Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Bu gedişlə müharibə qaçılmaz olacaq -ŞƏRH

Bu gedişlə müharibə qaçılmaz olacaq -    ŞƏRH
“Ölkədəki bütün sosial-iqtisadi, siyasi və digər prosesləri müharibə relsinə çevirməliyik”
Yenixeber.org: Ermənistanın region üçün nə dərəcədə təhlükəli olması özünü pandemiya dövründə də göstərdi. İşğalçı ölkənin hazırkı rəhbərliyi dünyanın virusla mübarizə apardığı bir vaxtda Azərbaycanla sərhəddə hərbi təxribatlar törətməkdən belə çəkinmədi. Bu azmış kimi son günlər Ermənistan tərəfi müharibə anonsları verərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olmadığını aşkar şəkildə nümayiş etdirir. Hətta rəsmi İrəvan Madrid prinsiplərindən və ümumilikdə danışıqlardan imtina etdiyini gizlətmir. Belə olan təqdirdə münaqişənin həllində yeganə çıxış yolu müharibə variantı qalır.

Politoloqlar beynəlxalq aləmdə işğalçı ölkə kimi tanınan Ermənistanın son davranışlarının və danışıqlarda maraqlı olmamasını nümayişkaranə göstərməsini tezliklə müharibənin başlamasına münbit şərait yaratdığını deyirlər.

Maraqlıdır, doğrudanmı hazırda proseslər ona doğru gedir ki, artıq danışıqlardan imtina edən ölkə ilə hərb dili ilə danışılacaq? Ümumiyyətlə, yaxın zamanlarda regionda işğal faktına son qoyulacaq müharibə gözlənilirmi?



Məsələni  şərh edən politoloq Qabil Hüseynli deyib ki, hazırkı siyasi proseslər həddindən artıq nazilərək üzülmək üzrə olan gərilmiş ipə bənzəyir. Əvvəlki illərdən fərqli olaraq indi bu istiqamətdə hər an hər şey baş verə bilər:

“Diplomatik dildə danışmağın, fikir və mövqelərin diplomatik dillə ifadə etməyin vaxtı demək olar ki, çoxdan keçib. İndi problemlə bağlı hər şey açıq şəkildə ortadadır, gizlin heç nə qalmayıb. Məsələn, Rusiya Ermənistanı heç nədən çəkinmədən silahlandıracağını göstərir. Düzdür, əvvəllər də silahlandırmaların şahidi olmuşuq. Amma bu ölkə Azərbaycan torpaqlarının ilhaqında böyük rolu olduğunu son addımları ilə bir daha sübut etdi. Ermənilərin sonuncu böyük təxribat hadisələrində - Tovuz döyüşlərində hərbi əməliyyatların da Rusiyanın dəstəyi və təhriki ilə aparıldığı sübut olundu. Təbii ki, indi danışıqlarda maraqlı olmadığını göstərən mənfur qonşularımız ermənilər isə bu cür mövqe və dəstəkdən çox böyük ilham almalı idilər. Çünki demək olar ki, hər gün Ermənistana təyyarə ilə silah ötürüldü”.

Ermənistanın “yüz minlik xalq ordusu”ndan, yeni hərbi əməliyyatların həyata keçirilməsi və bu kimi başdan-başa millətçi çağırışlarla dolu ritorika səsləndirməyə başlamasından söz açan politoloq Azərbaycanın əsəblərini tarıma çəkməyə hesablanmış addımların bilərəkdən atıldığını söyləyib: “Əlbəttə, belə bir müttəfiq dəstəyi görən və radikal mövqe sərgiləyən ölkə ilə əvvəlki qaydada danışıqların davam etdirilməsi artıq anormal görünür. Hətta iş o yerə çatıb ki, qondarma "Dağlıq Qarabağ respublikasının" yeni rəhbəri də dilə gələrək deyir ki, “hansı danışıqlardan söhbət gedir? Buna ehtiyac qalmayıb, hər şey müharibə ilə həll edilməlidir” və s. Yəni həqiqətən də problemin həlli ətrafında çox gərgin və anormal bir vəziyyət yaradıblar. Təcavüzkar bir ölkənin başını öz qanlı əlləri ilə o qədər sığallayıb, onun etdiyi əməlləri ört-basdır ediblər ki, bu gün Ermənistan haqqında real olan faktları belə çətinliklə dünyaya çatdıra bilirik. Onun haqqında torpaqlarımızın 20 faizini işğal etmiş ölkə kimi danışanda, beynəlxalq ictimai rəydə ilhaqçı xalq kimi fikirlər söyləyəndə xeyli çətinliklərlə qarşılaşırıq”.

Qabil Hüseynli əlavə edib ki, Ermənistanın “Soros”un pulları və dəstəyi hesabına inqilabla hakimiyyətə gəlmiş indiki özündənrazı rəhbərliyinin danışıqlarda təklif edilən bütün variantlardan imtina etməsi onun axırına gətirə bilər.



Politoloqun fikrincə, hazırda problem ətrafında yaranmış ən qəribə və təhlükəli siyasi gediş isə odur ki, erməni “başbilənlər” artıq yalnız Dağlıq Qarabağa yox, onun ətrafında yerləşən və zamanında əlavə qənimət kimi işğal edilmiş yeddi rayonumuza da iddialarını irəli sürürlər: “Əlbəttə ki, ortaya qoyulmuş bu cür mövqe və istək normal şüurla, normal insan qavrayışı ilə yozulması çətin olan bir psixoloji vəziyyətdir. Hərdən adama elə gəlir ki, Ermənistanda aşağıdan - xalqdan tutmuş yuxarıya, siyasilərə qədər hamı dəli-divanə olub, kütləvi şəkildə normal, sağlam təfəkkürlə düşünmək qabiliyyətlərini itiriblər. Yaxud da, sadəcə olaraq bir cəmiyyət, xalq kimi sağlam düşünməyi özləri istəmirlər. Onlar qəflət yuxusundan ayılmayıblar, dünyada gedən proseslərlə, bu cırtdan ölkənin ətrafında formalaşan reallıqlarla hesablaşmaq istəmirlər. Bu bəlkə də ənənəvi erməni yanaşmasıdır. Belə bir məsəl var ki, “oğru hamıdan bərk qışqırar”. İndiki halda isə bu məntiqlə haray-həşir salıb həm beynəlxalq ictimai rəyi təşvişdə saxlamaq, həm də Azərbaycana psixoloji təzyiq göstərmək istəyirlər.

Qısası, artıq Azərbaycan kənar məsləhət və təzyiqlərə baxmadan bundan sonra öz işini özü görməlidir. Məsləhət verənlərimizdən olan ATƏT-in Minsk qrupu normal fəaliyyətini belə itirib. Bu normal fəaliyyəti pozan da Minsk qrupuna həmsədrlik edən ölkələrdən olan Rusiya və onun qrupdakı nümayəndəsinin destruktiv fəaliyyəti oldu. Buna arxalanan Ermənistan danışıqların davamını istəmir. Bu ölkə zatən indiyə kimi danışıqlardan vaxt udmaq, işğal edilmiş ərazilərdə həm iqtisadi və hərbi cəhətdən, həm də sosial-əhali artımı və yerləşdirilməsi baxımdan istifadə edib”.



Qabil Hüseynli onu da deyib ki, Ermənistanın danışıqlardan nümayişkaranə şəkildə boyun qaçırmağa başlaması bəlkə də bu işin xeyrinə olacaq: “Yəni, zatən adamların mövqeyi əvvəldən bəlli idi. Guya bundan sonra danışıqlar əvvəlki qaydada davam etsəydi nə təklif edəcəkdilər ki? Ona görə də biz hazırda ən etibarlı müttəfiqlərimizlə hərbi-siyasi əlaqələri daha da gücləndirməliyik. Azərbaycan-Türkiyə-Pakistan birliyini möhkəmləndirməyə yönəlmiş səylərimizi davam etdirməliyik. Ölkədəki bütün sosial-iqtisadi, siyasi və digər prosesləri müharibə relsinə çevirməliyik. Bu çox önəmli amildir. Azərbaycanda bütün sahələrdə güclü sağlamlaşdırma olmalıdır ki, rüşvətdən tutmuş dövlət əmlakını dağıdan kiçik məmurlara qədər hər şey təmizlənməlidir. Çünki müharibə aparacaq dövlətin arxa cəbhəsi də güclü olmalıdır. Belə neqativ halların qarşısı tamamilə alınmalı və bütün resurslar başlanması ehtimalı xeyli artan müharibənin ehtiyacları üçün yönləndirilməlidir. Əminəm ki, bu tərzdə davam etsək, heç bir cırtdan ölkə və ya onun havadarının nümayişkaranə dəstəyi haqq savaşımızı uğursuz etməyəcək. Təəssüf ki, biz uzun müddətdir ki, Rusiya və onun nüvə təhdidləri haqqında qorxulu fikirlərə düşmüşük. Aşkar birtərəfli mövqe sərgiləyən şimal qonşumuzdan bu formada çəkinmək lazım deyil. Hazırda Rusiyanın özü belə ciddi sosial-iqtisadi problemlər məngənəsindədir, dövlət əmlakını var gücü ilə dağıdan oliqarxlar ölkəsinə çevrilib. Ermənistan da ağasına bənzəyərək uzun illərə söykənən həll olunması müşkül məsələyə çevrilmiş sosial-iqtisadi, eləcə də siyasi problemlərlə üz-üzə qalıb. Zənnimcə, Azərbaycan bundan sonra bütün resurslarını işə salsa, qardaş Türkiyə və Pakistanın da köməyi ilə bu bölgədə nizamı bərpa edərik. Biz bu siyasi düzəni ədalətlə, BMT nizamnaməsinin normalarına uyğun qurmaq üçün hər cür potensiala sahibik”. (azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam