Xankəndini nəzarətə götürəcəyimiz gün -Araikin “evcik-evcik” oyunu bitir
Separatçılar ətrafında çənbər sürətlə daralır; seçim yaxında: ya Qarabağda sonuncu erməni qalanadək dirəniş, ya da bayrağımızı öpüb Azərbaycan xalqından əfv diləmək...
Yenixeber.org: Qarabağda ilişib qalan erməni separatçıları, quldur-terrorçular avqustun 25-dən sonra daha balaca “siçan deşiyi” ilə kifayətlənməli olacaqlar. Enində-sonunda isə onların hamısı dabanlarına tüpürüb ərazimizdən qaçacaqlar. 44 günlük müharibədəki 10 min erməni fərari kimi. Sadəcə, geci-tezi var. Əlbəttə ki, Azərbaycan Konstitusiyasını qəbul edib bayrağımızı öpənlərdən, xalqımıza qarşı cinayət törətməyənlərdən savayı.
Amma vaxtilə Bakı onlara dünyada analoqu olmayan, ən yüksək muxtariyyət vəd edirdi - 7 rayonun boşaldılması qarşısında. Ancaq həyasızcasına bizdən daha çoxunu, faktiki dövlət içində dövlət tələb elədilər. Sonrası məlumdur: azdan da oldular. İki ildir yenə ifrata varır, hansısa statusa iddia edirlər. Vətəndaşlığımızı qəbul edib təhlükəsizlik içində dinc həyat yaşamağı seçmək əvəzinə. Demək, “Şeytan yuvası” Xankəndi də ermənilərsiz qala bilər...
Hələliksə, separatçıbaşı Araik Arutyunyan və bandası Rusiya sülhməramlıların arxasında gizlənərək, “evcik-evcik” oyunu oynamaqla özlərinə təsəlli verməyə çalışırlar. Di gəl, növbəti “dəmir qapaz”ı yeyən kimi özlərini yığışdırır, quzuya dönürlər.
Məsələn, az öncə Araik Arutyunyan mifik “artsax”ın müdafiəsi ilə bağlı imzaladığı “qismən səfərbərlik” haqda “əmr”inin icrasını dayandırıb. Siyasi kloun Araik öz “fərmanı”nın icrasını dünən ləğv edib. Guya ləğv eləməsəydi, nə dəyişəsi idi ki, əgər imzalanan belə “əmr” və “fərmanların” dəyəri onların yazıldığı kağızın dəyərindən belə aşağıdırsa. Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürəndən sonra separatçılar buna heç şübhəsiz, bir daha əminlik hasil ediblər.
Yəni çənbər sürətlə daralır. Separatçılar lap yaxınlarda seçim eləməli, qərar verməli olacaqlar: ya Azərbaycan dövlətinə qarşı Qarabağda sonuncu erməni qalanadək mənasız dirənişi davam etdirmək, yəni özünə sui-qəsd yolu seçmək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib dövlətimizdən əfv diləmək. Həm də tələsməlidirlər.
“Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək”.
Oleq Kuznetsov
Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib.
“Qarabağ ətrafında vəziyyətin indiki gərginləşməsini mən öncədən proqnozlaşmışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər. Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək”, - analitik qeyd edib.
Kuznetsova görə, Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi bu dəfə diqqəti cəlb etmədi: “Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur. Tamamilə göz qabağındadır ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar - buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə - heç vaxt. Bunun bir neçə izahı var”.
Tarixçi-analitik onları belə sıralayır: “Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarımda bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə, atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı ”hərbi polislər" durub. İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da öz növbəsində Qarabağda sülhməramlıların ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir".
Əfsus ki, kapitulyant və nankor ermənilər onlar üçün faktiki xilaskar rolu oynamış Rusiyanı neçə vaxtdır Qərblə, daha dəqiqi, ABŞ-la dəyişməyə cəhdlər göstərirlər. Daha bir səbəbə: Qərb, ABŞ Rusiyadan fərqli olaraq, “Minsk Qrupu”, “status” söhbətini gündəmə qaytarmağa çalışırlar.
“ABŞ Dağlıq Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır”.
Bu barədə ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Kortni Ostianın srağagünkü bəyanatında deyilir.
“Biz vəziyyəti diqqətlə izləyirik və gərginliyi azaltmaq və daha böyük eskalasiyanın qarşısını almaq üçün tərəfləri təcili tədbirlər görməyə çağırırıq. ATƏT-in Daimi Şurasında, dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin vacibliyini vurğulayır”, - deyə o qeyd edib.
ABŞ rəsmisi xatırladıb ki, ötən həftə dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla şəxsən əlaqə saxlayıb, gərginliyi azaltmağa, gərginliyi azaltmaq üçün birbaşa təmaslara çağırıb. “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün həm tərəfdaşlarla ikitərəfli əməkdaşlıq şəklində, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq çalışmağa hazırdır”, - bəyanatda deyilir.
Göründüyü kimi, rəsmi Vaşinqton iki qonşu arasında sülhə, barışığa çağırış eləsə də, yenə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən əl çəkmir və üzdəniraq Minsk Qrupunu bizə xatırladır. Bununla da özünün sülh istəyinin səmimiliyini şübhə altına almış olur. Ermənistanda “müharibə tərəfdarlarının çörəyinin üzərinə yağ sürtür”.
Xanım Kortni Ostianın söylədiyi kimi, ABŞ gerçəkdən bölgədə daimi sülhdə maraqlıdırsa, o zaman nədən Vaşinqton bircə dəfə də olsun, erməni qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxmasını (kapitulyasiya sənədinin 4-cü bəndi) tələb eləməyib? Bunsuz hansı sülhdən, barışıqdan, sabitlikdən söhbət gedə bilər? Üstəlik də ABŞ 10 noyabr kapitulyasiya sənədinin legitimliyini tanıyıbsa...
“Müsavat”