Yenixeber.org: Qərb dövlətlərinin ölkəmizə qarşı “ikili standart” siyasətinə çoxdan öyrəncəli olmuşuq. Ancaq beynəlxalq hüquqdan dəm vuranların beynəlxalq hüquqa bu cür sayğısızlığını və ədalətsizliyini məhz indi - Ukrayna böhranı və Azərbaycanın Avropa üçün energetik və logistik dəyərinin birə-beş artması fonunda müşahidə eləmək ikiqat üzücüdür. Keçək mətləbə.
Ötən həftəsonu ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. Yada salaq, 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi isə bununla bağlı kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni lobbisi Konqresdəki havadarları sayəsində öz hədəfinə çatıb.
Doğrudur, sənədin tövsiyə xarakteri daşıdığı deyilir. Yəni Bayden administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmaya da bilər. Ancaq Azərbaycan tərəfə haqsız olaraq, daha bir “daş” artıq atılıb.
Bütün hallarda Ukraynada, Gürcüstanda, Moldovada illərdir separatçıların “iki ayağını bir çarığa salan” Birləşmiş Ştatların erməni separatçıları münasibətdə tam əks-mövqe sərgiləməsi, uydurma rejimin de-fakto tanınması anlamı verən addımlar atması dərin təəssüf doğurur. Qarabağ Azərbaycandır və ora xaricdən dövlət səviyyəsində istənilən yardım yalnız bizim dövlətin üzərindən ola bilər və nida işarəsi!
*****
Bu arada Rusiya da Azərbaycana qarşı təxribatlarından qalmır. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı yaydığı son bülletenlərinin birində guya az öncə baş vermiş silahlı insidentlə bağlı deyilir. Sitat: “Gün ərzində Taqavard (?! - red.) ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağdakı silahlı birləşmələrin postunu atıcı silahlardan atəşə tutub. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və erməni tərəflərinin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”.
Diqqət edin, artıq neçənci dəfədir ki, Rusiya Müdafiə Nazirliyi sanki acığa Azərbaycan Ordusu ilə bir ovuc erməni bandit dəstələrini eyniləşdirir, onların ikisini də legitim silahlı qüvvələr kimi təqdim edir. Sanki Qarabağda iki ölkənin iki qanuni ordusu qarşı qarşıya dayanıb, rus hərbçilərinin də əsas vəzifəsi onların arasında “bufer” yaratmaqdır.
Görəsən, qanuni və əzəli torpağımız olan Qarabağda hansı iki tərəfdən, hansı “erməni hərbi postu”ndan və hansı “ikinci ordu”dan söhbət gedir? “Taqavard” ərazisi nə?..
*****
Bu, təbii ki, Rusiyanın Azərbaycan əleyhinə çirkin oyununun növbəti təzahürü, həyasız riyakarlıqdır, açıq-aşkar Bakının səbri ilə oynamaqdır. ABŞ kimi şimal qonşumuzun da kriminal bir rejimi legitimləşdirmək, Bakıya qarşı əldə alət qismində saxlamaq cəhdidir.
Sual yaranır: məgər biz Rusiya hərbi kontingentini ona görə ərazimizə müvəqqəti çağırmışıq ki, separatçılara və onların qanunsuz birləşmələrinə havadarlıq eləsin, onları qorusun, yoxsa onları oradan çıxarsın və ya tərksilah eləsin? Qarabağda yenə qeyri-qanuni erməni terrorçu dəstələri qalacaqdısa, Rusiya hərbçiləri bizim nəyimizə lazımdı? Ruslar orada nə qələt eləyir? Məntiq varmı?
Yoxdur. Çünki belə hərəkətlər hər şeydən əvvəl V.Putinin də imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsi və 10 noyabr 2020-ci il 3-tərəfli sənədin tələblərinə daban-dabana ziddir! Qarabağdakı Rusiya hərbçilərinin komandanı, general-mayor Andrey Volkov bəyəm kapitulyasiya aktının 4-cü bəndini oxumayıb? Axı sənəd 3 dildə tərtib edilib. Onu özünü general-qubernator kimi aparan Volkovun nəzərinə öz ana dilində bir də çatdırırıq: “Mirotvorçeskiy kontinqent Rossiyskoy Federaüii razvёrtıvaetsə parallelğno s vıvodom armənskix voorucёnnıx sil” (“Rusiya Federasiyasının sülhməramlı hərbi kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilir”).
O zaman nəyi gözləyirlər? Nəyə ümidli və arxayındırlar? Deyəsən, xəbərləri yoxdur ki, ayrılan 4 il yarımlıq müddətin (missiyanın bitməsinə 6 ay qalmış) 2 ili artıq arxada qalmaqdadır. Uzağı, 2 il yarımdan sonra Azərbaycan “yox” deməsi ilə Rusiya hərbçiləri şələ-külələrini yığışdırıb gəldiyi kimi də gedəcəklər..
*****
Məsələdə ən ilginc məqam isə Ukraynada bir-birinin qəsdinə duran ABŞ və Rusiyanın matah ermənilərə gələndə göstərdikləri Qarabağ həmrəyliyidir, faktiki eyni hədəfə vurmaları, oyuncaq və kriminal rejimin qalığını legitimləşdirmək cəhdləridir. Həm də, təkrar edirik, ölkəmizin Qərb üçün, Avropa üçün energetik və tranzit önəminin xeyli artdığı vaxtda.
Son gəlişmələr bir daha bizə, Azərbaycan xalqına və dövlətinə, onun müzəffər Al Baş Komandanına siqnaldır ki, işimizi qardaş Türkiyə ilə, digər strateji dost-tərəfdaş ölkələrlə ittifaqda daha möhkəm tutaq...“Müsavat”