İrəvan ümidini İran və Hindistan PUA-larına bağlayıb -Ermənistan intihar yolunu seçir?
Kapitulyant ölkənin Azərbaycanla sülh müqaviləsinə qarşı yeni hiylələri; avropalı müşahidəçilərin gəlişi ərəfəsi sərhədlərimiz intensiv atəşə tutulur - təsadüfmü?
Yenixeber.org: Nikol Paşinyan hökuməti iki ildir “sülh çuxası”na bürünsə də, məqsəd heç də qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalamaq deyil. Çünki sülh arzulayan savaşı qaçılmaz edən köhnə iddialara və ritorikaya yol verməz. Əksinə, onlardan həmişəlik əl çəkər, öz xalqını barışa hazırlayar, müharibəyə yox.
Ermənistan isə indi də avropalı “müşahidəçilər”in gözü önündə sərhədlərimizə hərbi qüvvə cəmləmək və belə görünür ki, növbəti təxribatlara hazırlaşmaqdadır. Bu ölkənin müdafiə naziri Suren Papikyan ABŞ-dan vurub Hindistandan çıxır. Gah da xəbəri Rusiyadan gəlir. 2023-cü ildə Ermənistan öz kasıb əhalisinin boğazından kəsib hərbi büdcəsini rekord həddə çatdırmaq niyyətindədir.
Dünən o da bəlli olub ki, Ermənistan İran istehsalı olan zərbə dronlarının (PUA) alınması ilə bağlı Tehrana rəsmən müraciət edib. Bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi deyib. Məlumdur ki, Ermənistan Hindistandan da PUA-lar sifariş edib.
Yəni İrəvan ən böyük diqqəti əslində ordu quruculuğuna yönəlib, nəinki Azərbaycanla dinc yanaşı yaşamağın yeganə yolu olan böyük sülh anlaşmasına. Ancaq sual da budur ki, yoxsul ölkə bahalı silah-sursata, PUA-dronlara pulu hardan tapacaq və ya tapır? Məsələn, az öncə Hindistandan aldığı 270 milyon dollarlıq silah və hərbi texnikanın pulunu necə ödəyəcək?
Kapitulyant ölkə yəqin ki, sərhəddə təxribatlar törədərək, yenə Azərbaycanı “günahkar” çıxarmağı hədəfləyib. Bu dəfə Avropa Birliyi müşahidəçilərinin gözü qarşısında. Təsadüfi deyil ki, müşahidəçilərin gəlişi ərəfəsində Kəlbəcər və Daşkəsən istiqamətində sərhəd bölgələriniz neçə gündür intensiv atəşə tutulur...
*****
Rusiyalı analitik və hərbi ekspert İqor Korotçenko da hesab edir ki, avropalı müşahidəçilər sərhəddə öz missiyasını yerləşdirdikdən sonra Ermənistan açıq-aydın Azərbaycana qarşı yeni silahlı təxribatlar törədəcək. “Məqsəd baş verənlərdə Bakını günahlandırmaq və Cənubi Qafqazda status-kvonu dəyişdirməyə cəhd etməkdir. Bunun üçün isə Ermənistanın 2-ci Qarabağ müharibəsi zamanı əhəmiyyətli dərəcədə zədələnmiş Silahlı Qüvvələrinin potensialını artırmaq məqsədilə kamikadze pilotsuz aparatlarına və digər silah sistemlərinə ehtiyacı var”, - deyə o xəbərdarlıq edib.
“Yekun sülh müqaviləsi imzalananadək Ermənistan yenə təxribatlar törədəcək”.
Abdullah Ağar
Bunu isə təhlükəsizlik məsələləri üzrə türkiyəli eksperti Abdullah Ağar deyib.
Onun sözlərinə görə, Ermənistan hazırda özünə yol axtarır və Azərbaycana qarşı bir təsir, təzyiq imkanı əldə etmək istəyir. “Paşinyan hökuməti təxribatlardan daxili və xarici siyasət üçün istifadə edir, bu təxribatlara göz yuman Paris və Vaşinqton isə Azərbaycandan müəyyən güzəştlər əldə etmək istəyir. Bununla Azərbaycanı nəzarətdə saxlamaq və təsir altına salmaq istəyirlər. Baxın, Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana gedib, oradan 270 milyon dollarlıq silah alınıb. Bu pul hardandır? Alınan silahlar kimə qarşı istifadə olunacaq?”
