Yenixeber.org: Rusiyanın Ukraynaya işğal hərəkatı Kreml üçün ciddi itkilərlə nəticələndi. Müharibənin bu mərhələsinədək on minlərlə canlı qüvvənin məhv olmasından söhbət gedir. Ukraynanın Qərbdən aldığı silah dəstəyi ilə Rusiyaya bundan sonra da ağır zərbələr vuracağı gözləniləndir. ABŞ-ın dövlət katibi Blinken yaydığı bir açıqlamada “bu müharibədə Ukraynanın uduzması variantı yoxdur” demişdi. Bu vəziyyət isə mərkəzində Rusiyanın dayandığı regional siyasətin tarazlığını, təbii ki, pozur. Burada daimi bir həssaslıqda qalan İran-Ermənistan, İran-Türkiyə, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan, Ermənistan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətləri yenidən şəkillənməyə məruz qalacaqmı? Beləliklə, xüsusi mürəkkəblikdə olan bu münasibətlər sisteminin əsas halqası hansı ölkə olacaq? Kimlər iddialıdır? Kimlərin arxasında hansı ölkələr var?
Kremlsiz İrəvan nə edəcək?
İran-Ermənistan, İran-Rusiya, Rusiya-Ermənistan kombinasiyasının maraqlı əks əlaqələri var. İran Ermənistanı həm də ona görə dəstəkləyir ki, Cənubi Qafqazda Türkiyənin Azərbaycanla xüsusi yaxınlığı var, Ermənistanın da Türkiyənin ehtimal edilən təhlükəsini balanslaşdıran dostlara ehtiyacı var. Düzdür, bu balansı Rusiya ilə da yaratmağa çalışırlar, amma Tehran Moskvadan fərqli olaraq İrəvanən daxili işlərinə qarışmır, onun müstəqil dövlət kimi qalmasını daha çox istəyir və bunu dəstəkləyir. Çünki Ermənistanın Rusiyanın təsirində olması İranın maraqlarına cavab vermir. İran bu məsələyə həm Cənubi Qafqazdakı nəzarət marağı baxımından yanaşır, həm də tarixi siyasi konsepti olan “Türk zolağı”nın bütövləşməsi riski kimi baxır. Məsələn, Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirən kommunikasiya dəhlizinin Rusiyanın nəzarətində belə açılmasını istəmir. Bu dəhlizə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yol kimi baxır və bunu milli maraqlarına zərbə sayır. Ölkənin daxilində Azərbaycan türklərinin çoxmilyonlu sayından narahat olan Tehran ikinci Qarabağ müharibəsində hər nə qədər Ermənistana açıq dəstək verə bilməsə də, indiki mərhələdə Ermənistanın Azərbaycanla hansısa ərazi mübadiləsinə gedə biləcəyindən ciddi narahatdır və düşünür ki, Azərbaycanın cənubundan keçən Ermənistan-İran sərhədi aradan qalxa bilər. Məhz buna görə də Tehran hər fürsətdə “sərhədlərin toxunulmazlığı” məsələsini vurğulayır. Rusiya bütövlükdə bölgəni istəyir, onun üçün hazırda Qafqazda yeganə problemli bölgə Gürcüstandır. Ermənistanda və Azərbaycanda silahlı qüvvələri var və düşünür ki, bir yolunu tapıb, bu iki hərbi kontingent arasında daimi əlaqə imkanı yaradacaq. Rusiya Ukraynada və dünyadan uğradığı nüfuz və güc itkisi kontekstində narahat olsa da, belə düşünür ki, Cənubi Qafqazı hələ bir müddət də nəzarətində saxlaya biləcək. Ona görə də İrəvanla Tehranın münasibətlərindən elə də narahat deyil. Çünki Kreml üçün bu kombinasiyada Xankəndi elə bir istinad nöqtəsidir ki, İrəvan Tehranla deyil, lap Vaşinqtonla da gündə məsləhətləşsə, yenə də Moskvaya qulaq verməyə məcburdur. Amma Rusiyanın getdikcə zəiflədiyini bütün parametrləri ilə hiss edən İrəvan da yaxında bir dayaq axtarmağa məcburdur, bu isə şübhəsiz, Tehrandır.
