TRAMP “MƏYUS VƏ QƏZƏBLİ”DİR –Çindəki tədbir nədən böyük əks-səda doğurdu?

Çində keçirilən ŞƏT tədbiri və sonrakı hərbi parad əksər politoloqlar tərəfindən ilk növbədə Donald Trampın yürütdüyü xarici siyasətin fiaskosu kimi qəbul olunur. Bu da təasadüfi deyil. Üstəlik, Tramp özü də parad başlar-başlamaz etdiyi paylaşımla nə qədər məyus olduğunu və hiddətləndiyini göstərdi. Belə ki, həmin paylaşımında ABŞ Prezidenti açıq şəkildə Çin, Rusiya və Şimali Koreya başçılarının birləşərək, ABŞ-yə qarşı sui-qəsd hazırladığını bəyan etdi. Hansı ki, indiyə qədər Tramp “dost” adlandırdığı bu ölkə liderlərini heç vaxt bu qədər açıq şəkildə ittiham etməmişdi…
Yenixeber.org: Xatırladaq ki, bundan bir gün əvvəl ABŞ Prezidenti Putindən məyus olduğunu demiş və demək olar, Putin-Zelenski görüşünə artıq ümid etmədiyinə eyham vurmuşdu.
Trampın xarici siyasətinin böyük ölçüdə fiaskoya uğradığını və bu səbəbdən məyus və qəzəbli olduğunu Qərb mətbuatı da qeyd edir. Məsələn, CNN yazır ki, “anti-Qərb” ölkələrin liderlərinin Pekində bir araya gəlməsi xəbərdarlıq edir ki, ABŞ Prezidenti Donald Trampın gömrük, tarif qarşıdurması və zəif dövlətləri qorxutmaq siyasəti əks nəticə verir. Qeyd olunur ki, Tramp Çinin Vladimir Putin və Kim Çen Inla daha da yaxınlaşmasından qəzəblənib və onları ABŞ-yə qarşı “sui-qəsddə” ittiham edib. Trampın ŞƏT tədbiri və paradla bağlı son paylaşımı isə yalnız bir məna daşıyır: əgər Çindəki böyük toplantının məqsədi Amerika Prezidentini aşağılamaq idisə, buna yüz faiz nail olundu. Həmçinin, bu tədbir Trampın “sövdələşmə bacarıqları”nın və böyük dözvlətlərin başçıları ilə yaxın münasibətlərinin həlledici olacağına dair iddialarının fiaskoya uğradığını göstərdi. Əslində, bunu sübut edən məqamlardan biri, bəlkə də birincisi odur ki, Trampla Putinin Alyaskadakı görüşü Ukraynaya sülh gətirmədi…

Qeyd edək ki, Çindəki böyük paradın dünyadakı gərgin beynəlxalq şəraitdə keçirilməsi və Çinin “yeni supergüc” olmasının təsdiqlənməsi, həm də bütün bunların Trampın ziddiyyətli siyasəti sayəsində baş verməsi ABŞ-nin “etibarlı böyük dövlət” reputasiyasını bərk zədələyir.
Trampın “küsdürdüyü” Hindistanın Baş nazirinin Pekindəki davranışları – Putin və Si Cinpinlə əl-ələ durub xüsusi pozlar verməsi isə Trampa mesaj idi ki, onun vaxtilə yaxın tərəfdaş olan ölkələrə qarşı “tarif siyasəti” əks effekt verib və uğursuzluğa düçar olub.
Nəhayət, bu baş verənlər bir daha göstərir ki, Trampın bu gün bir, sabah başqa bir şey deməsi, siyasi prinsipləri, ideologiyaları tamamilə bir kənara ataraq, hər şeyə maliyyə, gəlir, ticarət prizmasından baxması, Nobel mükafatının izinə düşərək, ciddi siyasəti şıltaq və yersiz tryuklarla əvəzləməsi və s. ABŞ-nin lider dövlət və supergüc statusunu sarsıdıb.(Azpolitika)
C.Məmmədli