Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

PREZİDENT HÖKUMƏTİ TOPLADI, MÜHÜM MESAJLAR VERDİ:"İdarəetmədə struktur köhnəlib, yeni islahat gözlənilir" -MÜŞAVİRƏNİN TAM STENOQRAMI

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 Yenixeber.org: Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

XXX

Prezident İlham Əliyevin giriş nitqi

– Bu gün biz Nazirlər Kabinetinin iclasında 2018-ci ilin əsas yekunlarını müzakirə edəcəyik, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.

2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.

Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır.

Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var.

Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət – həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir. Yəni deyə bilərəm ki, 2018-ci il əvvəlki illərdən çox da fərqlənməyib, ölkəmiz dinamik inkişaf yolu ilə gedib.

Həmçinin hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır.

Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir və Naxçıvan şəhəri bu şərəfli adı çox böyük uğurla daşımışdır. Biz bu il də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.

Bildiyiniz kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır.

Biz ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirmişik. Bildiyiniz kimi, bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.

Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.

Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.

Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var.

Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil.

Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar verilmişdir.

Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.

Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də – düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır.

Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilibdir. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik.

Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir.

Bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Mən bəzi göstəriciləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir.

İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Görürsünüz ki, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır.

Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır.

Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox – 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq.

Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır.

Keçən ilin önəmli hadisələrini sadalamaq üçün bir neçə saat vaxt lazımdır. Mən bir neçə önəmli hadisəni qeyd etmək istərdim. Biz keçən il üçüncü peyki orbitə buraxdıq və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirdi. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur. Ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş vermişdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlamışdır. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.

Bir daha demək istəyirəm, keçən il bir çox hadisələr olub ki, onların haqqında danışmaq olar. Ancaq hesab edirəm ki, mən Azərbaycan xalqını keçən il görülmüş əsas işlər haqqında müəyyən dərəcədə yığcam formada məlumatlandırıram. Nazirlər Kabinetinin toplantıları, əlbəttə, o cümlədən xalqa verilən hesabatdır. Mən müxtəlif tədbirlərdə, müxtəlif görüşlərdə xalqa müntəzəm olaraq hesabatlar verirəm. Eyni zamanda, görülmüş işlər haqqında hesabatın bu formatda da verilməsi hesab edirəm ki, düzgün addımdır.

Bu gün biz bu il görüləcək işlər haqqında danışacağıq. Müvafiq tapşırıqlar veriləcək ki, 2019-cu il də ölkəmiz üçün uğurlu il olsun.

X X X

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının 100 illiyi münasibətilə “Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il kimi səciyyələndirilməlidir.

Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel ayında keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi olub. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə, modernləşməyə və firavan gələcəyə aparan və son 15 ildə özünü təsdiq etmiş uğurlu iqtisadi və sosial kursun davam etməsinə növbəti dəfə tam dəstəyini ifadə edib.

2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrin ərsəyə gəlməsi, o cümlədən nəhəng transmilli “Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azərspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda polipropilen zavodunun, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi ilə də səciyyələnir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüskarı olduğu bu layihələr uzun illər ərzində ölkə iqtisadiyyatının inkişafına birbaşa və dolayısı ilə mühüm töhfələr verəcək.

Ötən il “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib, yeni büdcə və ortamüddətli xərclərin formalaşdırılması qaydası, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya, yeni vahid büdcə təsnifatı təsdiqlənib. Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi yükünün azaldılmasını, büdcənin sabitliyinin və ortamüddətli dayanıqlığının təmin edilməsini, dövlət xərclərinin prosiklikliyinin aradan qaldırılmasını, maliyyə inzibatçılığının və hesabatlılığın daha da artırılmasını, ölkədə dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizminin gücləndirilməsini özündə birləşdirir.

2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər. Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib.

2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib.

Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib.

2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib.

Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib.

2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur.

Ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.

Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506,0 milyon manat və ya 7,6 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446,0 milyon manat təminat yaradılıb.

Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb.

Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının “Doing Business 2019” təhlilində öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu təhlil ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verir.

Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi kimi qeyd etmək yerinə düşər ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.

Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqləri ödənilib.

Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301,0 milyon manat – cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.

Möhtərəm Prezident, 2018-ci ildə təsdiq etdiyiniz dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8 faiz-bənd azalıb və 19,0 faiz təşkil edib.

Bununla yanaşı, daxili qiymətli kağızlar bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili dövlət borc kağızları yerləşdirilib.

Ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə olunub.

Möhtərəm cənab Prezident.

Sizin də qeyd etdiyiniz kimi, yola saldığımız 2018-ci ildə Azərbaycan Respublikasının uğurlu, dinamik inkişafı təmin olunub, ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilib, 2019-cu və gələcək illərin iqtisadi inkişafının təməlləri atılıb. Tam əminliklə söyləmək olar ki, Sizin rəhbərliyinizlə 2019-cu ildə də davam etdiriləcək köklü və çoxşaxəli iqtisadi islahatlar, məqsədyönlü proqramlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə öz böyük töhfəsini verəcək.

İcazə verin, çıxışımın sonunda Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2019-cu ildə qarşıya qoyulan hədəflərin təmin olunmasında Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BABAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur.

Cənab Prezident, pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında qoyduğunuz əsas vəzifələrdir. Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Sizin 2018-ci il 9 avqust və 10 dekabr tarixli fərmanlarınıza əsasən “DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb.

“DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr tarixli Fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb.

“E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib.

Yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər.

Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.

İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaqdır.

Möhtərəm cənab Prezident, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.

Ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Sizin sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamınızla 172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı da uğurla davam edib. 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib.

Sizin və birinci xanım Mehriban Əliyevanın avqustun 1-də müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi mərasimində iştirakınız onlara yüksək diqqətin növbəti təzahürü olub. Tədbirdən bir gün sonra imzaladığınız Sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib.

Möhtərəm cənab Prezident, 2018-ci ildə keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçildikdən sonra imzaladığınız ilk Fərman da şəhid ailələri ilə bağlı növbəti humanist addımınız olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.

Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb.

Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.

Çox hörmətli cənab Prezident, hesabat ilində işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.

Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb.

Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Tapşırığınıza əsasən ictimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcəkdir.

Cənab Prezident, Sizi əmin edirəm ki, Nazirliyin kollektivi sosial inkişaf proqramınızın yüksək səviyyədə icrası üçün 2019-cu ildə də bütün səylərini səfərbər edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Dövlət Gömrük Komitəsinin sədri Səfər MEHDİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq zamanın çağırışlarına adekvat qərarlar qəbul edilməklə ölkəmizin iqtisadi gücü daha da artırılıb. 2018-ci ildə ölkəmizin maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə hədəflənmiş düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi sabitlik təmin edilib və iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub saxlanılmasına nail olunub. Əldə olunan bu nailiyyətlər, cənab Prezident, Sizin rəhbərliyiniz ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində qazanılıb və ötən dövr ərzində beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da güclənib.

2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

Qeyd etmək istəyirəm ki, hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.

Cənab Prezident, gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz. Bildirmək istəyirəm ki, 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.

Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.

Diqqətinizə çatdırmaq istəyirəm ki, ötən dövr ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin qorunması təmin edilir.

Fiskal funksiyalar həyata keçirən qurumların, o cümlədən gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki, vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş öhdəliklərin icrasında daha effektiv metod hesab olunur. Hazırda bu formatda yanaşma ilə bağlı yeni qanunvericilik aktı Zati-alilərinizin müvafiq Fərmanı ilə təsdiqlənib.

Möhtərəm cənab Prezident, Sizin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Fərmanınız ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” əsasını qoyub.

Cənab Prezident, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlarınızın icrası ilə əlaqədar Dövlət Gömrük


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam