UKRAYNA ORDUSU QƏLƏBƏYƏ YAXINDIR –Britaniya hərbi ekspertləri uğurun 3 əsas səbəbini açıqlayır
Rusiyanın Ukraynaya qarşı təcavüzünün 35-ci günündə İrpen şəhəri işğaldan azad edilib. Rus ordusunun bütün istiqamətlərdə irəliləməsi dayandırılıb və artıq Ukrayna müdafiə qüvvələri taktiki əks-hücum əməliyyatlarına başlayıblar.
Yenixeber.org: Müharibənin bu cür gedişi təkcə Moskva üçün yox, Kiyevin tərəfdaşları - Ukrayna Silahlı Qüvvələrindən belə inadkar müqavimət gözləməyən Qərb ölkələri üçün də sürpriz oldu.
Ukrayna hərbçilərinin uğurunun sirri nədədir, onlar nəyi Rusiya qoşunlarından daha yaxşı bacarırlar?
Mövzu ilə bağlı BBC radiosunun hazırladığı ekspert şərhlərıinin qısa xülasəsini təqdim edirik:
Döyüş ruhu və hərbi hazırlıq
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Franz-Stefan Gady bildirib ki, Ukraynaya hücum edən Rusiya hərbçiləri intensiv döyüşlərə hazırlaşmayıblar - onlar Ukrayna ordusunun və ölkə rəhbərliyinin qaçacağına inanıblar.
Əksər ekspertlər Ukrayna qüvvələrinin, Moskva "xüsusi əməliyyatı" planlaşdırarkən təxmin etdiyi səviyyədən qat-qat yüksək döyüş ruhuna malik olması fikriylə razılaşırlar.
Rəsmi açıqlamalardan bəlli olur ki, Rusiya rəhbərliyi şiddətli müqavimətlə qarşılaşacağını gözləməyib. "Hakimiyyəti öz əlinizə alın! Belə görünür ki, sizinlə razılığa gəlmək Kiyevdə oturub bütün Ukrayna xalqını girov götürən o narkomanlar və neonasistlər dəstəsiylə razılığa gəlməkdən daha asan olacaq" - Rusiya Prezidenti Vladimir Putin müharibənin ikinci günündə Ukrayna hərbçilərinə müraciətində belə demişdi.
Amma Ukrayna Silahlı Qüvvələri bu çağırışlara məhəl qoymur, bütün istiqamətlərdə Rusiya ordusuna müqavimət göstərir. Mühasirəyə alınmış Ukrayna şəhərlərinin merləri də təslim olmaq və əməkdaşlıq etmək təkliflərini rədd edirlər, bu məsələdə əhalidən dəstək alırlar. Hətta Rusiyanın işğal etdiyi Xerson şəhərində də sakinlər əllərində Ukrayna bayrağı etiraz aksiyaları keçirməyə davam edirlər.
"İnsanlar sağ qalmaq üçün mübarizə aparanda belə döyüşürlər. Vətənini və ailəni belə müdafiə edirlər. Onların cəsarəti təəccübləndirir və heyrətləndirir" - Britaniya ordusunun istefada olan generalı Tom Foulkes belə deyir.
Strategiya və doktrina
Gady qeyd edir ki, müharibənin əvvəlində Ukrayna ordusu strateji əhəmiyyətli şəhərlərin və kommunikasiyaların, o cümlədən, dəmir yollarının müdafiəsinə fokuslanıb; eyni zamanda, vaxt qazanmaq fürsəti yaradan yerlərdə geri çəkilib: "Döyüş meydanlarında sürətlə dəyişən vəziyyətə Ukrayna ordusu daha yaxşı uyğunlaşa bilir - son illərdə tətbiq edilməyə başlanmış komanda strukturu sayəsində".
2015-ci ildən sonra NATO-nun ABŞ, Britaniya və Kanadadan olan hərbi məsləhətçilər Ukrayna Silahlı Qüvvələriylə işləyiblər, müharibədə qərarların qəbulunun yüksək səviyyəli komandanlıqdan yerlərdəki zabitlərə ötürülməsini nəzərdə tutan mərkəzsizləşdirilmiş komandanlıq fəlsəfəsini tətbiq ediblər.
