan tərəfi buna icazə verməyib.
F.Məmmədov deyir ki, ABŞ, Fransa və onların dəstək qrupu Aİ rəhbəri Şarl Mişelin vasitəçilik missiyasını nüfuzdan salmaq üçün əllərindən gələni etdilər: "Beləliklə, Qərb də regionda uzunmüddətli sülh istəməyən Rusiya və İrana qoşulub. Qeyd etmək istərdim ki, Rusiyadan gələn sülh müqaviləsi layihəsində Qarabağın "statusu" haqqında maddə var, İran isə diqqətini Sovet İttifaqı dövründə Ermənistan və Azərbaycanla mövcud olmuş sərhədinə cəlb edib. Ermənistan tərəfi yerinə yetirilməmiş öhdəliklər və yalanlar elə bir silsilə yaradıb ki, bu barədə ayrıca danışmaq lazımdır...
Ermənistan rəhbərliyinin Naxçıvana gedəcək dəhlizlə bağlı davranışı isə Azərbaycan rəhbərliyinin səbr kasasını daşıracaq son damla ola bilər".
Bu situasiyada Azərbaycan nə edə bilər, alternativləri nədən ibarət ola bilər?
Politoloq bunları qeyd edib:
- Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması. Əks təqdirdə hərbi infrastrukturun və şəxsi heyətinin məhv ediləcəyi barədə ultimatum verilməlidir. Görək bu zaman tabutlar hara gedəcək? Bu ünvanlar Ermənistan Silahlı Qüvvələrinin hələ də Qarabağda olmasının sübutu olacaq.
- Bundan sonra Ermənistanla münasibətləri bərpa etmək artıq mümkün olmayacaq. Yəni Üçətərfli bəyanatın yaratdığı çərçivə, Azərbaycan ərazisində erməni silahlıları olmayacaq, Laçında isə nəzarət-buraxılış məntəqəmiz olacaq.
Bu tədbirlərin qarşılığı nə ola bilər?
Təbii ki, ermənilər adətlərinə uyğun çığır-bağır salıb şikayətlənəcəklər. ABŞ-dan, Fransadan Azərbaycana qarşı sanksiya təhlükəsi də ola bilər. Əlbəttə, Aİ-də buna veto qoyacaq ölkələr də var. Bütün hallarda sanksiyalar olsa belə, dözə bilərik. Sanksiyaların tətbiqi isə Azərbaycanda Qərbin tam nüfuzdan düşməsinə gətirib çıxaracaq.
Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti əhəmiyyətini itirəcək. Günahkar öz öhdəliklərini yerinə yetirmədiyində görə Rusiyanın özüdür. Reallığı qəbul etmək lazımdır. Dəhliz istənilən halda dost ölkələrin - Azərbaycan, İran və Türkiyənin ərazisindən keçəcək.
Təklif olunan alternativlərin faydaları nədən ibarətdir?
Azərbaycan Naxçıvana İran vasitəsilə yol çəkəcək, Tehran da sakitləşəcək, Çin də özünü yaxşı hiss edəcək.
Azərbaycan Ermənistanla şərti sərhəddə avantajlı mövqedə qalır - Aİ, ATƏT və onların missiyaları qoy öz mövqeləri arasında dolaşsınlar.
Avropa ölkələri bizim qazımızı almaqdan əl çəkməyəcək - ən azından o ölkələr ki, artıq nisbətən ucuz Azərbaycan qazı üçün müqavilə bağlayıblar.
Ermənistanla sülh müqaviləsi üzrə danışıqları yeni şərtlərlə və yeni sərhəd müşahidəçi missiyaları ilə davam etdiririk. Bu müddət ərzində Ermənistanın sərhədləri bağlı olaraq qalmaqda davam edir. Bununla yanaşı, Ermənistan rəhbərliyini xarici siyasət prioritetlərinin seçimi qarşısında qoyuruq. Qoy Rusiya, ABŞ və İranla münasibətlərdə yaranacaq durumlardan özləri çıxsınlar.
"Azpolitika"