TÜRKLƏR KİMİ DOST, KİMİ DÜŞMƏN, KİMİ LİDER, KİMİ ETİBARSIZ HESAB EDİR? –Son sorğunun isti izləri ilə - ARAŞDIRMA
Əziz Rzazadə
Yenixeber.org: Kadir Has Universiteti Türkiyə Tədqiqatları Mərkəzinin son sorğusu (Türkiyə Sosial-Siyasi Meyllər Araşdırması) ölkənin çağdaş mənzərəsini əyani göstərir. Bu nəticələr 1923-cü ildən, yəni Cümhuriyyətin təməli atıldığı zamandan sonra son illərdə baxış, yanaşma və meyllərdə nələrin dəyişdiyini və nələrin sabitliyini qoruya bildiyini əyani göstərir.
Eyni zamanda, mübahisəli olsa da, zənnimcə, beş il sonra 100 illiyi qeyd olunacaq Atatürk Cümhuriyyətinin II Sultan Əbdülhəmid xan dönəminə daha çox oxşadığını.
Terror – birinci, iqtisadiyyat – üçüncü
“Türkiyənin gündəmində hansı məsələlər vətəndaşları daha çox narahat edir” sualının cavabı hazırkı gündəmin aynasıdır: cəmiyyətin siyasi qütbləşməsi, iqtisadi çətinliklər, kürd problemi, terror…
Respondentlərin əksəriyyəti əsas problem sırasında ilk yerə terror və FETÖ (Fətullah Gülən Təşkilatı) ilə mübarizəni qoyub. Bunun ardından iqtisadi müşküllər gəlir.
Xatırladım ki, ötən illərdə sosial-iqtisadi problemlər ilk yerdə olub. Odur ki, hazırda türklərin baxışlarında ciddi dəyişiklik var.
Əsas insan haqları və azadlıqları (3,9%) və kürd problemi (3,5%) aşağı faizlə siyahını tamamlayır.
Terrorla hərbi və siyasi üsullarla mübarizə ən effektiv həll sayılır.
Hökumətin PKK, FETÖ və İŞİD-lə mübarizəsi, anket sorğusunda iştirak edənlərin fikrincə, uğurludur.
AKP iqtidarının xarici siyasəti (xüsusilə Suriyaya dair – 38,5%) də uğurlu sayılıb və ötən illərlə müqayisədə (2016-cı ildə – 35,2%, 2017-ci ildə – 45,9%) bu məsələdə göstərici fərqləri var. AKP-yə (63,6%), CHP-yə (20,2%) və MHP-yə (16,2%) səs verən seçicilərin bir qismi Suriya siyasətini “tam müvəffəqiyyətli”, digəri “müvəffəqiyyətli” sayır.
Ölkə xaricində hərbi əməliyyatlara (56,4%) və xarici ölkələrdə hərbi bazaların qurulmasına dəstək yüksəkdir (48,1%).
Hökumətin kürd siyasətini uğurlu sayanlar – 43,5%.
Dost – Azərbaycan, düşmən – ABŞ və İsrail
Ötən dövrlərdə əksəriyyətin dilə gətirdiyi "Türkiyə təkbaşına hərəkət etməlidir" rəyi artıq aşağı pilləyə enib. Siyasi-hərbi ittifaqlarda üstünlük türk respublikalarına verilir. Bu, bir çox təhlilçilərin fikrincə, türk cəmiyyətində hələ də təklik, yalnızlıq sindromunun əslində, yerində saydığını göstərir.
"Türkün türklərdən başqa dostu yoxdur" fikri varlığını qorusa da, respondentlər ittifaq axtarışında müsəlman ölkələrindən sonra, ünvan kimi, Rusiyanı nişan verirlər. Bəli, Moskva Qərb paytaxtlarından ölkələrindən qabaqdadır.
ABŞ-la münasibətlərin gərginliyi, təbii ki, bu məsələdə izini qoyub. O, respondentlərin fikrincə, Türkiyənin baş düşmənidir. İsrail təhdid siyahısında ikinci sıradadır.
Azərbaycan (67,8%) Türkiyənin yeganə dostudur. Daha sonra Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya və Gürcüstan.
Aİ xəyalına və NATO-ya davam
Amma Qərbə ümumi təpki, Türkiyənin NATO-da çıxması istiqamətində səslərin yüksəlməsi fonunda xalqın NATO-ya inancı davam edir (59,2%). Türkiyənin NATO çətiri olmadan da təhlükəsizliyini təmin edə biləcəyi düşüncəsinə respondentlərin 39,8%-i qatılır.
2017-ci ilin 19 aprel referendumu dövründə Avropa dövlətləri ilə yaşanan böhranlara baxmayaraq, Türkiyədə Aİ üzvlüyünə dəstək artıb (57,8%). Aİ ilə müzakirələrin davam etdirilməsi fikri kimi (43,6%).
Türkiyənin Aİ-yə üzv ola biləcəyini düşünənlər də (38,5%) çoxalıb.
Ən mühüm iqtisadi problem – işsizlik
“Ölkənin iqtisadi vəziyyəti çox pisdir", "Ailəmi dolandıra bilmirəm” deyənlərin 55.1%-i ilə müqayisədə, hökumətin iqtisadi siyasətini uğurlu sayanlar da az deyil. Hətta bu rəydə artım var (2016-cı ildə – 38,7%, 2017-ci ildə isə 47,7%).
İşsizlik, türk lirəsinin məzənnə itkisi, qida məhsullarında qiymət artımı ən əhəmiyyətli iqtisadi problemlər sırasındadır.
Dinçi-dünyəviçi bölünmə
Ölkədə siyasi qütbləşmənin olduğu hamılıqla qəbul edilir.
Fövqəladə hal rejiminə (OHAL) dəstək – 58,5%, onun uzadılmasına AKP seçiciləri tərəfindən dəstək – 61,7%.
OHAL-ın, fövqəladə vəziyyət rejiminin demokratik hüquqlara zərər verməsini düşünənlər çoxdur (46,7%).
Prokurorluq orqanları və məhkəmə hakimiyyətinin siyasiləşdiyini düşünənlərin nisbəti də yüksəkdir (50,6%), ancaq keçmiş illərlə müqayisədə, aşağıdır.
Ən az güvənilən – media
Ən güvənilən qurumların başında polis, jandarma və ordu gəlir. Media (35%) isə ən aşağı sıralardadır.
Ərdoğan liderdir
Araşdırmaya görə, ən uğurlu (56,4%) və dəstəklənən (49,7%) siyasi lider lideri Rəcəb Tayyip Ərdoğandır.
Türkiyədə özünü mühafizəkar və dindar olaraq təyin edən kütlə böyüyür. Türk xalqının təxminən yarısı (47,4%) özünü bu cür görür.
Bu tendensiya əvvəlki illərlə müqayisədə artmaqdadır.
“Biz xoşbəxtik?”
Bir çox fərqli problemə baxmayaraq, sorğuda iştirak edənlərin 52,5%-i xoşbəxt olduğunu söyləyib. Respondentlərin 61,2% Türkiyəni heç vaxt tərk etməyəcəyini deyir.(strateq)