*****
Öz növbəsində Ermənistanın radikal ekspert çevrələrində - hansı ki, hələ də bədbəxt erməni xalqına yeganə düzgün seçimi etməyə əngəl yaradır - pessimist ovqat güclənməkdədir. Məsələn, erməni sosioloq Armine Adibekyana görə, “Azərbaycanla sülh müqaviləsi kapitulyasiyadır, çünki bu sənəddə Ermənistanın maraqlarından irəli gələn heç bir bənd yoxdur”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, yerli mediaya açıqlamasında söyləyib.
Adibekyan əmin olduğunu bildirib ki, sənəd sırf Bakının maraqlarını ehtiva edir.
“Azərbaycan nə istəyir? O, ”artsax"ı istəyir. Bakı “artsax”ı 44 günlük müharibədə “təxribatı” sayəsində (?! - red.) aldı. Başqa sözlə, Paşinyan “artsax”ı təslim etmək prosesinə hələ 2018-ci ildə hakimiyyətə gələndə başlayıb. O, bu “missiya” ilə gəlmişdi. Onların fikrincə, müharibə nə qədər qanlı, Ermənistanın itkiləri nə qədər çox olarsa, xalq təslimiyyətlə bir o qədər asan razılaşar", - deyə o qeyd edib.
Onun sözlərinə görə, eyni “ssenari” bu gün də davam edir, çünki Azərbaycanın gözləntiləri var: “Bakı Süniki (Qərbi Zəngəzur - red.) əldə etmək istəyir. Dəhliz əldə etmək istəyir. Bakı bütün qoşunlarını əlverişli mövqelərə yerləşdirəcək ki, Ermənistan heç vaxt ayağa qalxıb mövcudluq hüququ uğrunda mübarizə apara bilməsin”.
“Hansı sülh variantı Ermənistana daha sərfəlidir - Rusiya, Avropa, yoxsa Azərbaycan-Türkiyə variantı” sualına Adibekyanın cavabı belə olub: “Rusiyan variantı Rusiya və Azərbaycan-Türkiyənin, Qərb variantı Qərb, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Nə qədər ki, erməni variantı masada olmayacaq, üç variantdan heç biri bizim maraqlarımıza uyğun olmayacaq. Onların hər üçü eyni dərəcədə təhlükəlidir”.
*****
Bu arada “Past” erməni nəşri öz mənbələrinə istinadən yazıb ki, bir qrup ABŞ konqresmeninin başlayan İrəvan səfərində əsas məqsəd Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müddəalarını və sərhədlərin delimitasiyasını müzakirə eləməkdir.
7 konqresmendən ibarət nümayəndə heyətinin İrəvan səfəri oktyabrın 18-də başlayıb. Onları baş nazir Nikol Paşinyan qəbul edib. Konqresmenlər həm iqtidar partiyasının deputatları, həm də müxalifət deputatları ilə görüşlər keçiriblər.
“Qərbin Ermənistanla Azərbaycan arasında nizamlanma layihəsi Qarabağda erməni mədəni irsinin mütləq qorunub saxlanılması və erməni əhalinin təhlükəsizliyinə təminat verilməsi də daxil, Azərbaycanın tərkibində ”artsax"a muxtariyyəti nəzərdə tutur".
Bunu İrəvanda səfərdə olan konqresmenlərdən biri Frank Pallone deyib.
“Azərbaycan da Rusiya və digər ölkələr kimi başa düşməlidir ki, Sovet İttifaqı dövründə muxtar vilayətlər olub. Söhbət təkcə Dağlıq Qarabağdan getmir. Bəli, Azərbaycan Respublika var idi, amma ”artsax" da (?! -red.) muxtariyyət idi. Və bu davam etməlidir. Yəni Azərbaycan anlamalıdır ki, “artsax”ın statusu var və orada erməni mədəniyyətini və xalqını qorumaq üçün ona hansısa muxtariyyət verilməlidir", - deyə amerikalı konqresmen az qala hədələyici tonda bildirib. Onun fikrincə, status məsələsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə salınmalıdır.
Rəsmi Bakı isə təbii ki, heç vaxt buna imkan verməyəcək. Əks halda, hər hansı sülh danışıqlarına qatılmağın Azərbaycan üçün anlamı qalmaz. 44 günlük müharibədə qazandığımız haqlı və legitim qələbə ya sülh müqaviləsi şəklində beynəlxalq birliyin, o cümlədən ABŞ-ın şahidliyi ilə sənədləşdiriləcək, ya da sənədləşdiriləcək və nida işarəsi! “Müsavat”