Azərbaycan-Rusiya, Rusiya-Türkiyə, Azərbaycan-Türkiyə
Azərbaycan Rusiyaya iki yerdən bağlıdır. Bunlardan biri Xankəndi düyünüdür. Kreml Azərbaycana öz silahlı qüvvələrini yeritməklə yenidən elə bir vəziyyət yaratdı ki, Azərbaycana birbaşa təsir imkanı əldə etdi. Düzdü, imzalanmış sənədlər Azərbaycanın ərazi bütövlüyünü təkrarən, amma yenə də formal olaraq, təsdiqləyib. Fəqət başqa, həm də dərin bir problem yaradıb. Məsələ budur ki, Azərbaycan ərazilərinin bir hissəsində suverenliyini bərpa edə bilməyib və bu ərazilərdə bir vaxtlar tanınmamış qanunsuz silahlı dəstələr vardısa, indi Azərbaycanın imzası ilə regiona daxil olmuş Rusiyanın rəsmi silahlı qüvvələri var. Üstəlik, bu silahlı qüvvələr ölkələrinin imzaladığı sazişə sadiq deyillər. Bundan əlavə, onlarla imzalanmış saziş heç bir beynəlxalq təşkilat və nüfuzlu dövlətlər tərəfindən rəsmi tanınmayıb. Yaxud da onların Azərbaycandakı varlıqları hansısa rəsmi müəyyən edilmiş mandat üzrə deyil. Beləliklə, Azərbaycanda Rusiyanın bir ordusu var və bu ordu nə edəcəyini heç kimdən soruşmur. Türkiyə və Rusiya bir çox regionda olduğu kimi, Qarabağda da özləri üçün təmas xətti müəyyənləşdirmək istədilər. Daha doğrusu, bunu Türkiyə istədi, amma alınmadı. Sülhü qorumaq adı ilə yaranmış birgə qərargahdan yayılan tək görüntü və xəbər odur ki, rus və türk zabitlər ofisdə zər atıb, masaüstü oyun oynayırlar. Yəni Türkiyə burada yerləşdirilən rəsmi sayı 1961 olan, amma faktiki bundan dəfələrlə çox olan rus əsgərinə tarazlıq yarada bilmədi. Üstəlik, ötən iki il ərzində təmas xəttində və sərhədlərdə baş verən onlarla hadisəyə, itkilərə heç bir reaksiya verməyən birgə qərargahda fəaliyyətini davam etdirdi. Azərbaycan Türkiyə ilə milli, mədəni və bir çox hallarda siyasi baxımdan ortaq bir yol izləməyə məcburdur. Amma burada bir məqam da var ki, Azərbaycan Türkiyəyə Kremldən onu qoparacaq qüvvə kimi deyil, qoruyacaq qüvvə kimi baxır. Yəni Bakıda düşünürlər ki, Kremlin orbitindən tam çıxmaq siyasi xəttə uyğun deyil, amma Kreml də bəzən çox sərt olur. Belə olan halda, balaca bir daldalanacağa ehtiyac var. Bu da təbii ki, Türkiyədir. Türkiyə də, Rusiya da, əlbəttə, bunu yaxşı anlayır. Amma hər iki dövlət də bilir ki, bu kiçik oyuna razılaşmasalar, Azərbaycan Qərbə üz tuta bilər. Nə də olsa, bütün iqtisadi əlaqələr Qərblədir və sərvətləri qorumaq çox önəmlidir. Ona görə də Tehran da, Ankara da bu reallığa dözürlər.
İran-Rusiya, Türkiyə-Rusiya, İran-Türkiyə
İran həm Rusiyaya, həm də hazırki Türkiyəyə antiQərb ortaqları kimi baxır. Tehran yaxşı bilir ki, Kreml Azərbaycanda və Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində genişlənməkdə olan təriqət ekspansiyasını həmin ölkələrin milli ideologiyalarına qarşı dəstəkləyir və istifadə edir. Amma bu da Tehranın işinə yaradığı üçün rahatca özünü istifadəyə verir. Türkiyə məşhur “Halkbank”-Rza Zərrab olaylarından bəri açıq bilinir ki, İranın dəstəkçilərindən biridir. Regional məsələlərdə nə qədər toqquşsalar da Qərbin İrana qoydoğu sanksiyaları dəlməkdə İrana ən çox Türkiyə dəstək verib və hazırda da ABŞ-da bu proses məhkəmə araşıdrmasındadır. Rusiya Türkiyə ilə toqquşduğu bütün bölgələrdə hər iki ölkənin ən ortaq marağı Qərbi uzaqlaşdırmaqdır. Deməli, vaxtilə 3+3 deyilən və qurula bilməyən formatın böyük başları olan Rusiya, Türkiyə və İranın əsas məqsədi Cənubi Qafqazın 3 digər ölkəsi ilə birlikdə regionu Qərbə qapatmaqdır.
Çin gəlir
Bəli, son bir ayda Tehran sammiti, İran XİN rəhbərinin bütün regionu əhatə edən telefon diplomatiyası, ardınca İran və Ermənistan rəhbərləri arasında danışıqlar İran- Çin danışıqları bizə yeni mərhələ haqqında düşünməyə əsaslar verir. Görünən odur ki, Rusiya artıq bu antiqərb koalisiyasının başını çəkə bilmir. Tehran sammiti də bunu açıq şəkildə ortaya qoydu. Çünki Rusiyadan gözlənilən bütün açıq mesajları İran verdi. İran isə bu məsələdə tək deyil. Onun bu koalisiyadan kənarda ciddi bir müttəfiqi var – Çin Xalq Respublikası. Pekinlə Tehran arasında təxminən bir il altı ay öncə imzalanmış 400 milyard dollarlıq saziş regionun və dünyanın taleyini dəyişə bilər. Regionda isə bu sazişin təmsilçisi və yeni siyasətin mərkəzi kimi Tehran var. Beləliklə, artıq yeni, Çin ssenarili və Tehran mərkəzli antiQərb koalisiyası üzərində ciddi iş gedir. Amma bu prosesin uğur qazanacağına elə də ciddi proqnozlar yoxdur.
Seymur Həzi