Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Kremlin “referendum tamaşası” baş tutmadı –“Krımda etdiklərini Ukraynanın şərqində edə bilməyəcəklər”

Yenixeber.org: Solovyov və Simonyan kimi Kreml təbliğatçıları gecə-gündüz bu mövzunu tirajlayırdılar və belə təsəvvür yaradırdılar ki, guya bu gün-sabah həmin ərazilərin taleyi həll olunacaq. Az qala Putindən başqa bütün yüksək rütbəli Kreml rəsmiləri və Duma üzvləri də bu planın mövcud olduğunu təsdiqləyir, hətta konkret tarix elan edirdilər – 11 sentyabr. Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin, eləcə də Putinin prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun işğal olunmuş ərazilərə səfərləri də xeyli dərəcədə referendumun təşkili məsələsi ilə bağlı idi. 11 sentyabr Rusiyada ümumxalq səsvermə günüdür və səsvermə sentyabrın 9-da başlamalı, 11-də sona çatmalıdır. Artıq Rusiyanın bir çox bölgələrində səsvermə başlayıb. Bu günlər ərzində Rusiya ərazisində 11 regionda qubernator, 6 regionda parlament üzvləri, 12 regionda deputatlar şurası və çoxlu sayda yerli özünüidarəetmə orqanlarına nümayəndələr seçiləcək.

Ancaq bu gün artıq sentyabrın 9-u olsa da, işğal olunmuş Xerson, Zaporojye, Luqansk və Donetskdə hansısa səsvermə keçiriləcəyinə dair hər hansı hazırlıq, yaxud digər əlamət nəzərə çarpmır. Əksinə, hazırda nə həmin işğal ərazilərində yaşayan əhali, nə də işğalçı administrasiyalar referendum hayında deyillər. Demək olar, bütün cəbhə xətti boyu intensiv döyüşlər gedir və Ukrayna tərəfi təşəbbüsü ələ almaqda davam edir. Referendumla bağlı ən çox adı hallanan Xersonda 25 minə qədər rus hərbçisi Dneprə sıxılmış vəziyyətdə qalıb. Bu qruplaşma hazırda silah-sursat, ərzaq və digər təminat məsələlərində çıxılmaz vəziyyətə düşüb. İndi Xersonda referendum yox, Dneprin sağ sahili ilə necə əlaqə qurulması üzərində baş sındırırlar...

Buna oxşar vəziyyət digər işğal olunmuş vilayətlərdə və şəhərlərdə də hökm sürür. Yerli müşahidəçilərin bildirdiyinə görə, Rusiyanın hazırda referendum ideyasından vaz keçməsi təkcə Ukrayna Ordusunun əks-hücum əməliyyatları ilə bağlı deyil. Məsələ ondadır ki, işğal altındakı ərazilərdə yaşayan yerli əhali də işğalçı administrasiyaların bütün cəhdlərinə, hədə-qorxularına, yaxud şirnikləndirmələrinə baxmayaraq, səsverməyə qatılmaq istəmirlər.

İşğal altındakı Melitopol şəhərinin meri İvan Fyodorov Ukrayna kanallarından birinə açıqlamasında deyib ki, Rusiya tərəfi hər nə qədər çalışsa da, işğal altındakı bu şəhərdə yaşayanların heç 10 faizi də səsverməyə qatılmaq fikrində deyil. Fyodorov bildirib ki, rusiyalılar hələ avqustun sonunda bu ərazilərdə referendum keçirmək istəyirdilər. Bunun üçün avqustun ortalarında yaşayış binalarına, şəxsi evlərə reydlər təşkil edilərək, əhalinin buna münasibətini öyrənməyə çalışıblar. Nəticə qətiyyən ürəkaçan olmadığından, bu fikirdən vaz keçiblər: “Bu gün onlar dəqiq gördülər ki, əhalinin 10 faizdən də az hissəsi ümumiyyətlə, bu referendumda iştirak etməyə razılıq verib. Onların da “hə”, yoxsa “yox” deyəcəyi sual altındadır. Bundan sonra onlar referendum keçirməkdən vaz keçdilər və hansısa sosial sorğu keçirəcəklərini deyirlər. Biz aydın görürük ki, Krımda baş verənlər bizim ərazilərimizdə baş tutmayacaq. Onlar bu saxta referendumu bir neçə aylıq təxirə salıblar, ancaq bilirik ki, o, ümumiyyətlə baş verməyəcək”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski son çıxışlarının birində işğal olunmuş ərazilərdəki referendum mövzusuna toxunaraq demişdi ki, belə bir saxta və qanunsuz səsvermə keçiriləcəyi təqdirdə, Ukraynanın Rusiya ilə danışıqlar masasına oturması ehtimalı birdəfəlik gündəmdən çıxacaq və bu zaman hər hansı danışıqdan ümumiyyətlə söhbət getməyəcək. Rusiyaya isə məlum olduğu kimi, hərbi əməliyyatların dayandırılması və danışıqların başlanması hava-su kimi lazımdır. Çünki hər ötən gün Rusiya ordusunun Ukraynadakı uğursuzluq salnaməsinə yeni səhifə yazır, ordunun onsuz da yüksək olmayan döyüş əzmi azalır, rus ordusunun silah və canlı qüvvə potensialı tükənir, iqtisadiyyat çökür, Ukraynanınsa silah-sursat və canlı qüvvə ilə təminatı artır və bütün bunlar Rusiyanın işğal altındakı ərazilərin heç olmasa müəyyən hissəsini belə əldə saxlamasını çətinləşdirir. Bunu Ukrayna Ordusunun Xarkov istiqamətindəki əks-hücumu və Xerson istiqamətində baş verənlər də əyani şəkildə göstərməkdədir. Odur ki, hazırda daha çox Ukraynadan necə “üzüsulu” çıxmaq və baş verənləri ruslara “qələbə” kimi təqdim etmək üzərində düşünən Kremlin nə vaxtsa bu ərazilərdə referendum keçirəcəyi artıq inandırıcı görünmür...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam