“PUTİN REJİMİNİN SONUNUN BAŞLANĞICIDIR” –“Navalnı tipik Rusiya lideri obrazına tam uyğun gəlmir”
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan təcrid vəziyyətinə düşüb. Qərb Moskvanı sanksiyalarla cəzalandırır.
Yenixeber.org: Beynəlxalq Maliyyə İnstitutunun proqnozuna görə, bu il Rusiya iqtisadiyyatı 15 faiz, gələn il 3 faiz kiçilə bilər. Qurum bildirir ki, xarici şirkətlərin Rusiyadan getməsi, beyin axını, ixracın zəifləməsi 15 illik iqtisadi qazancı məhv edə bilər.
Bu arada Qərbdə bəziləri Prezident Vladimir Putinin hakimiyyətinin zəifləyəcəyini düşünürlər. Norveçin Fridof Nansen İnstitutunun direktoru, Rusiya üzrə ekspert İver Neuman da bu fikirdədir. O, "Azadlıq" radiosuna müsahibəsində deyib ki, Putinin ölkə iqtisadiyyatında islahatlar aparmaqdan imtinası, hazırda qonşusunu işğal etməsi onun rejiminin “sonunun başlanğıcı” ola bilər. Ancaq ekspert bunun vaxtını proqnozlaşdırmağın çətin olduğunu sözlərinə əlavə edib.
“Putin 22 il öncə hakimiyyətə gələndən iqtisadiyyatda çox az şey baş verib. Putin kimi təlim görmüş marksistin maddi faktorların vacibliyini anlamaması məni heyrətləndirir”, – “Rusiya və Avropa İdeyası” kitabının müəllifi Neuman söyləyib.
“Putin deyir ki, ‘Qərbin iqtisadiyyatı olacaq, bizimsə ‘volya’mız’, yəni əzmimiz, bununla dəyanət göstərəcəyik’. Ancaq belə alınmayacaq. Buna görə düşünürəm ki, bu, Putin rejiminin sonunun başlanğıcıdır”, – deyən Neumanın fikrincə, məhz mirasa aludəçilik Rusiya liderini Ukraynanın işğalına sövq edib.
Keçmişdəki rus çarlarının iziylə gedən Putin, yəqin, “Rusiya torpaqlarını” bir yerə yığmağa həvəslənib. Putin iyunun 9-da Böyük Pyotrun 350-ci doğum günündə onu yada salıb, Rusiya torpaqlarının qaytarılmasından danışıb. “Böyük Pyotr 21 il ərzində Böyük Şimal Müharibəsini aparıb. Elə görünərdi ki, o, İsveçlə müharibə aparır, onlardan nəsə qoparıb. Onlardan heç nə almayıb, Rusiyanın olanı geri alıb”, – Putin deyib.
“Bir çox köhnə despotlar kimi Putin də tarix kitabları haqda düşünür. Rus çarları tarix kitablarına necə düşüblər, parlayaraqmı? Onlar müharibələri udublar, ərazi ələ keçiriblər”, – Neuman söyləyib.
Ancaq təhlilçi Putindən sonra nə olacağını proqnozlaşdırmaqda çətinlik çəkir. Çünki Rusiya Prezidenti və rejimi Rusiyada mütəşəkkil liberal düşüncənin və işin kökünü kəsiblər. "Bu, ölkə üçün pis, Putin rejimi üçün yaxşıdır”, – o vurğulayır.
Neuman hazırda Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnının da tipik Rusiya lideri obrazına tam uyğun gəlmədiyini düşünür. Xatırladaq ki, Navalnının Antikorrupsya Fondu (FBK) Rusiyada qadağan olunub, özü isə siyasi motivli hesab edilən ittihamlarla həbsdədir. Norveçli təhlilçi deyir ki, korrupsiyaya qarşı mübarizəsinə baxmayaraq, Navalnı da bəzilərinin inandığı kimi, Qərbə dost olmaya bilər.
“Navalnı həbsdədir, onun hərəkətləri super maraqlıdır. Ancaq Navalnı da tam qərbyönlü deyil, o, millətçi hərəkat kimi başlayıb. Navalnını Böyük Pyotra daha çox oxşadığını düşünürəm. Rusiyanı nə vaxtsa olduğu səviyyəyə qaldırmaqdan ötrü o, qərbləşməlidir”, – deyən Neuman Putinin yaratdığı və böyütdüyü sistemdə Navalnı kimisinin hakimiyyətə gəlmək şansının minimal olduğunu vurğulayıb.