"Ukrayna Silahlı Qüvvələrinin bəzi kiçik rütbəli zabitləri və çavuşları təşəbbüsü ələ aldılar; bu onlara daha müstəqil hərəkət etmə imkanı verdi və bütün müharibəni kiçik toqquşmalar və pusqular seriyasına çevirdi" - Gady belə deyir.
Sovet ordusundan miras qalmış Rusiya doktrinasının çevikliyi isə bundan dəfələrlə azdır, bu sənəd aşağı rütbəli komandirlərə geniş təşəbbüs irəli sürmə imkanı yaratmır. Hazırda açıq mənbələrdə tərəflərin batalyon qruplarının qarşılaşdığı genişmiqyaslı döyüşlərlə bağlı sübutlar yoxdur. Gadynin qənaətinə görə, müharibənin bu cür gedişatı Ukrayna qüvvələri üçün faydalı, Rusiya üçün isə zərərlidir. O deyir ki, mərkəzsizləşdirmə doktrinası məhz belə kiçik miqyaslı döyüşlərdə önəmli rol oynaya və döyüşlərin nəticələrinə təsir edə bilər.
Londondakı "King's College"in hərbi tədqiqatlar fakültəsinin professoru Mike Clark hesab edir ki, Ukrayna ordusu ümumqoşun döyüş bacarıqlarını Rusiya ordusundan daha ardıcıl nümayiş etdirir - yəni piyadaların, tankların, dronların, artilleriyanın, ordunun müxtəlif növlərinin və qollarının səylərini daha yaxşı əlaqələndirir və birləşdirir.
Ümumqoşun döyüşlərində tank bölmələrinə havadan dəstək verilir, bu bölmələr piyadalarla birgə hərəkət edirlər və bu onların tank əleyhinə sistemlərə qarşı həssaslığını azaldır.
"Bu taktikada nə Ukrayna, nə də Rusiya qüvvələri xüsusi bacarığa malikdir, amma bu sahədəki çatışmazlıqdan rusiyalılar daha çox əziyyət çəkirlər. Çünki onların bölmələri daha böyükdür, ona görə də asan hədəfə çevrilir və pusquya düşürlər" - Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Gady belə deyir. Müşahidəçilər həmçinin qeyd edirlər ki, Rusiya qoşunları çətin yerlərlə yox, yollarla irəliləməyə üstünlük verirlər.
Zəif yerləri tapmaq və öz üstünlüklərindən faydalanmaq
"Sibylline" konsaltinq bürosunun rəhbəri və keçmiş britaniyalı tankçı Justin Crump deyir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının zəif yerlərini aşkar edərək onlardan faydalanmağı bacarıb.
Müxtəlif ekspertlərin qənaətinə görə, Ukrayna ordusu müasir Qərb sistemlərindən, xüsusən tank əleyhinə "Javelin" və NLAW sistemlərindən, həmçinin "Stinger" zenit-raket komplekslərinin ən son versiyalarından məharətlə istifadə edir.
Ukraynanın "Azov" alayı da Rusiyaya məxsus "Raptor" patrul katerinin tank əleyhinə kompleksdən vurulması görüntülərini paylaşıb.
Rusiya bölmələri tez-tez böyük karvanlar halında hərəkət etdikləri halda, Ukrayna qoşunları kiçik dəstələr şəklində fəaliyyət göstərir. Onlar qısamüddətli hücumlar vasitəsilə tankları vurur və Rusiya qoşunları cavab atəşi açmamış gizləndikləri yerə qayıdırlar.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Rusiyanın yeddi generalının öldürüldüyünü bəyan edib, qarşı tərəfsə onlardan yalnız birinin ölümünü təsdiqləyib. Ekspertlərin fikrincə, döyüş ruhu Ukrayna Hərbi Qüvvələrinin əsas üstünlüklərindən biridir."Azpolitika"